Hacı Şahin Həsənli:
"Din xadimi ancaq yas mərasimlərini idarə etmək
üçün deyil"
"Onlar yaşadıqları bölgədə
bir etalon, hörmət, nüfuz sahibi olmalıdırlar"
"Radikal cərəyanlar sosial platformada
çox fəaldırlar və əsasən sosial şəbəkələr
üzərindən işləyirlər. Başlıca hədəfləri
gənclərdir"
Son illər ölkəmizdə dini sahədə
mövcud olan boşluqlar və bu boşluqlardan istifadə edərək
ölkəmizə müxtəlif radikal qrupların
maraqlarına xidmət edən dini ədəbiyyatların gətirilməsinə
cəhdlərdən çox danışılır. Bundan başqa, sosial media üzərindən gənclərin
“tor”a salınaraq din pərdəsi altında xarici ölkələrin
döyüş poliqonlarına göndərilməsi, dini
bilgisi zəif olan gənclərin xarici təsirlərə
düşməsi məsələsi ətrafında də
ciddi fikir mübadiləsi aparılır. Həmçinin,
“Yehova Şahidləri” məsələsi, orta məktəblərin
yuxarı siniflərində din dərslərinin keçirilməsi
də cəmiyyətdə, eləcə də sosial mediada
müzakirə predmetinə çevrilib. Eyni
zamanda rayon və kəndlərdə yaşayan mollaların
neqativ əməlləri, hətta hacı, məşədi və
kərbəlayi titullarının lağ obyekti olması,
telekanalların verilişlərə xurafatla məşğul
olan falçı və ekstrasens dəvət edib, cəmiyyəti
korlaması halları sərt tənqid hədəfinə
tuş gəlib.
Biz də “Şərq” qəzeti olaraq,
bütün bu məsələlərə aydınlıq gətirmək
üçün ilahiyyatçı-alim Hacı Şahin Həsənli
ilə əlaqə saxlayıb, söhbətləşdik.
- Bu yaxınlarda
ulduzların ölüb-ölməməsinə dair Fransa mətbuatında
bir məqalə oxudum. Bəzi alimlər bunu təsdiqləyirlər,
bəziləri isə inkar edir. Bu məqalə mənə
uşaq vaxtı nənə və babalarımızın kimsə
dünyasını dəyişəndə dediyi “Filankəsin
də ulduzu söndü” fikrini xatırlatdı. Din bunu necə
izah edir, real məsələdirmi?
- Bunun heç bir dini əsası yoxdur.
İnsan dünyasını dəyişdikdə onun ulduzunun
sönməsi məsələsinin dinlə heç bir əlaqəsi
yoxdur. Bu barədə nə Quranda, nə də hədislərdə
məlumat var.
- Ölkəmizə
müxtəlif radikal qrupların maraqlarına xidmət edən
dini ədəbiyyatların gətirilməsinə cəhdlər
olunur. Doğrudur, bu səylərin qarşısı
alınır. Amma bilmək istərdim, bu qüvvələrin
məqsədləri nədir?
- Bu məsələ Azərbaycan qanunvericiliyi
ilə tənzimlənir. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsində ekspertiza şöbəsi var.
Onlar kitabları araşdırır. Razılıq əsasında
bu kitablar ölkəyə idxal edilə bilər. Təbii ki,
ölkəmizə kənardan dini ədəbiyyatların gətirilməsinə
dair həmişə cəhdlər olunur. Və buna adətən müvəffəq
ola bilmirlər. Etiraf edək ki, müəyyən radikal
görüşlərin təbliğ edilməsi və
qarşıdurma yaratmaq məqsədi daşıyan fikirlərin
yayılması üçün bir sıra siyasi dairələr
buna səy göstərirlər. Bəzən də
planlarını dini ədəbiyyatlar vasitəsilə
gerçəkləşdirməyə
çalışırlar. Ona görə də, ölkə
daxilində bu məsələlər qanunvericiliklə tənzimlənir.
