“Ədəbiyyat adamları mövqesiz və iradəsiz hərəkət
edəndə yalan yazır”
İradə Musayeva: “Mən
kiçik nəğmələr və
sızıltılar müəllifləri ilə dünyada meyara çevrilmiş yazıçıları
yanaşı qoya bilmərəm axı!”
”Bizim
dərdimiz deyiləsi deyil. Bir az onun ölməyini, bir az bunun
itməyini, bir az o birisinin işdən
çıxmasını, bir xeyli də kimlərinsə yeyib,
yığıb doymağını gözlədik”
“Bəzi saytlar ciddi kateqoriyaya aid mövzuları da
hörmətdən salırlar. Guya oxucu yığırlar, elmi
və estetik duyumu olmayan
bayağı adamların zövqünə işləməyi
fərasətlilik hesab edirlər. Oxunuş sayı hələ düşüncəyə
işləmək demək deyil..”
Müsahibimiz
tanınmış tənqidçi İradə Musayevadır.
Əslində, İradə xanımla söhbətimiz bir neçə ay öncəyə
təsadüf etməli idi. Heyhat, mənim vəd
verib, üzürlü
səbəbə görə, vədimə xilaf
çıxmağım bu müsahibəni
bir az ertələdi. Məlum “yalan”ımdan sonra
xanım tənqidçi ilə yenidən əlaqə
saxladım və mədəni şəkildə söhbətdən
imtina etdi. Əslində
bunun üçün
tutarlı səbəbi də vardı. Bildiyim
qədəri ilə müsahibə üçün
işdən icazə alıb, amma mən...
Ötənlərdə İ. Musayeva ilə
yenidən əlaqə yaradıb, bunun
hörmətsizlik və ya səriştəsizlik
kimi anlaşılmaması üçün
üzürxahlıq etdim. Və xanım tənqidçi xoş səbəbi
bildikdən sonra çox
yumşaq, hətta deyərdim olduqca isti şəkildə
bunu anlayışla
qarşıladığını bildirdi.
Əlbəttə, bu həlim münasibətdən
sonra yaranmış əlverişli
fürsəti fövtə verə bilməzdim. Bu mənada onunla söhbətləşib,
olduqca maraqlı və orijinal
fikilərini cəmiyyətə təqdim etmək fikrində olduğumu diqqətə çatdırdım.
Nəhayət, razılıq aldım və elə anındaca
söhbətə başladıq.
... (Əvvəli ötən sayımızda)- Bura daxil olub
əvvəlki müsahibəni oxuya bilərsiniz
-Cəmiyyət olaraq, sanki, nihilizim ruhumuza hopub. Gənclər vəzifələrə
gətirilməyəndə, deyirdik gənclər
işsizdir, indi gənclərə meydan verilir, deyilir ki, yenə qocalar, köhnələr
yeyib doymuşdular və
ya təcrübəli idilər indi bu cavanlar
ilə hansı effektiv iş
görmək olar?! Niyə beləyik?
- Bilirsiniz, söhbət vəzifədən
getmir. Şəxsən mən kiminsə
yaşına görə işdən
çıxarılmasını istəmirəm. Söhbət
insanın yaşından yox, hər
hansı önəmli bir vəzifənin yaşından
gedir. 30 -35 il rektor, institut direktoru, birlik sədri olmaq nə deməkdir? Heç
olmasa, hər 10 ildən bir
dünyanın sifəti, siyasət, cəmiyyətin düşüncə tərzi və
s. dəyişir az qala. Təsəvvür edin, 1 adam 3 nəslin
payına düşən özünüifadə
imkanını mənimsəyir.
Özü də bu
adamların 99 faizi yaxşı, ələdüşməz kadr olduğuna
görə vəzifədə saxlanılmır, bir-birindən
yapışıb dəstə, komanda yarada bildikləri üçün
sütatuslarını qoruyub
saxlayırlar. Onların, sözün yaxşı mənasında
davamçıları yox, tərəfdarları,
müdafiəçiləri, təbliğatçıları olur. Bəs bizim günahımız nədir ki, müstəqil ölkəmizdə görən
gözlərimiz qarşısında elmimiz,
ədəbiyyatımız, təhsilimiz kustar
və subyektiv düşüncə sahiblərinin
əlində məhv olur?. “Elm və cinayət”
adlı ifadə eşitmisiniz? Amma bizdə bu iki anti-kəlmə arasında birləşdirici “və”
işarəsi peyda olub...
