Ekoloji fəlakət
zonaları cənnətə çevrilir
Balaxanı gözəlləşdi,
Bibiheybətdə işlər başlayıb, digər qəsəbələr
də abadlaşdırılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev quruculuq işlərinə, şəhər və kəndlərin
abadlaşmasına, tarixi abidələrin qorunmasına daim diqqət
göstərir və bu işlərə cavabdeh məmurlardan
da vəzifələrinə ciddi yanaşmalarını tələb
edir. Dövlət
büdcəsindən abadlıq işlərinə vəsait
ayrılır və cənab Prezident işlərin
gedişatı ilə şəxsən tanış
olur. İllərdir ki, bu siyasət davam etdirilir.
Təkcə Bakıda deyil, respublikamızın
bütün bölgələrində abadlıq işlərinə,
turizm məkanlarının yenidən qurulmasına, maddi sərvətlərimizin
qorunması ilə yanaşı, onların dünyaya
tanıtdırılmasına da xüsusi önəm verilir. Əlbəttə,
burada əsas məqsəd vətəndaşların həyat
şəraitinin yaxşılaşdırılması,
insanlarımızın istirahət imkanlarının genişlənməsidir.
Eyni zamanda görülən işlər ölkəmizin
turizm imkanlarının da artmasına xidmət edir. Qədmlik,
tarixilik nə qədər önəmli olsa da, ölkəmizə
gələn qonaqlar təmizliyə, abadlığa da diqqət
yetirir, tarixi abidələrin necə qorunduğuna, ətraf ərazilərin
təmizliyinə ciddi fikir verirlər. Son
illərdə aparılan yenidənqurma və abadlıq işləri
sayəsində isə tarixi abidələrimiz, xalqımız
üçün əvəzsiz olan məkanlar həm də
abadlığı ilə göz oxşayır.
Belə məkanlarda yaradılmış yeni
infrastrukturlar da həm yerli əhalinin
rahatlığını, həm də xarici qonaqların,
turistlərin ehtiyaclarını ödəmək imkanı
verir. Təsəvvürə gətirmək çətindir
ki, məsələn, hansısa ölkədən gəlmiş
qonaq İçərişəhəri, yaxud Balaxanını,
Bibiheybəti gəzəndə zibillik, natəmizliklə
qarşılaşsın, küçələrdə rahat
addımlaya bilməsin və ya havanın ağır
olduğunu hiss etsin. Balaxanı, Bibiheybət
neft buruqları səltənətidir axı. Balaxanının,
Bibiheybətin timsalında paytaxtın gündən-günə
necə gözəlləşdiyindən yazacağıq.
Öncə isə cənab Prezidentin icra olunan
layihələr barədə fikirlərinə yer verək.
İnsanlar
üçün daha yaxşı şərait
yaradılmalıdır
Xatırladaq ki, Prezident İlham Əliyev sentyabrın
19-da “Abşeron” yatağının dəniz əməliyyatlarının
təməlqoyma mərasimində iştirak etdi. Açılışdan
sonra Prezident yerli televiziya kanallarına müsahibə verdi və həyata keçirilən quruculuq,
abadlıq işləri barədə danışdı.
Qeyd edildi ki, ölkəmizdə neft hasilatı ciddi
ekoloji problemlər meydana gətirib. Lakin ekoloji vəziyyətin
yaxşılaşdırılması və ətraf mühitin
qorunması istiqamətində məhz Prezidentin göstərişilə
genişmiqyaslı işlər həyata keçirilir.
Prezident
müsahibədə bildirdi ki, bu, doğrudan da ciddi məsələdir:
-
Çünki o vaxt Bakı, Abşeron yarımadası,
Sumqayıt şəhəri ekoloji fəlakət zonaları
kimi təqdim edilirdi və faktiki olaraq ekoloji fəlakət
mövcud idi. İndi bir çox hadisələr
yaddan çıxır. Ancaq bizim neftlə
ən çox çirklənmiş ərazimiz Bibiheybət
buxtası idi. İndi Bibiheybət
buxtası gözəl parklar, istirahət zonalarına
çevrilib. Bibiheybət qəsəbəsi
indi faktiki olaraq yenidən qurulub.