Azərbaycanda nəşr olunan dini ədəbiyyat
qanunvericiliyin tələblərinə uyğun şəkildə
nəşr edilir və dini təyinatlı mağazalarda
satılır.
- Azərbaycanda
sağlam islamla bağlı boşluqların olduğu
bildirilir. Hətta təkliflər edilir ki, gənclərin
hansısa təhlükəli dini cərəyanlara uymaması,
xarici təsirlərə
düşməməsi üçün orta məktəblərin
yuxarı siniflərində sağlam islam tədris olunsun. Sizcə,
buna ehtiyac varmı?
- Din haqqında ümumi məlumatın verilməsinə
ehtiyac var. Şagirdlər məktəb dövrlərindən
din haqqında müəyyən təsəvvürlərə
malik olmalıdırlar. Çünki bilgisizlik olan mühitdə
radikal görüşlər inkişaf edə bilər.
Söhbət orta məktəblərdə dinin tədris
olunmasından yox, din haqqında bilgilərin, dini mövzularda
məlumatların verilməsindən
gedir. Çünki onlar fərqli məsələlərdir.
Bu işlər hələ ki ictimai müzakirədədir. Ola
bilər ki, gələcəkdə ümumi dinlər
haqqında məlumat fənn kimi məktəblərdə tədris
olunsun. Hər halda bu təklifi Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi vermişdi. Həmin istiqamətdə
müəyyən işlər görüldü. Amma vəziyyətin
nə yerdə olduğu barədə məlumatım yoxdur.
- Paytaxt
küçələrində “Yehova Şahidləriyik” adı
altında insanlara
yaxınlaşırlar, hətta evlərə qədər
gedirlər, söhbətlər
aparırlar, kitablar təqdim edirlər. Bu nə cərəyandır,
onlar kimdirlər?
- O icma ilə bağlı dəqiq məlumatım
yoxdur. Bir ara
onlarla bağlı problemlər vardı. Deyəsən,
məsələ həllini tapıb. Hər bir halda bizə
yad olan, kənar təsirlərdən qorunmaq üçün ənənəvi
dinimizi təbliğ etməliyik ki, hazırda bu istiqamətdə proseslər
davam edir. Müxtəlif verilişlər və
dini ədəbiyyatlar və məqalələr vasitəsilə
görüşlərimiz təbliğ olunur. Amma bu yöndə atılan addımlar davamlı və
ardıcıl olmalıdır.
- “Din qardaşlarımızı
qoruyaq” adı altında aldadılaraq xarici ölkələrə
aparılıb, döyüş poliqonlarında ölən gənclərimiz
oldu. Bəziləri isə aldadıldıqlarını
anlayıb, müxtəlif yollarla geri qayıtdılar. Bu prosesin qarşısı tam şəkildə
alındımı?
- Tam məsuliyyətlə
deyirəm ki, Azərbaycandan o cərəyanlara
qoşunlanların sayı tamamilə məhdudlaşıb. Hətta sıfıra enib. Düzdür, yenə
müəyyən cərəyanlar mövcuddur. İnsanları, gəncləri “tor”a salmağa
çalışırlar. Azərbaycandan xarici
ölkələrdəki münaqişələrə cəlb
edilən insanların sayı kəskin azalıb. Bu da o istiqamətdə aparılan maarifləndirmənin
və ardıcıl fəaliyyətin nəticəsidir. Gənclər, insanlar o döyüşlərdə
iştirak edib, həlak olanların aqibətini gördükdən
sonra əksəriyyət bu yoldan çəkindi. O
döyüşlərə qatılaraq, sağ qalıb, Azərbaycana
qayıdanların peşmanlığını gördülər.
Və bildilər ki, bu cür insanlar kimlərinsə
siyasi maraqları üçün alətə çevriliblər.
Bütün hallarda bu cür məsələlərə
imkan vermək olmaz.
- Azərbaycanda sağlam islamın təbliğində,
eləcə də xarici dairələrin təsirinə məruz
qalanların islah olunmasında, insanların dini cəhətdən
maariflənməsində mətbuatın rolu nə qədərdir
və siz medianın bu sahədəki işindən
razısınızmı?
