“Həyatda hər kəsin bir
nağılı olduğuna inanıram”
Şahanə Müşfiq: "Bilirəm ki, bu nağıllar
mütləq xoş sonluqla bitəcək"
"Mən nə şərabı sevirəm, nə də yağışı, bunu deyəndə inanmırlar"
Ədəbiyyat sirli bir dünyadır. Bu, insanlara təsir edən, onları
saflaşdıran bir sənətdir. Ümumiyyətlə, ədəbiyyatın
mahiyyətinə dair fikirlər müxtəlif olsa da,
bütün nəzəriyyəçilər
düşünür ki, ədəbiyyat həyatı başa
düşməyin ən gözəl yoludur. Sevindirici
haldır ki, müasir Azərbaycan ədəbi mühitində
öz imzaları ilə tanınan, dəst-xətləri ilə
fərqlənən gənc yazarlar kifayət qədərdir. Azərbaycan
Yazıçılar Birliyinin üzvü Şahanə
Müşfiq ixtisasca filoloq olmasına baxmayaraq, ədəbi fəaliyyətlə
yanaşı jurnalistika ilə də məşğuldur. Bu
günlərdə Şahanə xanımla
görüşüb, həmsöhbət olduq. O,
suallarımızı səmimi cavablandırdı.
- Şahanə
xanım, siz BDU-nun Filologiya fakültəsini bitirmisiniz.
Hazırda isə “525-ci qəzet”də
çalışırsınız. Necə
düşünürsünüz, siz əvvəl jurnalist, yoxsa
yazıçısınız?
- Orta məktəbdən ədəbiyyata
böyük sevgim olub. Ədəbiyyat mənim
üçün sənət yox, həyat tərzidir. Ancaq
jurnalistikaya da böyük marağım var idi. Abituriyent olanda
artıq seçim etmək məcburiyyətində qaldım -
filologiya, yoxsa jurnalistika? Çox düşünəndən
sonra filologiyanı seçdim. Çünki bu ixtisası bitirəcəyim
halda da jurnalistika ilə məşğul ola biləcəyimi
başa düşürdüm. Amma universitetdə
jurnalistikanın sirlərinə yiyələnsə idim, ədəbiyyatla
nəzəri şəkildə məşğul ola bilməyəcəkdim.
Odur ki, filologiya ixtisasını seçdim. Dediyiniz kimi,
hazırda həm “525-ci qəzet”in əməkdaşı, həm
də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Ədəbiyyat İnstitutunun dissertantıyam. Müntəzəm
olaraq “Ulduz”, "Azərbaycan jurnallarında, “Ədəbiyyat”
qəzetində çıxış edirəm.
- Mətbuatda dərc
olunan ilk yazınız yadınızdadır?
- Əlbəttə. İnsan ilk uğurunu heç unudar? İlk yazım çox təəccüblü olsa da, Azərbaycan Yazıçılar Birliyinin saytında çap olunmuşdu, hekayə idi, maillə göndərmişdim və çap edilmişdi. Amma "525-ci qəzet"də ilk yazım müsahibə olub. Təxminən dörd il əvvəl “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid məni qəzetə dəvət edəndə gənc yazıçı Cavid Zeynallıdan müsahibə almağı tapşırdı. Cavid bəylə əlaqə saxladım və dedim ki, əgər bu müsahibə bəyənilsə, məni işə qəbul edəcəklər. Çox sevindi. Müsahibənin maraqlı alınması üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu bildirdi. Hətta zarafatla işlətdiyi “Lazım gəlsə sualları da, cavabları da özüm yazaram” sözü dünənki kimi yadımdadır. Təbii ki, müsahibəni özüm hazırladım və bəyənildi. Beləliklə, “525”lə əməkdaşlığa başladım.
- Yazıçılıq ilk növbədə
istedaddır. Ədəbiyyat təhsilli olmadan da çox
gözəl yazılar yazmaq olar. Digər tərəfdən isə
etiraf etmək lazımdır ki, filologiya ixtisasına yiyələnmık
qələm sahibi üçün əlavə avantajdır.
Çünki sən artıq sözlərdən istifadə
etməyi yox, sözləri hiss etməyi bacarırsan.
Xüsusilə də əgər ədəbi tənqidlə məşğulsansa,
kiminsə yaradıcılığını təhlil edirsənsə
ədəbiyyatı bilməyin şərtdir.
- Həm ədəbiyyatın
nəzəriyyəsinə bələd olan, həm də
praktik fəaliyyətlə məşğul olan gənc yazar
kimi fikirləriniz maraqlı olar. Sizcə, ədəbiyyat nədir?
- Ədəbiyyat gözlə
gördüyümüz, eşitdiyimiz, hiss etdiyimiz hər
şeydir. Bəzən təsadüfən başımıza gələn
hadisə bütöv bir əsərin fabulası və ya ilk dəfə
rastlaşdığımız insan hansısa hekayənin,
romanın baş qəhrəmanı ola bilər. Bu mənada həyat
özü başdan-ayağa ədəbiyyatdır. Sadəcə
onu hiss etmək gərəkdir.
