Ortaq media platforması
müsbət nəticələr verəcək
Gündəmi izləyən, milli duruşu ilə seçilən peşəkarlar prosesin içində olmalıdır
Xəbər verdiyimiz kimi, Azərbaycanla Türkiyə
arasında ortaq media platforması ilə bağlı
razılıq əldə olunub. Bu məqsədlə
Türkiyədə səfərdə olan Azərbaycan
Prezidentinin köməkçisi Hikmət Hacıyevin rəhbərlik
etdiyi nümayəndə heyəti Türkiyə Prezident
Administrasiyasının İctimaiyyətlə Əlaqələr
İdarəsinin rəhbəri Fəxrəddin Altunla
görüşüb və tərəflər bir çox məsələləri
müzakirə ediblər. Həm Türkiyə, həm də
Azərbaycanın həyati maraqları və
mövcudluğuna yönəlik müxtəlif təhdidlərlə
qarşılaşdığına diqqət çəkən
Altun bu hücumların türk millətinə qarşı
olduğunu qeyd edib. Türkiyə ilə Azərbaycanın “iki
dövlət, bir millət” şüarı ilə hərəkət
etdiyini bildirən Altun prezidentlər - İlham Əliyev və
Rəcəb Tayyib Ərdoğanın bu anlayışın sadəcə
sözdən ibarət olmadığını bütün
dünyaya göstərdiyini vurğulayıb:
“Bu
qardaşlığı son illərdə artan iş birliyi ilə
taclandırdıq. Xüsusilə İctimaiyyətlə
Əlaqələr İdarəsi səlahiyyətinə aid olan
bütün məsələlərdə Azərbaycanla daha
sıx əməkdaşlıqda olmaq istəyirik”. Beynəlxalq
və regional mövzularda iki ölkənin birlik və həmrəyliyini
ən yüksək səviyyədə qoruyacağını
söyləyən Altun bu xaos və təlatüm mühitində
kommunikasiya sahəsində yalnız birlikdə qalib gələ
biləcəyimizi deyib: “Qlobal şərtləri nəzərə
alaraq bunun bir seçim deyil, bir öhdəlik olduğu
başa düşüləcək”. Türkiyə ilə Azərbaycan
arasında media, rabitə və xalq diplomatiyasında iş
birliyinin inkişaf etdirilməsinin həyati bir məsələ
olduğunu ifadə edən Altun, milli və beynəlxalq cəmiyyətə
məlumatların sürətli çatdırılmasından
məlumatların təhrif olunması, yalan xəbərlər
və dezinformasiyaların yayılmasına qarşı
mübarizəyə qədər geniş sahədə
Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın
həyata keçiriləcəyini bildirib: “Bu baxımdan
Türkiyə-Azərbaycan Media Platformasını qurmaq
üçün razılığa gəldik.
Bu platforma sayəsində iki ölkə mediasının
inteqrasiya olunmuş şəkildə hərəkət etməsini,
ictimaiyyətin məlumatlandırılması mövzusunda
effektiv fəaliyyət göstərməsini, xüsusən də
sosial media tərəfi ilə ortaya çıxan xarici qara təbliğatla
mübarizə mövzusunda ortaq strategiyaların
yaradılmasını qiymətləndirdik”. Prezidentin
köməkçisi Hikmət Hacıyev də Türkiyə
ilə əməkdaşlığın gücləndirilməsindən
məmnun olduğunu bildirib. Vurğulayıb
ki, televiziyadan kino sahəsinə qədər bütün sahələrdə
ortaq layihələrin yaradılması sayəsində iki
ölkəyə qarşı aparılan qarayaxma
kampaniyalarına qarşı mübarizə güclənəcək.
H.Hacıyev İstanbulda fəaliyyət göstərən
beynəlxalq media qurumlarının nümayəndələri
ilə də görüşüb.
Məlumat üçün bildirək ki, iki ölkə
arasında ortaq media platformasının yaradılması, mətbuat
əməkdaşlığının daha da inkişafı
istiqamətində əvvəlki dövrlərdə bir
neçə təşəbbüs göstərilib, müəyyən
fəaliyyət ortaya qoyulub. Əfsuslar olsun ki,
proses yarımçıq qalıb və müsbət nəticə
əldə olunmayıb.
“Şərq”
qəzetinin baş redaktoru, “Azərbaycan Türk Ocağı”nın sədri Akif Aşırlı Türkiyə
və Azərbaycan arasında vahid media platformasının
yaradılması barədə razılığın əldə
olunmasını müsbət hadisə adlandırıb.