Bax ona görə də
bəzən bezir, tükənir və belə
statuslar yazmağa məcbur
oluruq: ”Bizim dərdimiz
deyiləsi deyil.
Bir az onun ölməyini, bir az bunun itməyini, bir az o
birisinin işdən çıxmasını,
bir xeyli də kimlərinsə
yeyib, yığıb doymağını
gözlədik. Ömrümüz
gözləməklə keçdi. Təkcə
elə mən yazıq ağlım kəsəndən gözləyirəm,
30 ildir. Ölmək və doymaq
söhbəti isə yoxdur. Baxıram ki, uduzan ancaq
və ancaq gözləyənlərdir”.
- İddialar var ki, tanınmış ədiblərin auditoriyalara çıxışı məhdulaşıb və ya məhdudlaşdırılıb. Məsələn, sizin bir tənqidçi kimi hansısa auditoriyada gənclərə master-klass keçməyinizin şahidi olmamışıq...
- Mən universitet müəllimiyəm
və mühazirələrimdə
proqram çərçivəsində
lazım olanları auditoriyaya
çatdırıram. Lakin mən çox zaman elə
mövzuların tədqiqatı ilə məşğul oluram ki, o
mövzularda günlərlə
danışa bilərəm. Məsələn, Repressiya
ilə bağlı 10 məqalə, Coysla
bağlı kitab, M.Prust,
Kafka, Remark, C.Oruel, Markes, E.Şafaq, Svetlana Aleksieviç, C.Stenybek, K.Hamsun və başqa dünya yazarları haqqında silsilə məqalələr
yazmışam. Və yaxud, roman təfəkkürü və janrın Azərbaycan
ədəbiyyatında təkamülü. Y.V.Çəmənzəminli,
İ.Hüseynov və başqa
ədiblərin yaradıcılığına yeni
rakursdan yanaşıb araşdırmalar
aparmışam. Bu barədə
yazmışdım ki, adamın heyfi gəlir ki, bildiklərini
və yazdıqlarını böyük auditoriyalara ötürə bilmirsən. Məsələn,
Rusiya, Türkiyə televiziyalarında bir mütəxəssis, tutaq
ki, M.Prust haqqında saatlarla, günlərlə çıxış
edir, mühazirə oxuyur
və s....
- Kitab oxumaq,
kitaba marağın öləziməsi ən
yaralı yerimizdir. Ən yaxşı halda əksəriyyət sadəcə, kitablar alıb rəfinə yerləşdirib, foto çəkib,
sosial mediada paylaşmaqla kifayətlənirlər...
-İki
cür kitabsevər var:
kitab oxuyanlar və kitab yığanlar. İkincilər daha çoxdur və daha səliqəli, daha
ehtiraslıdır kitaba qarşı (gülür)
-Siz
də sosial şəbəkədə xeyli aktivsiniz. Amma bəzi parlament
üzvləri bu platformadan
istifadə edənləri “bekar adam” adlandırırlar. Doğru
yanaşmadırmı?
- Kim ki,
“Facebook”da olanları
üzdə “bekar adam”
adlandırır, onların hamısının ən azı iki saxta profili
var. Çoxunu
tanıyıram. Qeyri-səmimi adamlardır və bizi sözbəsöz izləyirlər. Hətta
elə adamlar
var ki, səhər
açılan kimi ilk
olaraq elə bizim səhifəyə
baş vurur.
Statuslarımızı kopyalayıb lazımi adamlara
təqdim edənlər də öz yerində...
Bu gün sosial şəbəkələr,
xüsusən də “Facebook”da çox
ağıllı, savadlı, məlumatlı və maraqlı adamlar var. Şəxsən
mənim dostluğumdakı adamların çoxu
ziyalılardır və biz hamımız
oxuduqlarımızı, düşüncələrimizi,
ölkədə narahatlıq yaradan məsələlərə
münasibətimizi həvəslə bölüşürük.
