İctimaiyyət
də həssas olmalıdır
Ramazan
ayını daha çox ailə daxilində, fərdi şəkildə
qarşılamalıyıq
"Pandemiya hər birimizdən vətəndaş məsuliyyəti tələb edir. Dövlət maraqlarının təminatı üçün vətəndaş məsuliyyəti əsasdır"
İki
ildir ki, mübarək Ramazan ayı fərqli şəraitdə
keçirilir. Dünyanı lərzəyə
salmış koronavirus pandemiyası ötən
il Ramazan ayını
vəhdətdə keçirməyimizə mane
oldu. Pandemiya təhlükəsi
səbəbiylə geniş iftar süfrələri, qonaqlamalar
təxirə salındı. Gərəkən də bu idi. Allahın buyruğuna əməl edən bəndə can güvənliyinin hər hansı digər
ibadətdən üstün olduğunu bilməli və buna
uyğun davranmalıdır.
Bu il
də Ramazanı daha çox ailə daxilində, fərdi
şəkildə qarşılayıb, oruc saxlayıb, başa
vurmalı olacağıq. Çünki
pandemiya səngiməyib, əksinə,
hazırda yoluxma sayında kəskin
artım var.
Ötənilki
Ramazanda heç bu qədər yoluxma sayı yox idi,
ölüm halları isə hətta 1 rəqəmli idi. İndiki gərgin vəziyyət isə
möminlərdən daha həssas yanaşma və anlayış tələb edir. Təhlükə bu qədər real
olmasaydı, dövlət Ramazanın əvvəlki illərdə
olduğu kimi coşqulu və heç bir sədd qoyulmadan
keçirilməsinə mane olmazdı. Azərbaycanda
dini və milli dəyərlərin
əsas təəssübkeşi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin timsalında Azərbaycan
dövlətidir. Dini dəyərlərin
qorunması, dindar vətəndaşların
ibadətlərini rahat, təhlükəsiz
şəraitdə yerinə yetirmələri dövlət siyasətimizin
bir hissəsidir. Və Azərbaycan
dövləti bu məqsədlərə nail olmaq üçün
bütün zəruri tədbirləri görür, münbit
şəraiti formalaşdırır. Lakin
pandemiya hər birimizdən vətəndaş
məsuliyyəti tələb edir. Dövlət
maraqlarının təminatı üçün
vətəndaş məsuliyyəti əsasdır. Dövlət
vətəndaşlarını qoruduğu,
onların təhlükəsizliyini və
sağlamlığını düşündüyü
kimi, vətəndaş da
dövlətin ağır yük
altına düşməməsinə
çalışmalıdır. Hazırkı Ramazan
ayında bu vəzifə xüsusilə əhalinin
dindar kəsiminin üzərinə düşür.
“İftar
süfrələri yalnız ailə üzvləri ilə
keçirilməlidir”
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması ilə bağlı fətvasında dindar vətəndaşları anlayışlı olmağa, yoluxma təhlükəsini nəzərə alaraq geniş iftar süfrələri təşkil etməkdən çəkinməyə çağırıb.
Fətvada
mübarək Ramazan ayının başlanması münasibəti
ilə dünya müsəlmanları, o cümlədən,
ölkəmizin müsəlman əhalisi təbrik edilir, Allah-Təaladan
ibadətlərimizin və dualarımızın qəbul
olunması istənilir. Fətvada Azərbaycanın
mübarək ayı qalib xalq
kimi qarşıladığı xüsusi vurğulanır: “Biz
bu ilin Ramazan
ayına qalib xalq, 30 illik işğala son qoymuş Vətən
müharibəsində Zəfər çalmış millət
kimi qədəm qoyuruq.
Bizə bu səadəti
yaşatdığına görə Azərbaycan dindarları
Azərbaycan Ordusunun gücünə, Azərbaycan
xalqının sarsılmaz həmrəyliyinə, dövlət-xalq
birliyinə güvənən Müzəffər Sərkərdə,
Ali Baş Komandan İlham Əliyevə
hər zaman dualar edir, qələbələrimiz üçün
Uca Allaha həmd-sənalar
edirlər. Vətən uğrunda
canını fəda etmiş qəhrəman
şəhidlərimizə Allah-Təaladan rəhmət, qazilərimizə
şəfa diləyirik. Ərazi bütövlüyümüzün
bərpa edilməsi, əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin
edilməsi, viran qoyulmuş
ərazilərimizə yeni nəfəs
verilməsi, Qarabağda müasir,
yüksək səviyyədə həyat şəraitinin
qurulması və vandalizmə məruz qalmış dini məbədlərin, o cümlədən, məscidlərin bərpa
edilməsi istiqamətində fövqəladə zəhmətlərinə
görə müzəffər dövlət liderimiz,
Zati-aliləri Prezident İlham
Əliyevə və ölkəmizin Birinci
vitse-prezidenti Mehriban
xanım Əliyevaya Azərbaycan dindarları adından dərin
minnətdarlığımızı bildirir
və onlar üçün
xeyir-dualar edirik”.