- Əlbəttə, mətbuatda dini mövzular mütəmadi
işıqlandırılmalıdır. Hazırkı
vəziyyət məni qane etmir. Mediada dini
mövzulara peşəkar şəkildə toxunulumur. Yazılan məqalələrdə səhvlərə
yol verilir. Din həssas mövzu olduğu
üçün daha çox diqqət tələb olunur. Din
sahəsi ilə bağlı jurnalistlərə ciddi təlimlərin
keçirilməsinin tərəfdarıyam. Jurnalistlərə
də ümumi məlumatlar verilməlidir. Bu mövzular
mütəmadi olaraq mətbuatda
işıqlandırılmalıdır. Belə olarsa, əlbəttə, müsbət nəticələrin
şahidi olarıq.
- Bəzi radikal dini qruplar ciddi şəkildə
sosial mediaya ayaq açıblar. Sosial media üzərindən daha
ciddi formada işləyirlər.
Müxtəlif təsiredici ifadələrlə gəncləri
“tor”larına salıb, beyinlərini yumağa
çalışırlar və müəyyən mənada
nail ola bilirlər. Buna nəzarət
etmək mümkündürmü?
- Sosial
mediaya nəzarət mexanizmi yoxdur. Azərbaycanda internet
azaddır, sosial şəbəkələr mövcuddur və insanlar ondan sərbəst
şəkildə istifadə edirlər. Təbii
ki, radikal cərəyanlar sosial platformada çox fəaldırlar
və əsasən sosial şəbəkələr üzərindən
işləyirlər. Başlıca hədəfləri
gənclərdir. Gəncləri ələ
alırlar və öz görüşlərini təbliğ
etməyə çalışırlar. Belə
bir halda Azərbaycanda din xadimləri, dindar insanlar sosial şəbəkələrdə
aktiv olmalıdırlar. Müəyyən
dini informasiyalar din xadimlərinin əlində
toplanmalıdır. Bunun hansısa mexanizmi
tapılmalıdır. Ölkəmizdə
dinə maraq getdikcə artır. Bundan
maksimum şəkildə müsbət mənada yararlanmağa
çalışmalıyıq. Gənclər,
insanlar düzgün, sağlam islama doğru yönəldilməlidirlər.
Din xadimləri sağlam islamla bağlı təbliğatlarını
sosial media vasitəsilə aparmalıdırlar. Dini
ədəbiyyatlar, məqalələr yazıb, sosial şəbəkələrdə
yaymaq gərəkir. Təklif etmişəm
ki, din xadimləri sosial mediada fəal olsunlar. Dini məsələlərlə
bağlı məlumatları, yazıları din xadimləri təklif etməlidir.
Bu məsələlər kənardan idarə
olunmamalıdır. Bunu özümüz
idarə etməliyik. Dini dəyərlərimiz
sosial media vasitəsilə təbliğ olunmalıdır.
Məsələni yalnız bu müstəvidə
həll etmək olar. Çünki məhdudlaşdırıcı
addım atmaq mümkün deyil.
- Bu
işlərdə KİV-lərin fəaliyyətindən
narazı qaldığınızı söylədiniz. Televiziyaların ən güclü təsirə malik
KİV orqanı olduğunu nəzərə alsaq, təəssüf
ki, fikirlərinizlə razılaşmamaq olmur. Hazırda
bəzi telekanallar qalmaqal və reytinq xatirinə
xurafatçıları - ekstrasens, falçıları
efirlərə dəvət edib, evimizin içinə qədər
gətirirlər...
- Əfsuslar olsun ki, cəmiyyətimizdə xurafata
meyillilik var. Xalqın müəyyən kəsimi buna meyl edir. Hansısa bir
müəmmanın həll olunması, qeybdən xəbərlərin
verilməsinə insanlar maraq göstərirlər, bu kimi məsələlərə
meyillənirlər. XXI əsrdir, amma yenə
də insanlara bunun xurafat olduğunu çatdırmağa
çalışırıq. Müəyyən
qisim insan belələrinin təsirinə düşür.