Yəni, Bibiheybət buxtası ekoloji fəlakət
zonası idi və o görüntülər yəqin ki, bir
çoxlarının xatirindədir. Digər ekoloji fəlakət
zonası Balaxanı və onun neft mədənləri idi.
İndi baxın, Balaxanı gözəl bir qəsəbəyə
çevrilib və orada işlər artıq tamamlanmaq üzrədir.
Mən özüm gedib baş çəkəcəyəm
və baxıb görəcəyəm ki, mənim göstərişlərim
necə yerinə yetirilir. Təkcə
Balaxanı yox, bütün qəsəbələr. Mən demişəm, Bakının bütün qəsəbələri
abadlaşdırılmalıdır, orada insanlar
üçün daha yaxşı şərait
yaradılmalıdır, insanları narahat edən bütün
problemlər həll olunmalıdır və bu qəsəbələr
estetik cəhətdən müasir səviyyəyə uyğun
olmalıdır.
Qəsəbələrdə bütün tarixi abidələr
bərpa edilməlidir və biz bu qəsəbələrə
yeni həyat verəcəyik. Balaxanı
zibilxanasını yadımıza salaq. Oradan
çıxan tüstülər bütün şəhəri
bürüyürdü və zəhər idi. Mən bu məsələ ilə məşğul
olmağa başlayanda bəziləri deyirdilər ki, bunu
söndürmək mümkün deyil. Çünki
o, altdan yanır və orada qazlar əmələ gəlir,
çox təhlükəli yerdir, yaxın düşmək
olmaz. Bəziləri deyirdi ki, gəlin bunun
üstündə sarkofaq tikək. Yəni
belə cəfəng təkliflər var idi.
Amma biz bunun da yolunu tapdıq. Tamamilə təmizləndi.
İndi orada gözəl park salınıb və
zibilyandırma zavodu fəaliyyətə başlayıb. Onun yanında növbəti ekoloji fəlakət
zonası – Böyükşor gölü də, onun bir hissəsi
təmizləndi. O da ekoloji fəlakət idi,
çünki açıq neft rezervuarı idi, eyni zamanda,
bütün kanalizasiya suları da oraya
axıdılırdı. Amma indi orada bulvar
salınıb və o gölə quşlar qonur.
Digər layihələr. İndi Qara şəhəri
yadımıza salaq. Artıq o
anlayış yoxdur, onun yerində Ağ şəhər var.
Ağ şəhər şəhərsalma layihəsini biz icra
edəndə orada təqribən ən azı iki metr torpaq
layı çıxarıldı. O da bütün neft
çöküntüləri idi, qudron idi, zəhər idi. Onun yanında “Azərneftyağ” neft emalı zavodu yerləşir.
Artıq onun da fəaliyyəti başa
çatmaq üzrədir.
Çünki iki ildən sonra Heydər Əliyev
neftayırma zavodunda yenidənqurma başa çatacaq, “Avro-5”
benzin istehsal olunacaq. Beləliklə, havanı ən çox
çirkləndirən nəqliyyat vasitələri də təmiz
benzinlə təmin ediləcək və “Azərneftyağ”
neft emalı zavodu söküləcək. Bütün
o rezervuarlar, qurğular söküləcək, ora
böyük park olacaq. Həmçinin
yod-brom zavodu. Bəziləri bilmir, o da
aeroport yolunda yerləşirdi, o da bir zəhər idi. Biz oranı da utilizasiya etdik, oradakı
çöküntüləri poliqona daşıdıq.
