Zəngəzur
dirçəliş dəhlizi olacaq
Bakı yeni nəqliyyat
imkanlarını gerçəkləşdirmək
üçün bütün maneələri dəf edəcək
Vətən
müharibəsində qazandığımız tarixi qələbə
ölkəmiz üçün yeni inkişaf perspektivləri
açmaqla yanaşı, həm də onun dünyadakı
siyasi çəkisini daha da artırdı
Rusiya, Azərbaycan
və Ermənistan rəhbərləri arasında
imzalanmış 10 noyabr 2020-ci il və 11
yanvar 2021-ci il tarixli bəyanatların icrası davam edir. Aprelin 7-də Ermənistan Baş naziri Nikol
Paşinyanın Rusiyaya gözlənilən səfəri və
dövlət başçısı Vladimir Putinlə
görüş ehtimalı da üçtərəfli
anlaşmaların həlli prosesininin tərkib hissəsi kimi dəyərləndirilir.
Kremlin mətbuat xidmətinin yaydığı məlumata
görə, Putin Paşinyanla Qarabağdakı problemlərin həlli
ilə bağlı addımları və inteqrasiya proseslərini
müzakirə edəcək.
Həmçinin, danışıqlar zamanı
üçtərəfli bəyanatların icrasının
gedişatı, eləcə də Cənubi Qafqaz regionunda
iqtisadi və nəqliyyat əlaqələrinin bərpası
kontekstində müzakirələr aparılacaq. Ehtimallara
görə, kommunikasiyanın açılması ilə
bağlı razılaşmaya dair rəsmi sənədin
imzalanmasına hazırlıq gedir. 11 yanvar sazişində
nəzərdə tutulmuş üçtərəfli
işçi qrupun Rusiyadan olan həmsədri, baş nazirin
müavini Aleksey Overçukun bir müddət öncə
Bakı və Yerevana səfəri zamanı da bu məsələnin
müzakirə predmeti olduğu qeyd olunur. Çünki
əldə edilmiş iki razılaşmanın həyata
keçməsi ilk növbədə məğlub tərəf
kimi daha böyük öhdəliklərə imza atan Ermənistandan
və onun rəhbərliyindən asılıdır. Şübhəsiz, Ermənistan tərəfi
götürdüyü öhdəliklərdən boyun
qaçıra bilməz.
Bu, Rusiya rəhbəri Vladimir Putinin dediyi kimi,
özünəqəsd olardı. Ona görə ki sənədlərin
altında Rusiya prezidentinin də imzası durur və Moskva hər
iki anlaşmanın həyata keçməsində maraqlı
olduğunu dəfələrlə rəsmi İrəvanın
diqqətinə çatdırıb. Hərçənd,
Ermənistanın daxili-siyasi böhrandan çıxmaq
üçün erkən seçkilər zolağına girməsi
Paşinyana Kremldən və hətta Bakıdan bəzi
imtiyazlar və kömək istəməsi fürsəti
yaradır. Hər halda 20 iyun seçkilərindən
sonra Paşinyanın iqtidarda qalması Moskvanın yaxın
perspektiv maraqlarına cavab verir. Baş
nazir Paşinyanın iqtidarda qalması Azərbaycanın da
maraqlarına uyğundur. Rusiyalı tanınmış
siyasi və hərbi ekspert İqor Korotçenko deyib ki,
Paşinyanın bu həftə Moskvaya edəcəyi səfərin
əsas məqsədi Ermənistanda növbəti hakimiyyət
müddəti üçün Moskvadan “knyazlıq” etiketi əldə
etməkdir: “Moskvada Ermənistanın baş nazirinə bir daha
Zəngəzur nəqliyyat dəhlizi layihəsinin icrasına ən
qısa müddətdə başlamağın zəruriliyi
izah ediləcək”. Korotçenkonun toxunduğu
məsələ olduqca aktualdır. Həm
bugünədək müzakirə olunan məsələlər
fonunda, həm də gələcək perspektiv
üçün ən mühüm element məhz Zəngəzur
dəhlizinin tezliklə reallaşmasıdır. Çünki həyata keçirilməsi nəzərdə
tutulan əsas layihələrin aqibəti birbaşa Zəngəzur
dəhlizinin reallaşmasından asılıdır. Naxçıvanla Azərbaycanın digər ərazilərini,
dolayı yolla türk dünyasını birləşdirəcək
Zəngəzur dəhlizinin önəmi ilə bağlı
ekspertlərlə yanaşı dövlət
başçısı İlham Əliyev də mühüm
mesajlar verib. Dövlət
başçısı dəfələrlə
vurğulayıb ki, rəsmi Bakı Zəngəzur dəhlizinin
açılması istiqamətində bütün
addımları atacaq və qarşısına çıxan
maneələri dəf edəcək. Prezident
İlham Əliyev Türk Şurasının Zirvə
görüşündə bu məqama yenidən toxundu.
