"Yazı
yazmağı bacarmaq hələ jurnalist olmaq deyil"
Vüqar Zifəroğlu: "Professional
informasiya portalı barmaqla sayılacaq qədər azdır”
"Mətbuat Şurası
ilə də maraqlana bilərsiniz. “Qara siyahı”ya düşən jurnalistlər arasında
bir nəfər də olsun BDU-nun məzunu yoxdur
"Bəzən saytda baxırsan ki, 3-5 cümləlik xəbəri
belə düzgün yaza bilmirlər. Əksəriyyət də “copy”
“past”dır. Bir saytdan xəbəri götürüb, bir az dəyişiklik
edib dərc edirlər"
Bakı
Dövlət Universitetinin Jurnalistika fakültəsinin
dekanı, filologiya elmləri doktoru, tanınmış jurnalist Vüqar
Zifəroğlu “Şərq”in suallarını
cavablandırıb. BDU dekanı ilə Azərbaycanda
xaricidilli jurnalistlərin yetişdirilməsi, BDU məzunlarının
xarici media quruluşlarında təmsil olunması məsələsini
müzakirə etdik. Bundan başqa, V.Zifəroğlu ilə
“Əsl jurnalist necə olmalıdır” sualı və “Ayrı-ayrı qəzet
redaksiyaları ali məktəblərdən daha peşəkar
jurnalist hazırlayır” iddiaları ətrafında fikir
mübadiləsi apardıq.
Həmçinin, onunla onlayn medianın çap mətbuatını,
sosial şəbəkələrin isə onlayn medianı
sıradan çıxarması, eyni zamanda internet mediada dil
normalarının pozulması və başqa mövzulara dair
maraqlı söhbət apardıq.
- Azərbaycanda xaricidilli jurnalistlərin
yetişməməsi və ya yetişdirilməməsi məsələsi
ciddi müzakirə predmetinə çevrilib. Hətta
ötənlərdə İctimai TV-nin efirində bu barədə
xeyli tənqidi fikirlər səsləndirildi. Doğrudanmı sözügedən sahədə vəziyyət
qənaətbəxş səviyyədə deyil?
-
Baxır məsələyə hansı istiqamətdən
yanaşırıq. Söhbət xarici mediada təmsil olunan azərbaycanlı
jurnalistlərdən gedirsə, bu sarıdan müəyyən
axsaqlıqlarımız var. Bizim üçün daha
böyük problem məhz müxtəlif xarici ölkələrin
media quruluşlarında soydaşlarımızın təmsil
olunması ilə bağlı azlıqda
qalmağımızdır. Məsələn,
müqayisə apardıqda görürük ki, ABŞ, Fransa,
Rusiya və hətta qardaş Türkiyənin özündə
belə media sektorunda ermənilər, nəinki çoxluq təşkil
edirlər, hətta aparıcı mövqelərdədirlər.
Məsələlərə bu nöqteyi-nəzərdən
yanaşsaq, təbii ki, müəyyən boşluqların
olduğunu görəcəyik. Açıq
deyim ki, bəzi ölkələrdə ermənilərlə azəbaycanlılara
olan münasibət eyni deyil. Həmin
problemin kökündə həm də bu amil durur.
- BDU-nun jurnalistikasını bitirən
məzunlardan xarici media quruluşlarında
çalışanlar varmı?
- Bəli,
BDU-nun jurnalistikasını bitirib, təhsilini xaricdə davam
etdirən kifayət qədər gənc, istedadlı və
parlaq nümayəndələrimiz var. Adlarını da çəkə
bilərəm. Onlar təhsillərini Şərqi
və Qərbi Avropa ölkələrində, Türkiyədə
davam etdirirlər.
- Onlar həmin xarici ölkələrin
media sektorunda təmsil oluna bilirlərmi?
- Deyim ki,
burada müəyyən çətinliklər ortaya
çıxır. Bunun da həm obyektiv, həm
də subyektiv səbəbləri var.
- Ölkəmizdə xaricidilli media
quruluşlarının sayının az
olması da müzakirə mövzusudur. Bu
iddialarla razılaşırsınızmı?
- Vəziyyət
problemli həddə deyil. Kifayət qədər informasiya
portallarımız var ki, onlar bir neçə dildə fəaliyyət göstərirlər.
