Jurnalist müharibənin ən güclü silahlı əsgərdir

KİV-lərimiz rəsmi xəbərləri yaymaqla yanaşı, o cümlədən təxribatçı məlumatların qarşısını almaq üçün bir az çevik, operativ fəaliyyət göstərməlidirlər

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanyaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Silahlı Qüvvələri separatçı rejimin təxribatına cavab olaraq lazımi tədbirlər görür.

Ancaq ermənilər ölkəmizə qarşı yalnız hərbi yox, informasiya sahəsində də müharibə aparır. Mətbuatın ağrılı yerlərindən biri də bəzi media qurumlarının, xüsusilə internet saytların mütəmadi olaraq dezinformasiya yaymasıdır. Ümumiyyətlə, yalan və çaşdırıcı məlumat yaymaq mediada, siyasətdə, o cümlədən hərbi sahələrdə tez-tez istifadə edilən psixoloji müharibə metodu hesab olunur. Dezinformasiyanın təsiri düşündüyümüzdən daha çoxdur.

Bu səbəbdən mətbuatda, xüsusən sosial mediada yayılmış xəbərlərin doğruluğuna dərhal qənaət gətirməməli, həqiqiliyini mütləq mühakimə etməliyik. Mediamızın dezinformasiya problemi yaşadığını inkar etmək olmaz. Çünki əksər hallarda informasiya əldə edə bilməyən jurnalistlər mənbəyi bəlli olmayan xəbərlər yaymaqla məşğul olurlar. İndiki məqamda, yəni hərbi vəziyyətlə əlaqədar olaraq çox ehtiyatlı olmaq lazımdır. Bu məqsədlə də  Azərbaycan Mətbuat Şurası kütləvi informasiya vasitələrinin təmsilçilərinə müraciət edib. Müraciətdə deyilir:  “Cəbhəboyu ərazilərdə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatların intensivləşməsi Azərbaycan mediasının fəaliyyətinə təsir göstərməkdədir. Jurnalistlərimiz cəbhə ilə bağlı xəbərləri yaymağa üstünlük verirlər və bu təbiidir.

Ötən illərin təcrübəsi göstərir ki, media təmsilçilərimiz daha çox cəmiyyətdə ruh yüksəkliyi yaradan, işğal olunmuş torpaqlarımızın azad edilməsini haqq işimiz kimi göstərən materialların təqdimatında fəallıq göstərirlər. Hərbi əməliyyatların intensivləşdiyi hazırkı durumda, onlar, heç şübhəsiz, yenə eyni dəst-xətti tutacaq, Vətən qarşısındakı xidmətlərini layaqətlə yerinə yetirəcəklər.

Hər kəsə bəlli olan reallıqdır ki, yaşadığımız XXI əsrdə müharibələr yalnız səngərlərdə aparılmır. Müharibənin böyük informasiya cəbhəsi var. Bu günlərdə jurnalistlər bu cəbhənin döyüşkən əsgərləridir. Yaxşı əsgər intizamlı əsgərdir. Media təmsilçiləri üçün isə intizam redaksiya tapşırıqlarını qüsursuz yerinə yetirmək, fərdi şəkildə yanaşsaq, peşə borcuna məsuliyyətli yanaşmaqdır.

Hər bir media əməkdaşı indiki durumun xalqımız və ölkəmiz üçün həssaslığını ciddi şəkildə nəzərə alaraq fəaliyyət göstərməlidir. Jurnalist üçün həssaslıq peşə davranışı qaydalarına tam şəkildə riayət etməkdir. Peşəkarlıq rəsmi mənbələrə istinaddır, əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır. Hər hansı emosiyalara qapılmaq, eyforiya yaradan fikirlərin təqdimatı yolverilməzdir. Ötən dövrlərin təcrübəsi göstərir ki, cəbhədə gərginliyin artdığı zamanlarda Ermənistana məxsus informasiya diversiya dəstələri də meydana atılır.

Onlar Azərbaycan dilli saytlar, sosial şəbəkə profilləri və qrupları yaradaraq “fəallıq” göstərirlər. Azərbaycan şəxs adlı sosial şəbəkə profillərinin Ermənistan xüsusi xidmət orqanları tərəfindən idarə edildiyinə dair faktların mövcudluğu hamımıza məlumdur. Belə bir vəziyyətdə jurnalistikamızın üzərinə eyni zamanda böyük ictimai məsuliyyət düşür.

