“Filmin mövzusu
vacib amildir”
Aygün Aslanlı: Hətta müasir
kino klassikanı təkrarlayır kimi görünür"
Son dönəmlər çəkilən yerli filmlərin
keyfiyyətindən narazılıq edilir. İstər bədii
filmlərin, istərsə də serialların senari zəifliyi,
rejissor işində qüsurlar və digər problemlər cəmiyyətdə
də müzakirələrə səbəb olur. Biz niyə maraqlı ekran əsərləri çəkə
bilmirik, çəkdiyimiz filmlər niyə
inandırıcı deyil.
«Şərq»in suallarına
kinoşünas Aygün Aslanlı cavab verdi.
- Kino,
film insanın intellektinə, həyata baxışına təsir
edə bilirmi?
- Təbii
ki, kino çox ciddi bir sənət əsəri olduğu
üçün onun tamaşaçıya təsir qüvvəsi
də böyükdür. Təbii ki, söhbət
ciddi kino sənətindən, keyfiyyətli ekran əsərindən
gedir.
- Onda niyə
rejissorlar arasında belə bir deyim var ki, "Çox filmə
baxma, quruyarsan", çox filmə baxmaq təxəyyülü
qurudur?
- İnanın, ilk dəfə eşidirəm. Doğrusu,
heç eşitməmişəm. Yanlış,
absurd fikirdir. Kino insan taleyindən, yaşam
tərzindən bəhs edir. Kino həyatı
anladır, göstərir. Buna göz yummaq
ağılsızlıq deyilmi?
- Sizcə,
bizdə film çəkənlərin hamısının kino
sahəsindən xəbəri var, dünya kinolarını izləyib,
kino barədə oxuyublar. Axı hər yerindən duran bu
gün kino çəkmək istəyir...
- Oxumadan,
filmlərə baxmadan dünya kinosunda gedən proseslərdən,
köhnə, yeni tendensiyalardan, rejissorlardan
necə xəbər tutmaq olar?
Qodardan tutmuş Tarantinoya, Dəmirkubuza qədər
bütün rejissorlar filmlərə baxa-baxa rejissor olublar,
özü də sıradan yox, kino tarixinə öz
imzasını qoyan rejissorlar. Oxuyub-yazmağı bacarmayan bircə
dahi tanıyıram: gürcü rəssamı Niko Pirosmani. Onu da dahi eləyən rəsmlərinin ibtidai təbiiliyidir.
Zatən özü də primitivizm cərəyanının
nümayəndəsi sayılır.
- Bizim rejissorlara
yaxşı film çəkmək üçün sizcə nə
mane olur?
- Məncə,
bizim rejissorların təxəyyülünü qurudan
konformizm, güclü özünüsenzura, bir də şəxsiyyətə
pərəstişdir. Şəxsiyyətə pərəstiş
– yəni bir, ya da bir neçə rejissoru,
yazıçını və sair seçirlər, bayıla-bayıla
filmlərinə baxırlar, əsərlərini oxuyurlar,
bioqrafiyalarını əzbərləyirlər, amma
sorğu-sual, analiz eləmirlər, ən əsası həyat
təcrübəsinə çevirməyi bacarmırlar. Sadəcə pərəstiş. Məsələn,
sizə Tarkovskidən nə qədər istəsəz, sitat gətirərlər
- ideyalarından, fəlsəfəsindən, bütün filmlərini
əzbər danışırlar, nazirlik film çəkməyə
icazə verəndə filmlərində Tarkovskiyə göndərmələr
eləyirlər. Ancaq Tarkovski o filmləri
çəkmək üçün hansı məhrumiyyətlərlə
üzləşib, ölkəsindən necə didərgin
düşüb, necə xərçəngə tutulub,
bunları unudurlar.
Halbuki,
Tarkovskini Tarkovski eləyən sadəcə kameranı 3 dəqiqə
eyni nöqtəyə tuşlamağı deyil, o məqama gətirib
çatdıran intellekti, üstəgəl, həyat təcrübəsi,
cəsarəti, narahatlığıydı.
-
Açıqlamalarınızda, müsahibələrinizdə
nazirliyi tez-tez suçlayırsız. Azərbaycan
filmlərinin zəifliyində onları da günahkar
sayırsız?
- Buna
suçlama deməzdim. Sadəcə mən
olanları dilə gətirirəm. Başqaları
kimi mən də yalandan tərifləsəm, onda kinoya xəyanət
etmiş olaram. Nazirlikdən mərhəmət
uma-uma yaşayan rejissorun Tarkovski olması
qeyri-mümkündür. Təxəyyülü
də məmurların təxəyyülünün icazə
verdiyi çərçivədə olacaq.
