Aydın Kazımzadə:
"Ögey ana"nı kütlə sevir, amma faktdır ki, çox zəif filmdir"
“Azərbaycanda kino ənənəsini qura bilmədilər”
"Sənət kütlə
üçündür" - deyirdi Sovet quruluşu,
amma yanlışdır. Sənət
sənət üçündür
Milli kino tariximizin 1916-cı ildən
deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılması onun
adı ilə bağlıdır. Söhbət kino
tədqiqatçısı, Azərbaycan Respublikasının
Əməkdar incəsənət
xadimi Aydın Kazımzadədən gedir.
80 illiyini qeyd etdiyimiz kino tənqidçisi «Şərq»ə
danışdı.
- Hər vaxtınız xeyir, Aydın müəllim, necəsiz?
- Çox təşəkkür
edirəm. Yaxşıyam qızım. Allah razı olsun.
- Bir neçə gün öncə 80 yaşına
salam verdiniz.
Yubiley münasibətilə təbrik
edirik. İllər ötür və
insan bu illər ərzində bir də özünə
suallar ünvanlayır.
Yaşamağa dəyərdimi?
- Çox sağ olun.
Bəli,
80 yaşımı qeyd
edirəm. Əslində həm şükr edirəm ki, bu yaşa qədər
ömür yaşamaq
Allah mənə nəsib
edib, həm də artıq həyəcan üçün
səbəbim var (gülür), yəni artıq qocalıram deməyin vaxtıdır.
Qaldı
"yaşamağa dəyər",
sualına, əlbəttə
dəyər. İnsan həqiqətən
özünə bəzən
sual verir, doğru deyirsiz. Bu gün artıq cəsarətlə
deyə bilərəm ki, yaşamağa
dəyər. Nə qədər təvazökarlıqdan kənar
səslənsə də, amma səmimi deyəcəm,
80 illik ömrümü
əbəs yerə yaşamamışam. Vacib
odur ki, millətimə
xidmət etməyə çalışmışam.
- Yubiley
ərəfəsində ölkə
başçımızın da sizə hədiyyəsi
oldu. Sizə ev hədiyyə
olunacağını gözləyirdiz?
- Cənab Prezident 80 illik yubileyimdə çox
gözlənilməz sürpriz etdi və 2 otaqlı ev hədiyyə
edərək məni qürurlandırdı. Belə böyük hədiyyə əslində
gözləmirdim. Bilirdim ki,
diqqətini əsirgəməyəcək. Çünki
İlham Əliyev cənabları, Mehriban xanım Azərbaycan sənətkarlarına
qarşı hər zaman diqqətlərini,
qayğılarını göstəriblər. Sadəcə
ağlıma gəlmirdi ki, ev hədiyyə ediləcək. İnanın səmimi
deyirəm, yubileyim ərəfəsində
mənə ən böyük hədiyyəni
Prezident İlham
Əliyev etdi.
Düşünürəm ki, bundan gözəl və dəyərli hədiyyə
ola bilməz.
- Yubileyiniz münasibətilə
Dövlət Film Fondunda
da tədbir təşkil olunacaq.
- Bəli, yanvarın 24-də "Azərbaycanfilm" Kinostudiyası və Film Fondunun təşəbbüsü ilə Dövlət Film Fondunda tədbir keçiriləcək.
- Deyəsən, kitab üzərində
çalışırsız?
- Yeni bir
kitab üzərində
çalışıram. "Xatirələr"
kitabını yazıram. Yazdıqca nələr üzə
çıxır... Sən demə, kino aləmi
yaxşı mənada böyük həngamədir.
Hər dəfə bir xatirə, kino ilə bağlı bir
maraqlı tarixçə yadıma düşür.
Yadıma düşdükcə qeydə alıram.
Düşünürəm ki, maraqlı kitab alınacaq.
- Kinoşünaslar,
araşdırmalar onu göstərir ki, Azərbaycan kinosunun tarixi qədimdir. Elədirsə, niyə gürcü, rus, İran kino məktəbi var, amma Azərbaycan kino məktəbi yoxdur?
- Yaranışı qədimdir, bəli. Amma qaldı niyə adıçəkilən ölkələrdən geri qalmışıq, səbəbləri çoxdur. Ən böyük
səbəbi isə ənənənin olmamasıdır.
Ənənə yaranmayıb.
- Bəs, sizcə,
niyə yaranmayıb?
- Hər millətin kinosunun
öz dəsti-xətti olur.
O dəsti-xətt varsa, kino ona söykənir.