Onlar həm obyektiv informasiyalarla cəmiyyətimizi təmin etməli, həm də qeyd etdiyimiz mənfi təmayüllərə qarşı mübarizə aparmalı, onları aşkarlamalı, cəmiyyətin neqativ yöndə bilgiləndirilməsinin qarşısını almalıdırlar.

Təbii ki, bu fəaliyyət müvafiq dövlət qurumlarımızla əlaqəli şəkildə həyata keçirilməli, bütün detallara diqqətli yanaşılmalıdır. İnformasiyalar zamanında, operativ şəkildə insanlarımıza çatdırılmalı, əhali arasında təşviş yaratmağa hesablanmış neqativ meyillərin qarşısı anında alınmalıdır. Azərbaycan Mətbuat Şurasının media təmsilçilərindən gözləntisi budur. Mətbuat Şurası ölkə junalistlərini, media orqanlarını bir daha cəbhədə yaranmış duruma münasibətdə həssas, soyuqqanlı davranmağa, öz işlərinə məsuliyyətlə yanaşaraq cəbhə ilə bağlı yalnız rəsmi mənbələrdən aldıqları məlumatlara üstünlük verməyə, hər hansı şübhəli, ilk mənbəyi bilinməyən materialların yayımlanmasından uzaq durmağa çağırır. Jurnalistlərin çoxsaylı informasiya mənbələrinə malik olmaları təbiidir. Nəzərə alsaq ki, hər bir jurnalist eyni zamanda sosial şəbəkə istifadəçisidir və fərdi şəkildə kifayət qədər geniş izləyici auditoriyasına malikdir, mənbə çoxluğu şəraitində bu platformadakı paylaşımlarda, hətta dəqiq bilgilərin belə yayılmasında ehtiyatlı olmaq şərtdir. İndiki durumda jurnalistlərimiz üçün ən böyük peşəkarlıq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatlarına istinaddır. Ümid edirik və əmin olmaq istərdik ki, media orqanlarımızın təmsilçiləri üzərlərinə düşən vəzifəni məsuliyyətlə, jurnalistikamızın peşəkarlıq ənənələrinə sadiq qalaraq yerinə yetirəcək, xalqımızın haqq işinə özlərinin layiqli töhfələrini verəcəklər”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli  "Şərq"ə açıqlamasında bildirib ki, dezinformasiya təbliğatının qarşısının alınması üçün rəsmi qurumlar tərəfindən kifayət qədər zəruri addımlar atılıb.

M.Ələsgərli bildirib ki, Azərbaycan Kütləvi İnformasiya Vasitələrinə ancaq rəsmi xəbərləri yaymaq barədə tövsiyələr verilib: "Mətbuat Şurası tərəfindən bəzi açıqlamalar yayıldı.

Orada hansı tip xəbərlərin hansı formada verilməsi barədə məlumatlar əks olunub. İndi texnologiya dövrüdür. Düşmən təxribatı, eyni zamanda düşmən cəbhəyə xidmət edən bəzi içimizdə olan qüvvələr bu yeni texnologiyalardan istifadə edərək yenə də təxribatlı informasiyalar yaymağa cəhd göstərirlər. Bu faktlar aşkarlanır. Təbii ki, bu təxribatın qarşısını almaq üçün bir sıra inzibati addımlar atılır. Amma burada əsas məsələ yenə də bizim kütləvi informasiya vasitələrinin üzərinə düşür. Çünki KİV-lərimiz rəsmi xəbərləri yaymaqla yanaşı, o cümlədən təxribatçı məlumatların qarşısını almaq üçün bir az çevik, operativ fəaliyyət göstərməlidirlər. Bu cür şübhəli təxribatçı məlumatlar ortalığa çıxarkən dərhal rəsmi qurumların mövqeyi öyrənilməlidir. Daha sonra onlar ictimaiyyətə çatdırılmalıdır ki, həmin yalan, təxribatçı informasiyalar cəmiyyət, ictimaiyyət arasında çox da geniş yayılmasın".

