"Qeyri jurnalistlər Azərbaycan teleməkanında
at oynadırlar"
Natəvan Dəmirçioğlu:
"Bütün dəyərlər o "atların" dırnaqları
altında qalıb"
Filologiya
elmləri üzrə fəlsəfə doktoru, Bakı Dövlət
Universitetinin Jurnalistika fakültəsinin televiziya və radio
jurnalistikası kafedrasının müəllimi, Dövlət
İmtahan Mərkəzinin (DİM) eksperti, Azərbaycan
Teleradio Verilişləri QSC-də Beynəlxalq radionun şöbə
müdiri Natəvan Dəmirçioğlu Analoq.az -a müsahibə
verib.Həmin müsahibəni təqdim edirik:
-Natavan xanım gərgin iş rejiminiz var. Radio-televiziya, universitet. Bu çətin iş rejimində yaradıcılıqla
və elmi fəaliyyətlə də
məşğulsunuz. Vaxtı daha
çox nəyə xərcləyirsiniz?
-Əvvəla dəyər
verdiyinizə görə
təşəkkür edirəm. Sonra deyim
ki, qazanılan uğur, itirilən enerjini motivasiya edir. Nə qədər əziyyət
çəksən də,
uğur qazanarkən itirdiyin enerji bərpa olunur. Bu mənim uğur
düsturumdur. Başqalarından
daha çox iş görən
insanlar, ümumiyyətlə,
proqramlaşdırılmış şəxslərdir.
Belə insanların zəhmətin
çoxluğundan şikayəti
yoxdur. Əksinə, görməli olduğun
işlərə macal
tapıb, reallaşdıra
bilmədikdə darıxma,
üzülmə, gərginləşmə
yaranır. Vaxta gəldikdə isə... Atalarımız deyib: “Vaxt qızıldır.” Görünür, böyük sözləri
və böyük həqiqətləri dərk
etmək üçün
insan müəyyən
qədər yetkinləşməlidir.
Mən bu həqiqətin əvvəllər
heç fərqində
olmamışam. İndi vaxt sarıdan
çox əziyyət
çəkirəm. Dünyada vaxtdan
qiymətli heç nə olmadığına
inanıram. Doğrudan da,
“vaxt qızıldır.”
Baxır
vaxtı nəyə və necə sərf edirsən, vaxtdan əlində nə qalır. Vaxtdan əldə qalanlar sənindir, özü isə su kimi
axıb gedir. Mən vaxtı xərcləmirəm,
zamanı işə köçürtməyə çalışıram.
Həmin
anda daha çox nəylə məşğul olma zərurətini isə elə işlər özləri həll edir.
-Yeni nə yazmısınız?
-Heç kəs bilməsə də həmkarlarım bilir ki, mən hər
gün yazıram. Verliş senarisi, məqalə, elmi çıxış və sair və
ilaxır. Bu il bir neçə
hekayə mövzusu yarandı və sonra itib getdi.
Heyf yazmadım. “Açar” romanını bitirmədən, başqa bədii yazı üzərində işləyə
bilmirəm. Bu romanı bitirmək, təssüf ki, 2020- ci ilə qaldı.
-Güney Azərbaycanda milli mədəniyyətin inkişafında
Azərbaycan Beynəlxalq
Radiosunun rolu mövzusunda dissertasiyanız
var. Bilmək istərdim
Azərbaycan radiosunun xidməti Güneydə folklor, etnoqrafiya, dil, ümumiyyətlə,mədəniyyətin inkişafında
hansı dərəcədədir.
Və nəyi edə bildi?
-İcazənizlə bu sualın cavabında hələ də imkan tapıb kitab halında nəşr etdirmədiyim dissertasiyamdan bəzi məqamlara diqqətinizi cəlb etmək istərdim: ”Adından da məlum olduğu kimi mövzu Güney Azərbaycan məsələsini gündəmə
gətirir. Bu isə müstəqil Azərbaycan dövlətinin
siyasəti ilə üst-üstə düşür.
Çünkü, Azərbaycan dövləti
azərbaycançılıq faktına ciddi önəm verir, dünyaya səpələnmiş
altımış milyonluq
Azərbaycan türkünün
vahid, müstəqil vətəni kimi öz üzərinə böyük, tarixi missiya götürür.
Azərbaycan hakimiyyəti Azərbaycan
diasporunun, lobbisinin təşkilatlanmasına maraqlıdır.
Azərbaycanın üzləşdiyi Qarabağ problemi, Ermənistan müharibəsi,
regional məsələlər bunu tələb edir.
Sayı altımış milyon hesablanan Azərbaycan türkünün tarixi bir problemi mövcuddur. Gülüstan-1813
və Tükmənçay-1828 müqavilələri Azərbaycanı
iki yerə bölərək xalqımızın
hüquqi cəhətdən
parçalanmasına səbəb
olmuşdur. Hər iki
müqavilə Rusiya və İran arasında bağlanmışdır.
Araz çayından
Quzey hissə Rusiyaya, Güney hissə isə İrana qatılmışdır. Beləliklə, Azərbaycan öz bütövlüyünü itirmişdir.
Lakin Azərbaycan bu müqavilənin heç birində tərəf kimi iştirak etməmiş və müqaviləyə imza atmamışdır. Bu cəhət müqavilələrin
tam hüquqi dəyərinə
xələl gətirir.
İkinci bir səbəb müqavilənin hüquqi
gücünü sarsıdır. 28- ci il müqaviləsi
90 il müddətinə
bağlanmışdır.
Göründüyü kimi müddət 200 ili
keçir. Müqavilə isə qeyri-hüquqi
olaraq qüvvədədir.
