"Evdə normal
yemək bişirmək lazımdır"
Tahir Əmiraslanov: "Yoxsa, ərindiklərindən yemək
hazırlamırlar, pizza sifariş
edirlər. Bununla immunitet
möhkəmlənməz axı"
"Uşağın
əlinə verirlər mobil telefonu, uşağın başı
qarışsın, özləri “podruqa”ları ilə qeybət
eləyirlər. Evdə arvad kişi ilə vatsapla
danışır. Bütün günü mobil telefonla oynayan uşaqda immunitet nəyin
hesabına güclənəcək?"
"Ətdən,
qızartmalardan uzaq durun,
buxarda bişmiş
yemək yeyin"
"Hər səhər adam
1 saat qaçsa, qrip də ondan qaçacaq. Hərbi xidmətdə əsgərlər
niyə xəstələnmir? Çünki
hər səhər kilometrlərlə qaçış edirlər"
Artıq payızdı. Təbiətin
qızıl dövrü gəlib.
Qarşıda yağışlı, küləkli havalar və sonra da təbii ki, qara qışdı. Demək ki,
qışa hazırlığa başlamalıyıq. Deyəcəksiz,
qışa həmişə hazırlaşmaq lazımdı, yazda da, yayda
da. Amma nə
yazımız yaz oldu,
nə yayımız yay; bu
lənətə gəlmiş koronavirus
ucbatından. Vitamin depolaya,
orqanizmi gücləndirə bilmədik.
Günəş, torpaq, dəniz, hava – təbii gücləndirici vasitələrdən
kənar qaldıq. Dörd divar
arasında qalmaqla immunitet
gücləndirməkdən danışmaq yersizdir.
Qalır, qidalarla vitamin ehtiyatını qarşılamaq imkanı, o da mümkün deyil, çünki satışdakı qidalara etibar edilməyəcək dövrdəyik, təəssüf ki. Səbəblər məlum. Havalar bir balaca soyuyan kimi, fəsil dəyişikliyi baş verən kimi boğaz ağrıları, öskürək, üşütmə və nəticə etibarilə orqanizmin zəifləməsi labüddür, orqanizmi gücləndirməyəcəyiksə. Bəs nə edək, necə edək ki, payızda “korona” bir yana, soyuqdəymə bizi yatağa yıxmasın?
Milli Kulinariya Mərkəzinin prezidenti, ölkənin baş kulinarı, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovdan daha yaxşı məsləhətçi tapa bilməyəcəyik. Nə tövsiyə etdi, Tahir müəllim. İlk andaca “koronavirus “boş şeydi”, gözəgörünməzdən qorxmaq lazım deyil” dedi:
- Əsas xəstəlikdən qorxmamaqdı.
Gözəgörünməzdən niyə qorxursunuz
ki?! Dəhşətli bir
şey yoxdu. 30 il əvvəl işə getməyəndə adama maaş verirdilər? Yox. Amma indi
oturmuşuq evdə maaş
alırıq... (deyib güldü.)
30 il əvvəl də insanlar
xəstəliklərdən ölürdülər. Qripdən
də ölürdülər. İndi
adını “koronavuris” qoyublar.
Bundan qorxmaq lazım deyil.
- Tahir
müəllim, zarafat bir
yana, sizcə, bu xəstəliyə
nə səbəb oldu? Hardan,
niyə gəldi bu
koronavirus?
- Əlbəttə, dediklərim, kefinizi açmaq üçündü. Amma insan qorxmursa, həyəcanlanmırsa, xəstəliklə mübarizə apara bilir. Bir əhvalat danışım; Hülakü xan Bağdadı işğal edəndə, deyir, bir müsəlman alim tapıb gətirin. Bilirsiz yəqin, Hülakü xan o zaman islamı hələ qəbul etməmişdi. Üləmalardan kimsə cürət edib xanın qarşısına çıxmaq istəmir. Nəhayət, bir cavan müctəhid tapırlar, razılaşır xanın hüzuruna çıxmağa. Gələndə özüylə bir dəvə, bir keçi, bir xoruz gətirir. Hülakü xan bunu görəndə fikirləşir ki, deyəsən, bu cavan ağıllı adamdı. Deyir, bu boyda Bağdadda bir görkəmli, cüssəli, saqqallı, yaşlı-başlı adam tapmadınız, bu növcavanı çıxarırsız qarşıma?