Böyük əksəriyyəti müəllim,
professor, akademik, tələbələr,
magistrlərdir. Bekar bu
kateqoriyanın adamlarıdır, yoxsa
özləri? Milli məclisdə yatmaq və ya susmaq isə tarixi cinayətdir...
-Bəzi
saytların qoyduğu aldadıcı
başlıqlar barədə də sosial mediada yumşaq şəkildə
narazılığınız bildirmişdiniz.
Mətbuatda sizi qane
etməyən hansı məsələlərdir?
-Bəli, özü də ciddi hesab etdiyimiz
adamların rəhbərliyi altında olan
saytların çoxunda bu
başlıqlara rast gəlinir. Guya oxucu
yığırlar, elmi və estetik duyumu olmayan
bayağı adamların zövqünə işləməyi
fərasətlilik hesab edirlər. Oxunuş sayı hələ düşüncəyə
işləmək demək deyil. Ciddi kateqoriyaya aid mövzuları da
hörmətdən salırlar. Özü
də çox vaxt rəqəmlərlə
danışırlar. “10 ən yaxşı roman”,
“3 ən yaxşı şeir” və s.
-Açıqlamalarınızın birində iki ədəbi mətbu orqanda
yazılarınıza qadağa qoyulduğunu bildirmişdiniz.
Səbəb nə idi?
- Mənim yazılarını,
kitablarını tənqid etdiyim adamlar həmin
redaktorların himayəçisi, “böyüyü”dür.
Qorxularından doğruya, həqiqəti
deyənə və yazana düşmən
kəsildilər... Söhbət ədəbiyyatdan gedir, ədəbiyyatla alver
etmək anti-ədəbiyyat fəaliyyət hesab
edilmir? Amma özlərini
ədəbiyyat fədaisi kimi
aparırlar...
-Ölkəmizdə,
cəmiyyətimizdə sizi daha çox narahat edən problemlər hansılardı?
-Hər şey, bütün cahilliklər təhsilsizlikdən,
elmsizlikdən başlayır. Ona görə
də statusumda yazmışdım ki, hazırda bu ölkənin 3 böyük
dərdi var: elmsizlik,
Qarabağsızlıq və həkimsizlik! Bəlkə, elə
bilirsiniz ki, əsas dərd
ancaq Qarabağdı?! Əslində isə
elmsizlik və həkimsizlikdir. Çünki cahil,
savadsız və xəstə adamlar vətən,
millət, Qarabağ faciəsini anlamaz! Ona görə də
elm, təhsil və səhiyyə
inqilabına start verilməlidir ilk olaraq!
- Ədəbi tənqidçilərimizin
nepotizmə yol verməsinə dair iddialar dolaşır. Bildirilir ki, bəzi şair və yazıçı tənqidçilərə
qonaqlıqlar verib, “müsbət” rəy
alırlar. Konkret olaraq,
siz ədəbi tənqiddə kiməsə
güzəşt edirsinizmi?
- Əlbəttə, yox! Heç vaxt qələmimə xəyanət etməmişəm. Başqalarının üzgörənliyini korrupsiya adlandırmazdım, ədəbiyyat adamları sadəcə mövqesiz və iradəsiz hərəkət edəndə, ya da həqiqətən ədəbiyyatı bilməyəndə yalan yazır. Və hansısa şəkildə bu yalandan bəhrələnir.. Doğrudan da elə ədəbi-mədəni mühitlər olur ki, orda əsl ədəbiyyatın, sənətin nə olduğunu izah etmək çətinlik yaradır. Məsələn, mən bugünlərdə sosial şəbəkədə bir video paylaşdım. Çox təbii, canlı, heç bir təsir, təzyiq olmadan çəkilmiş kadrlar. Səfil uşaqların küçə həyatı və ən əsası da onların içində yetişən, böyüyən, əzilən, formalaşan yeni, fərqli insan tipi. Mən deyirəm ki, baxın bu, bir roman materialıdır. Hüqo qələmi lazımdır, amma bizdə yoxdur və s.
Və bu fikrimi az qala 10-15 ildir, deyirəm. Qarşıma çıxan
az-çox istedadlı
yazıları isə
gördüyünüz kimi,
həmişə təbliğ
etmişəm. Amma mən kiçik nəğmələr və
sızıltılar müəllifləri
ilə dünyada meyara çevrilmiş yazıçıları yanaşı
qoya bilmərəm axı! Bunu etmək üçün
yalançı, saxtakar
və ədəbiyyatdan
xəbərsiz biri olmalısan. Belə işlərə
mən baxmıram”.