Bəyan etdi ki, Qarabağ problemi hərbi-siyasi yollarla həll
olundu.
Artıq tam əminliklə demək olar ki, “Dağlıq
Qarabağ münaqişəsi” öz həllini tapıb:
“Dağlıq Qarabağ adında hazırda hər
hansı bir ərazi vahidi yoxdur. Azərbaycan bu məsələni
həll edib, tarixi Zəfər əldə edib və
dağıdılmış ərazilərdə bərpa
işləri başlayıb. Müharibə
başa çatdı, münaqişə tarixdə qaldı və
yeni imkanlar yarandı. Onların arasında
hesab edirəm ki, ən vacib imkan nəqliyyat
imkanlarıdır. Bu gün biz artıq Zəngəzur
dəhlizi üzərində çox fəal
çalışırıq. Naxçıvanda
keçirilmiş Zirvə görüşündə mən
demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb
Ermənistana birləşdirmək türk
dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq,
görərik ki, sanki bizim bədənimizə xəncər
saplanıb, türk dünyası parçalanıb. Qədim Azərbaycan torpağı olan Zəngəzur
indi türk dünyasının birləşməsi rolunu
oynayacaq. Çünki Zəngəzurdan
keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri
bütün türk dünyasını birləşdirəcək,
eyni zamanda, digər ölkələr üçün əlavə
imkanlar yaradacaq. O cümlədən Ermənistan
üçün. Ermənistanın hazırda
onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi
yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan
ərazisindən yarana bilər. Ermənistanın
onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur.
Naxçıvan vasitəsilə bu dəmir yolu
təmin edilə bilər. Azərbaycan
Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə
ilə birləşir, Orta Asiya Avropa ilə birləşir.
Yəni yeni nəqliyyat dəhlizi
yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə
start verib. Əminəm ki, tərəfdaş
ölkələr də bu imkanlardan istifadə edəcəklər”.
Siyasi şərhçilərin fikrincə, Zəngəzur
dəhlizinin istifadəyə verilməsi Azərbaycanı
regionun nəqliyyat qovşaqlarının dəhlizinə
çevirəcək. Azərbaycan Şərq-Qərb və
Şimal-Cənub nəqliyyat dəhlizlərinin
formalaşmasında yaxından iştirak edir, birbaşa həmin
nəqliyyat dəhlizlərinin regional hissəsinin
inkişafına, həm də maliyyə dəstəyi
nümayiş etdirir.
Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi
vasitəsilə həmin nəqliyyat dəhlizlərinə
çıxışını təmin edəcək. Xüsusən də Şərq-Qərb
nəqliyyat dəhlizinə naxçıvanlı iş
adamlarının çıxışının təmini
baxımından əhəmiyyətli olacaq. Dəhliz
Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar
Respublikası və Türkiyə ilə əlaqələri də
gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyətini
daha da artıracaq. Ən əsası,
türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur
dəhlizi vasitəsilə birləşəcək. Fevralın 26-da mətbuat konfransında Prezident
İlham Əliyev Ermənistanın Zəngəzur dəhlizinə
problemlər yaratdığını
açıqlamışdı. İndi isə dəhliz
üzərində fəal iş aparıldığını
qeyd edib. Bu, Zəngəzur dəhlizi ilə
bağlı Ermənistan tərəfinin yaratdığı,
yaxud yaratmaq istədiyi problemin qalmadığı deməkdir.
Ermənistan baş nazirinin kommunikasiyanın
müsbət tərəfləri haqda açıqlamaları
da Bakının xəbərdarlığından sonra dəhlizin
önünə qoyulan maneələrin aradan
qaldırıldığını deməyə əsas verir.