Müxtəlif dillərdə xəbərlər
tirajlayırlar. Bu sahədə elə ciddi
problemimiz yoxdur. Əsas çətinlik xarici media
qurumlarında soydaşlarımızın təmsil
olunmamağında və ya az təmsil
olunmağındadır.
- Qeyd etdiniz ki, xarici ölkələrin
media quruluşlarında təmsil olunmağımızla
bağlı boşluqlar var. Bəs heç olmasa, ölkəmizdəki
informasiya agentliklərinin, media holdinqlərinin xarici ölkələrdə
xüsusi müxbirləri varmı, onlar dünyanın
hansı ölkələrini əhatə edə bilirlər və
fəaliyyətlərini necə qiymətləndirirsiniz?
- Media
quruluşlarımızın xaricdə müxbir məntəqələri
ilə bağlı da problemlərimiz yoxdur. Məsələn,
kifayət qədər media quruluşlarımız var ki,
onların xaricdə müxbir məntəqələri fəaliyyət
göstərir. İstər
telekanallarımızın, istərsə də informasiya
agentliklərimizin bir neçə xarici ölkədə təmsilçiləri
var. İnformasiya mübadiləsinin təşkili mexanizmini
qura bilmişik və uğurlu nəticələr də əldə
edilib. Media quruluşlarımızın
xaricdəki təmsilçilərinin əksəriyyəti
BDU-nun jurnalistika fakültəsinin məzunlarıdırlar.
Yenə deyirəm ki, bizim ən başlıca
problemimiz aparıcı xarici media quruluşlarında təmsilçiliyimizin
zəif olmasıdır. Bu da Azərbaycana
olan münasibətlə bağlıdır. Bunu etiraf etmək lazımdır. Məsələn, Fransa ilə Rusiyanın Azərbaycan
və Ermənistana münasibəti eyni deyil.
- Necə edək ki, xaricdəki
aparıcı media orqanlarında bizim də səsimiz
eşidilsin?
- Bu məsələdə
güc diaspor təşkilatlarının, Azərbaycanın
maraqlarını xaricdə təmsil edən rəsmi və
qeyri-rəsmi strukturların üzərinə
düşür. Beynəlxalq jurnalistikada media
lobbiçiliyi deyilən bir anlayış var. Bu
lobbiçiliyin əsas məqsədi, məramı ondan ibarətdir
ki, həmin təşkilatlar xarici ölkələrin
aparıcı jurnalistləri ilə əlaqələr
qurmalı, Azərbaycanın həqiqətlərini onların
diqqətinə çatdırmalıdırlar. Bu yöndə ciddi işlər
aparılmalıdır.
- BDU-nun jurnalistika fakültəsində
tədris hansı dillərdə aparılır?
- 3 dildə
aparılır. Bakalavr pilləsi üzrə
ingilis, rus və azərbaycandilli qruplar var. Məhz onun
hesabınadır ki, ildən-ilə bizim bakalavr səviyyəsini
bitirən məzunlarımız müxtəlif proqramlar vasitəsilə
Avropa ölkələrinə yollanırlar.
- Xaricidilli qrupların sayı
artırıla bilərmi? Tutaq ki, yalnız ilgilis, rus deyil,
ispan, italyan, alman, fransız, erməni, çin və başqa
dillərdə də qruplar formalaşsın?
- Bunun nə
dərəcədə effekt verməsi bir az
mübahisəli məsələdir. İngilis
dili universal dildir. Qonşu ölkələrin
vətəndaşları da rus dilini bilirlər. Bu iki dildə qəbulun aparılması müəyyən
mənada boşluğu aradan qaldıra bilir. Əlavə olaraq deyim ki, bu qruplardan başqa digər
xarici dillərin də seçimləri var.
- Qeyd
etdiniz ki, bəzi saytlarımız bir neçə dildə fəaliyyət
göstərirlər. Yəni, bir sayt daxilində
5 dildə xəbərlər yayımlanır. Ancaq bəzi mütəxəssislər hesab edirlər
ki, bu, istənilən effekti vermir. Əvəzində
təklif edirlər ki, bunun üçün ayrıca bir ad
altında, ayrıca bir domendə sayt açmaq gərəkir.
O sayt sırf bir xarici dildə özü də təkcə xəbərlər
deyil, eyni zamanda analitik yazılar da dərc etsin...