-Ədəbiyyat
adamları yaman kövrək olur. Sonuncu dəfə sizi
kövrəldən hansı
məqamlar olub?
- Məsələ ondadır
ki, hamının ağladığı mövzuya
ağlamaya bilirəm,
amma bəzən çoxunun fərqinə varmadığı nüanslar
olur ki, ürəyimi göynədir.
Məsələn, hamı
kimi yetim və kimsəsiz uşaqların taleyi
məni də incidir. Lakin məni bəzən
taledən çox söz ağladır.
Sözün canı var mənə görə.
Adamların yox, sözlərin, kəlmələrin
acizliyinə göz
yaşı tökə
bilərəm. Bu yaxınlarda da elə oldu.Bir video qarşıma çıxdı.
O videodakı görüntülərin
təsiri məni çox sıxdı. Amma 4 cümlə qulağımda qışqırıq
kimi əks-səda verdi. Cümlələr
təxminən belə
idi:
Birinci, dostlarım
svetaforda dilənib mənə dərman-zad aldılar sağaldım. İkinci, Zaurun
verilişində anamı
gördüm, getdim o yeri tapdım, anamı mənə vermədilər, Zaur 7 manat verib dedi
ki, çıx get. Üçüncü, böyüyəndə polis olacam, oğruları tutacam, amma dilənçilərə
dəyməyəcəm, qoy
dilənsinlər. Dördüncü, məni uşaqlığa
götürürdülər, dostuma görə razı olmadım, ona qardaş demişəm, onu tək qoyub gedə bilməzdim.
-Status yazmışdınız
ki, 1970-80-ci illərdə
məşhur olan şairlər indi də məşhurdur. Bunun ziyanı nədir ki?
-Bəli, yazmışdım.
Oxucu bilmir ki, o adamlar 40 ildir yerində sayır, 40 il
əvvəl üzünü
göyə tutub nə deyirdisə, elə o sözü deyir. 40 ilin içərisində dünya 40 dəfə dönüb, insanın və insanlığın
başına 40 min oyun
açılıb, şeirin
tərifi, nəzəriyyəsi
belə dəyişib,
sevdikləti
qızlar təqaüdə
çıxıb, onlar
isə
"Gülüm", "Sevgilim", "İlahi",
"Qardaşım", "Qonşu qız", "Yandım-yandım", "Gözlər,
gözlər" deyib
dayanıb. Maraqsızdırlar...
-Cəmiyyətdə, mənim
də bəyənmədiyim
bir tendensiya var. İnsanlar jurnalist, yazıçı olduğumuzu
biləndə başlayır
ki, filan problemdən niyə yazmırsınız. Halbuki,
özləri o problemi
evlərində, bağlı
qapı arxasında pıçıltı ilə
müzakirə edirlər...
-Həqiqəti eşitmək
xoşdur, dilə gətirmək ziyan. Hamı onu başqalarından eşitmək istəyir.
-Ölkədə azca nüfuzu olan gənc parlament seçkilərində gücünü
sınamağı düşünür.
Artıq
bəzilərinin namizədliyi
təsdiqlənib. Feysbuku nə
vaxt açırıq,
bir neçə gənc qələm adamı da daxil
olmaqla seçkidən,
imzatoplamadan danışırlar,
yazırlar. Bu halı
təqdir edənlərlə
yanaşı tənqid
edənlər də az deyil.
Sizcə,
bu yaxşı əlamətdirmi və ümumiyyətlə, bir ziyalı olaraq parlament seçkilərindən
gözləntiləriniz nədir?
- Bilirsiniz, mən illərin pedaqoquyam həm də. İnsanların faydalı və
ya faydasızını,
özü üçün,
yoxsa millət, xalq üçün nəsə etmək istəyənləri çox
uzaqdan da olsa, görürəm.
