Su
ehtiyatları prioritetə çevrilir
Əsas məsələ
itkilərin azaldılmasıdır
Su ehtiyatlarından səmərəli
istifadə üçün doğru təhlil aparmaq, proqnoz
vermək lazımdır
“Bu sahə prioritet sahələrdən biridir. Mən bu sahəyə
həmişə çox böyük diqqət göstərmişəm.
Bu gün, indiki şəraitdə bu sahənin əhəmiyyəti
daha da artır. Son illər ərzində
bu sahədə böyük işlər görüldü.
Köhnə infrastrukturun təmiri ilə
bağlı əsaslı işlər görülmüşdür.
Çünki əsas infrastruktur sovet
dövründə yaradılmışdı və vaxt
keçdikcə yararsız vəziyyətə
düşmüşdü, ona görə buna ehtiyac var idi.
Eyni zamanda, mənim təşəbbüsümlə
bir neçə böyük su anbarı inşa edilmişdir.
Əgər vaxtında bu su anbarları inşa edilməsəydi,
bu gün meliorasiya sahəsində bizim böyük problemlərimiz
ola bilərdi”. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı
İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə sədr təyin
olunmuş Zaur Mikayılovu videoformatda qəbulu zamanı
söyləyib. Cənab Prezidentin su
ehtiyatları, əhalinin içməli su ilə təmnatı,
suvarma məsələləri, meliorasiya sahəsinə daim
diqqətlə yanaşdığı danılmazdır.
Ötən qısa müddət ərzində cənab
Prezident bu sahə ilə bağlı bir neçə vacib sərəncamlar
imzalayıb.
Struktur dəyişikliklərinin həyata keçirilməsinə
nail olub. Müasir dövrümüzdə
yüksək texnologiyaların tətbiqi, dünya
standartları ilə ayaqlaşmaq zərurəti nəzərə
alınaraq meliorasiya sahəsində islahatların
aparılmasına nail olunub. Prezidentin
yürütdüyü siyasətdən aydın
görünür ki, sosial rifah Azərbaycan dövlətinin əsas
prioriteti olaraq qalmaqdadır. Cənab
Prezident çıxışlarında su təminatı ilə
bağlı müəyyən problemlərin həllini ilk
növbədə məhz əhalinin içməli suya tələbatının
ödənilməsi, həmçinin kənd təsərrüfatında
suvarma məsələləri ilə bağlı
yaranmış çatışmazlıqların aradan
qaldırılmasında görür. Bütün bunlar vətəndaşların
rifah halının yaxşılaşmasına, vətəndaş
maraqlarının təminatına xidmət edən dövlət
siyasətidir.
Ölkəmizin su ehtiyatları boldur,
lakin…
Son illərdə cənab Prezidentin təşəbbüsü
ilə bir neçə su anbarı inşa edildi. Məqsəd
həm içməli su tələbatının ödənməsi,
eyni zamanda meliorasiya problemlərinin həllini tapması idi.
Məsələn, Taxtakörpü su anbarı suvarma işləri ilə bərabər,
həmçinin Bakının da içməli su ilə təmin
edilməsində önəmli infrastruktur obyektidir. Taxtakörpü-Ceyranbatan su kanalının çəkilməsi
Ceyranbatan su anbarında suyun səviyyəsinin lazımi səviyyədə
saxlanmasına şərait yaradır. Son
illərin quraqlığı nəzərə alınarsa, birmənalı
şəkildə demək olar ki, vaxtilə Taxtakörpü su
anbarı və su kanalı tikilməsəydi, Bakıda kəskin
su problemi yaşanacaqdı. Taxtakörpü
su anbarından sonra Şəmkirçay su anbarı inşa
edildi. Nəticədə ölkəmizin həm
şimal, həm də qərb bölgələrində vaxtilə
suvarılmayan on minlərlə hektar torpağa su verilməsi təmin
edildi. Hazırda bu özünü kənd
təsərrüfatı istehsalının, məhsuldarlığın
artmasında göstərir. Prezident də
çıxışı zamanı vurğuladı ki,
meliorativ tədbirlər hər bir ölkə
üçün xüsusi əhəmiyyət
daşıyır, xüsusilə Azərbaycan kimi su
ehtiyatları o qədər də böyük həcmdə
olmayan ölkələrdə bunun daha da böyük əhəmiyyəti
var: “Bir daha demək istəyirəm ki, su anbarlarının, su
kanallarının tikintisi infrastruktur layihələr
arasında həmişə prioritet yerdə olub və bundan
sonra da belə olacaq. Bütün bu işlərlə
bərabər biz, əlbəttə ki, suyun səmərəli
istifadəsindən də həmişə narahat idik. Bu sahədə əldə edilmiş uğurlar var,
eyni zamanda, çətinliklər,
çatışmazlıqlar var. Bunlar aradan
qaldırılmalıdır”. Mütəxəssislər
də bu fikirdədir ki, suvarma olmadan kənd təsərrüfatında
məhsuldarlıqdan söhbət gedə bilməz. Fermerlərin bol məhsul yetişdirəcəyini,
yüksək gəlir əldə edəcəyini də
söyləmək çətindir. Halbuki,
hər iki məsələ aqrar sektor üçün və vətəndaşların
gəlirlərinin artırılması baxımından
xüsusi əhəmiyyət daşıyır.
