"Mümkün
qədər çox film izləməyə
çalışıram"
Ər-Toğrul Kamalov:
"Videoların ərsəyə gəlməsi heç də
planlı baş vermədi"
"Əgər mümkün olsa və
mənə etibar edilsə, məmnuniyyətlə film çəkərdim.
Amma əsas peşəm teatr rejissorluğu və
aktyorluğudur"
Hər zaman xarakter etibarı ilə
rəngarəng və maraqlı insanları tanımaqdan məmnun
olmuşam. Nə xoş ki, növbəti müsahibim də belə
insanlardandır. İstedadlı, bacarıqlı, hərtərəfli
dünyagörüşünə malik, işinin ustası...
Bir sözlə, sadalamaqla bitməz... Söhbət son günlərin ən çox
danışılan, sosial şəbəkələrdə
dublaj videoları ilə məşhurlaşıb, dövlət
nümayəndələri tərəfindən təqdir toplayan, aktyor, rejissor Ər-Toğrul Kamalovdan gedir.
Yaxşısı budur onunla müsahibəni oxuyaraq yaxından tanıyasınız.
- Əvvəla istərdim ki, sizinlə maraqlanan izləyicilər,
oxucular üçün özünüzdən danışasınız.
Ər-Toğrul Kamalov kimdir?
- Sadə Azərbaycan vətəndaşı, insan, rejissor, aktyor, menecer və nəhayət, dublaj aktyoru.
- Birdən çox məsləklə
məşğulsunuz. Maraqlıdır, bu qədər işi
bir yerdə necə cəmləşdirirsiniz, sizin
üçün çətin olmur?
- Xeyr. Çünki hər işə
ayrıca vaxt ayırıram. Beləliklə heç nə bir-birinə qarışmır.
Nəhayət, mənim
üçün daha doğma olan,
həmsöhbətimlə taleyimizi bu nöqtədə
bir-birinə bənzədən sualı verirəm:
- Bildiyim qədəri ilə
jurnalistikaya marağınız olub.
Hətta imtahan vermisiniz. Amma cüzi balla kəsilib, daxil
ola bilməmisiniz. İndi bunun üçün heyifslənirsinizmi?
- Jurnalistikaya marağım indi də
var. Doğrusu günümüzdə jurnalistikadan xəbərsiz
olub, jurnalist işləyənləri görəndə
heç də təəssüflənmirəm (Təbəssüm
edir).
- Bir az da işlərinizdən bəhs
edək. Bir tərəfdə “Yuğ” Teatrının əməkdaşı
aktyor, digər tərəfdə isə müğənnilərlə
işləyən menecer. Ən çox hansı
Ər-Toğrul Kamalovu əks etdirir?
- Əlbəttə, “Yuğ”
Teatrının əməkdaşı aktyor.
Baxmayaraq ki, hazırda teatr
və ya kino sahəsində çalışmıram, amma fərq
eləmir. Çünki teatr təhsilini
aldığım, oxuduğum,
xarici kurslarda incəliklərini öyrəndiyim sahədir.
Əslində elə mənim işim də teatrdır.
- Sizcə, digər sektorlarda
olduğu kimi teatrda da gənclərə ehtiyac varmı?
- Ümumiyyətlə, cənab
prezidentin gənclərlə bağlı siyasəti təqdirəlayiqdir. Gənc
kadrların hansısa postlara təyinatları ölkəmiz üçün yenilənmədən
xəbər verir. İstənilən sahəyə cavanların təyin olunması çox vacibdir. Bu yeni modern, səmimi və xalqa daha
yaxın bir inkişaf forması
gətirir.
- Yaxın günlərdə Xalq
artisti Mehriban Zəki təklif
irəli sürdü ki, şadlıq sarayları binası
olmayan teatrlara verilsin. Bu haqda sizin fikirləriniz
maraqlıdır...
- Mehriban Zəki düşüncəsinə
və şəxsiyyətinə hörmət etdiyim xanım sənətçidir.