- Sırf
xarici dildə yayımlanan informasiya portallarımız var. Belə
informasiya portallarının açılması
üçün böyük miqdarda maliyyə vəsaiti
lazımdır. Tək peşəkar jurnalistlərlə və
dil bilməklə iş bitmir. Bundan başqa
xüsusi bir proqram olmalıdır. O istiqamətdə
müəyyən təbliğat mexanizmi qurulmalıdır. Bu
isə həm güclü maliyyə, həm də ciddi,
peşəkar iş tələb edir. Yəqin, gələcəkdə
bu da olar.
- Jurnalist
həmkarlardan biri rəhbərlik etdiyi xəbər
portalında erməni dilində bölmə yaratmaq istəyirdi.
Məqsəd isə düşməni öz dili
ilə “vurmaq” idi. Amma mütəxəssis tapa bilmədiyi
üçün istəyini gerçəkləşdirə
bilmədi...
-
Görünür, onlar həmin kadrı lazımi yerdə
axtarmayıblar. BDU-da erməni dili tədris olunur.
Müraciət etsəydilər, o dili bilən gəncləri
yönləndirmək olardı.
- İddialar var ki, ayrı-ayrı qəzet
redaksiyaları jurnalist yetişdirən və ya yetişdirməli
olan ali məktəblərdən daha
çox və daha peşəkar jurnalist hazırlayır. Razılaşırsınızmı?
- Yox, bu
fikirlə razı deyiləm. Belə olsaydı,
bu gün Azərbaycan mediası problemsiz media olardı. Azərbaycan mətbuatında nə qədər
boşluqlar, problemlər, nöqsanlar var. Mən bu fikirlə qətiyyən
razı deyiləm. Belə bir analogiya
aparardım. Məsələn, mən təzyiq
ölçə bilirəm, iynə vura bilirəm, müxtəlif
xəstəliklər zamanı hansı dərmanın qəbul
edilməsini bilirəm, onda gedib, təcili yardım həkimi
kimi çalışmalıyam? Əlbəttə, xeyr! Yazı yazmağı bacarmaq hələ jurnalist olmaq
demək deyil.
- Bəs jurnalist kimdir, o, daha nələri
bacarmalıdır?
- Jurnalist
olmaq informasiya ilə düzgün işləməyi
bacarmaqdı. Siz elə bilirsiniz, Azərbaycan
informasiya portallarında xəbərlə işləyə bilən
jurnalistlərin sayı çoxdu? Biz o
portallara baxanda onların vəziyyətinin nə yerdə
olduğunu görürük. Professional
informasiya portalı barmaqla sayılacaq qədər azdır.
Məsələn, baş redaktorunuz Akif müəllimin
özü bizim fakültənin məzunlarına
üstünlük verir. Niyə? Ona görə ki, bizim məzunlar həm də nəzəriyyəni
bilirlər. Jurnalistika nəzəriyyə
ilə praktikanın vəhdətidir. İki
cümləni bir-birinin ardınca yaza bilirsənsə, bu, o demək
deyil ki, sən jurnalistsən. Jurnalistikanın
standartları, fəlsəfəsi, prinsipləri, qaydaları
var. Jurnalist bunları da bilməlidir.
- Hər il BDU və digər jurnalist hazırlayan
universitetlərdən qəzet redaksiyalarına tələbələr
gəlib, təcrübə keçirlər. Deyim
ki, həmin tələbələr içərisində
heç o iki cümləni bir-birinin ardınca düzə bilməyənlərə
çox rast gəlinir. Eləsinə də rast gəlirik
ki, 4 il oxuyub, amma 4 cümləlik xəbər
hazırlaya bilmir...
- Başqa ali məktəbləri deyə bilmərəm. Yalnız BDU-dan danışa bilərəm. Amma
deyim ki, digər ali məktəblərin
jurnalistika fakültələrində istedadlı jurnalistlər
hazırlanır. Sadəcə, redaksiyalar daha
doğru seçim aparmalıdırlar. Hər ali məktəbi qurtaran tələbə öz
ixtisası üzrə peşəkar olmur ki. Ona
vaxt, müddət lazımdır ki, özünü göstərsin,
özünü təsdiq etsin. Məsələn, bizim ali məktəbdə praktik vərdişlərə
yiyələnmək üçün hər bir şərait
var. Tələbələrimiz 3-cü kursdan etibarən
redaksiyalarda işə başlayırlar. Bizim
4-cü kurs tələbəmiz var ki, “Şərq”də
çalışır. Başqa qəzetlərdə
də çalışanlar var. İşimizi elə
qurmuşuq ki, məsələləri əvvəlcədən
aşılayırıq. BDU-nun ikinci kurs tələbəsi
montajı, müsahibə götürməyi, kamera ilə
işləməyi, radiomontajı bilir. Hər şey ali məktəbin öz işini necə
qurmasından asılıdır. Baxın, son illər
“reket” jurnalistlərdən danışılır. Mətbuat Şurası ilə də maraqlana bilərsiniz.
