Füzuli azad olundu...

"Yerin məlum, doyunca ağlamışam"

Seyran Səxavət "Şərq"in əməkdaşını da ağlatdı

"Daha mən buralarda qala bilmirəm, Füzuliyə kəndə yaşamağa gedəcəm"

Sizcə, insanı ağlamağa dəvət necə olur?.. Yaz mərasimlərini demirəm, məlumdu, ailə üzvü, doğma bir insan, tanıdığın, sevdiyin, dəyər verdiyin insanlar həyatdan köçəndə ağlayırsan, onların itkisinə için-için yanırsan. Yas mərasimlərinə gedirsən, orda da ağladığın da olur, gözündən yaş çıxmadığın da. TorpaqVətən, yurd yerləri itkisinə 28 ildir ağlayırdıq, için-için. Senyabrın 27-si göz yaşlarımızın yolu dəyişdi. Bakıdan başlayıb Füzuliyə axdı, Cəbrayıla axdıMurova axdı, Murova!.. Ağladıq.

Bəzən gülə-gülə. Bəzən hıçqırıqla. Adını bildiyimiz hissdən axan göz yaşlarıydı – Vətən sevgisidi bu hissin adı. Elə bir hiss ki, damarında Vətən qanı axanın ürəyindən süzülüb gözlərindən axacağı mütləqdi! Dünən yazıçı-dramaturq Seyran Səxavətə zəng edəndə, təbrik etmək üçün (əvvəlcə “sevincinə şərik olmaq üçünyazmaq istədim, sonra özümə dedim: niyə sevincinə şərik olum ki, öz sevincimə nə gəlib?!M.R.), mənə dedi: “yerin məlum, doyunca ağlamışam”. Ağlamağa dəvət belə olur.

Seyran müəllimin hansı hisslər keçirdiyini tərif etməyə lüzum yoxdu. Yurdu işğaldan azad olunmuş insanın xoşbəxtliyini heç bir söz ifadə edə bilməz. Sadəcə, belə deyəcək; çox xoşbəxtəm. Nəhayət, bu günü gördük!.. Seyran Səxavətlə qələbə söhbətimizi təqdim edirik.         

- Seyran müəllim, Füzuli işğaldan azad olundu, Sizin kənd də yəqin ki, azad olunmuş kəndlər sırasındadı. Bilirəm, hansı hissləri keçirirsiniz, yenə də öz dilinizdən eşitmək istəyirik. Necə qarşıladınız bu xəbəri? Yəqin bütün günü televizorun qarşısında olmusunuz

- Heç yatmışam ki! Səhərə qədər xəbərləri izləmişəm. Mənə Emin Eminbəyli (bir vaxtlar məşhur olan “7 gün” qəzetinin baş redaktoru, əslən qarabağlıdı) zəng elədi. Maşın sürürdüm, telefonuma zəng gəldi, baxdım Emindi, dedi ki, gözün aydın, Füzuli azad olundu!.. Özümü itirdim, maşını çəkdim kənara. Yerin məlum, doyunca ağladım. Sonra yola davam etmişəm. Amma deyəsən, maşını necə idarə etdiyimdən xəbərim olmayıb. Bireşitdim ki, yol polisi deyir: “iki yüz üç, ver sağa saxla!”. Özümdən asılı olmayıb, elə bil Qarabağa gedirdim, sürət saatda 190 kilometr. Yol polisi əməkdaşına məsələni deyəndə, qayıtdı ki, “dayı, bir az ehtiyatlı ol”. Füzulinin azad olunması xəbərini mən belə qarşıladım.

- Seyran müəllim, adıçəkilən kəndlər arasında sizin kənd də var?

- Bizim kənd – Yağlıvənd, azad olunmuş Qərvənd kəndinin 3 kilometrliyindədi. Şəhər mərkəzinə yaxındır. Ola bilməz ki, Qərvənd azad olunsun, bizim kənd yox.

- İnşallah, gedərsiniz, kəndinizə...

- İnşallah. Səni də dəvət edəcəm, birlikdə gedək (Bu dəfə “yaxşı” dəvət oldu –M.R.)

