Baxışlar dəyişir
Qarabağa tezliklə sülh
gələcək
Erməni toplumu üçün ən optimal variant əməkdaşlıq qapılarını açmaqdır
Son günlər Ermənistan
hökumətindən müsbət
notlar və siqnallar eşidilməkdədir. Ötən həftə
sonu Baş nazir Nikol Paşinyan
və Ermənistan Təhlükəsizlik Şurasının
katibi Armen Qriqoryan qonşu Türkiyə və Azərbaycanla münasibətləri
korrektə etməyin və kommunikasiyaları açmağın zəruriliyi
barədə danışıblar.
Şübhə yox ki,
regional iqtisadi əlaqələrin
bərpası ilk növbədə
dərin böhran içində olan Ermənistanın özünə
lazımdır. Dünən Prezident
İlham Əliyev də Rusiya Federasiyası Hökuməti
sədrinin müavini
Aleksey Overçuku qəbul
edərkən münaqişədən
sonrakı dövrdə
vəziyyətin bütövlükdə
müsbət istiqamətdə
inkişaf etdiyini deyib.
Dövlət başçısı qeyd edib ki,
üçtərəfli İşçi
Qrupu çərçivəsində
işlər uğurla
gedir: “Çox intensiv məsləhətləşmələr
aparılır. Bu məsələ barədə
mənə vaxtaşırı
məruzə edirlər.
Şadam
ki, qəbul edilmiş qərarın düzgün olması təsdiqlənir, ən başlıcası, artıq
konkret nəticə var”. Prezident bildirib ki, artıq
həm əyani, həm də videokonfrans formatında beş iclas
keçirilib: “Müzakirə
üçün mövzu
var və bu mövzu həm
iqtisadi preferensiyalar, həm regional əməkdaşlıq,
həm də bizim regionda təhlükəsizliyin və
sülhün möhkəmlənməsi
baxımından vacibdir.
Xüsusən ona görə
ki, münaqişədən
sonrakı dövrdə
vəziyyət bütövlükdə
müsbət istiqamətdə
inkişaf edir, eskalasiya riskləri minimaldır. Təbii ki,
əməkdaşlıq elementləri
nə qədər çox olsa, təhlükəsizlik və
sabitlik də bir o qədər möhkəm olacaq. Ona görə də biz bu gün həmin
məsələləri müzakirə
edəcək, sonrakı
addımlarımızı və
fəaliyyətimizi planlaşdıracağıq”.
Ermənistan Baş naziri Nikol Paşinyanın dilindən də müsbət açıqlamalar
gəlməkdə davam
edir. Məsələn, Paşinyan ötən
həftəsonu yerli əhali ilə son görüşündə bir
daha bölgədə
kommunikasiyaların açılması
zəruriliyindın danışıb
və bəyan edib ki, bunun
nəticəsində ölkə
iqtisadiyyatı və sənayesinin inkişafı
mühüm şans qazanacaq. Bu kontekstdə
baş nazir regiondakı nəqliyyat infrastrukturlarının blokadadan
çıxarılmasının vacibliyini vurğulayıb:
“Biz bəzi qərarlar
verməliyik. Bilirsiniz ki,
Rusiya və İrana gedən dəmir yollarımız Azərbaycandan keçir.
Və anlamalıyıq ki, Azərbaycana öz ərazimizdən yol verməyənə kimi onun ərazisindən keçə bilmərik.
Mövcud marşrutlardan qarşılıqlı
şəkildə istifadə
etməyi bacarmalıyıq”.
Baş nazirin sözlərinə görə,
bölgəyə münasibəti
dəyişdirmək lazımdır:
“Bəli, regionda düşmənlərimiz var,
amma gəlin fiksə edək ki, biz onları daha çox düşmən saydıqca
onlar da bizi düşmən hesab edəcəklər. Bölgədə Ermənistan ətrafında
əlverişli atmosfer
yaratmalıyıq. Bunun üçün
də bölgəyə
baxışımızı dəyişdirməliyik”.
Öz növbəsində baş
nazirin müavini Mqer Qriqoryan da parlamentin iclasında deyib ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi
ilə regionda sovet dövründə mövcud olmuş bütün kommunikasiyaların
açılmasını müzakirə
edir və bununla bağlı “yol xəritəsi” artıq hazırdır. Xarici işlər naziri Ara Ayvazyan isə
parlamentin xarici əlaqələr komissiyasının
iclasında bəyan edib ki, sülhün
bərqərar olmasının
bölgədə hansı
perspektivlər yarada biləcəyini hamı başa düşür.
