“Beyinlə bağlı
bütün sahələrdə güclü islahatlar
olmalıdır”
İradə
Musayeva: “Elm, təhsil, ədəbiyyat və s. sahələrdəki
kriminal və mağmın vəziyyəti hər kəs
görür”
“Qüsurlarla
dolu kitablar baş alıb gedir. Dərsliklər, tədris
proqramları bərbaddır”
Müsahibimiz tanınmış tənqidçi İradə
Musayevadır.
Əslində, İradə xanımla söhbətimiz
bir neçə ay öncəyə təsadüf etməli
idi. Heyhat, mənim
vəd verib, üzürlü səbəbə görə, vədimə
xilaf çıxmağım bu müsahibəni biraz ertələdi.
Məlum “yalan”ımdan sonra xanım tənqidçi
ilə yenidən əlaqə saxladım və mədəni
şəkildə söhbətdən imtina etdi. Əslində bunun üçün tutarlı səbəbi
də vardı. Bildiyim qədəri ilə müsahibə
üçün işdən icazə alıb, amma mən... Ötənlərdə İ. Musayeva ilə yenidən
əlaqə yaradıb, bunun hörmətsizlik və ya səriştəsizlik
kimi anlaşılmaması üçün
üzürxahlıq etdim.
Və xanım tənqidçi xoş səbəbi bildikdən
sonra çox yumşaq, hətta deyərdim olduqca isti şəkildə
bunu anlayışla qarşıladığını bildirdi. Əlbəttə, bu həlim münasibətdən
sonra yaranmış əlverişli fürsəti fövtə
verə bilməzdim. Bu mənada onunla
söhbətləşib, olduqca maraqlı və orijinal fikilərini
cəmiyyətə təqdim etmək fikrində olduğumu
diqqətə çatdırdım. Nəhayət,
razılıq aldım və elə anında ca söhbətə
başladıq.
-2019-cu ildə dahi mütəfəkkir
İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olundu. Buna dair
müsabiqələr, tədbirlər, konfranslar keçirildi, kitablar, jurnallar
yazıldı. Razı qaldınızmı?
-Azərbaycan
Respublikasının prezidenti İlham Əliyevin İmadəddin
Nəsimi ilə bağlı sərəncamı hər kəsi,
xüsusən də ədəbiyyat, sənət
adamlarını çox sevindirmişdi. Bizim klassiklərimizlə
bağlı hədsiz dərəcədə çox problemlərimiz
var. Hələ bir neçə il öncə mən “Ədəbiyyat
qəzeti”nə təklif etmişdim ki, silsilə şəklində,
prinsipial mövqeli mütəxəssislərin
iştirakı ilə bu mövzuya həsr edilmiş müzakirələr
keçirsin. Mənim də iştirakımla bu mövzuda
yalnız bir müzakirə (“Ədəiyyatşünaslığın
klassik irs problemi”)
keçirildi və çox böyük marağa,
canlanmaya səbəb oldu, lakin
sonra nədənsə o müzakirənin mətni hətta
qəzetin saytına da yerləşdirilmədi.
Görünür, AMEA-da bəzi əlaqədar ünvanlar nəzərə
alındı... Halbuki məqsəd
klassik ədiblərimizin – X.Şirvani, N.Gəncəvi, İ.Nəsimi,
Ş.İ.Xətai, M.Füzuli və başqalarının
yaradıcılığına yeni, müstəqillik
zamanında azad düşüncə işığında
yenidən və fundamental araşdırmalarla, təhlillər
və tədris proqramları ilə normal elmi-nəzəri
yanaşmadan ibarət idi. Başqa ədəbi mətbuat
orqanları və ədəbiyyat adına
fəaliyyət göstərən saytlar da bu mövzuda
konseptual fəaliyyət göstərməyi bacarmadı. Ola bilər ki, uzun bir siyahı ilə müəllif
adları sadalansın ki, filan-filan alimlərin klassiklər barədə
yazısını çap ediblər və
yayımlayıblar. Təbii ki, bu bizim klassik irsi mükəmməl
öyrənmə və öyrətmə prinsipimiz üçün həlledici
addım deyil. Sovet ədəbiyyatşünaslığında
bütün klassiklərimiz ateist kimi təbliğ olunur və
onların yaradıcılıq fəlsəfəsi təhrif
edilirdi. Şərhlər və təhlillər,
tədris metodologiyası bərbad vəziyyətdə idi.
