Azərbaycan – Multikulturalizm və tolerantlığın mərkəzi kimi

Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir.

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Qloballaşan dünyada gedən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq olmasının başlıca göstəricisidir. Azərbaycan zəngin  sivilizasiyaların və mədəniyyətlərin  qovuşduğu məkandır, əsrlər boyu milli-mədəni müxtəliflik şəraitinin formalaşdığı və müxtəlif millətlərin əmin-amanlıq, sülh, qarşılıqlı razılıq və dialoq mühitində məskunlaşdığı məkan kimi məşhurlaşmışdır.

 

Azərbaycan ərazisində üç əsas dinlərdən zərdüştlüyə (sülh dini), Şimal regionlarda xristianlığa (Qafqaz Albaniyada) və VII əsrdən başlayaraq islama ibadət olunur.

Tarixən azərbaycanlıların həyat tərzinin mərkəzini multikulturalizm və tolerantlıq təşkil etmişdir. Hazırda isə milli mənsubluğundan, dinindən, dilindən asılı olmayaraq Azərbaycan Respublikasının hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir.

Zəngin multikultural keçmişə malik olan azərbaycanlıların yalnız hazırki tolerant yaşam tərzi ilə deyil, həmçinin yaratmış olduğu bədii-ədəbi, fəlsəfi, siyasi və hüquqi mənbələrdə yaşayır. “Multikulturalizm” sözünün mənası “çox mədəniyyətlilik” deməkdir.

Multikulturalizm hər bir ölkədə və ümumilikdə dünyada müxtəlif millətlərə və dinlərə mənsub olan insanların mədəni müxtəlifliklərinin qorunması və ahəngdarlığına yönəldilmişdir.

Multikulturalizm deyən zaman bir ölkənin sərhədləri daxilində müxtəlif etnomədəni münasibətlərin əmin-amanlıq şəraitində hökm sürməsi və öz mədəni əlamətlərini, həyat tərzini qoruyub saxlamaq hüququna malik olmaq başa düşülür.  

Multikultural və tolerant dəyərlər ümumbəşəri xüsusiyyətə malikdir. Tolerantlıq müxtəlif mədəniyyətlərdə çoxşaxəli və birmənalı anlayış deyil. Tolerantlıq latınca “tolerare” sözündəndir, “səbr etmək, dözmək, yaxşı qarşılamaq, icazə vermək” mənalarını ifadə edir. Tolerantlıq ərəb dilində “musamihə”, türk dilində “xoşgörü” terminləri ilə eynilik təşkil edir [2;s.11].

Çağdaş dövrdə tolerantlıq problem kimi diqqəti cəlb edir. Problemi tədqiq edən tədqiqatçılar tolerantlığa bir neçə məna vermişlər. Onların əksəriyyəti tolerantlığı “ideal və həyatın vacib prinsipi” adlandırmışlar, sivilizasiya üçün əsas meyar olaraq qiymətləndirmişlər. Onların başqa qismi  isə bəşəriyyətdə gedən parçalanma və laqeydliyi gizlədən simvolik bir pərdə kimi tolerantlığı araşdırmışlar. 

Tolerantlıq problemini tədqiq edən araşdırmaçı, alim Uoltser ictimai şüurda tolerantlıq ideyasının meydana gəlməsini və inkişafını bir neçə mərhələyə ayırır [1;s.7]:

I mərhələ ‒ XVI-XVII əsrlər dini tolerantlıq (katolik və protestantların arasında müharibə İspaniyada Kordof) krallığı sülhün qorunması naminə- fərqliliklərə ‒ təmkinli və dözümlü olmaq;

II mərhələ ‒ passiv mərhələ, fərqliliklərə laqeydlik;

III mərhələ ‒ mənəvi stoisizm, yəni fərqlilərin də hüquqları var, qəbul edilməz də olsa onu qəbul etmək.

IV mərhələ ‒ münasibətlərdə aşkarlıq, hörmətlə yanaşma, bir-birini öyrənmək və maraq göstərmək;

V və sonuncu mərhələ ‒ fərqliliyi mədəniyyətlərarası qəbul etmək, müxtəlifliliyə heyran olmaq.

Dözümlülük ideyası yeni deyildir, qeyd edə bilərik ki, tolerantlığa fəlsəfi yanaşmanın qədim dövrə gedib çıxan dərin kökləri vardır. İnsan təbiətinin və mədəni-tarixi fərqlərinin dialektik vəhdəti iki fərqli məfhumla izah olunur: “mənimki” və “başqasınınkı”. Misal olaraq, Solonun və Anaxarsisin əfsanəsində ellinlərin və barbarların bir-birinə çox fərqli olmalarına baxmayaraq, yoldaşlıq-dostluq anlayışına etnosdan üstün tutub böyük dəyər verməkləri diqqəti cəlb edir. Ksenofontun ideal cəmiyyət modelinin strukturu üçün nümunə kimi ilkin Fars Çarlığı götürülür. Sokrat və Platonun da fikirlərində dözümlülük intellektual asketizmlə əlaqədardır və insanların mənəvi və sosial birləşməsi kimi izah edilir.