- Seyran müəllim, artıq neçə ildir biz sizinlə həmsöhbət oluruq. Söhbətimizin mövzusu hər nə olubsa, mütləq Qarabağdan da danışmısınız. Yəni, söhbət özü gəlib çıxıb Qarabağa. Həmişə də demisiniz ki, Azərbaycan Ordusu torpaqları özü azad etməlidir. Şükür ki, bu günü gördük. Ordumuz torpaqları azad etməyə başladı.

- Bəli. Sizə deyim, son otuz ildə Azərbaycan xalqı və dövləti qədər ermənilərin nazıyla oynayan, diqqət göstərən, qayğısını çəkən ikinci bir xalq və dövlət olmayıb. Nə qədər səbr etmək, ermənilərin yallı getməyinə öz gözündə alçalmaq, kütləvi qeyrətsizləşmə, şərəfsizləşmə prosesi gedər?! Qarabağın azadlığını hamımız illərdir gözləyirdik. Nəhayət, bu baş verdi. Amma ən əsas olan bilirsiz nədi? Qarabağın işğaldan azad edilməsi, torpaqlarımızın geri qaytarılmasından da vacib bir şey varo da özümüzə inamın geri qayıtmasıdı! Əsas özümüzə inamdı! Bunu da ordumuz, qəhrəman əsgərlərimiz Qarabağ torpaqları ilə bir yerdə bizə qaytardı.  Bu saat da kefim çox yaxşıdır, çünki əsgərlərimiz əjdahalıq edir.

Bayaq mənə rayondan zəng gəldi və dostumun bir qızı var, onu keçən il görmüşəm. Uşaq onda o qədər xoşuma gəlmişdi ki, dedim ay Əmrah, bu uşaqdan muğayat olun, onun böyük gələcəyi var, nəsə qeyri-adi uşaqdı. Bu gün Əmrah mənə zəng vurub deyir ki, “əmioğlu, təbrik edirəm, gözün aydın, əsgərlərimiz qəhrəmanlıq göstərir”. Sonra isə dedi ki, “Dünən uşağın nənəsi nəsə xəstə idi, yemək yemirdi. Uşaq nənəsinə dedi ki, nənə, sən əsgərlərimizin canı, çörək ye”. Yəni Azərbaycan xalqının hər şeyi, kökü, genetik kodu budubax bunu qorumaq lazımdır. Bu, Qarabağı almaqla bizə qayıdacaq.

- Sizcə, proseslərin növbəti gedişatı necə olacaq? Seyran müəllim, birdən deyərsiz, hərbi ekspert deyiləm, hərbi sirləri vermək olmaz, filan

(Güldü)

- Yox, demərəm. Nə istəyirsən, soruş

- Sizin fikrinizi, əslində, yəqin ki, istəyinizi öyrənmək istəyirəm, hansı xəbərləri gözləyirsiniz?

- Bir şeyi də demək lazımdır ki, dayanmaq olmaz. Mənim üçün əsas üç rayonun, Laçın, Şuşa və Kəlbəcərin alınması vacibdir. İnşallah, ora gedəcəyik. Daha mən  buralarda qala bilmərəm.

- Kəndə gedəcəksiz, yaşamağa?

- Niyə də yox? Mən onsuz da Bakıdan uzaqlaşmışam. Bilirsən, neçə ildi Bakıdan kənara çıxmışam. Başa düşdüm ki, şəhər mənlik deyil. Son otuz ildə bunu da başa düşdüm ki, bu ermənilər nə ingilis, nə fransız, nə də rusca bilirlər. Bunlar heç ermənicə də bilmirlər. Bunların bildiyi yeganə dil zor, silah dilidibiz nəhayət, ermənilərin dilini tapmışıq və o dildə də danışırıq. Bu dilə eşq olsunbu dil Azərbaycan əsgərinin mükəmməl bildiyi dildir. Bütün hərbçilərimizə uğurlar arzulayıram, hamısına can qurban, Allah onları qorusun.

 

Məlahət Rzayeva

Şərq  2020.- 29 sentyabr.- S.8.