“Qara siyahı”ya düşən jurnalistlər
arasında bir nəfər də olsun BDU-nun məzunu yoxdur.
Niyə yoxdur? Çünki
onlar jurnalistikanın nə olduğunu, nəzəriyyəni
bilirlər.
- Son illər
onlayn medianın print medianı, sosial medianın isə onlayn
medianı sıradan çıxardığı iddia olunur...
-
Ümumiyyətlə, bu müzakirə təkcə Azərbaycanda
aparılmır. Dünyada gedən bir prosesdi.
Son 10 ildə internet medianın ənənəvi
medianı sıradan çıxarması ilə bağlı
fikirlər səslənir. Bu yöndə
polemika gedir. Media getdikcə rəqəmsallaşır,
öz simasını dəyişir. İnternet
platformaya keçir. İnternet
televiziyaları ənənəvi televiziyalarla ciddi rəqabətə
girirlər. İnternet radio yayımları var, getdikcə
onlar da ənənəvi radioları sıxışdırırlar.
Bu, təbii prosesdir və dövrün tələbi
ilə gedir. Amma bu o demək deyil ki, ənənəvi
media sıradan çıxacaq.
- Ənənəvi media
quruluşları öz varlıqlarını qorumaq
üçün hansı addımlar atmalıdırlar?
- Sadəcə
olaraq, ənənəvi media informasiyanın təqdimatından
tutmuş, auditoriyaya çatdırılmaya qədər öz
baxışını dəyişdirməlidir. Ən klassik qəzet
ənənəsinə malik olan İngiltərənin
özündə belə print media getdicə sıradan
çıxır. Amma burada başqa məsələ
var. Beynəlxalq təcrübəyə istinad etsək, görərik
ki, qəzetlər informasiya gücünü öz
saytlarında uduzdururlar. Qəzetlər
informasiyanı öz saytlarında verməlidirlər. Qəzetlərdə isə araşdırma və təhlillər
verilməlidir. Qəzet auditoriyası
xüsusiləşmiş kontenti təşkil edir. Kütləvilik baxımdan qəzetlərdə
1970-80-ci illərin kütləvliyini 2019-2020-ci illərdə
görə bilmərik. Bu, mümkün
deyil. Kütləvilik artıq internetdədir.
Bu, birmənalıdır. Belə
olan halda qəzetlər neyləməlidirlər? Qəzeti yaşatmaq üçün xüsusiləşmiş
bir auditoriya götürəcəksən, informasiyanı qəzetin
saytında, müxtəlif analitik təhlillər və
icmalları qəzetdə verəcəksən. Saytda isə qəzetdə dərc olunacaq maraqlı
yazıların anonsunu və
çıxarışlarını verirsən. Belə olarsa, qəzetlər öz
aktuallığını qoruya bilər.
- Əvvəllər jurnalist
hazırlayan müəllimlərin özləri belə etiraz
edirdilər ki, yüksək ballı yerlərə düşməyən
abituriyentlər jurnalistikanı seçirlər. Onların da jurnalistikaya maraqları olmur və belə tələbələrlə,
auditoriyalarla işləmək çətin olur. Bu problem indi də qalırmı?
- Xeyr,
indi belə hal yoxdu. Amma əvvəllər
vardı. Yuxarı ballı ixtisaslara balı
çatmayanlar, diplom alsınlar deyə jurnalistikanı
seçirdilər. Bundan da müsbət nəticə
gözləmək olmazdı. Amma sırf 4,5
ildir ki, o problem aradan qalxıb. Artıq jurnalistikaya həvəsi
olanlar esse müsabiqəsinə qatılırlar, Yəni,
yazı müsabiqəsi yolu ilə qəbul olunurlar. Praktik olaraq, bu gün jurnalistikaya gələnlər
yazı qabiliyyəti olan abituriyentlərdir. Bu imtahanı Dövlət İmtahan Mərkəzi təşkil
edir. Jurnalist olmaq istəyən abituriyentlər
esse yazırlar, yazmaq bacarığı olanlar seçilirlər.
