“Məni üzən başqa məqamdır"
Türkiyənin məşhur kanallarından
birində qardaş ölkənin məşhur
aparıcılarından sayılan
Okan Bayülgənin verilişinin qonağı
Azərbaycanın Xalq
artisti Alim Qasımov və qızı, Əməkdar
artist Fərqanə Qasımova
olub. “Okan
Bayülgən ile uykusuzlar kulübü” verilişində qonaq olan Azərbaycan sənətçilərinə aparıcının ünvanladığı
sual birmənalı qarşılanmayıb. Belə ki,
aparıcının Alim
Qasımova ünvanladığı
sual türk dilində normal sayılsa da, Azərbaycan dilində qeyri-etik və ədəbsiz səslənib.
Təbii ki, türk aparıcısının
bu davranışı
sosial mediada da müzakirələrə
səbəb oldu. Məsələ burasındadır ki, türk aparıcısının
Azərbaycan sənətçilərinə
qarşı xoşagəlməz
hərəkəti müzakirə
olunanda müxtəlif
səpkili şərhlərə
rast gəlmək olur. Bir çoxlarının fikrincə, Okan kimi təcrübəli televiziya aparıcısının
belə bir ifadəni bilməyərəkdən
istifadə etməsi mümkün deyil. Nəzərə alsaq ki, aparıcı qardaş ölkə olsaq belə verilişinə başqa ölkənin sənətçisini qonaq
olaraq dəvət edirsə, ən azı qonaqları tanımalı, onlar barədə bilgili olmalı idi ki, Okan da
dəvət etdiyi qonaqlarını əslində
yaxşı araşdırır.
İkincisi, qardaş ölkə olsaq da, dil məsləsində
elə sözlər və ifadələr var ki, onlar
fərqli məna kəsb edir, bunu da Okan
nəzərə almalı
və Azərbaycan sənətçisinə sualını
ünvanlarkən bu incə məqamları hesablamalı idi. Başqa bir məsələdir ki, Okanın ermənipərəst olduğu
heç kimə sirr deyil. Ona görə də ermənipərəst aparıcının
bir azərbaycanlı atasına və sənətkarına ünvanlayacağı
sualın altında qara rəng tapmaq da çətin
deyil. Hətta aparıcı bilmədən
olsa belə belə bir ifadə
işlədibsə, televiziya
aləmində montaj deyilən bir üslub var ki, yanlışları aradan qaldırmağa imkan yarada bilir.
Veriliş çəkildikdən sonra həmin hissəni montaj edib kəsmək olardı.
Azərbaycanın bir çox tanınmışları da
Alim Qasımova olan dəyəri nəzərə alaraq sosial şəbəkələrdə
etirazlarını dilə
gətirdilər.
"Niyə biz illərdir
Alim müəllimlə
dünyanın ən böyük səhnələrində
çıxış edirik,
konsertlər təqdim
edirik bu barədə sosial mediada yazan olmur,
mətbuatda yetərincə
işıqlandırılmır. Amma qalmaqallı bir kəlmə dərhal hamının marağını
oyada bilir"
Elə son günlərin
müzakirə mövzusuna
çevrilən bu məsələyə aydınlıq
gətirmək üçün
Alim Qasımovun qızı, Əməkdar
artist Fərqanə Qasımova
ilə əlaqə yaratdıq. Əməkdar
artist Türkiyədəki verilişdə
iştiraklarını «Şərq»in
oxucularına şərh
etdi:
«Mən o verilişə
gedənə qədər
Okan barədə heç bir məlumatımız olmayıb,
o aparıcını da
tanımırdıq. Sadəcə festivaldan sonra, konsert bitdi və
çıxışımız türk mediasının diqqətində oldu.
Konsertdən sonra bizi həmin verilişə dəvət etdilər və biz də qatıldıq. O insanı
qətiyyən tanımırdıq.
Deyirlər ki, ermənipərəst
aparıcıdır. Mən bilmirəm
Okan kimdir, ermənipərəst bir mövqeyi var ya yox, biz qardaş
ölkədə kanalın
dəvəti ilə verilişə çıxmışdıq.
Qaldı
verilişdə baş
verən məlum olayla bağlı, təbii ki, verilişin çəkilişi
bitən kimi biz aparıcıya da, verilişin rəhbərinə
də etirazımızı
bildirdik ki, ordakı ifadələr və sualın təqdim olunmasına razı deyilik. Azərbaycanda bu verilişi
izləyənlərin narazılığına
səbəb olacaq.
Çünki türk dilində
olan o ifadənin Azərbaycan dilində tərcüməsi və səslənməsi ədəbli
deyil. Biz Azərbaycan sənətçiləri
olduğumuz üçün
bu sualın efirdən bu şəkildə təqdim
olunması doğru sayılmır. Bizə də
söz verdilər ki, qətiyyən narahat olmayın, verilişdə olan həmin hissə kəsiləcək, efirə
getməyəcək. Bildirdik ki,
bizim dilimizə də hörmət etməlisiniz. Onlar dedilər ki, baş üstə, narahat olmayın.
Ancaq yenə öz bildiklərini ediblər. Məni narahat edən başqa bir məqamdı. Biz illərdir Alim müəllimlə dünyanın
ən böyük səhnələrində çıxış
edirik, konsertlər təqdim edirik bu barədə sosial mediada yazan olmur, mətbuatda
yetərincə işıqlandırılmır.
Amma qalmaqallı bir kəlmə dərhal hamının marağını oyada bilir. Buna üzülürəm.
Mən yenə də deyirəm, mən aparıcının
bunu bilərəkdən
edib-etmədiyini deyə
bilmərəm, günaha
girməyim. Amma verilişi başdan-ayağa
seyr edənlər görər ki, Okan bəy bizə
kifayət qədər
hörmətlə yanaşır,
fikirlərimizə diqqətlə
qulaq asır, ifamız onu nə qədər təsirləndirə bilir.
Bilirsiz, türk dilləri olsaq da, sözlərimizdə fərq, məna fərqi olur. Misal üçün, biz təyyarə düşdü
deyirik, türklər bu sözü eşidəndə narahat olurlar ki, təyyarə
qəzaya düşdü.
Bir sözlə, anlaşılmaz bir durumu bu qədər
şişirtməyə də
ehtiyac yox idi».
Tahirə Məmmədqızı
Şərq 2020.- 11 yanvar.- S.13.