Müstəqillik zamanında sərbəst
düşüncə və dövlətin bu işlərə
ayırdığı külli miqdarda vəsait hesabına
böyük işlər görmək olardı, lakin
gördüyünüz kimi, dərsliklər və klassiklərin
öyrənilməsi işi daha yarıtmaz duruma
düşdü.
Bu gün bizim klassik mütəfəkkirlərimizi
dünyada keçirilən böyük konfranslarda başqa
millətlər öz adlarına çıxır və
öz ədəbiyyatları kimi təqdim edirlər. Bizim isə
mütəxəssis azlığı və
yarıtmazlığı problemimiz var. İndividual şəkildə
deyil, böyük elmi şöbələr, komissiyalar, qruplar
şəklində Nizamişünaslar, Nəsimişünaslar,
Füzulişünaslar yetişdirmək lazımdır. Amma hanı?!
Nəsimi ilində də dəyərli, əhəmiyyətli
kitablar, tədqiqatlarla yanaşı qeyri-mütəxəssislərin
qeyri-peşəkarlıqla yazdığı, tərtib etdiyi
kitabların sayı həddi aşdı.
Nəşriyyatlarda vərəqlədiyim,
ötəri də olsa baxdığım bir çox kitab təəssüf
doğurdu. Məqsəd yalnız ilin sonu
üçün veriləcək hesabatları doldurmaq üçün
konfranslar keçirmək və kitablar nəşr
etməkdənmi ibarət idi? Əsas məsələ
İ.Nəsimi irsinə institutlar səviyyəsində yeni
elmi-nəzəri, ədəbi-bədii baxış
fundamentallığı bəxş etməkdən ibarət
olmalı idi. Tədrisdə, təhsil proqramlarında bu
yeni və konseptual metodologiyanı praktik olaraq təsdiqləmək,
tərcümələr, beynəlxalq aləmdə İ.Nəsimini
klassik Şərq mütəfəkkiri kimi təbliğ və s. Bu məsələlərlə
bağlı Feysbukda da yazmışdım: “Bilgə Tonyukuk ili
başladı. Amma hamı qələmə
sarılmasın, lütfən. Nəsimi
ilində çox əsəbiləşdik."Hər adama bir
kitab"- şüarı ilə aləmi bir-birinə
qatdılar”. Bu da elə bayaqdan
sadaladığım problemlərə işarə idi. Bu mövzu da mütəxəssislərin
və aidiyyatı elmi qurumların ciddi layihə və
proqramları əsasında reallaşmalıdır. Yəni,
tarixdə qalacaq iş görmək məsuliyyəti...
-Zənnimcə,
siz də Nəsimi
irsinin öyrənilməsi və təbliği məqsədilə
kitab hazırlayıbsınız...
-Biz də “İçərişəhər”
Dövlət Tarix-Memarlıq Qoruğunun Elm şöbəsi
olaraq İ.Nəsimi irsinin öyrənilməsi və təbliği
məqsədilə 800 səhifədən ibarət “Bir əsrlik
Nəsimi araşdırmaları” kitabını
hazırladıq. Kitabın elmi redaktoru akademik
Rafael Hüseynovdur. Kitab iki hissədən ibarətdir: I
hissə müasir Nəsimişünasların, eləcə də
Türkiyəli müəlliflərin, II hissə isə klassik
Nəsimişünasların əsərlərindən ibarətdir.
-Yanılmıramsa,
10 cildlik Azərbaycan ədəbiyyatı tarixinin I və II
cildini axtarırdınız, tapa bildinizmi və ümumiyyətlə,
o cildlərdə hansı çatışmazlıqlar var?
-Ədəbiyyat
tarixinin dövrləşdirilməsi konsepsiyası və
prinsipləri mövcuddur! Dünya ədəbi-nəzəri
fikri nümunələinə baxmaq lazım idi ən
azından. Necə ola bilər mərhələnin
biri zaman kəsiminə görə (orta əsrlər ədəbiyyatı),
o biiriləri isə müxtəlif cərəyanlar və
müxtəlif ictimai-siyasi hadisələr rakursundan müəyyənləşir?
Orta əsrlərin cərəyan estetikası və ya
ictimai-siyasi özəllikləri olmayıb?!