Elə gənclər deputat olmaq istəyir
ki, indidən bilirəm ki, onların
heç bir yöndən bizim arzuladığımız deputat
olmaq şansları yoxdur. Bilik, təcrübə, mədəniyyət,
intellektuallıq, böyük
arenalarda polemika etmək potensialı hamıda olmur axı... İndi sizin xəyalınıza
ilk olaraq gələn gənc namizədlər hara, mənim nəzərdə tutduğum,
məsələn, professor Solmaz
Tohidi, tarix üzrə fəlsəfə
doktoru Firdovsiyyə Əhmədova hara? Təəssüf ki, belə ziyalılar özü təşəbbüs
göstərmir, başqaları
da maraqlı deyil...
-Deyirlər ki, daha bütün sahələrdə rüşvət
ləğv olunacaq...
- Hə, bu barədə də
zarafatla
yazmışdım “Facebookda”: Adama elə gəlir
ki, rüşvət həqiqətən ləğv
olunsa, cəmiyyətdə xaos
və anlaşılmazlıq yaranar. Çünki bizdə rüşvət qanuni və səliqə- səhmanlı, ədalətli
formadadır.Təsəvvür edin ki, yatdıq oyandıq və səhər məlum
oldu ki, rüşvət
sıfır həddindədir. Məsələn, mən gedirəm
həkimə. Ürəyim ağrıyır və həkim deyir ki, gedin
kardioqramma və ya exo kardioqramma çıxarın.
Ora da pul
vermirəm, ürəyimin şəklini verirlər gətirirəm
həkimə. Həkim başqa analizlərə
də göndərir, sonra deyir
ki. əməliyyat olunmalısan. Heç kim pul istəmir... (Uzaq
olsun) Səhər gəlirəm və
yüksək səviyyədə, psixoloqun,
kardioloqun, travmotoloqun
və s. mütəxəssislərin
iştirakı ilə əməliyyat olunuram
(uzaq olsun) və tibb bacısı da bir dəstə çiçəklə 1 həftədən
sonra məni sağlam
vəziyyətdə şirinliksiz-filansız liftə qoyub maşına qədər yola salır. Sizcə, adam
dəli olar, ya yox?!
-Çalışdığı sahədən
asılı olmayaraq bütün
müsahiblərimə Dağlıq Qarabağla
bağlı sual verirəm. Və
düşünürəm ki, hər bir Azərbaycanlı bu
ağrını öz dərisində
yaşadığı üçün
istənilən halda sualıma cavab verə bilər: “Dağlıq Qarabağ münaqişəsinin həlli barədə
nə düşünürsünüz?”
-Bizim
yerimizə ermənilər olsaydı, 20-30,50 il
gecə-gündüz baş
sındırıb. Amerika və
Rusiyanın “saqqızını oğurlayıb” ikiyə bölünmüş Azərbaycan məsələsinin
həlli yollarında nələrsə edərdi. Ən
azından bu birləşmə üçün tarixi
şərait yarananda o
fürsətdən istifadə edərdi. Qarabağ
siyasətini xatırlayın... 50 illik gizli siyasətin ermənilər ücün inanılmaz nəticəsi.. Bizimkilər
isə hər şeydən əlini üzüb
oturub...
-Söhbətə
Nəsimi ilə başladıq Nəsimi ilə də bitirək. Yaradıcılığının
ana xəttini “Kamil insan” amili təşkil edən
cahanşümul şair
Nəsiminin 2019-cu ildə 650 illiyi ilə
bağlı 800 səhifədən ibarət "Bir əsrlik Nəsimi
araşdırmaları" kitabını
hazırladınız. Kitab hansı məziyyətlərinə
görə, fərqlənir və ümumən bu kitaba maraq
varmı?
-Hazırladığımız 800 səhifədən ibarət "Bir əsrlik Nəsimi araşdırmaları" kitabını əldə etmək, oxumaq istəyənlər həddindən çoxdur. Çox zənglər və mesajlar alıram bununla bağlı. Diqqətinizə çatdırıram ki, kitab satışda deyil. Respublikanın kitabxanalarına, universitetlərə, elmi-mədəni mərkəzlərə, nazirliklərə və başqa qurumlara göndəriləcək. Türkiyənin və Rusiyanın da bir çox kitabxanasına göndərəcəyik. Qısa bir zamanda istənilən kitabxanada oxuya biləcəksiniz.
Ayyət Əhməd
Şərq 2020.- 11 yanvar.- S.5-6.