“Elə bilirlər ki, məhəbbət şairinə dözmək
çətindir”
Rəhilə Kəsəmənli
"Onun sevgisindən də, ölümündən
də ən sonda mən xəbər tutmuşam"
"Çox vaxt gecəyarısı qapını döyürdü. Bu vərdişi
davam edəndə inciyirdim,
qəlbim sınırdı. Kaş indi də qapını gecə
döydüyünə əsəbiləşərdim, amma inciməzdim"
Gənc nəsil onun sevgi şeirləri ilə böyüyür.
XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli
nümayəndələrindən biri olan Nüsrət Kəsəmənli bu gün də gənclərin
qəlbində yaşayır, öz
şeirləri ilə onları saflaşdırır.
“Getmək istəyirsən, bəhanəsiz get, oyatma mürgülü
xatirələri” misraları ilə böyük
bir oxucu sevgisi qazanan şair özü əbədi
dünyaya getsə də zəngin irsi ilə silinməz bir iz qoyub. Nüsrət Kəsəmənlinin
ömür-gün yoldaşı Rəhilə
xanım uzun illərdir ki,
BDU-nun Jurnalistika
fakültəsində çalışır, yeni
jurnalist nəslinin yetişməsinə
töhfələrini verir. Bu
günlərdə Rəhilə xanımla həmsöhbət olub, Nüsrət Kəsəmənlini
xatırladıq. Onun bütün
cavablarında bir nisgil,
ayrılıq kədəri hiss olunurdu.
- Nüsrət
müəllimi necə xatırlayırsınız?
- Heç zaman
seçimimdə yanılmamışam. Nəyə doğru
getmişəmsə, axırı yaxşı olub.
Nüsrətlə ailə qurmağıma anam
razı deyildi. Ancaq mən
onu sevirdim. Əsgərliyə
gedəndə onu böyük
intizarla gözləyirdim. Ailəm məni
ona vermək istəmirdi. Nəhayət,
fırtınalı bir həyatın
ortasında birləşdik. Amma bir gün getdi.
“Dönəcəyəm, məni unutma” deyərək
getdi. “Gözləyirəm” dedim. Artıq 17 ildir ki, gözləyirəm. Daha
mən onun yanına tələsirəm.
“Gələcəyəm” deyirəm öz-özümə... Dəfələrlə...
- Onunla
necə tanış olmusunuz?
- Tələbəlik illəri mənim üçün çox əzizdir.
Universitetin hər dəhlizi, auditoriyası mənə o qədər doğma gəlir ki. Çünki Nüsrətlə
məhz burada - universitetdə tanış
olmuşduq. O vaxt birinci kursda oxuyurdum. Fakültəyə gəldiyim ilk gündən
gözünü məndən
çəkməsə də,
sevgisindən çox
gec xəbərim oldu. Əslində onun mənə
olan münasibətini
hər kəs bilirdi. Bircə məndən başqa.
Həmin illər üçün burnumun ucu göynəyir...
- Dediniz ki, sizi Nüsrət
Kəsəmənliyə vermək
istəmirdilər. Maraqlıdır
ki, niyə?
- Elçilər bizə gələndə anam razı olmadı. Həmişə deyirdi ki, şairin hara getdiyini, kimə baxdığına,
kimə nə yazdığına nəzarət
edə bilməzsən:
“Bax, qızım xasiyyətini yaxşı bilirəm. Ailə qurandan sonra
bu problemlərlə üzləşəndə üstümə
gələcəksən. Bəri başdan deyirəm, mənim şairə veriləsi qızım yoxdur”. Nüsrət əsgərliyə gedəndə
anam elə bilirdi ki, ara sakitləşəcək,
məni unudacaq. Fəqət yanılmışdı. Bir gün
belə olsun məni unutmadı. Tez-tez məktub yazırdı.
Mən də anamdan gizli
ona cavablar göndərirdim.
Yazmağa məcbur idim.
Yoxsa, elə bilərdi ki,
onu yaddan
çıxarmışam. Fəsillər o
qədər sürətlə bir-birini əvəz
etdi ki... Nüsrət
hərbi xidmətdən qayıdandan sonra da mənə elçi düşdü. Anam yenə
də razı olmadı...
- Bəs necə oldu ki, özünüzün
də dediyiniz kimi,
fırtınalı bir həyatın
ortasında birləşdiniz?
- Allah müəllimimiz Nəsir
İmanquliyevə qəni-qəni rəhmət eləsin. Hər
şeyi öyrənən Nəsir müəllim
həyat yoldaşı Cövhər xanımla birlikdə
elçiliyə gəldi. Anam çox düşündü.
Tək başına qərar verə bilmirdi.
Hiss edirdim ki, atama ehtiyacı var. Nəhayət, anam
çəkinə-çəkinə razı oldu
və 1973-cü ildə ailə həyatı qurduq.