Tarixçilərin tədqiqatlarında göstərilir ki, müqavilələrdə ömürlük
sözü yazılmayıb.
Demək, müqavilələr
ömürlük ola bilməz.
Üçüncü bir siyasi məsələ müqavilələri tam şəkildə
sarsıdır: Rusiyanın
tərkibində olan Quzey Azərbaycan 1992-ci ildə öz bağımsız dövlətini
qurdu. Hazırda Rusiya və
Azərbaycan bərabərhüquqlu
region dövlətlərdir. Məntiqi olaraq Rusiya “Gülüstan” və “Türkmənçay” müqavilələri
ilə birdəfəlik
qurtardı. Belə çıxır
ki, müasir Rusiya tarixi cinayət
aktından əl çəkmiş, İran
isə hüquqi qüvvəsini itirmiş müqavilənin sahibidir.Təbii
ki, bu mümkün
deyil. Əgər iki dövlət
arasında imzalanan müqavilədən dövlətin
biri əl çəkmişsə, müqavilə
və onun şərtləri öz hüquqi qüvvəsini avtomatik olaraq itirmiş olur.
...Siyasi cəhətdən bölünmüş Azərbaycanın
böyük mənəvi
birliyi vardır. Quzey Azərbaycanın paytaxtı
Bakıdan Güney Azərbaycana yayımlanan verlişlərin əsas məqsədi xalqı özünə tanıtmaq
və onun dil gözəlliyini, mənəvi varlığını
özünə sevdirməkdir.
Güney
Azərbaycana yayımlanan
radio verlişləri güneylilər
üçün doğma
bir səsdir.
Tarixdən saysız-hesabsız sübutlar
gətirmək olar ki, əgər xalq, millət müəyyən bir zaman kəsimində bu və ya
digər imperiyanın
təzyiqi altında yaşamışsa, vaxtı
gələndə, siyasi
şərait yetişəndə
o imperiya buxovlarından
azad ola
bilir. Amma milli mədəniyyətin
unudulması- könüllü
şəkildə dəyişmə
və ya yabançı dəblərə
uyma toplumu kültür imperializminin buxovuna salır və sonradan xilas çətin olur.
O səbəbdən də milli mənəvi dəyərləri: öncə
dili, tarixi,
etnoqrafiyanı, folkloru, ədəbiyyatı,
musiqini, geyim və
davranış özəlliklərini, mətbəxini qorumaq gərəkdir.” Azərbaycan radiosunun Güneyə verilən verlişlərində
bu ideya əsas götürülür və bu
istiqamətdə xidməti misilsizdir.
Konkret faktlar üçün ayrıca bir
müsahibə lazımdır.
-Azərbaycan yazıçısı dünyaya çıxa bilmir.
Bunun üçün
nə çatmır. Deyərdim ki, dünyaya çıxacaq kifayət qədər
istedadlı yazıçı, şairlərimiz də var. Dünyaya
çıxış da asanlaşıb. Amma o yolu ya tapa
bilmirik ya da yolun axırına
vara bilmirik.
-Dünyaya çıxmaq üçün dünyanın dilini bilmək gərəkdır. Bütün parametrlərdə. Həm sözün həqiqi mənasında, həm də
məcazi mənada. Dünyəvi düşünmək və
yazmaq. Biz daha çox milli düşünürük.
Milli və bəşəri olmaq istənilən əsərin qoşa qanadıdır.Qanadın biri olmayanda uzağa uçmaq olmur. Dil bilgisinə sahiblik, interaktivlik bu məsələdə şərtdir. Bir də piyar və pul lazımdır.
-Universitetdə dərs
deyirsiniz.İstedadlı tələbələrin gələcəkdə
iş - əmək fəaliyyəti üçün bir müəllim
kimi köməklik edə bilirsinizmi?
-Siz bu
müsahibədə birbaşa ağrılı
məsələlərə toxunursuz. Tələbəyə
müəllim kimi köməklik edə
bilmək üçün müəyyən
səlahiyyətlərə sahib
olmalısan. Mən tələbəni övlad
hesab edən adamam. Bunu mənim övladlarım da
bilir, tələbələrim də.
Kömək üçün istək
şərtdir, amma vasitə deyil, vasitə imkanlara sahib olmaqdır. Bununla belə,
elə faktlar olub. Tələbələrimdən ötrü
vəzifəli həmkarlarımdan xahiş
etmişəm, işə düzəldə bilməsəm də
əməkdaşlıq etmələrinə yardım göstərmişəm.İstedadlı
tələbədə özgüvən yaratmaq
da müəllimin böyük
dəstəyidir.
-Televiziyalarımızın
vəziyyəti sizi qane edirmi. Belə bir
fikir varki bu gün televiziyalarda
peşakarlar çalışmır.
Sizcə
niyə?
-Televiziyalarımızın bu
gün ən böyük problemi hər bir TV- nin ayrıca
poqram siyasətinin olmamasıdır. Fərdi proqram
siyasəti, ideya istiqaməti, əsas hədəf nöqtələri,
maliyyə resursları,
TV-nin simasına çevrilə bilən yüksək imicli aparıcı... bunlar ciddi məsələlərdir.
Bunları kompleks şəkildə
ancaq peşəkarlar həll edə bilər. Televiziyalarda peşəkarlar çalışmır,
niyə? Ona görə
ki, peşəkarlar indiki ictimai, iqtisadi, sosial reallıqda o qədər də para qazana
bilmirlər. Pul qazanmaq
yollarını bilən
qeyri jurnalistlər hazırda Azərbaycan teleməkanında at oynadırlar.
Və bütün dəyərlər
o “atların” dırnaqları
altında qalıb.
Şərq 2020.- 16 yanvar.- S.12.