Bu mənada hesab edirəm ki, problem həllini
tapıb.
- Qəbul olunanların içərisindən
nə qədər tələbə öz ixtisasına mükəmməl
yiyələnib, media sahəsində fəaliyyətini davam
etdirir?
- Bütün ixtisaslarla bağlı qayda belədir
ki, qəbul olunanların 20-30 faizi keyfiyyətli mütəxəssis
kimi hazırlanıbsa, bu artıq böyük bir nəticə
hesab oluna bilər. Bu mənada BDU-da nəticələr daha
yüksək olur.
- BDU-nun xaricidilli jurnalist yetişdirmək
üçün kadr potensialı varmı?
- Əlbəttə, var. 1992-ci ildə, Azərbaycanda
bakalavrlar üçün beynəlxalq jurnalistika fakültəsi
ilk dəfə BDU-da açılıb. Sonra bura qəbul
dayandırılıb. Mən beynəlxalq jurnalistikanı
bitirmişəm. İndi bakalavrlar üçün o qəbul
dayandırılıb. Çox yaxşı olardı ki, beynəlxalq
jurnalistika ixtisası üzrə bakalavr qəbulu bərpa
edilsin. Düzdür, beynəlxalq jurnalistika ixtisası
magistrantlar üçün var. Amma bu da istənilən effekti
vermir. Çünki magistraturaya qeyri-ixtisas sahələrindən
də gələnlər olur. Onlar jurnalistikanın ana
bazasını bilmədiklərinə görə, onların
beynəlxalq jurnalistika ilə bağlı spesifik fənləri
qavraması çətin olur.
Düşünürəm ki, bakalavrlar üçün
beynəlxalq jurnalistikaya qəbulun həyata keçirilməsini
bərpa etmək lazımdır. Bundan başqa, daha
yaxşı olardı jurnalistika təhsili verən ali məktəblər
daha çox öz yetirmələrini tədris prosesinə cəlb
etsinlər. Bu da problemin həllində müəyyən yolu
idi. Əvvəllər xarici dil və eyni zamanda
jurnalistikanı bilənlər yox idi və ya az idilər deyə
xaricdən mütəxəssis dəvət edirdilər. Amma
indi buraxılışlar arasında istedadlı gənclərimiz
var. Onları maraqlandırıb, tədrisə cəlb etmək
lazımdır.
- Qeyd etdiniz ki,
kütləvilik, kəmiyyət onlayn mediadadır, bəs bu
platformada keyfiyyət və peşəkarlıq hansı səviyyədədir?
- Təkrar edirəm ki, özünə jurnalist
deyən şəxs jurnalistikanın fəlsəfəsini,
standartlarını, nəzəriyyəsini bilməlidir. Bəzən
saytda baxırsan ki, 3-5 cümləlik xəbəri belə
düzgün yaza bilmirlər. Əksəriyyət də “copy”
“past”dır. Bir saytdan xəbəri götürüb, bir az dəyişiklik
edib dərc edirlər. Axı o jurnalist xəbərin
leqallaşdırılmasını bilmir. Ali təhsilli
jurnalist informasiya ilə işləməyi bacarır. Bu mənada
jurnalist kimi çalışan adamın ali təhsili mütləqdir.
Ali təhsili olmayan adam düzgün yazmağı belə
bilmir. Dil üslubunu bilmir. Jurnalistikanın prinsiplərini
bilmir, mətn quruculuğunu bilmir. Mediada dil normaları pozulur.
Dil normalarını
pozanlar isə daha çox ali təhsili
olmayan jurnalistlərdir. Yeganə çıxış yolu odur
ki, işə yalnız ali təhsilli
jurnalistləri qəbul etmək lazımdır. Öz
ixtisasını bilməyən, təhsili olmayan adamlar
jurnalistikaya gəlirlər.
Bu ənənə dəyişməlidir.
Gözəl bir ifadə var: “Hər şeir yazana şair deməzlər”.
Şeiri hamı yaza bilər. Hamımız həyatımızda bir dəfə də
olsa, şeir yazmışıq. Amma biz
şair deyilik axı. Hər şeir yazana
şair deyilmədiyi kimi, hər yazı yazmağı bacarana
da jurnalist deməzlər.
Ayyət Əhməd
Şərq 2020.- 18 yanvar.- S.5.