Fətvada
virus təhlükəsinə diqqət çəkilir:
“Biz
builki Ramazan ayına bütün dünyada hələ də səngiməyən
virus təhlükəsi şəraitində daxil oluruq. İnsan
sağlamlığına ciddi təhlükə,
ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə
dövlətimiz böyük səylə
çalışdığı bir zamanda biz, din
xadimləri dövlətimizin insan həyatının
qorunması məqsədilə həyata keçirilən
vaksinləşmə tədbirlərini dəstəkləyirik.
Yoluxmaların artma təhlükəsi
olduğundan, xüsusi
karantin rejimi
dövründə adət-ənənələrimizə
söykənən kütləvi dini mərasimlərin
müvəqqəti olaraq keçirilməməsini
tövsiyə edir, İftar
süfrəsinin hər bir evdə
yalnız ailə üzvlərinin iştirakı ilə
açılmasına çağırırıq. Bir daha bildiririk
ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən
müvəqqəti səciyyə daşıyır”.
“Peyvənd
orucu pozmur, ona görə də…”
İlahiyyatçılar
peyvəndin orucu pozmadığı rəyində yekdildirlər.
Əgər kimsə hesab edirsə ki, oruclu olduğu
halda peyvənd vurdurarsa,
orucu pozulmuş olacaq, bu, yanlış fikirdir.
Xatırladaq
ki, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli
nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli
mediaya açıqlamasında oruclu ikən peyvənd vurdurmağın
orucu pozmadığını, hətta özünün peyvənd
vurdurarkən oruclu olduğunu demişdi: “Vaksinasiya orucla
heç bir ziddiyət təşkil etmir. Maska
taxmaq, əllərin dezinfeksiya
edilməsi orucun pozulmasına gətirib
çıxarmır. Əksinə, əllərin
dezinfeksiyası və maskalardan istifadə
etmək vacibdir. Ramazan
ayında kütləvi iftar mərasimlərindən
çəkinmək lazımdır. Müəyyən iaşə
obyektlərində də qaydalar tətbiq edilib ki, məhdud sayda insanlar bir masa ətrafında otura bilərlər. Məscidlərdə dini ayinlər kütləvi şəkildə icra edilməyəcək. Ona
görə də din xadimləri canlı
yayım vasitəsilə məscidlərdə
çıxış edəcəklər".
Fətvada
da bildirilir ki, peyvəndlənmə özümüzün və
ətrafımızdakıların səhhəti
baxımından həyati zərurət daşıyan vacib
addım, şəriət baxımından məqbul əməldir.
Bu caiz məqamın
reallaşmasında fəal iştirak edən
din xadimləri öz
nümunə ilə bütün
dindarları bu mühüm
prosesdə iştiraka dəvət edirlər.
Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir.
Yüksək din alimlərinin rəyinə
görə, Ramazan ayı boyunca
oruclu şəxsin vaksin
vurdurması orucu batil
etmir.
Seyid
Camal Əzimbəyli: “Real vəziyyət bizdən
anlayışlı davranmağı tələb edir”.
Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Şərq”ə açıqlamasında Ramazan ayının hər zaman xeyir əməllər və yardımlaşma üçün böyük imkanlar açdığını dedi: Ramazan şəfqət, mərhəmət, bağışlanma ayıdır. Həm də Rəbbimizin bəndələrinə fürsət tanıdığı bir aydır. Bu ayda həqiqi Allah bəndələrinin qəlbi mərhəmətlə dolur. Bu mənada Ramazan müsəlmanların baharı kimi qəbul olunur. Azərbaycan demokratik, dünyəvi bir dövlət olsa da, məlumdur ki, milli-mənəvi və dini dəyərlərin qorunması, mühafizəsində dünyaya ən gözəl nümunədir. Azərbaycan dövləti və onun başçısı – cənab Prezident hər zaman dini dəyərlərə hörmətlə yanaşıb və bunu əməlləriylə sübut edib. Lakin elə hadisələr ola bilir ki, bu zaman insan həyatı bütün digər amillərdən önə keçir. Bir halda ki, hazırda pandemiya şəraitindəyik, dünyanı dəhşətə salan koronavirus bəlası bizim ölkədən və xalqımızdan yan keçmir, gərək davranışlarımızı şəraitə uyğun tənzimləyək. Bunu da xüsusi vurğulamalıyam ki, builki Ramazan bizim üçün ikiqat bayram olacaq. Çünki 28 il sonra Ramazanı həm də işğaldan azad edilmiş Qarabağımızda keçirəcəyik. Bu, bizim üçün əvəzsiz iftixar hissidir və qürurvericidir. Amma qeyd etdiyim kimi, pandemiyanı yaddan çıxarmamalı və daha artıq ehtiyatlı davranmalıyıq. Məlumdur ki, ötən il də Azərbaycanda Ramazan ayı boyunca kütləvi iftar süfrələrinin açılması məhz koronavirus təhlükəsi səbəbiylə dayandırıldı. Koronavirus bizi tərk etmək istəmir, üstəlik, sürətini daha da artırır. Bunu yoluxma sayındakı artım göstərir. Bu gedişlə builki Ramazanı da dar ailə çərçivəsində, məhdud dairədə, fərd olaraq keçirmə ehtimalı daha böyükdür. Yəni, bu il də Ramazanı coşqu ilə, elliklə yaşaya bilməyəcəyik. Sonucda, Allaha təvəkkül. Görünür, bunda da İlahi sirr, İlahi hikmət var. Xəstə olanlar, o kəslər ki, oruc tutmaları onların səhhətini ağırlaşdıra və xəstələnmələrə səbəb ola bilər, həmin insanlar oruc tutmamalıdır. Yalnız səhhəti oruc tutmağa imkan verənlər, sağlam olanlara oruc vacibdir, ilahi hökmdür. İftar süfrələrinin olmayacağından da üzülməyək. Ramazan təkcə mərhəmət, şəfqət, bağışlanma ayı deyil, həm də bir fürsət ayıdır – sahib olduqlarımızı başqaları ilə paylaşmaq fürsəti. O kəslər ki, iftar süfrələri təşkil edirdi, indi bunun əvəzində ehtiyaclı insanlara, haqq sahiblərinə - şəhid ailələrinə, qazilərimizə yardım etsinlər, sovqat aparsınlar. İftar süfrələrini Allahın verdiyi ruzi və neməti paylaşmaqla əvəz etsinlər. Orucluqda iftar süfrələri açmağı niyyət etmiş şəxslərin bunun əvəzinə kiməsə, ehtiyaclı birisinə yardım etməsi, həmin vəsaitin imkansız və ehtiyacı olan insanlara xeyriyyə məqsədi ilə sərf etməsi, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək göstərməsi Allah nəzərində bəyənilən, daha məqbul və savabdır, orucun fəlsəfəsinə uyğundur, çox bəyənilən və İlahi dərgahda qəbul olunan əməldir.
Şərqşünas
oruc tutan şəxsləri geniş iftar süfrələrinin
təşkilindən çəkinməyə
çağırdı:
- İftar süfrələri təşkil edib xəstəliyin yayılmasına, başqalarının virusa yoluxmasına, sağlıqlarının təhlükə altına düşməsinə səbəb olmamalıyıq. Çünki can bəndəyə Allahın əmanətidir. Ona qəsd etmək günahdır. Allah rizasını qazanmaq üçün bizə növbəti bir fürsət verilir, inanıram ki, inanclı insanlarımız bu fürsəti lazımınca qiymətləndirəcək.
S.C.Əzimbəyli
hazırda xəstəliklə mübarizə aparan vətəndaşlara
Allahdan şəfa dilədi və onlara oruc ibadətini yerinə
yetirə bilmədiklərinə görə narahat
olmamağı məsləhət gördü:
- Burada narahatlığa əsas
yoxdur. Orucluq ibadəti
yardımlaşmanı artıran, daxili dəyanəti
gücləndirən, insan səhhətinə
müsbət təsir göstərən ilahi
qüvvəyə malikdir. Lakin
oruc saxlamağı hökm
edən Mərhəmətli və Rəhim Allah
buyurur ki, səfərdə
və ya xəstə olan
insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda növbəti Ramazana kimi öz orucluq
ibadətlərini tamamlaya bilər. Kimsə
narahat olmasın ki,
hazırda orucunu saxlaya
bilməyəcək. Əsas odur ki, sağalsınlar, sağlam
bədənlə sonra oruc
qəzalarını tamamlasınlar. Orucun
tutulmaması xəstəlik səbəbiylə, yəni qəsdən
olmadığı üçün
günəgün hesabı ilə tutulacaq.
Artıq sayda deyil. Mərhəmətli
Rəbbimiz hər bir işdə bəndələri
üçün yüngüllük
istər.
Rzayeva, Məlahət.
Şərq 2021.-
13 aprel.- S.11.