Bizdə
o ənənəni qura
bilmədilər. Düzdü, ayrı-ayrı sənətkarlar
çəkiblər, ümumi
dəst-xətt olmayıb.
Gürcülərdə qısametrajlı filmlər bir ənənə şəklində
olub, ona görə məktəb yaranıb. Bizim ilk rüşeymlərimiz Ağarza Quliyev, Mikayıl Mikayılov, Abbas Mirzə Şərifzadədir, amma
bunların çəkdikləri
sənət əsəri
kimi çox aşağı səviyyədə
olub. Sonra da sosialist realizmi məktəb yaranmasının qarşısını
alıb. Ayrı-ayrı sırf milli psixologiya ilə çəkilən filmlərimiz
var, amma zəif filmlərdir.
Məsələn, "Ögey
ana"nı kütlə sevir, amma faktdır ki, çox zəif filmdir. "Ulduz" filmi
primitivdir, kütlə
sevir. "Sənət kütlə üçündür" - deyirdi
Sovet quruluşu, amma yanlışdır.
Sənət sənət üçündür.
Kütlə əsl sənət
əsərini qavraya bilməz. Qara Qarayev kütləvi
bəstəkar deyildi,
onu yalnız sənətdən qavrayışı
olanlar anlayar.
- «Arşın
mal alan»
filmi dünyanı gəzib, bəs niyə kinomuzu tanıda bilməmişik?
- "Arşın
mal alan" filmi kino deyil,
teatrdır, onu kino kimi qəbul
etmirəm. O filmi gəzdirən
Üzeyir bəy və Rəşid Behbudov şəxsiyyəti
idi, daha çox Rəşid Behbudov, çünki bütün dünyanı
gəzmişdi və tanınırdı. 1965-ci ildə
çəkilən "Arşın
mal alan" niyə dünyanı gəzmədi? Çünki orda Rəşid
Behbudov yox idi. "O, olmasın
bu olsun" filmdir, amma kino
sənətində ilk addımlar
atılan film kimi. Hüseyn Seyidzadə milli kinonun əsasını o filmlə qoyub. "Bir cənub
şəhərində" sənət əsəridir.
"Bizim Cəbiş
müəllim", "Şərikli
çörək" əsl
kinodur.
- Bu gün Azərbaycan necə görünür?
- Kino ciddi sənətdir. Bizi arxaya salan 90-cı illər oldu. Sovetin vaxtında olan kino ustadları qalsaydı və gənclər onların arxasınca gəlsəydi,
çox gözəl olacaqdı. Ara qırıldı, özüldən uzaq düşdük. İndi Azərbaycan
kinosu elə bil sıfırdan başlayır. Heç vaxt,
heç bir sənətkar həmişə
zirvədə olmur, o,
düşür, yerini
başqası tutur.
Eldar Quliyev, Oqtay Mirqasımov bu gün nə
çəkirlərsə özlərini
təkrarlayırlar. Film çəkirlər, amma yeni bir şey
demirlər, elə əvvəlkilərdir. Bir vaxtlar deyirdilər
ki, imkan vermirlər. İndi imkan
var, sərbəstsiniz,
amma heç nə edə bilmirlər, çünki
bitiblər. İndi çox
istedadlı gənclər
gəlir, yaxşı
gəlirlər.
- Bəs, "Dolu" kino sənəti kimi necədir?
- Orta səviyyəli filmdir. Şedevr deyil, amma üstün cəhətləri
çoxdur, döyüş
səhnələri tamaşaçını
cəlb edir. Öz auditoriyamız üçün
hesablanmış filmdir.
Misəl
üçün, "Sarı
gəlin" artıq
dünyaya çıxır,
niyə, çünki
Yavər Rzayev Qarabağ həqiqətləri
ilə bağlı yazını festivaldan əvvəl filmdən çıxarmışdı. Rejissorun məqsədi mükafat almaqdır, onu Qarabağ maraqlandırmır.
"Dolu"da xoşuma gələn bir də o oldu
ki, "Fəryad"la
başlayan ağlaşmaya
son qoyduq. "Fəryad" da yaxşı filmdir, amma texniki cəhətdən
zəifdir. Ondan sonra
da Qarabağ mövzusunda filmlər çəkildi, amma mən "Fəryad"dan
sonra yalnız "Dolu"nu kino hesab edirəm. Zamanla yəqin ki, bizdə də kino ənənəsi və dəsti-xətti formalaşacaq. Çünki istedadlı gənclər var, onların potensialları bu fikri deməyə əsas verir.
Tahirə Məmmədqızı
Şərq 2020.- 18 yanvar.- S.13.