Baş redaktor vurğulayıb ki, eyni soy-kökün, tarixin, mədəniyyətin
daşıyıcısı olan eyni millətin də vahid
informasiya məkanı olmalıdır:
“Milli mətbutamızın əsası olan
"Əkinçi" qəzetinin şriftləri 1874-cü
ildə Həsən bəy Zərdabi tərəfindən
İstanbuldan alınıb gətirilib. Türkiyəli jurnalistlər,
Əhməd Kamal, Abdulla Cövdət, Xalid Xürrəm Azərbaycanda
"Füyuzat", "Yeni Füyuzat",
"İrşad", "Şəlalə" qəzet və
dərgilərində çalışıb. Məhəmməd
Hadi, Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Ünsizadə qardaşları uzun müddət
Türkiyə mətbuatının formalaşmasında
iştirak edib. Yəni Türkiyə-Azərbaycan
mətbuat əlaqələrinin tarixi özülü möhkəmdir.
Biz bu özül üzərində vahid media
informasiya məkanı yaratmaqla, dildə, fikirdə, işdə
birlik nümayiş etdiririk. A.Aşırlı diqqətə
çatdırıb ki, vaxtilə türkdilli ölkələrin
vahid informasiya məkanının yaradılması təşəbbüsləri
olub, amma bu alınmayıb: "Bu gün Türkiyə və
Azərbaycan arasında bütün sahələrdə vahid
strukturların yaradılmasının şahidi oluruq. Diaspor,
QHT, mədəniyyət, parlamentlərarası əlaqələr,
təhsil və ən əsası hərbi sahədə fəaliyyətin
koordinasiyası üçün əsaslı işlər
görülür. Bu birlik media sahəsini niyə əhatə
etməsin?".
A.Aşırlı
vahid media platformasının yaradılması
üçün bir neçə məsələyə diqqət
yönəldib:
"Ən
başlıcası müstəqil media siyasəti
üçün vahid informasiya agentliyinin və saytının
yaradılması yaxşı olardı. Türkiyə
və Azərbaycan türkcəsində ortaq bir televiziyanın
yaradılması, gələcəkdə keçmiş sovetlər
birliyində olan türk cümhuriyyətlərinin də bu
teleməkana qatılması layihə olaraq nəzərdən
keçirilməlidir. Dövlətlərarası
informasiya əlaqələri baxımdan "AzərTac" və
"Anadolu" agentliklərinin, İctimai Televiziya və
TRT-nin birgə layihələrinə yenidən
baxılmalı, imkanlar genişləndirilməlidir. Azərbaycan və Türkiyənin müstəqil
jurnalistləri arasında əlaqələrin intensivləşməsi,
onların vahid platforma ətrafında birləşməsi də
müsbət nəticə verər. Hər
iki ölkənin jurnalist təşkilatlarının vahid
platformada çıxışı da nəzərə
alınmalıdır”.
İki
ölkə arasında əldə olunmuş razılıqla
bağlı “Şərq”ə danışan “Xalq Cəbhəsi”
qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib
ki, bənzər təşəbbüslər əvvəllər
də olub. Baş redaktorun sözlərinə görə, illər
öncə o, Akif Aşırlı, Elçin
Şıxlı, Rauf Arifoğlu və digər media rəhbərləri
Azərbaycan-Türkiyə arasında ortaq media
platformasının yaradılması təşəbbüsünü
irəli sürüblər:
“Təəssüflər olsun ki, təşəbbüsün
reallaşması üçün müəyyən maneələr
yarandı.
Sonrakı dövrlərdə türk media platformaları ortaya
çıxsa da, son nəticədə proses
sözçülükdən o yana
keçmədi. Yəni toplantılar
keçirildi, insanlar bir araya gəldi, səfərlər təşkil
olundu, ancaq gizli əllər prosesin praktik məcraya yönəlməsinə
mane oldu. Sanki ortalıqda bir maraq var idi ki,
proses nəzarətdə saxlanılsın və formal xarakter
daşısın. Lakin prosesin praktik məcraya
yönəldilməsi üçün imkanlar hər zaman olub
və bu istiqamətdə təşəbbüslər səsləndirilib.
Hesab edirəm ki, belə məsələlərdə
çox geniş miqyasın götürülməsi
yanlış yanaşmadır. Başlanğıc
üçün Türkiyə-Azərbaycan mediasını
vahid platformada birləşdirmək və bünövrəni
möhkəmləndirmək lazımdır. Heç kimə sirr deyil ki, bu gün türk
dünyasının əməkdaşlığı
hansısa formada mövcuddursa, bu, Azərbaycan-Türkiyə
birliyi sayəsində mümkün olub. Əks
təqdirdə türk birliyi reallaşmazdı. Çünki məhz iki ölkə - Azərbaycanla
Türkiyə ortaya siyasi, iqtisadi və hərbi əməkdaşlıq
müstəvisində ciddi işlər qoyub və möhkəm
təməl formalaşdırıb. Artıq
bu bünövrənin üzərində binanın
ucaldılması üçün ciddi imkanlar var. Prezidentin
köməkçisinin rəhbərliyi ilə Türkiyəyə
səfər edən nümayəndə heyətinin konkret bir
platforma üzərində dayanması çox düzgün
yanaşmadır”.