Əslində uyğun təklifdir. Bunun hüquqi tərəflərinin
həlli məsələsi isə hüquqşünasların
işidir. Ona görə dəqiq bir söz deyə bilmirəm.
Amma yeri olmayan teatrlar üçün binanın tapılması və ya
tikilməsi mədəni siyasətin bir qoludur. Çox güman ki, bu məsələlər
öz həllini tapacaq.
- Ümumiyyətlə, Azərbaycanda
teatra maraq nə səviyyədədir? Əlbəttə,
az-çox təxmin edirik. Amma siz
bu işin içindəsiniz, daha yaxşı bilərsiniz.
Məsələn, bir tamaşaya baxmaq üçün nə
qədər izləyici gəlir?
- Tamaşalara insanların gəlib-gəlməməsi
bizim yəni teatr
rejissorlarının və ya aktyorlarının ortaya
qoyduğu məhsuldan asılıdır. Hər bir teatrın
həm baxımlı, həm də heç baxılması
mümkün olmayan tamaşaları var. Bu da normaldır.
İnsanların teatrlara marağını artırmaq
üçün SMM (Sosial Media
Marketinq) tərəfini də düşünməliyik.
Teatrlarda menecerlerin fəaliyyəti mütləqdir.
- Keçək sizi bütün Azərbaycanda
tanıdan dublaj videolarınıza...
- Bəyəm bütün Azərbaycanda
tanınıram? Sizdən eşidirəm (gülür).
Müsahibimin təvazökar cavabından sonra əsas
sualı ünvanlayıram:
- Necə oldu ki, dublaj işlərinə
başlayıb belə videolar
hazırlamaq qərarına gəldiniz?
- Peşəkar dublajla çoxdan məşğulam.
Amma bu cür videoların ərsəyə gəlməsi
heç də planlı baş
vermədi. Adi yumoristik video düzəltmişdim. O da sosial
şəbəkələrdə bəyənildi. Sonra
düşündüm ki, Operativ Qərargahla bağlı
videolar hazırlayım. Nəticədə insanlar tərəfindən
sevildi. Mən də davam etdim.
- Bir videoya nə qədər vaxt sərf
edirsiniz? Filmlərdən səhnələr tapmaq, senarini
yazıb səsləndirmək, montajla səsi
görüntüyə uyğunlaşdırmaq. Bütün
bunlar çətin olar hər halda...
- Hardasa
4-5 saat vaxtımı aparır.
Sadaladığınız ardıcıllıqla işləri sadə, köhnə telefonla görmək çox
çətindir (təbəssüm edir).
- Fəaliyyətinizin dövlət
adamları tərəfindən yüksək qiymətləndirilməsi,
prezidentin köməkçiləri Şahmar Mövsümov və
Hikmət Hacıyevlə görüşünüz sizə
necə hiss etdirdi?
- Əlbəttə,
düşünmürdüm ki,
yüksək vəzifəli, işləri çox olan
insanlar mənə vaxt ayırarlar. Amma Hikmət müəllim
və Şahmar müəllimin
cənab prezidentin apardığı gənclərlə
bağlı siyasətə daha bir töhfə verdiyini göstərdi.
Mənimlə görüş
sanki bütün Azərbaycan gəncliyi ilə baş
tutdu. Şərəfverici
görüşə görə həm Hikmət müəllimə,
həm də Şahmar müəllimə
minnətdarlığımı bildirirəm.
- Videolarınızdan hiss olunur ki,
çox film izləyirsiniz. Bəs özünüz film çəkməyi
düşünürsünüzmü?
- Mümkün qədər
çox film izləməyə çalışıram.
Qısametrajlı filmlər çəkmişəm. Hətta
filmlərim festivallarda yer tutublar.
Əgər mümkün olsa və mənə etibar edilsə,
məmnuniyyətlə film çəkərdim. Amma əsas
peşəm teatr rejissorluğu və aktyorluğudur. Bu işdə
baş rejissor olaraq çalışmışam. Yəni elə
teatrda davam etməyim daha məsləhətlidir (gülümsəyir).
Samirə Ərəbova
Şərq 2020.- 1 sentyabr.- S.13.