Onlar bundan gəlir
mənbəyi kimi istifadə edirlər. Sizinlə
razıyam. Bu gün efirlərdə bu
cür xurafatçılar təbliğ olunurlar. Faktiki olaraq, öz fikirlərini deyirlər, efirdə
guya eksperimentlər keçirirlər. Belə
olduqda isə həmin xurafatçılara maraq yaranır.
Onlara qarşı əks təbliğat
aparılsa belə, bu, müəyyən qaydalar çərçivəsində
və elmi şəkildə aparılmalıdır. Onlara meydan verilməməlidir. Bəzi
telekanallar onları tənqid etmək adı ilə efirə dəvət
edib, qalmaqal yaradıb, reytinq qazanırlar. Amma
düşünmürlər ki, bununla cəmiyyətə,
insanlara zərbə vururlar. Efirlərdə
xurafatçıların fikirlərini təşviq edirlər.
Onların fikirləri insanlara
aşılanır. Düşünürəm
ki, bu məsələlərlə bağlı din xadimləri,
ziyalılar çıxışlar etməlidirlər. Məscidlərdə, xütbələrdə bu
mövzulara toxunulmalıdır. İnsanlara
izah olunmalıdır ki, bu, dini nöqteyi-nəzərdən
günahdır, xurafatdır. Hətta
sağlam ağla, məntiqə sığmayan əməllərdir.
Amma gərək insanlar da diqqətli olsunlar.
Bəzən sadəlövh insanlar onların
“tor”una düşür. Təəssüf
olsun, bəzən eşidirik ki, hətta savadlı insanlar da
xurafatçılara müraciət edirlər. Halbuki, bu, əqli, dini və məntiqi
düşüncələrə zidd əməldir. Amma bizim ziyalı kimi tanıdığımız bəzi
adamlar bu davranışlara uyurlar. Həmin
mövhumatçılara efirlərdə bu mövzunu izah etmək
mümkün olmur. Onlar efir zamanı din
xadimlərinə danışmağa imkan vermirlər. Əvvəllər onların bir neçəsi ilə
eyni verilişdə olmuşam. Amma daha
onlarla efirə çıxmıram. Həmin
adamlarla sağlam müzakirə aparmaq praktiki olaraq
mümkün deyil. Ona görə də
düşünürəm ki, onlara meydan verilməməlidir.
O adamların normal və sağlam müzakirə mədəniyyətləri
olmur.
- Bəzi
savadsız mollalarla bağlı da ciddi narazılıqlar var.
Daha çox rayon və kənd yerlərində neqativ əməllərlə
məşğul olan mollalara rast gəlmək
mümkündür. Qadın, narkotik alveri və pivə biznesi
ilə məşğul olan mollalar var. Bu adamlar həm neqativ əməllərlə
məşğul olurlar, həm də yas mərasimlərini
idarə edirlər. Çox hallarda isə lağ obyektinə
çevrilirlər. İnsanlar belələrini ciddi qəbul
etmir. Lakin kənd yerlərində başqa molla
olmadığı üçün mərhumun yaxınları
məcbur qalıb yas mərasimini belələrinə həvalə
etməli olurlar. Sizcə, vəziyyət niyə düzəlmir?
- Ümumiyyətlə, din xadimləri cəmiyyətdə
müsbət imic və reputasiyaya malik olmalıdırlar. Din
xadimləri təkcə yas mərasimlərini idarə etmək
üçün deyil. Onlar yaşadıqları bölgədə
bir etalon kimi təqdim olunmalıdır. Hörmət, nüfuz
sahibi olmalıdırlar. Əxlaqi cəhətdən nümunə
ola biləcək adamlar olmalıdırlar. Bu, ən vacib məsələlərdən
biridir. Belə olmadıqda, din xadimlərinin sözü ilə
əməli üst-üstə düşmədikdə kənar
təsirlər güclənir. İnsanlar ehtiyaclarını
ödəməyə çalışırlar və bunun
üçün sosial mediaya üz tuturlar. Burada da müxtəlif
təsirlərə məruz qalmaları bəzən
qaçılmaz olur. Ona görə də bu birlik ölkə
daxilində din xadimləri tərəfindən təmin edilməlidir.