XX əsrin sonlarında ümummilli lider Heydər Əliyev tərəfindən  dövlətçilik ideologiyası formasına çevrilmiş, tolerantlıq və multikulturalizm ənənələri bərpa olunmuşdur. Azərbaycan multikulturalizminin siyasi əsasları Azərbaycan Respublikasının Konstitusiyasının hər bir maddələrində, qanunvericilikdə, fərman və sərəncamlarda öz əksini tapmışdır.

Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Mövcud milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir [7;s.7]. Azərbaycan Respublikasında bu gün həmin mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən  dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir.

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il “Multikulturalizm ili” elan edilmişdir. Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi cəhətdən qərarlaşdığı məkanın Şərqlə Qərbin qovuşağında yerləşməsidir.  Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla yanaşı, Şərq və Qərb yarımkürələrində öz nüfuzunu gücləndirməkdədir. Bu ideya  dövlətin xarici siyasət kursunda da kifayət qədər özünü əks etdirir. Bu gün  Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir.

2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü  ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniy- yətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.

Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin  inkişafında    təbliğ  edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri vardır. 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı il aprelin 25-27-də Bakıda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir [5;s.28]. 

Forumda dünyanın 140-dan çox ölkəsindən nümayəndə heyətləri, çoxsaylı beynəlxalq təşkilatların, dini konfessiyaların, QHT-lərin nümayəndələri iştirak etmişlər. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsi ölkədə multikultural və tolerant mühitin olmasının göstəricisidir. Multikulturalizmin bu formada geniş təsbit və tətbiq olunması Azərbaycanın dünyaya olan töhfələrindən biridir. İzolyasionizm (təcrid etmə), assimilyasiya və aparteiddən fərqli olaraq, multikulturalizm cəmiyyətdə yalnız bir hakim etnik qrupun deyil, həmçinin digər milli azlıqların və immiqrantların mədəni müxtəlifliyinin və rəngarəngliyinin mövcudluğudur.

Dünyada fərqli adlarla öz mədəniyyətlərinin üstünlüyünü təmin etməyi qarşılarına məqsəd qoyan, digər etniklərə, immiqrantlara assimilyasiya obyekti kimi baxan, cismən, yaxud mənəvi baxımdan yox etmək fəaliyyətlərini tarixdə və müasir dövrümüzdə dövlət siyasətlərində ənənə halına salmış bəzi  dövlətlər  mövcuddur.

Multikulturalizmin müxtəlif modelləri – ABŞ, İsveç, Avstraliya, Kanada modelləri olmasına baxmayaraq, Azərbaycanın dünyaya təqdim  etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır. ABŞ-ın Yuta və Oreqon ştatlarının Senat və nümayəndələr Palataları tərəfindən Azərbaycanın tolerantlıq modelini təqdir edən geniş bəyannamənin qəbul olunması qeyd edilənlərə bariz nümunədir.

Multikulturalizm dövlət siyasəti olmaqla yanaşı, müasir Azərbaycan cəmiyyətində dəyişməz həyat tərzi kimi təzahür edir. Azərbaycanda olan tolerant və multikultural reallığın təkcə azərbaycanlıların deyil, xarici ölkə alimlərinin, görkəmli elm xadimlərinin, siyasət nümayəndələrinin, həmçinin tələbələrin gözü ilə dünyaya təqdim edilməsi də müsbət ənənəyə çevrilməkdədir. “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsi çərçivəsində hazırda dünyanın 13, Azərbaycanın 28 nüfuzlu ali təhsil ocağında Azərbaycan multikulturalizmi tədris edilir.

Azərbaycan Respublikası  Prezidentinin 11 mart 2016-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2016-cı ilin “Multikulturalizm ili” elan edilmişdir.

Müasir dövrdə informasiya müharibəsi şəraitində tələbələrimizə tövsiyəmiz bilikli, savadlı olmaq, tarixi və elmi tədqiqatlara istinad edərək  dünyaya vətənimizin zəngin mədəniyyətini və tariximizi tanıtmaq Azərbaycanın hər bir ziyalısının və vətəndaşının mənəvi borcudur.   Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.

 

Raul Şahverdiyev, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrı. 

Şərq  2020.- 14 yanvar.- S.13.