İqtisadçı Fuad İbrahimov
“Şərq”ə açıqlamasında meliorasiya sahəsində
işlərin
düzgün aparılmasının aqrar sektorun,
fermer təsərrüfatlarının inkişafında
mühüm əhəmiyyət
daşıdığını söylədi:
- Su
ehtiyatlarından səmərəli istifadəyə nail olmaq
üçün idarəetmədə müasir yanaşma tətbiq
edilməlidir, müasir texnologiyalar ölkəmizə gətirilməlidir.
Bu, birmənalıdır. Bunun
üçün də meliorasiya məsələlərinə
cavabdeh qurumda islahatlar mütləqdir. Przidentin
çıxışından görünür ki, dövlət
başçısı bunda maraqlıdır. Qalır, quruma rəhbərlik edənlərin vəzifələrini
səriştə ilə yerinə yetirmələri. Azərbaycan hər cəhətdən zəngin
ölkədir. Təbii ehtiyatlarımız yetərincədir. Amma bu resurslardan səmərəli istifadə olunmalıdır.
Səmərəli istifadə edilməyəndə
ağır nəticələrə gətirib çıxaran
problemlər yaranır. Nəyə görə
bizdə su itkiləri rekord həddə olmalıdır? Prezident də çıxışında
vurğuladı ki, bu itkilər bəzi hallarda təbii xarakter
daşıyır, amma bəzi hallarda səhlənkarlıq
ucbatından, məsuliyyətsizlikdən qaynaqlanır. Su ehtiyatları, suyun istifadəsinə dair
hesablamaların aparılmaması işləri çətinləşdirir.
Ona görə Prezidentin dediyi kimi, tam uçot
aparılmalı, su anbarlarına daxil olan və oradan
çıxan suyun həcmi müəyyənləşməlidir.
Düzgün təhlil aparmaq, proqnoz vermək bu
zaman mümkün olacaq. Əsas məsələ
itkilərin azaldılmasıdır.
“İşğaldan azad edilmiş
torpaqlar bizə böyük üstünlük verir”
İqtisadçı bu fikirdədir
ki, Silahlı Qüvvələrin Ali Baş Komandanının
rəhbərliyi altında Azərbaycan Ordusunun 30 ilə
yaxın bir müddətdə işğal altında qalan
torpaqlarımızı azad etməsi ümumilikdə ölkə
iqtisadiyyatına böyük
üstünlük verir:
- İqtisadiyyat dedikdə, təkcə sənaye, neft-qaz
hasilatı, enerji resursları nəzərdə tutulmur. Kənd təsərrüfatının
ölkə iqtisadiyyatının inkişafında payı
böyük olmalıdır. Dünənədək bəzən
belə fikirlər səslənirdi ki, ərazilərimizin 20
faizi işğal altındadır, əkinə yararlı torpaq
sahələri, münbit torpaqlar, su ehtiyatlarımızın ən
mühüm hissəsi işğal altındakı torpaqlarda
qalıb. İnkar etmirəm. Bəli, ümumilikdə Qarabağ bölgəsi
münbit torpaqlarla, su ehtiyatları ilə, təbii sərvətlərlə
zəngindir. Lakin biz yenə də köhnə
metodlarla işləsək, yenidən əldə etdiyimiz, həm
də şəhidlərimizin qanı bahasına azad etdiyimiz torpaqlarda
da kənd təsərrüfatını gözlənilən və
istənilən səviyyədə inkişaf etdirə bilməyəcəyik.
Bu sahədə köklü və zəruri
islahatlara ehtiyac var. Prezident Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyətinə sədr təyin
olunmuş Zaur Mikayılovu videoformatda qəbulu zamanı yeni
texnologiyaların tətbiqi məsələsinə toxundu.
Dedi ki, torpaq kanallar dövrü başa çatmalıdır.
Ancaq onun əvəzinə hansı texnologiyalar gətiriləcək,
bunu artıq Cəmiyyət müəyyən etməlidir.
Bu sahənin mütəxəssisləri var.
Dünyanın bu sahədəki aparıcı şirkətləri
ilə sıx təmaslar qurulmalıdır, iqlimi bizim iqlimimizə
oxşar olan ölkələrin təcrübəsindən
faydalanmaq lazımdır. Elə ölkələr
var ki, orada su resursları bizimkindən də azdır, ancaq məhsuldarlıq
qat-qat çoxdur. Ona görə bütün bunlar gərək
dəqiq araşdırılsın, düzgün fəaliyyət
planı tərtib edilsin, lazım olarsa, Dövlət
Proqramı qəbul olunsun ki, biz bundan sonrakı illərdə
meliorasiya və suvarma sahəsində dünyanın ən
müasir prinsiplərini ölkəmizdə tətbiq edək.