- Bu məsələlərə
hansı qurum nəzarət etməlidir?
- Buna Qafqaz Müsəlmanları İdarəsi
(QMİ) nəzarət edir. QMİ-də attestasiya komissiyası
var. Din xadimləri attestasiyadan keçir və onlara rəsmi sənəd
verilir. Amma sənədsiz fəaliyyət göstərən
din xadimləri də var. Onların QMİ-yə heç bir
aidiyyəti yoxdur, müstəqil şəkildə fəaliyyət
göstərirlər. Kənd və rayon
yerlərində nəzarətdən kənarda qalırlar.
Amma, ümumiyyətlə, işə peşəkar
mütəxəssislərin cəlb olunması prosesi gedir.
İlbəil bu prosesdə irəliləyişlər
müşahidə olunur. Amma birdən-birə
bütün bölgələri peşəkar, savadlı din
xadimləri ilə təmin etmək mümkün olmur. Bu, davamlı prosesdir. Bu kimi
neqativ halları aradan qaldırmaq üçün yeni peşəkar
kadrların yetişdirilməsinə ehtiyac var. Artıq Azərbaycanda
İlahiyyat İnstitutu fəaliyyət göstərir. Eyni zamanda QMİ-də də müəyyən tədris
müəssisələri yaradılır. Yəni,
bu istiqamətdə ciddi addımlar atılır. Amma bundan qısa müddətdə nəticə
gözləmək mümkün deyil. Sovetlər
birliyi dağıldıqdan sonra bu sahədə boşluqlarla
qarşılaşdıq. Bu boşluğu
doldurmağa çalışırıq.
- Bilirik ki, hacı, məşədi,
kərbəlayi titulları müqəddəs statuslardır. Bəzən bunu da gülüş obyektinə
çevirirlər. Təbii ki, xeyli haqlı səbəb
də var. Məsələn, adam var
hacıdır, amma məşğul olmadığı neqativ əməl
yoxdur. Hətta bəzi müğənnilər də
bir-birinə “Sənin də “həcin” varmı” deyə replika
atırlar. Vəziyyət niyə bu həddə
gəlib çıxdı?
- Uzun illər QMİ-nin təşkil etdiyi Həcc ziyarəti prosesində fəaliyyət göstərmişəm. Hazırda da bu ziyarət qruplarına rəhbərlik edirəm. Qrup rəhbəri olaraq dini ayinlərin icrasına yardım göstərmək məqsədilə ziyarətlərdə oluruq. Gənc və yaşlı nəslin çoxlu sayda nümayəndələri var ki, o ziyarətlərə səmimi olaraq gedirlər və ayinləri diqqətlə izləyirlər. Böyük şövqlə o əməlləri yerinə yetirirlər. Amma şan-şöhrət üçün gələnlər də olur. Cəmiyyətdə, insanlar içində hacı statusundan sui-istifadə etmək üçün gedənlər də var. Bunu hər hansı formada tənzimləmək mümkün deyil. Hər halda nümunəvi insanların, zəvvarların sayı çoxalarsa, digərləri onların kölgəsində qalar. Sağlam insan yetişdirmək lazımdır. Onlarla xeyirxah din xadimi, insan tanıyıram ki, şəhid ailələri, qazilər və sosial şəraiti ağır olan ailələrə yardımlar göstərirlər. Amma adlarının hallandırılmasını istəmirlər. Amma o addan istifadə edənlər xırda bir iş gördükdə, özlərini reklam edirlər. Sonra da nalayiq hərəkətlərə yol verirlər. Təəssüf ki, cəmiyyətimizdə belələri də var. Amma biz ictimaiyyətə sağlam insanları təqdim etməliyik.
Ayyət Əhməd
Şərq 2020.- 23 yanvar.- S.5.