E.Mirzəbəylinin fikrincə, vaxtı ilə Türkiyədə
bəlli qruplar prosesin irəli aparılmasına mane olurdular. Onların içərisində
FETÖ-çülər də var idi:
“Azərbaycan-Türkiyə əməkdaşlığında,
türk dünyasının birliyində maraqlı olmayanlar, şimaldan
siqnal gözləyənlər bu prosesin irəliyə
aparılmasına əngəl olurdular. Əksər
milli ideyalar doğulmadan ya dəfn edilir, ya da formal xarakter
daşıması üçün bütün mümkün
vasitələrdən istifadə olunurdu. İşlər
elə adamlara tapşırılırdı ki, irəliyə
getməsin, əvəzində şəxsi koorporativ maraqlar həyata
keçsin. Ümid edirəm, proses bu dəfə
nəhayət irəliyə gedəcək. Yanaşmaların özündə müsbət təzahürlər
görünür, əgər ardıcıllıq bu formada
davam edərsə, praktik nəticə əldə oluna bilər.
Hər halda zamanın keçməsini gözləyək”.
Baş
redaktor bəyan edib ki, medianın bir dam altına cəmləşdirilib
idarə olunması yanlış metoddur:
“Ümumiyyətlə,
bu, mümkün olan məsələ deyil, çünki
ayrı-ayrı media qurumları, strukturları var. Burada
söhbət dövlətin informasiya siyasətinin vahid mərkəzdən
idarə olunmasından, Azərbaycan və Türkiyə media
qurumları arasındakı əməkdaşlığın
genişlənməsindən və konkret media
platformasının yaradılmasından gedir. Məsələn,
Türkiyənin “TRT World” kanalı üzərindən ortaq fəaliyyət
göstərmək, bu televiziyanın imkanlarından istifadə
etmək mümkündür. Hazırda bizə
lazım olan dünyaya çıxmaq, dünyanın informasiya
məkanında savaşmaqdır.
Türkiyə ilə Azərbaycan “Əl-Cəzirə” səviyyəsində
bir telekanal yaradaraq dünya informasiya məkanına girə bilərlər. Əgər “Russian today” kanalı bunu
bacardısa, bizim potensialımız imkan verir ki, ondan daha
üst səviyyədə nailiyyət əldə edək. Beynəlxalq müstəviyə çıxmaq və
informasiya siyasətini Azərbaycan və Türkiyə sərhədlərindən
kənara daşımaq üçün konkret platformalara
ehtiyac var”.
“YeniÇağ” Media Qrupun rəhbəri Aqil Ələsgər
də “Şərq”ə açıqlamasında sözügedən
təşəbbüsü müsbət dəyərləndirib. Onun sözlərinə
görə, media sahəsində əməkdaşlığın
inkişafı strateji ortaqlığın göstəricisi
sayılmalıdır:
“Belə məsələlərdə rəhbər şəxslərin
mövqeyi hər zaman həlledicidir və prosesdə
iştirakları mühümdür. Amma təşəbbüsün
reallaşması və fundamentin sağlam təməllər
üzərində qurulması üçün işçi
qrupun formalaşmasına ehtiyac var.
Hər iki ölkənin mediasını dərindən
bilən, gündəmi müntəzəm izləyən, rəhbər
şəxslərin ideyalarını doğrultmağı
bacaran, çağırışlara cavab verən peşəkar
kadrların birgə fəaliyyəti zəruridir. Qısacası, bu məsələyə
can yandıran şəxslər işin içində
olmalıdır. Həm Hikmət Hacıyev, həm də Fəxrəddin
Altun Azərbaycan-Türkiyə münasibətlərinin
inkişafında səmimi və milli duruşları ilə
seçilən dövlət məmurlarıdır.
Fikrimcə, onların rəhbərliyi ilə
başlayacaq hərəkat müsbət nəticələr verəcək. Bundan sonra əksər
məsələlər Azərbaycan və Türkiyə
jurnalistlərinin üzərinə düşür.
Ara-sıra da olsa qardaş ölkə mətbuatında
qüsurlu informasiyalar yayılır. Bu da ondan xəbər
verir ki, ilk növbədə qardaş ölkə mediası ilə
yaxından işləməliyik. Unutmayaq
ki, Türkiyə mətbuatı bizim üçün
dünyaya açılan pəncərədir. Türkiyə mətbuatına nə qədər
sıx inteqrasiya etsək, bu, Azərbaycan mediasının
inkişafına töhfə verəcək”.
İsmayıl Qocayev
Şərq 2020.-
9 sentyabr.- S.11.