Yaxud da ki, Sumqayıt şəhərinin ekoloji vəziyyətinə
baxın. Əvvəllər Sumqayıtın yanından
keçəndə hər kəs pəncərəni
bağlayırdı ki, o üfunət iyi, o zəhər girməsin
maşına. Amma bu gün Sumqayıt elə
bil ki, kurort şəhəridir. Sənaye
potensialı möhkəmləndirilməklə orada müasir
təmizləyici qurğular quraşdırıldı, sənaye
parkları yaradıldı.
Sumqayıt Sovet İttifaqında bəlkə də ən
çirklənmiş şəhər sayılırdı, bu
gün ən təmiz şəhərlərdən biridir. Bütün
bunları biz etmişik. Çünki bu,
bizim xalqımızın həyatıdır,
uşaqlarımızın, gələcək nəslin sağlamlığıdır.
Amma çar Rusiyası dövründə, sovet
dövründə buna fikir verilirdimi? Xeyr.
Ancaq plan, ancaq hasilat, ancaq istismar, neft ver, qaz ver. Bəs,
insanların həyatı, onların yaşayışı,
onların sağlamlığı? Ona görə
bizim üçün bu, ön plandadır.
Mən Prezident seçiləndən sonra demişdim, ilk
bəyanatlardan biri idi ki, “qara qızıl”ı insan
kapitalına çevirməliyik, insanlara xidmət etməliyik. Biz bu sahədə,
ilk növbədə, insan amilini nəzərə
almalıyıq. Çünki neft bizim
üçün məqsəd deyil, daha yaxşı həyat
yaratmaq, daha yaxşı ölkə qurmaq, daha yaxşı
şərait yaratmaq üçün vasitədir və bunu
edirik.
Ekoloji layihələr hələ ki, bitməyib, hələ
görüləsi işlər çoxdur. Hazırda
Abşeron yarımadasında neft gölməçələrinin
təmizlənməsi işi gedir. Mən
tapşırıq vermişəm ki, bütün neft mədənlərində
təmizləmə işləri aparılsın, orada
ağaclar əkilsin, - necə ki, burada, Bibiheybətdə. Biz ekoloji fəlakət zonalarını ekoloji cənnət
zonalarına çevirməliyik, bunu edirik və edəcəyik.
Balaxanı,
Bibiheybət turizm zonasına daxil olur
Bir müddət əvvəl internet resurslarda
Balaxanıda çəkilmiş fotolar yayıldı. Fotolardan da
görünürdü ki, Balaxanı necə dəyişib,
gözəlləşib. Necə ki, “Qara
şəhər” Ağ şəhərə çevrildi, eləcə
də zibilliklə adı qoşa çəkilən
Balaxanı artıq güllər-çiçəklər qəsəbəsidir.
Balaxanıdan reportajlar ard-arda düzüldü.
Yenilənən Balaxanıdan ilk reportajı isə
“Şərq” qəzeti və “Şərq.az” saytı
hazırlamışdı. Reportajda yerli
sakinlər turistlərin bura tez-tez gəldiyini demişdilər.
Görünürdü ki, evlərin
divarları, qapılar yenilənib, rənglənib. Bəzi hasarların üzərinə pişik
fiqurları qoyulub. Maraqlı, diqqətçəkən
mənzərə yaradılıb. Dahi
Sabirin heykəli qoyulub.
Küçələrdən biri “Səfəvilər
küçəsi”dir. Azərbaycanın ən uzun
ömürlü dövlətlərindən birinin
adının əbədiləşdirilməsi xaricilər
üçün tarixi bilgidir həm də.
Abadlıq işləri aparılan, tarixilik
qorunmaqla gözəlləşdirilən, görkəmi yenilənən məkanlardan biri də Bibiheybət
qəsəbəsidir. Bibiheybət gələcəkdə
turizm marşrutuna salına bilər. Əvvəllər bu əraziyə
insanlar daha çox Bibiheybət məscidinə ziyarət
üçün axın edirdisə, qəsəbədə
aparılan abadlıq işlərindən sonra buranın həm
yerli sakinlərin, həm ümumiyyətlə paytaxt əhalisinin,
o cümlədən də
turistlərin sevimli məkanına çevriləcəyi
şübhəsizdir. Qəsəbədə abadlıq və
yaşıllaşdırma işləri hələ davam
etdirilir. Evlərin qapı-pəncərələri yenilənir,
eyvanlara dibçəklər qoyulur, divarlar müxtəlif rənglərə
boyanaraq bəzədilir. İşlər tək bununla bitmir.