Onun sözlərinə
görə, tarixdə
faciəli keçmişi
olan ölkələrin
siyasi iradə sayəsində mehriban qonşuluq münasibətləri
qurmağı bacarması
haqda bir çox nümunə var: “İrəvan bölgədə özünə
düşmən axtarmır,
ona görə ki, sülh və
barışığın dəyərini çox yaxşı bilir. Erməni diplomatiyası bundan sonra qonşularla münasibət qurmaqda daha praqmatik olacaq”. Əlbəttə, regionda sülh
və qarşılıqlı
əməkdaşlığın bərpası yönündə
Ermənistan rəhbərliyinin
bu cür açıqlamaları vacibdir,
lakin əfsus ki, yetərli deyil. Çünki əsas məsələ
onları qısa zamanda həyata keçirməkdir. Aydındır ki, Paşinyan və komandasına buna nail olmaq asan olmayacaq. Çünki kapitulyasiya edən
ölkədə “müharibə
partiyası” tərəfdarları
çoxluqda olmasa da, təşkilatlanma, maliyyə və xaricdəki erməni lobbisinə ciddi bağlılıq baxımından
xeyli güclüdür.
Ancaq rəy sorğuları göstərir ki, əhalinin 70 faizi Azərbaycanla yeni müharibə arzulamır.
Revanşist müxalifətin reytinqi isə hakim qüvvədən çox
aşağıdır. Bir sıra təhlilçilərin
fikrincə, iyunun 20-nə
təyin olunmuş seçkilərdə Paşinyan
komandasının qələbə
qazanmaq şansı çoxdur. Bu da ilk növbədə onunla izah olunur
ki, xalq müharibələrdən yorulub
və indi daha çox dinc və qurucu
həyat arzusundadır.
Belə perspektivi isə indiki halda Paşinyan
hökuməti təmin
edə bilər.
“Joxovurd” qəzeti
yazıb ki, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər
edəcək və bu ziyarət çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşəcək.
Putinlə Paşinyan 44 günlük
müharibədən sonra
ilk dəfə yanvarın
11-də görüşüblər.
Görüş üçtərəfli formatda baş tutub və həmin
görüşdə Azərbaycan
Prezidenti İlham Əliyev də iştirak edib. Martın
26-da isə Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı
olub. Onlar Azərbaycanın Qarabağ bölgəsindəki
vəziyyətə dair
fikir mübadiləsi aparıblar.
Erməni tərəfində müharibədəki
acı məğlubiyyətdən
dolayı etiraflar da artmağa başlayıb. Görünür, erməni ictimaiyyəti
də yavaş-yavaş
bölgədəki yeni
reallıqla barışmaq
məcburiyyətində qalıblar.
Erməni
politoloq Samvel Ovannisyan bildirib ki, müharibədə daha güclü olan qalib gəlir:
“Azərbaycanın bizdən
güclü olduğu
ortaya çıxdı,
çünki onun dəqiq iqtisadiyyatı, bir çox qardaş ölkəsi var.
Bu, tarixi həqiqətdir
və ermənilər
bununla barışmalıdırlar”.
Ovannisyanın sözlərinə
görə, reallıq
budur ki, Paşinyan ölkəni müflis edilmiş və xaraba vəziyyətdə, böyük
xarici borcla, əhalisi köç edən, istehsalatı məhv edilmiş, enerji mənbələrindən
asılı ölkə
olaraq qəbul edib: “Ermənistan baş nazirinin tənqidçiləri Paşinyanın
ölkəni hansı
vəziyyətdə təhvil
aldığını və
hansı geosiyasi reallıqlarda yaşadığımızı
unutmamalıdır”.
Ermənistan Prezidenti Armen Sarkisyan “RBC”-yə müsahibəsində regional əməkdaşlıqdan
bəhs edib. Prezident deyib ki, Ermənistanla Azərbaycan arasındakı
münasibətlərin normallaşmasından
danışmaq üçün
bir sıra məsələlərin həllinə
ehtiyac var: “Münasibətləri normallaşdırmaqdan
və ya hər hansı bir layihədən danışmazdan əvvəl
həll edilməsi lazım olan məsələlər var. Bunun
üçün Azərbaycan
bütün hərbi əsirləri geri qaytarmalıdır”.