- Sizin bir
povestiniz və bir şeir kitabınız işıq
üzü görüb. Gələcəkdə
roman yazmaq fikriniz var?
- Mənim
ilk kitabım olan “Qaranlıqlar günəşi” adlı povest
2013-cü ilə çapdan çıxıb. O vaxt tələbə
idim. Böyük iddialarım yox idi. Beş illik fasilədən sonra isə “Şahanənin
nağılı” adlı şeirlər kitabım nəşr
olundu. Hazırda 1930-cu illərin ikinci
yarısında tüğyan edən repressiyalarla bağlı
avtobioqrafik roman üzərində işləyirəm. Belə ki, məlum hadisələr mənim ailəmə
də təsirsiz ötüşməyib. Bizim ailəmizdən
bir nəfər - babamın atası repressiya qurbanı olub, həmin
itki isə, az qala, bütün nəslin həyatında
və yaddaşında silinməz izlər buraxıb.
- İkinci
kitabınızın çox maraqlı adı var. Niyə məhz
“Şahanənin nağılı”?
- Kitaba
“Ön söz”ü dəyərli Xalq şairi Sabir Rüstəmxanlı
yazıb. Onun ilk oxuduğu şeir “Gəl sənə
nağıl danışım” idi. Sonrakı
şeirlərimdə də nağıl motivinin güclü
olduğunu deyib “Ön söz”ün adını “Şahanənin
nağılı” qoymuşdu. Sonradan Rəşad
Məcidlə ad seçimi barədə müzakirə aparanda
təklif etdi ki, elə “Şahanənin nağılı”
olsun. Doğrusu, mənim də ürəyimcədir.
Çünki bu həyatda hər kəsin bir
nağılı olduğuna inanıram və bilirəm ki, bu
nağıllar mütləq xoş sonluqla bitəcək.
- Bəs bunun üçün nə
etmək lazımdır?
-Bunun
üçün insan gələcəyə inanmalı və
özünə etibar etməlidir. İnsan gərək
atdığı hər addımdan, gördüyü hər
işdən zövq alsın. Həm də
mütləq məqsədyönlü olmaq, konkret hədəflər
istiqamətində irəliləmək lazımdır. Məsələn,
mən yeni il axşamı 2020-ci il
üçün qarşıma qoyduğum hədəfləri
kiçik kağızlara yazdım və onları
kompüterimə, otağımın göz önündəki
divarlarına yapışdırdım. Ümid edirəm ki, bu il həmin məqsədlərimin, heç
olmasa, yarısını reallaşdıra biləcəm. Mənə elə gəlir ki, həyatını belə
yaşayan insanın nağılının yaxşı bitməməsi
ehtimalı yoxdur.
- Elə isə bu il
üçün ən böyük hədəfiniz nədir?
- İki kitab çıxarmaq fikrim var. Biri “525-ci qəzet”də
ədəbiyyatla bağlı dərc olunan
yazılarımı toplu kimi nəşr etməkdir. O biri isə hələ sirr
qalsın. Digər tərəfdən 2019-cu ilin aprel ayından
bəri üzərində işlədiyim dissertasiya işimi
bu il sonlandırmaq, ya da heç olmasa
çox ciddi bir yol qət etmək istəyirəm. Məncə, planlı yaşamaq insanın işini
asanlaşdırır. Belə ki, günlük məqsədlər
aylıq, aylıq məqsədlər illik, illik məqsədlər
isə ən ali hədəfi müəyyənləşdirir.
- Onda sizin ali məqsədiniz
nədir?
- Xoşbəxt
olmaq. Mənim işim yazmaqdır. İndi olduğu kimi gələcəkdə də çalışacam
ki, yazılarımla cəmiyyət üçün
lazımlı şəxs olum. Belədə
xoşbəxtliyin mahiyyətini başa düşürəm.
- Siz həm də Azərbaycan
Yazıçılar Birliyinin üzvüsünüz. Bu quruma üzv olmaq yaradıcılıq sahəsindəki
fəaliyyətinizə necə təsir edib?
- Öncələri "Ulduz" jurnalının
"Variasiya" layihəsində iştirak edirdim. O layihə məni
2013-cü ildə AYB-nin nəzdində fəaliyyət göstərən
II Gənc ədiblər məktəbinə gətirib
çıxartdı. Bu layihə mənə
çox şey qazandırdı. Məhz II Gənc ədiblər
məktəbinin sayəsində ədəbiyyat aləminə
gəldim, adlı-sanlı şairlərlə,
yazıçılarla tanış oldum. Sonradan ora üzv olmaq üçün Rəşad
müəllimin təklifi ilə sənədlərimi AYB-yə
verdim. Çox keçmədi ki, müsbət
cavab gəldi. Bir az sonra gənc ədib
kimi fərdi prezident təqaüdünə layiq
görüldüm. Eyni zamanda 2017-ci ildə ədəbiyyat sahəsi
üzrə "İlin gənci" seçildim, ötən
il “Qızıl kəlmə”
mükafatının Şans ödülünü alanlardan
biri, özü də ən gənci oldum. Düşünürəm
ki, bir gənc yazıçının başına gəlməli
hər şey mənə qismət olub. Sözsüz
ki, “525”-in və xüsusilə Rəşad müəllimin sayəsində.