Dövrləşdirməyə
baxın:
1. Qədim
dövr Azərbaycan ədəbiyyatı. Etnosdan
eposadək (ən qədim dövrdən VII əsrə qədər).
2. Azərbaycan
yazılı ədəbiyyatının ortaq
başlanğıc dövrü (VII-X əsrlər).
3.
İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
4. Orta əsrlər
Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Azərbaycan
ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).
6. Azərbaycan
ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).
7. Azərbaycan
ədəbiyyatında tənqidi realizm və romantizm
epoxası (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda
sovet hakimiyyətinədək).
8. Azərbaycan
ədəbiyyatında sosializm realizmi dövrü
(1920-1960-cı illər).
9. Milli-mənəvi
özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi.
Modernizm. (1960-1980-ci illər).
10.
Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı
(1991-ci ildən).
- Bu fikirləri
narahat olduğum və illərlə etiraz etdiyim yanlış
dövrləşdirmə prinsipini qəbul etmədiyim
üçün dilə gətirirəm. Baxın, əgər
ədəbiyyat tariximizin dövrləşdirilməsi
metodologiyasında elmi-nəzəri, tarixi şərtlər, qanunlar əsas
götürülmürsə, deməli 10 cild olacaq kitab təhrif,
qeyri-elmi və qeyri-dəqiq şəkildə çap ediləcək
və artıq iki cild bu prinsiplə tərtib edilib. Məsələn, 6 və
7-ci bəndə diqqət etsəniz görəcəksiniz ki,
bölgüdə ziddiyyət var. XIX əsr sırf
maarifçi realizm dövrü kimi səciyyələnir.
Q.Zakir, S.Ə.Şirvanisatiralarını, tənqidi
baxışlarını nəzərə almaq lazımdır. M.F.Axundov tənqidi
realizmin banisi idi. C.Məmmədquluzadə “Danabaş kəndinin əhvalatları”
povestini 1894-cü ildə yazmışdı. Onlarla
tənqidi realizm üslubunda yazılmış əsər
adı çəkmək olar ki, XIX əsrə aid idi. Amma 6-cı bənddə deyilir ki, XIX əsr
maarifçi realizm mərhələsi olub.
7-ci bənd
belədir: Azərbaycan ədəbiyyatında tənqidi realizm
və romantizm epoxası (XIX əsrin doxsanıncı illərindən
Azərbaycanda sovet hakimiyyətinədək). Belə
çıxır ki, Azərbaycanda 1920-ci ildə sovet hökuməti
qurulan kimi, romantizm erası bitib. Halbuki C.Cabbarlı,
H.Cavid və digər romantiklərin məhz romantik üslubda
yazılan əsərləri sonrakı 10 illikdə də dvam
etdi...
Ümumiyyətlə, dövrlərin bəzisi zamana əsasən (orta əsrlər), bir neçəsi ictimai-siyasi hadisələrə , bir neçəsi cərəyanlara, ədəbi-estetik baxış meyarına görə müəyyənləşib...
-Son zamanlar türkdilli ölkələrin ortaq
dil, ortaq televiziya yaratmaq ideyası aktualdır. Bu
mümkündürmü və yaradılarsa, effektiv
olacaqmı?
-Bu barədə bir neçə müsahibəmdə də demişəm. Əlbəttə mümkün deyil. Bunun üçün coğrafi yaxınlıq olmalıdır ən azından. Ümumtürk abidələrini yadınıza salın, heç bir ideologiya, cəhd olmadan eyni tarixi taleyi yaşayan türklər ümumi ortaqlıq yaşadı və abidələr yarandı...
“Qoşa yy islahatı” və ortaq türkcə
məsələsinə işarə kimi bir status yazmışdım.
Həmin yazıda bildirmişdim ki, lap
çoxdan, hardasa 10-15 il öncə oxuduğum "Qədim
türklər" kitabını oxumağı hər kəsə
tövsiyə edərdim. Ömrünün 32 ilini bir kitaba həsr
etmiş Lev Qumilyov (N. S.Qumilyovun və A. A. Axmatovanın
övladı ) türklərin qədim
dövr tarixini çox diqqət və sevgi ilə
araşdırıb. Bu əsərdə türk xalqları,
türk tarixi məhdud anlamda deyil, böyük türk
imperiyası, hətta Çin xaqanlığına müqavimət
göstərə bilən etnos kimi öyrənilir. Biz də
varıq o kitabda... Türk köklü, türk əsilli xalq
kimi... Özümüzə yuxarıdan baxa bilmək
üçün L.Qumilyovun bütün həyatını həsr
etdiyi kitaba 15-20 günümüzü həsr edək. Yəni,
oxuyaq diqqətlə. Özümüzə, kökümüzə
bu şəkildə maariflənməklə qayıdaq. Yoxsa
bugünkü ortaq mahnı, ortaq şou, ortaq kafe, ortaq hərflər-filan
siyasəti mənasızdır.Yenə də tarixi fakt və
reallıq, təbii şərtlər diqqətə
çatdırılır.