Millət vəkili Anar Məmmədov “Şərq”ə
açıqlamasında vurğulayıb ki, türk coğrafiyasının
100 ildən çoxdur mövcud olan problemi həll edilməkdədir. Deputat vurğulayıb ki,
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının qeyri-formal Zirvə görüşü və
görüşdə müzakirə olunan məsələlər
bu baxımdan böyük əhəmiyyət kəsb edir:
“Zirvə görüşündə dövlət
başçılarının çıxışı, irəli
sürülən təkliflər və gələcəkdə
həmin təkliflərin reallaşması türk birliyini daha
da gücləndirəcək. Ölkə rəhbəri
İlham Əliyev çıxışı zamanı Vətən
müharibəsi nəticəsində ərazi
bütövlüyümüzün bərpa olunduğunu, ermənilərin
30 ilə yaxın işğal altında saxladığı ərazilərdə
vandalizm aktları törətdiyini bildirib. Dövlət rəhbəri həmçinin Zəngəzurla
bağlı türkdilli dövlətlərə tarixi mesaj da
ünvanladı. Bəyan etdi ki, qədim Azərbaycan
torpağı olan Zəngəzur indi türk
dünyasının birləşməsi rolunu oynayacaq. 44 günlük Vətən müharibəsində
şanlı Zəfər qazanan Azərbaycan regionda yeni siyasi
reallıqlar yaratmaqla Zəngəzur dəhlizinin
açılması və bu istiqamətdə işlərə
start verib. Növbəti mərhələdə
Zəngəzur dəhlizinin açılması,
Naxçıvana dəmir yolu əlaqəsinin bərpası
Şərq-Qərb, Şimal-Cənub dəhlizləri ilə
bağlı yeni şərait yaradır. Zəngəzur
dəhlizi nəhəng geosiyasi və iqtisadi layihə kimi
mühüm əhəmiyyətə malikdir. Gələcəkdə region dövlətləri ilə
yanaşı türkdilli ölkələr də marşrutdan
yararlana biləcəklər. Bu isə
olduqca vacib və strateji məsələdir. Bu
baxımdan noyabrın 10-da imzalanmış məlum sənədə
Prezident İlham Əliyevin tələbi ilə ilk
baxışda Dağlıq Qarabağ münaqişəsinə
aid olmayan, lakin ölkəmiz və region üçün
çox vacib 9-cu maddənin salınması mühüm
diplomatik qələbə sayılmalıdır. Həmin maddə Naxçıvanla birbaşa əlaqənin
bərpasına imkan verir ki, bu da ilk növbədə muxtar
respublikanın nəqliyyat blokadasından çıxması
deməkdir.”
Deputat
vurğulayıb ki, Vətən müharibəsində
qazandığımız tarixi qələbə ölkəmiz
üçün yeni inkişaf perspektivləri açmaqla
yanaşı, həm də onun dünyadakı siyasi çəkisini
daha da artırdı: “Azərbaycan yalnız bölgədə əsas
oyunçu olmaqla kifayətlənmir, eyni zamanda türkdilli
dövlətlər sırasında əsas ölkə statusunu
qazanır. Azərbaycan
türk-islam dünyasını Avropa ilə birləşdirən
ən əsas ölkəyə çevrilib. Bu baxımdan Zəngəzur dəhlizi türkdilli
dövlətlər arasında iqtisadi əlaqələrin daha
da güclənməsinə səbəb olacaq”.
Millət vəkili, politoloq Arzu Nağıyev də qeyd
edib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı və
bu münaqişədən əvvəl də bəzi qüvvələrin
ən əsas məqsədlərindən biri türk
dünyasında quru sərhədinin ləğv edilməsi
olub. Buna da
qismən həmin qüvvələr nail olmuşdu:
“Təsəvvür
edin, Azərbaycandan Naxçıvana keçmək
üçün biz dost da olsa İranın ərazisindən
keçirdik. Bəzi yükdaşımalar
zamanı da istər-istəməz biz müəyyən problemlərlə
qarşılaşırdıq. Bu gün Zəngəzur dəhlizinin
açılmasının çox böyük əhəmiyyəti
var. Bu dəhlizdə tək avtomobil yolu deyil, paralel olaraq
Naxçıvanla birləşən həm keçmiş dəmiryolu
bərpa oluna bilər, həmçinin kommunikasiyaların
açılması boru və qaz kəmərlərinin
açılması üçün də mühüm irəliləyişdir.
Gələcəkdə Azərbaycanla Naxçıvan
arasında olan ərazi şimal-cənub və qərb istiqamətində
olan bütün kommunikasiyaların məhz Naxçıvandan
Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə
digər qərb dövlətlərinə çıxmaq
imkanı yaradacaq. Bu, türk dünyasının birləşməsi
deməkdir”.
Parlament üzvü deyib ki, dəhliz bir
çox ölkəyə dividend gətirəcək: “Həmçinin,
qaz satışında qiymətlərlə bağlı,
İran-Naxçıvan, İran-Türkiyə, Ermənistan-İran
münasibətləri kimi məsələlər də Zəngəzur
dəhlizindən asılıdır.
İsmayıl Qocayev
Şərq 2021.- 7 aprel.- S.11.