Mən artıq bu qəzetin rəsmi əməkdaşıyam.
Rəşad müəllim əvvəllər
tez-tez yazılarıma görə məni tənqid edir,
nöqsanlarımı bəzən də şişirdib deyirdi.
Hətta baş redaktorum məni ağladıb da
(gülür). Buna baxmayaraq, o, gənclərə
dəstək olmağı çox sevir. Ümumiyyətlə,
“525” bir məktəbdir. Baş redaktor Rəşad
Məcid, redaktorlar Yusif Rzayev, Seyfəddin Hüseynli mənim
jurnalistikadakı və hətta ədəbiyyatdakı müəllimlərimdir.
İndi-indi onların tənqidlərinin nə qədər
doğru olduğunu başa düşürəm.
- “Birgə xoşbəxt olaqmı?!”
sizin sonuncu yazılarınızdan biridir. Sizə
görə xoşbəxtlik nədir?
- Sevdiyin
işlə məşğul olmaq, sevdiyin insanların
yanında olmaq artıq xoşbəxt olmaq üçün zəmindir.
Ümumiyyətlə, əgər
yaşayırsansa, deməli xoşbəxtsən. Nəfəs alıb-verirsənsə,
düşünürsənsə, deməli, xoşbəxtsən.
Sadəcə ətrafda baş verənlərə
diqqətlə baxmaq və həyatdan zövq almaq
lazımdır.
- Bu
yaxınlarda "Facebook"da belə bir status
yazmışdınız ki, şair olmağın iki tələbi
var-şərabı və yağışı sevmək.
Ancaq, deyəsən, siz bunların ikisindən də
uzaqsınız...
- (gülür) Doğrudur, mən nə şərabı
sevirəm, nə də yağışı. Adətən
bunu deyəndə inanmırlar. Təəccüblənirlər
ki, sən necə şairsən? Məgər
hər şair şərab içməlidir?! Ümumiyyətlə, spirtli içkilər qəbul
etmirəm və düşünürəm ki, bu vərdiş
ədəbiyyatçılara ümumiyyətlə baş
ucalığı gətirmir. Çünki
ədəbiyyatçı daim ayıq olmalı, ətrafda
baş verənləri ciddi müşahidə etməyi
bacarmalıdır. Əslində
yağışla xüsusi bir “düşmənçiliyim”
yoxdur. Sadəcə Bakı
yağışa uyğun şəhər deyil. Bəlkə də, başqa şəhərdə
olsa idim yağışı sevərdim, lakin indiyə kimi
Bakı yağışından zövq aldığımı
xatırlamıram.
- Müşahidədən
danışdınız. Yəni müşahidə
sizin üçün bu qədər vacibdir?
- Əlbəttə. Mən ətrafda baş verən hər
şeyi, o cümlədən, insanları çox ciddi
müşahidə edirəm. Hətta çox zaman
yazılarımın mövzularını da müşahidələrimə
əsasən seçirəm. Düşünürəm
ki, insanların hərəkətləri və mimikaları,
xüsusən gözləri, dediklərindən daha əhəmiyyətlidir.
Bu mənada sözlər mənim
üçün həmişə ikinci planda olub. Adətən insanlarla danışanda onların
gözlərinin içinə baxıram. Çünki
sözlər insanı aldada bilər, gözlər isə əsla.
- Bəs sizin müşahidənizin
bu qədər güclü olması jurnalistika fəaliyyətinizə
necə təsir edir?
- Şübhəsiz, çox kömək olur. Bəzən
müsahibə zamanı respondentin qəfil dediyi bir söz və
ya etdiyi hərəkət yeni bir sualın yaranmasına səbəb
olur. Dəfələrlə belə hallar
olub. Həmsöhbətlərim çox
zaman özləri də təəccüblənirlər, amma
xoşlarına gəldiyini hiss edirəm. Eləcə
də, bayaq dediyim kimi, mövzu seçimində ətrafda
gördüyüm, müşahidə etdiyim hadisələr mənə
xeyli yardımçı olur.
- Yaradıcılığa yeni
başlayanlara tövsiyələriniz nələrdir?
- Onlara
demək istəyirəm ki, imzalarını tanıtmağa tələsməsinlər.
Səbrli olmaq lazımdır. Əvvəlcə, çox oxumaq ilkin şərtdir.
Necə yazmaq və nələri yazmamaq lazım
olduğunu öyrənmək üçün böyük
mütəfəkkirlərin, dünya klassiklərinin əsərlərindən
bəhrələnmək lazımdır.
Kənan Novruzov
Şərq 2020.- 14 yanvar.- S.11.