Dövlət vətəndaşlarını
daim dəstəkləyir
F.İbrahimov fermerlərə
ayrılan subsidiyalar, dövlətin vətəndaşların
kəsirlərini qarşılaması məsələsinə
də diqqət yetirilməli olduğunu bildirdi:
- Fermerlər, kəndlilər daha yaxşı məhsul
götürsünlər, özləri üçün daha
yaxşı şərait yaratsınlar, onların həyat səviyyəsi
yüksəlsin deyə, dövlət bütün xərcləri
öz üzərinə götürür. Kənd təsərrüfatı
sahəsində fermerlər torpaq vergisi istisna olmaqla,
bütün vergilərdən azaddırlar, bu sahənin
inkişafı, ilk növbədə, insanların həyat
şəraitinin yaxşılaşmasına xidmət edir. Məlumdur
ki, bu, Azərbaycanda artıq bir növ sosial sahə kimi qəbul
olunur. Dövlət kənd təsərrüfatı ilə məşğul
olan vətəndaşları daim dəstəkləyir.
Subsidiyaların həcminin artırılması buna
sübutdur. Bəs necə olur ki, kəndli də, fermer də
yenə çətinliklə üzləşir, əkin sahəsini
vaxtlı-vaxtında suvara bilmir, nəticədə məhsuldarlıq
əldə etmir, qazancı aşağı səviyyədə
olur? Burada su ehtyatlarının bölünməsində
qeyri-mütənasiblik, suyun ədalətsiz bölünməsi
üzə çıxır. Prezidentin
tapşırığına əsasən bu məsələ
ilə bağlı təhlil aparılıb. Nə ortaya
çıxıb? Suyun ədalətsiz
bölüşdürülməsi hallarının geniş
vüsət aldığı. Prezident də dedi ki, həm mərkəzi
icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə
bil ki, sövdələşərək, sudan
vicdansızcasına istifadə ediblər. Belə olan halda, bəzi
fermerlərə, bəzi kəndlilərə suyun
çatmaması əlbəttə gözləniləndi.
İndi Prezident göstəriş verib, təhlillər,
araşdırmalar aparılır. İnanırıq ki, problemlər
həllini tapacaq. Hazırda ən önəmli məsələlərdən
biri - azad edilmiş torpaqlarda meliorativ tədbirlərin həyata
keçirilməsidir. Azad edilmiş torpaqlarda bizim böyük
su mənbələrimiz, su ehtiyatlarımız var. Uzun illər
ərzində bu imkanlardan məhrum idik. İndi isə
artıq əlimizdə, ixtiyarımızda zəngin su
ehtiyatları var. Gərək bunlardan səmərəli istifadə
olunsun ki, ötən illərdəki problemlər,
çatışmazlıqlar yenidən baş
qaldırmasın. Suqovuşan qəsəbəsi
işğaldan azad edilib, Suqovuşan su anbarı Azərbaycanın
nəzarətindədir. Suqovuşanın nəzarətimizə
keçməsi ilə Ağdam, Tərtər, Bərdə, Goranboy
və digər rayonlarımızın su təminatının
yaxşılaşmasına geniş imkanlar yaranıb.
Lazımi işlər aparılmalı, zəruri tədbirlər
görülməlidir ki, həmin ərazilər qısa zamanda
vətəndaşların istifadəsinə verilsin. Nəzərə alsaq ki, dövlət siyasətimizin
əsas prioritetlərindən biri keçmiş
köçkünlərin tezliklə doğma yurdlarına
qayıdışının təmin edilməsidir,
insanların məskən salması, əkib-becərməsi
üçün su ehtiyatlarının istifadəsi
imkanları genişlənməlidir. Zəngin su
ehtiyatları azad olunmuş torpaqlara qayıdacaq vətəndaşlarımız
üçün böyük üstünlükdür. Qarabağ ərazisində nə qədər bol sulu
çaylar var. Əlbəttə, lazım olan yerlərdə
su kanalları çəkiləcək, su anbarlarından ora su
ötürüləcək ki, əkin sahələrinin
suvarılmasında, şəxsi təsərrüfatlarda
istifadə olunsun. Ölkədə daha 10 yeni su
anbarının tikintisi nəzərdə tutulur.
Bütün bunlar dövlətin həm su ehtiyatlarından səmərəli
istifadədə, həm də vətəndaşların
ehtiyaclarının ödənilməsində maraqlı
olduğunu göstərir.
Məlahət Rzayeva
Şərq 2021.- 8 aprel.- S.11.