- Bu
günlərdə bir tənqidiniz də müzakirələrə
səbəb oldu. Qeyd etdiniz ki, «Arxada
qalmış gələcək» filmini çəkərkən
göstəriş verilib ki, əsgərlərin geyimləri təmiz
olmalıdır.
- Bəli,
mən həqiqətləri deməyə
çalışdım. Dövlət
sifarişi ilə film çəkilir, müharibədən
film çəkilir. Amma göstəriş
verilir ki, filmdə kadrlarda əsgərlərin geyimi təmiz
olmalıdır. Bu nə qədər
doğrudur. Film çəkərkən hər
tərəf buna maraqlı olmalıdır. İdeoloji səviyyədə filmlərin çəkilişinə
müdaxilələr olur. Misal
üçün, Rüfət Əsədovun «Arxada
qalmış gələcək» filminin çəkilişində
tələb olunmuşdu ki, əsgərlərin geyimi təmiz
olsun. Müharibədə, səngərdə olan əsgərin
geyimi nə qədər təmiz ola bilər
ki? Mən tamaşaçıyam. Deyək ki, müharibədə iştirak edən bir
insan o filmi izləyəndə nə qədər o filmə
baxanda inana bilər. Axı film
inandırmalıdır. Meşənin
içində əsgər gedir, paltarı tər-təmizdi.
Bu nə qədər inandırcı görünər?
Buna inanmazlar.
- Biz niyə
filmlərimizi inandırıcı çəkə bilmirik?
- Çünki filmlərimizdə
pafos var. Lazımsız şüarlar var - Vətən! Torpaq
uğrunda ölmək lazımdır! Filan.
Film bunları sevmir. Bilirsiz,
müharibə filmi çəkərkən mütləq deyil
ki, orda güllə atılsın, ayaq kəsilsin. Bunlar təsir vasitəsi deyil. Pafosdan uzaq film
çəkməklə də kinonu təsirli təqdim etmək olar. «Nabat» filmi niyə
uğur qazandı, festivallarda maraqla qarşılandı.
Çünki film müharibədən bəhs
etsə də, müharibə səhnəsinə rast gələ
bilməzsiz. Filmdə bir dənə sonda əsgərlər gəlir
kəndi boşaldırlar. Müharibədən
çəkilib. Amma müharibə səhnəsi
yoxdu. Film bir insanın faciəsini göstərir.
Bir qadının timsalında bir insan taleyinə
diqqət yönəlir. Qadın hər gecə
gəlir, kənddə olan evlərin işıqlarını
yandırır. Boş kəndin
işıqlarını yandırır ki, kənd boş
görünməsin. Filmdə insanla
empatiya qura bilir tamaşaçı. Anadır,
təkdir, oğlunu itirib, qəbirləri ziyarət edir. Acını yaşarkən
o hissələri mütləq deyil çığıraraq,
qışqıraraq, sentimental musiqinin təsiri altında deyəsən. Rejissor
o hissləri pafossuz da təsirli təqdim edə bilər.
Sadəcə müəyyən elementlərdən
istifadə edilir. Dünyanın bir
çox ölkələri müharibə yaşayıb.
Yəni dünya üçün Azərbaycandakı
müharibə maraqlı deyil. Qarabağ
qaçqını ingilis üçün maraqlı deyil.
Avropa üçün insan faktoru vacibdi. Onlar burdan baxa bilirlər hadisələrə. Ona görə də ağlamaqla, pafosda Vətən
deməklə Qarabağ haqqında film çəkmək
gülməli görünür.
- Klassik
kino ənənələri mövcuddur. Bir də
bu gün çəkilən ciddi, amma müasir film tərzləri.
Aralarında fərq çoxmu
böyükdü?
- Əslində çətin sualdı. Fikrimcə,
baxanda prinsipial fərq yoxdu. Hətta
müasir kino klassikanı təkrarlayır kimi
görünür. Filmin mövzusu vacib
amildi. Mövzular da bəşəri
olduğundan hər zaman aktualdı - mərkəzdə insan
dayanır. İnsanın mənəvi, sosial problemləri,
özünüdərk prosesi, kütlə və fərd
münasibətləri və s. Amma digər tərəfdən,
çox ciddi bir fərq var. Rus dokumentalisti Marina
Razbejkinanın sözləri ilə cavab verim: “Klassik kino -
rejissorlar monoloq vəziyyətində, özlərinə
qapalı halda mövcud idilər, dialoqa ehtiyac duymurdular,
müasir kino isə əksinə, real məkan və real
zamanla dialoqa can atır”.