Millət vəkili Asim Mollazadə “Şərq”ə
bildirib ki, Baş nazir Nikol Paşinyan Ermənistanın başqa
çıxış yolunun
olmadığını çox
gözəl anlayır. Deputatın
sözlərinə görə,
erməni əhalisinin
böyük hissəsi
hərbi cinayətlər
törətmiş köhnə
rəhbərlərə nifrətlə
yanaşır:
“Reallıq odur ki, erməni xalqı müharibə istəmir. Ağlı başında olan ermənilər nəhayət normal dövlətə çevrilmək, sosial-iqtisadi problemlərin həllini görmək
niyyətindədirlər. Ermənistandakı mövcud
problemlərin həlli isə bütün
qonşularla əməkdaşlıq etmək,
normal əlaqələr qurmaqdır. Paşinyan seçkiyə bu
platforma ilə gedir. Ona müxalif olan qüvvələr isə revanşist
düşüncələrdən əl çəkmir və yeni müharibə
çağırışları ilə
çıxış edirlər. Ancaq Ermənistan
xalqının böyük əksəriyyəti
bu təcavüzkar siyasətə
qarşıdır. Beynəlxalq araşdırma mərkəzinin
rəy sorğuları da bunu
sübut edir. Paşinyan indiki şəraitdə
düzgün seçim
edərək, xalqın tamamilə məhv olma
yolunu deyil, əksinə,
ölkənin iqtisadi dirçəlişini
və inkişafını əsas götürür.
Baş nazir fərqindədir ki,
bölgədə kommunikasiyaların açılması, normal qonşuluq siyasəti
və ərazi iddialarından vaz keçmək
birbaşa Ermənistanın tərəqqisi
deməkdir. Əgər regional kommunikasiyalar bərpa edilməzsə, yaxud Ermənistan bundan kənarda
qalarsa, ölkənin iqtisadi
durumu heç vaxt düzəlməyəcək. Erməni
toplumu üçün
ən optimal variant əməkdaşlıq
qapılarını açmaqdır. Korrupsiyaya
batmış hərbi cinayətkarların heç
bir vədi, təhriki erməni
xalqının diqqətini çəkmir. Qarabağ
müharibəsində ölmüş ermənilərin
yaxınlarının genişmiqyaslı aksiyaları da göstərir ki, əhali
yeni müharibə istəmir və ciddi surətdə buna
qarşı çıxırlar”.
Politoloq
Tofiq Abbasov da “Şərq”ə vurğulayıb ki, Ermənistanda
“ölkənin müqəddəratının həlli” adı
altında hakimiyyət uğrunda qızğın mübarizə
gedir:
“Çəkişmələr
hər gün yeni müstəviyə çıxır,
meydanda olan bütün qüvvələr müxtəlif
qarayaxma kampaniyalarından istifadə edirlər. Bir-birilərini
qarşılıqlı ittiham edərək
düşmənçiliyi artırırlar. Paşinyan
isə indiki vəziyyətdə az-çox sağlam
qüvvə kimi çıxış edir. Baş nazir yenidən müharibəyə meylinin olmadığını açıqca
vurğulayır. Məhz bu mesajın
verilməsi heydən düşmüş
erməni xalqı üçün çox vacibdir. Hazırda
Ermənistana praqmatik və sağlam ruhlu rəhbərlər
lazımdır.
“Qarabağ klanı”nın məramı isə müharibəni yenidən başlatmaqdır. Ancaq erməni xalqı anlayır ki, Koçaryan və Sarkisyan erməni faciəsinin memarlarıdır. Ona görə də sabiq rəhbərlərin boş vədlərinə inam yoxdur. Ermənilər dərk edirlər ki, torpaq iddialarının əsası yoxdur və yeni iddialar növbəti məğlubiyyətdir. 30 ildən sonra Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi göstərdi ki, xalqımız bir qarış torpağını belə düşmənə güzəştə getmək düşüncəsində olmayıb və olmayacaq. Məğlub Ermənistan heç vaxt Azərbaycana öz prioritetlərini diktə edə bilməz. Bundan sonra söz sahibi haqlı və güclü Azərbaycandır. Ermənilər bu reallığı dərk edərək sülhpərvər siyasətə üstünlük verən siyasi komandaya səs verməlidirlər”.
İsmayıl Qocayev
Şərq 2021.- 2 aprel.- S.11.