- Ailə həyatınız
necə alındı? Vaxtı ilə ananızın
sözünə qulaq asmadığınız
üçün peşman
olmadınız ki?
- O günləri heç
unutmamışam. Unuda da
bilmərəm. Çətinliklərimiz çox
olsa da, onların
öhdəsindən gəlirdik. Çünki
münasibətlərdə səmimiyyət var
idi. Hər şey səmimiyyətdən
asılıdır. Səmimiyyət olan
yerə Allah da ruzi-bərəkət
verər. Sevgimizə şahid olan Allah bizə kömək
oldu. Kimə söyləsəm
inanmaz, amma bu bir həqiqətdir ki, 30 qəpiyə aldığımız lotoreyadan maşın udduq.
Çox keçmədi ki,
işlədiyi yerdən ona ev verdilər. Övladlarımız isti, doğma evimizdə dünyaya göz
açdılar.
- Heç
Nüsrət müəllimdən incidiyiniz
anlar olub?
- Bəlkə də. Amma o, əsl kişi idi. Sözünün
üstündə dururdu. Ailəmizin
möhkəmliyinin səbəbi də məhz onun
sözünün üstündə
durması idi. Otuz illik
həyatımızda nəyə nail olmuşuqsa, bərabər əldə etmişik. Çətinliklərlə
qarşılaşsaq da, bu
həyat yolunda bərabər
addımlamışıq. Özünün
də etiraf etdiyi kimi, çox vaxt gecəyarısı qapını döyürdü. Bu vərdişi
davam edəndə inciyirdim,
qəlbim sınırdı. Kaş indi də qapını gecə
döydüyünə əsəbiləşərdim, amma inciməzdim. Yenə də baş-başa
verib mürgülü
xatirələrimizi oyadardıq.
- Şairlə bir ömür yaşamaq necə hissdir?
- Bəzən kənardan hər şey
başqa cür görünür. Elə bilirlər ki, məhəbbət şairinə dözmək
çətindir. Amma bu,
əsla belə deyil. Dediyim
kimi, Nüsrət əsl kişi,
tamam fərqli insan idi. Yadımdadır, bir dəfə
televiziya verilişlərinin birində
Nüsrətə sual vermişdilər:
“Nüsrət müəllim, siz tərəfin
adamları istəyirlər ki,
övladları öz həmyerliləri ilə
ailə həyatı qursun. Siz bakılı qızla ailə həyatı qurmusunuz. Bunu ailəniz necə
qəbul etdi?”. Nüsrətin cavabı belə
oldu: “Mənim indi
şöhrətim də, imkanım da var. Hər şeyə nail
olmuşam. Amma mən
sizin dediyiniz o bakılı qızın əlindən yox, o mənim əlimdən
tutub həyatın dar,
enişli-yoxuşlu yollarından keçirib”. Onun bu sözlərindən, mənə bu qədər önəm verməyindən elə
təsirləndim ki, gözlərim
yaşardı.
- Nüsrət
müəllim yəqin ki, sizə şeir həsr edib?
- Əlbəttə. Özü
də bir neçə dəfə. “Etiraf” şeirində belə bir bənd var:
“Bilmirəm, mələksən,
Allahsan, nəsən,
Mənə bağışladın neçə günahı,
Belə
mehribanlıq eylədikcə
sən,
Özüm öz gözümdən
düşürəm axı...”
O, bizim mehriban münasibətlərimizdən ilhamlanaraq
bu şeiri yazmışdı. Belə ki,
hətta bizim münasibətlərimizə paxıllıq
edənlər də var idi. Nüsrət
isə sanki belələrinin acığına
həmin şeiri yazmışdı.
- Çox maraqlı ailə həyatınız olub. İndi onsuzluqla necə mübarizə aparırsınız?
- Nüsrət məni necə sevib, həyatıma necə daxil olubsa, elə
də gedib. Onun sevgisindən də, ölümündən də
ən sonda mən xəbər tutmuşam. Deyirlər
ki, bu dünyadan
başqa dünya da var. Bunun həqiqət
olmasını o qədər
istəyirəm ki... Hər ötən günü Nüsrətə doğru
addımlayıram. Amma təsəllim
də var. O dünyada
həyat yoldaşıma
yenidən qovuşana kimi isə övladlarımızın,
nəvələrimizin xətrinə
ikimizin yerinə də yaşayıram.
- Təsəlliniz
nədir ki?
- İndiyə kimi
heç vaxt onu incidən, uğuruna xələl gətirən, qarşısına
sədd çəkən
bir hərəkət etmədiyimə görə
sevinirəm.
- Rəhilə xanım, ailədə Nüsrət müəllimin
yolunu davam etdirən varmı?
- Var. Nəvəm Cavidan Kəsənli hələ gənc olsa da, ona inamlar böyükdür. Ümid edirəm ki, gələcəkdə babasına layiq şəxsiyyət ola biləcək.
Kənan Novruzov
Şərq 2020.- 11 yanvar.- S.13.