Bibiheybət qəsəbəsində
yollara qəmbər döşənir, bərpaya ehtiyacı
olan fasadlar yenilənir, kommunikasiya xətləri də dəyişdirilir.
Ərazidə uşaq əyləncə mərkəzləri,
söhbət aparılmaq üçün xüsusi yerlərin
ayrılacağı, oturacaqlar qoyulacağı da gözlənilir.
Xatırladaq ki, abadlıq və yenidənqurma işləri
Bakının Balaxanı, Əmircan və Ramanı kimi digər
qəsəbələrində də aparılır.
Bunlardan əlavə olaraq da, Mərdəkan,
Novxanı, Buzovna, və s. kəndlər də turizm məkanına
çevriləcəyi bildirilir. Təbii ki,
bütün bu işlər turizm potensialının
artmasına, turistlər üçün maraqlı məkanların
sayının artmasına gətirib çıxaracaq. Ölkəmizə
gələn turistlər təkcə İçərişəhəri
və ya Qəbələ, Qubanı deyil, Bakının daxilindəcə
bir çox gəzməli, görməli məkanları
ziyarət etmək imkanı əldə edəcəklər.
Turizm obyektlərinin çoxluğu turizm potensialının
genişlənməsinə xidmət edən amildir.
Bütün qəsəbələr
abadlaşdırılmalı, insanlar üçün daha
yaxşı şərait yaradılmalıdır
Aparılan işlərlə
bağlı fikirlərini bildirən Bələdiyyələrin
İnkişafına Dəstək İctimai Birliyinin sədri
Vüqar Tofiqli prezidentin tapşırığına uyğun
olaraq paytaxtın qəsəbə və kəndlərində
aparılan abadlıq və yenidənqurma işlərinin vətəndaşların
həyat şəraitini yaxşılaşdırmaqla
yanaşı, ölkəmizin turizm imkanlarının
artırılmasında əhəmiyyətli amil olduğunu
vurğuladı:
- Cənab Prezidentin
tapşırığına uyğun olaraq paytaxtda, ətraf qəsəbə
və kəndlərdə yenidənqurma və abadlıq
işləri aparılır. Bütün bunlar
hamımızın gözü önündə baş verir.
Biz Qara şəhərin Ağ şəhərə
çevrildiyini gördük, Bakı bulvarı baxın, məsafəcə
necə uzandı, illər öncə Qara şəhər səmtinə
getmək istəməyənlər indi rahat bir şəkildə
orada gəzir, istirahət edir, dincəlirlər. Bakı
buxtası necə təmizlənib. Bakının qəsəbələrində,
Bakı kəndlərinin görünüşü son illərdə
inanılmaz dərəcədə dəyişib. Bunlar
hamısı, aydın məsələdir ki,
insanlarımızın yaşayış səviyyəsinin
yaxşılaşması, istirahət imkanlarının
artması, ekoloji təmizliyə nail olmaq
üçündür.
Eyni zamanda bu, böyük turizm potensialıdır. Bundan ilk növbədə xalq, əhali qazanır, həmçinin də dövlət. Turizm dünyada ən gəlirli sahələrdən biridir. Gəlirli olmaqla yanaşı, ölkənin tanınması üçün də əsas şərtlərdən biridir. Qəsəbə və kəndlərin abadlaşması hərtərəfli xeyir gətirən hadisədır.
Məlahət
Rzayeva
Şərq 2020.- 23 sentyabr.- S.11.