Cavan alim
deyir, xan həzrətləri,
görkəmli, böyük adam istəyirsənsə, budur,
dəvə. Saqqallı istəyirsənsə, budur
keçi. Səsi ucadan
çıxan istəyirsənsə, budur,
xoruz. Cavanın cavabı xanın xoşuna gəlir. Soruşur
ki, səncə, Bağdadı
dağıtmağımın səbəbi nədi? Cavan cavab verir
ki, biz Allahın verdiyi gözəlliklərin, nemətlərin
qədrini bilmədik, Allah səni bizə
cəza göndərdi. İndi bizim – yəni bütövlükdə
dünyanın vəziyyəti o əhvalata
oxşayır. Allah buyurub,
haram yeməyin, şərab içməyin,
qanı, murdar əti sizə haram edirəm. İnsan
neyləyir? Hər cür zir-zibili
yeyir. Bəs bilmir ki, göydə uçan
siçanı tutub yeyəndə, bir gün yerə
düşəcək?! Allah gündə 5
vaxt namaz
qılmağı buyurub. 5 vaxt
namaz qılan insan ən
azı gündə 5 dəfə yuyunur.
Əllərini, ayaqlarını yuyur,
ağzını yaxalayır. Təmizlik, gigiyena
budur da!.. Daha özümüzdən nəsə yeni bir şey
kəşf etməyə nə ehtiyac var?
- Özümüzü
qorumaq üçün,
sağlamlıq üçün nə edək,
necə qidalanaq?
- Qidalanma standartı heç vaxt dəyişmir. Hər şey normada olmalıdı. Normadan artıq qidalanma ziyandı. İnsanın immuniteti ilk növbədə təbiətlə təmasda formalaşır. Uşağı buraxmaq lazımdı, toz-torpağın içinə, qoy oynasın, qaçsın, atlanıb-düşsün. İndiki valideynlər həşir salır, uşaq əlinə torpaq götürəndə. Amandı, qoymayın, mikrob düşər. Məlum məsələdi ki, torpaqda, toz-torpağın içində oynayan uşaq, evdə yumşaq yataqda bəslənən uşaqdan bədəncə daha möhkəm olur, az xəstələnir, xəstələnəndə də xəstəliklə mübarizə apara bilir, çünki orqanizm təbiətdən immunitet qazanıb artıq. Ötən dövrlərdə qadınlarımız yaşmanırdı. Niyə? Təkcə, ağzını, üzünü yad kişilər görməsinmi? Bu da var, amma yaşmaq qadınları ətrafdakı zərərli hissəciklərdən qoruyurdu. Avropa müsəlman qadınlara örtünməyi yasaq etdi, indi kişiləri də ağız-burunlarını örtməyə “yaşmaq” gəzir – maska taxırlar. Sağlam olmağın çox sadə yolu var: Allahın qoyduğu qaydaları yerinə yetirin, sağlam olun. Amma bizimkilər illah ki, tutdururlar, “niyə ziyandır, nəyə ziyandır, niyə haramdı?”, a bala, deyirlər, ziyandı, deməli, ziyandı da. Gərək elə hər şeyi biləsən? Molla Nəsrəddinin əhvalatı var, gecə bərk tappıltı səsi gəlir, səhər qonşu soruşur ki, molla, o nə səs idi, sizin evdən gəlirdi?
Molla cavab
verir ki, heç, arvad köynəyimi
eşiyə atdı. Qonşu
qayıdır ki, ay molla, bir köynəkdən
o boyda səs
çıxar? Molla bu
dəfə əsəbiləşir ki, sənə
nə? Gərək hər şeyi biləsən?
Köynəyin arasında mən də vardım... İnsan anlayışlı olmalı, deyilən
öyüdü, nəsihəti qəbul
etməlidi. Qidalanmanı soruşursunuz,
insanın ürəyi nəyi istəyirsə, onu
yeməlidi. Mağazalardan hazır qidalar, çipslər, süni
qatqılar, tərkibi müəmmalı ərzaqları
alıb yeməyin. Uşağın əlinə verirlər mobil telefonu,
uşağın başı qarışsın, özləri
“podruqa”ları ilə qeybət eləyirlər. Evdə arvad kişi ilə vatsapla danışır. Bütün
günü mobil telefonla oynayan uşaqda immunitet nəyin
hesabına güclənəcək? Evdə normal
yemək bişirmək lazımdı. Azərbaycan mətbəxinin
yeməklərindən. Yoxsa, ərindiklərindən
yemək hazırlamırlar, pizza sifariş edirlər.
Bununla immunitet
möhkəmlənməz axı. Bu dəqiqə
təbiətin ən gözəl çağıdı. Heyva, nar,
alma, qoz-fındıq, gavalı...
min-bir nemət var. Qızardılmış
ətlərdən, ümumiyyətlə, qızartma yeməklərdən
uzaq durun, buxarda bişmiş yeməklər yeyin.