-
Tamaşaçı onları başa düşə bilirdi? Ya
da bu gün tamaşaçını inandırmaq bu günün
rejissorları üçün
maraqlıdır?
-
Tamaşaçı onu başa düşür, ya yox - bu,
klassikləri maraqlandırmırdı. Əksinə,
sanki anlaşılmamaq üçün əllərindən gələni
eləyirdilər, müasir kino isə bütün vasitələrlə
tamaşaçıya təsir eləməyə, qavranmağa
can atır. Bu gün xətti narrativin önə
çıxması, qeyri-peşəkar oyunçulardan istifadənin
aktuallaşması - hamısı buna xidmət eləyir:
tamaşaçı ekranda özünü görsün. Klassik kinoda isə dominant - müəllif idi. Yadıma Ayaz Salayevin müasir kinodan şikayəti
düşdü. Hər dəfə təzə
filmlər haqqında fikrini soruşanda deyir ki, indiki filmlərə
baxa bilmir, çünki onlarda burnunu eşələyən,
ayağını qaşıyan adamları göstərirlər.
Amma köhnə filmlərin qəhrəmanları, hətta
aşağı təbəqədən olanda da, ziyalı
obrazındaydılar və ali şeylər
haqqında düşünürdülər, onlar uğrunda
mübarizə aparırdılar. Müasir kino ilə
klassika arasındakı fərqin kobud izahı da budur.
-
Türkiyə öz 19-20-ci əsrlər klassik ədəbiyyatını
seriallara çəkdi. Rəşad Nuri Güntəkin
kimi yazıçıların əsərlərindən
uğurlu seriallar çıxardılar. Azərbaycanda
seriallar üçün belə klassik roman və hekayələrə
müraciət edilə bilərdi?
- Niyə olmur ki? Lap da
gözəl olardı. Düzü, bu
sualın cavabı məni də çox maraqlandırır.
Hər dəfə yerli seriallardan
danışanda mütləq bu mövzuya da toxunuruq. Azərbaycan ədəbiyyatının böyük
hissəsi - İlyas Əfəndiyevin, Salam Qədirzadənin,
Bayram Bayramovun, Mirzə İbrahimovun əsərləri serial
üçün ideal materialdır. İlyas Əfəndiyevin
“Dağlar arxasında üç dost”, “Söyüdlü arx”
romanlarını birləşdirib 100 seriyalıq serial çəkmək
olar. Salam Qədirzadənin “46 bənövşə”si,
“Qış gecəsi” də həmçinin. Tamaşaçıya da tanışdı, seviləndi.
Sadəcə cüzi dəyişiklik, dövrə "adaptə"
eləmək lazımdı ki, az maliyyə
sərf olunsun. Mənim üçün də
müəmmadı, niyə serial istehsalçıları, bu qədər
hazır material varkən özlərindən saxta, yad
süjetlər uydururlar. Niyə, məsələn,
serial sənayesində uğurun zirvəsində olan müasir
Türkiyənin təcrübəsindən istifadə eləmirlər,
90-cı illər Latın Amerika seriallarını
yamsılayırlar. Bu, nə biznes, nə
adi - ümumiyyətlə, heç bir məntiqə
sığmır.
- Son
zamanlar Azərbaycanda çəkilən film və
teleseriallarda küçə jarqonları, başqa dillərə
məxsus ifadələr, qabardılmış məişət
söhbətləri və söyüşlərdən
geniş istifadə olunur.
- Hər
kəs həyatda söyüş söyür, rus sözlərindən
istifadə edir. Biz bir yandan təqdim olunan filmlərdən
təbiilik tələb edirik, digər tərəfdən isə
təbii ifadələrin əleyhinə
çıxırıq. Əgər
personajın təbii alınması üçün nitqində
həmin sözlərin istifadəsi lazımdırsa, o sözlər
istifadə olunmalıdır. Görün dünya film
çəkilişində nələrə nail olub, amma biz
filmdə söyüşdən istifadəni müzakirə
edirik. Filmin təbii alınması
üçün həmin ifadələrdən istifadə
normaldır. Son filmlər arasında
«Sonuncu pərdə» kimi filmləri nəzərdə
tutursunuzsa, bu normaldı.
Şərq.-2020.- 25 yanvar.- S.13.