-Bir neçə
aydır, Azərbaycanın, ictimai, siyasi, sosial, iqtisadi və
hüquqi həyatında islahatlara başlanıb.
Yaradıcı və mədəni sahələrdə də bu
islahatlara ehtiyac duyulurmu?
-Təbii ki, islahat vəzifə dəyişimi ilə əlaqədar deyil. İslahat yeni təfəkkürlü adamların yeni işlərə yeni metodla yanaşması və böyük, genişmiqyaslı fəaliyyət forması deməkdir, məncə... Ona görə statuslarımın birində belə yazmışdım: “Beyinlə bağlı bütün sahələrdə güclü islahatlar olmalıdır. Elm, təhsil, ədəbiyyat və s. sahələrdəki kriminal və mağmın vəziyyəti hər kəs görür. İslahat vəzifə dəyişimləri və cinayət axtarışları kontekstindən çıxmalı, müasir dünya standartlarına uyğun şəkildə və vicdanla həyata keçirilməlidir. (əlbəttə bizi 30 il aldadıb elm adına dövlətin pullarını mənimsəyənlər qəti şəkildə cinayət məsuliyyətinə cəlb olunmalıdır, amma bu islahat deyil, təbii ki...)
-Məsələn,
nə kimi məsələlərdə təbəddülatlar
edilməlidir?
- İlk növbədə elm və təhsil sahəsində. AMEA, AYB, Tərcümə Mərkəzi və başqa sahələr böyük durğunluq və boşluq içərisində olduğunu bilməlidir. Qüsurlarla dolu kitablar baş alıb gedir. Dərsliklər, tədris proqramları bərbaddır. Ən azı 30 ildir ki belədir və dövlətin pulları çox hallarda ortada itib-batır... Bu cinayətdir, cəzasız cinayətlər çiçəkləməkdə davam edir və biz də baxırıq... Orta və ali məktəb dərslikləri bərbaddır. Ədəbiyyat tarixi, ədəbiyyatşünaslıq və s. kitablar müxtəlif zamanlarda müxtəlif anormallıqlarla çap olundu və alayarımçıq ortadan yığışdırıldı. Lüğətlər, ensiklopediyalar yüksək səviyyədə, dəqiqliklə hazırlanmalıdır. Ədəbi mətbuat yoxdur. Sizin bildiyiniz və qəbul etdiyiniz ədəbi orqanlar və saytlar ya məmur, ya da hansısa birləşmiş güclərin inhisarında olan sovet -bolşevik təfəkkürü ilə oxucuya sırınan kustar əl işi, özfəaliyyət nümunələridir. Elmi məqalələr məcmuələri ilə bağlı silsilə məqalə yazmağa ehtiyac var. 1 məqalə verirsən, üstündə də pul və 2 il gözləyirsən. (məsələn, BDU nəşrləri və s.) . Tərcümə sahəsində boşluqlar eynəksiz də görünür...Tərcümə olunan kitabların tərcümə tənqidinin rəylərinə və müzakirəsinə ehtiyaci var. Tariximiz həm orta və ali məktəb dərsliklərində, həm də müxtəlif monoqrafiyalarda bilərəkdən təhrif olunur və yanlış tədris, təbliğ edilir və s. Böyük mütəfəkkirlərimizin əsərləri, fəaliyyəti sistemli şəkildə toplanmalı, çap olunmalı və yayılmalıdır. Məsələn, Əhməd bəy Ağaoğlu ilə bağlı, onun külliyatının nəşri məsələsi hələ də anlaşılmaz şəkildə təxirə salınır. 2020-də ziyalılarımız fəal olmalı, dövlətin, hökumətin səsinə səs verib böyük işlər görməlidir!
(Ardı var)
Ayyət Əhməd
Şərq 2020.-
9 yanvar.- S.5.