Mətbuat Şurasının sədr müavini diqqətə çatdırıb ki, kütləvi informasiya vasitələri bacardıqları qədər müxtəlif dillərdə informasiyalar yaymağı tezləşdirməlidirlər:

"Yaxşı olardı ki, xarici dünya ictimaiyyəti ölkəmizdəki hadisələrlə bağlı məhz Azərbaycan KİV-lərindən informasiya götürsünlər. Ermənilərin bu cür təxribatçı əməlləri, onların formaları, hansı mexanizmdə və formada həyata keçirilməsi ilə  bağlı olaraq çox yaxşı olardı ki, KİV-lərimiz operativ məlumatlar hazırlasınlar.

Həmçinin həmin xəbərlərdə rəsmi şəxslərin, ekspertlərin şərhləri olmaqla, bizim auditoriyaya çatdırsınlar. Bununla da,  insanlar nələrin necə baş verdiyini, təxribatçı əməllərin hansı mexanizmlərlə həyata keçirilməsi barədə məlumatlı olsunlar. Bilirsiniz ki, bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyininbir açıqlaması oldu.

Bildirildi ki, bu dövrdə düşmən tərəfi haker hücumları vasitəsilə, eləcə də tanınmayan, bilinməyən ünvanlardan müxtəlif proqramlar göndərməklə insanların informasiya resurslarını dağıdırlar  ya ələ keçirirlər. Eyni zamanda onların vasitəsilə təxribatçı informasiya yaymaq üçün müxtəlif addımlar atırlar. Amma düşmən təxribatını ancaq texniki sahədə deyil, həm də konkret məzmun baxımından da həyata keçirir.

Bu baxımdan bizim KİV-lərin bu sahədə məlumatlandırma, maarifləndirmə işləri həyata keçirməsi üçün üzərinə mühüm vəzifələr düşür. Hesab edirəm ki, Azərbaycan media nümayəndələri bu sahədə ölkə ictimaiyyətini detallı bilgiləndirmək üçün kifayət qədər peşəkar bilgilərə, bacarıqlara malikdirlər".

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında bildirib ki, indiki məqamda ölkəmizdə informasiya təhlükəsizliyi prioritet məsələlərdən biridir. O vurğulayıb ki, internetə çıxış imkanında məhdudlaşdırmalar olsa da, təəssüf  ki, bəzi vətəndaşlarımız müxtəlif  VPN proqramlarından istifadə edərək sosial şəbəkələrə daxil olurlar:

"Nəzərə almaq lazımdır ki, bu VPN proqramları vasitəsilə düşmən şəxsi informasiyalarımızı əldə edə bilir. Son dövrlər bu proqramlardan istifadə tempi artıb. Nəzərə almaq lazımdır ki, burada müəyyən risklər var.

Həm fərdi şəxslər, həm də dövlətçilik baxımından milli təhlükəsizlik məsələsi var. VPN texnologiyası ondan ibarətdir ki, insanlar informasiya münasibətləri qurmaq üçün qarşı tərəfdən, yəni  üçüncü tərəfin xidmətindən istifadə edir.

Əgər siz hansısa internet resursa daxil olmaq, yaxud da kiməsə nəsə yazmaq üçün mütləq VPN-dən istifadə edirsinizsə, bu zaman o, birbaşa qarşı tərəfə ötürülür. Yəni trafik başqa şirkətin üzərindən keçir.

Bu isə o deməkdir ki, sizin məlumatlarınız orada toplanılır və rahatlıqla ələ keçirilir.  Habelə, internet üzərindən hansısa informasiya paylaşılırsa,  o da qarşı tərəfə asanlıqla ötürülür. Ona görə də mütləq sosial mediada rəsmi xəbərlərə və peşəkar informasiya resurslarının məlumatlarını paylaşmaq lazımdır.

Hazırkı dönəmdə hər kəsin qohumdan-tanışdan eşitdiyi informasiya resurslarına inanıb onu sosial şəbəkə vasitəsilə xəbər kimi paylaşmaq olmaz.  Unutmamalıyıq ki, internet üzərindən yayımlanan hər hansı bir məlumat hərbiçilərimizin həyatına təsir göstərə bilər. Bu gün xalqımızın ayıq-sayıq, diqqətli olması ən vacib nüanslardan biridir".

 

Aynurə Pənahqızı

Şərq  2020.- 30 sentyabr.- S.11.