Məsələ var, deyirlər. Azərbaycanda
ilin 12 ayı istidi,
qalanı qış!.. Hər fəsildə təzə meyvə-tərəvəz,
təzəsi bitəndə qurudulmuşu,
meyvə qaxı, nə desəniz, ürəyiniz nə istəyir,
hamısı var. Kənd toyuğu,
kənd yumurtası yeyin. Bu
saat heyvanların kəsilmə
vaxtıdı. Heyvanlar özünü
tutub. Sonra, gübrə
verilməmiş torpaqda becərilmiş kartof, soğan...
Qışda xəmir xörəklər. Azərbaycan mətbəxində
hər fəsil üçün növbənöv
xörəklər var. Mətbəx deyir bizə hansı havada
nə yeyilməlidi.
- Tahir
müəllim, soğan dediniz,
qırmızı soğanın faydasının daha çox olduğu deyilir...
- Elə böyük fərq yoxdu. Biri salatlıqdı, biri
xörək bişirmək üçün.
Qırmızı soğan bir
az şirin olur. Gədəbəydə becərilmiş
soğanı alsanız, şirin olacaq, Tovuzda becərilən
nisbətən acı. Çünki Gədəbəydə
dəmyə torpaqlardı, su verilmir, məhsula. Amma Tovuzda sulanır. Niyə deyirlər ki, meyvə ağaclarını çox sulamayın, çünki
su çox veriləndə,
şəkər suda həll olur, parçalanır, meyvə iri olur, amma
şirinliyi az olur. Su az
veriləndə isə şəkər meyvə-tərəvəzin
daxilində qalır, həcmi kiçik olsa da, dadı şirin olur. Vitamini də bol.
- Pizza sifariş
verməyi dediniz, siz ayaqüstü qida qəbulunun
ziyanlarını da həmişə deyirsiniz...
- İbn Sina
yazır ki, yeməyi içmək, suyu çeynəmək lazımdı.
- Yəni?..
- Yənisi, budur ki, yeməyi o qədər çeynəməlisən ki, su kimi
içəcək hala gəlsin. Suyu isə, qurtum-qurtum,
ağızda saxlaya-saxlaya içməlisən.
Su ağız suyu ilə
doymalıdı. Adicə çörək tikəsini
ağızda çeynəyəndə fikir
vermisiniz, dadı necə şirinləşir?
Yeməyi tələsmədən, kiçik
tikələrlə yemək lazımdı. Tikələr
xırda olanda ağız suyu
onu 4 bir tərəfdən
əhatələyir. Həm yumşalır, həm də
şirinləşir. Bu, ağız suyunun hesabınadı. Allah
bəndəyə necə nemətlər bəxş edib. İnsan bədənində
olanlar hesabına özünü
sağlam saxlaya bilər.
Qaydalara əməl etsə. Çinliləri
görürsünüz, çubuqla
yeyirlər, bir düyü
dənəsini ağızlarına alıb yarım saat çeynəyirlər...
- Hə, yarım saat
çeynəyirlər, amma hər cür xəstəlik də onlardan
“çıxır”...
- Bir milyardı ötüb sayları, ona görə. Təbiətdə tarazlıq var. Təbiət
özü tarazlığı
təmin edir. Pozulmağa qoymur. Həkimlərin sayı artdıqca,
xəstələrin də
sayı artır.
Əhali
artdıqca, ölüm
halları da artır.
- Tahir müəllim, bəs,
vitamin C-ni niyə daim məsləhət görürlər?
- Vitamin C immunomobilyatordu. İtburnuda vitamin C çoxdu. Dəmləyin için. Hər səhər adam 1 saat qaçsa, qrip də ondan qaçacaq. Hərbi xidmətdə əsgərlər niyə xəstələnmir? Çünki hər səhər kilometrlərlə qaçış edirlər. Qaçış zamanı bədən bol oksigen qəbul edir, nəticədə enerji toplamış olur. Qaçışdan sonra insanın yemək ehtiyacı güclənir, acır adam. Başlayır, iştahla yeməyə, canına sinir, yəni nə vitamin varsa, orqanizmə toplanır. Sağlam olmaq üçün bir qaşıq plov da yetərlidi. Bədəni gücləndirən, sonra, sevgidi. Eşq insanı sağlam saxlayır. Daha sonra beynin və qəlbin rahatlığı. Şamanlar deyir ki, kainat güzgüdü. Sən necəsənsə, güzgü göstərəcək. Sonra pozitiv düşüncə, xeyirxah əməl, xeyirxah söz. Bunlar sağlamlığın formullarıdı.
Məlahət Rzayeva
Şərq 2020.- 22 sentyabr.- S.7.