Füzulinin
"Araz"ı qayıdır
Azadlığına
qovuşan bölgələrdə fərqli media strukturları
yaradılacaq
Ölkəmizdə bir sıra regional media orqanları
mövcuddur.
Bu tip media KİV-də spesifiklik təkcə onların
bölgədə baş verən hadisə və proseslərə
yer ayırması, yaxud daha çox yer ayırması ilə
deyil, yerli həyatın ən dərin qatlarına nüfuzetmə
qabiliyyəti və imkanı ilə müəyyənləşir.
Regional media orqanları müxtəlif ərazilərdə
ictimai rəyin formalaşmasına yardım etməklə
ictimai mühitin həmin ərazi üçün vacib əhəmiyyət
daşıyan hadisə və proseslərə, o cümlədən
siyasi xadimlərin fəaliyyətinə nəzarətin həyata
keçirilməsində birləşdirici rol oynayır.
Bununla da, demokratik islahatların aparılması
üçün əlverişli zəmin
formalaşdırırlar.
Qeyd edək ki, Rusiyada ötən əsrin 80-90-cı illərindən
başlayaraq cəmiyyətdə demokratikləşmənin dərinləşməsi,
humanist dəyərlərin təbliği məqsədilə vətəndaş
cəmiyyəti quruculuğu üçün daha geniş
aspektlər axtarıldı. Yekunda azad
sahibkarlığın təşviqinə dəstəyi,
dövlət və hökumət tərəfindən
zorakılıq meyillərinin aradan qaldırılması kimi
amillər üzə çıxarılmağa
başlandı. Belə bir durumda regional mətbuatdan
başlıca gözlənti onun insanları həyata səsləyən
rupor rolunda çıxış etməsi idi. Gözləntilər özünü doğrultdu və
Rusiyada yenidənqurma zamanında yaranan regional media çox tez
bir zamanda mərkəzi və federal nəşrləri
sıradan çıxarmağa müvəffəq oldu. Çünki həmin mətbuat yerli əhalinin istək
və tələblərini, maraq və mənafelərini
ödəmək baxımından daha geniş imkanlara malik idi.
Hazırkı dövrdə isə Rusiyada regional
mətbuatın ictimai həyatın müxtəlif sahələrinə
baxış bucağı o qədər dərinləşib
ki, bir çox mərkəzi qəzetlər oxucu auditoriyası
baxımından onlara qibtə edirlər.
Ekspertlərin fikrincə, Rusiya regional mətbuatının
ən böyük uğuru onun bölgə həyatının
dinamikasını əks etdirə bilməsi ilə
bağlıdır. İstər Avropada, istərsə də
Rusiyada regional medianın cəmiyyətdəki yeri və
roluna, fəaliyyət dairəsinə münasibətdə
kifayət qədər fundamental baxışlar mövcuddur.
Dünyada regional medianın mövcudluğunda və
fəaliyyətində kifayət qədər qlobal məqamlar
var. Bu günləri ölkəmizdə ümumilikdə
medianın və onun mühüm tərkib hissəsi
sayılan, dünyada baş verən proseslərə nəzər
saldıqda hətta daha böyük önəm
daşıdığı görünən regional
KİV-mizin müasir standartlara
uyğunlaşdırılması labüddür. Dövlətimiz təbii ki, bu məsələyə
sistemli, kompleks şəkildə yanaşaraq mətbuat sahəsindəki
quruculuğun, inkişafın ölkənin ümumi tərəqqisinə
adekvat olmasında maraqlıdır. Ümumiyyətlə,
qeyd edək ki, regional mediamızın keçmişdəki ənənələrinin
bərpası ilə yanaşı, əslində, indiyədək
mövcud olmayan yeni bölgə mətbuatı ənənəsini
formalaşdırması zəruridir. Sevindirici
haldır ki, yaxın vaxtlarda regional mətbu orqanımız
olmuş və 1931-ci ildə Füzulidə çapa
başlayan “Araz” qəzetinin redaksiyası bərpa ediləcək.
Bu barədə Mədəniyyət naziri Anar Kərimov
“Twitter” hesabında yazıb. O bildirib ki, “Araz” qəzeti
Ermənistanın işğalından əvvəl bölgədəki
əsas media orqanı olub: “İndi binanın fasadının
yalnız bir hissəsi vandalizmdən xilas olub. Biz
onu bərpa edəcəyik”. Media nümayəndələri
bu təşəbbüsü təqdirəlayiq hesab ediblər.
Heç şübhəsiz, işğaldan azad
edilmiş ərazilərimizdə quruculuq işləri başa
çatdıqdan və əhalinin bölgəyə
köçü başladıqdan sonra regional media orqanları
da paralel fəaliyyətə başlayacaq. Zamanla
həm yeni mətbuat qurumları meydana çıxacaq, həm
də işğaldan əvvəl mövcud olmuş nüfuzlu
KİV-lərin bərpası prosesi başlayacaq. Ekspertlərə görə, yeni reallıqlar,
informasiya siyasəti və Qarabağın yenidən dirçəldilməsi
baxımından bölgədə müxtəlif media
orqanlarının fəaliyyəti olduqca önəmli və zəruridir.
Həmçinin ekspertlər qeyd edir ki, "Araz" qəzeti
yeni siması ilə regional mətbu orqanlarımızın
inkişafı üçün də gözəl bir nümunə
ola bilər.
Tanınmış
jurnalist, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli
"Şərq"ə açıqlamasında bildirib ki,
"Araz" qəzetinin redaksiyasının bərpası təşəbbüsünü
çox müsbət dəyərləndirir. O qeyd edib ki, əvvəllər
bu qəzet öz populyarlığı ilə diqqət çəkib:
"İlk olaraq qeyd edim ki, azad olunmuş
torpaqlarımızda infrastrukturun hamısı bərpa
olunmalıdır və təbii ki, olunacaq da. Cənab
Prezidentimizin də ən böyük arzularından və fəaliyyətinin
məqsədlərindən biri də budur ki, əvvəlki
infrastruktur yenidən qurulsun. Təbii ki,
Qarabağda yeni və gözəl mənzərə
yaransın. "Qarabağ Azərbaycandır!"
nidası tarixdə öz əbədi təsdiqini tapsın.
Onun üçün əlbəttə ki, media
strukturu birinci növbədədir. Çünki
mövcud vəziyyətin çatdırılmasında media
xüsusi önəm daşıyır. Buna
görə də orda fəaliyyət göstərəcək
hər qurumun fəaliyyətini indidən işıqlandıra
biləcək media qurumları yaranmalıdır. Qeyd edim ki, "Araz" qəzetinin çox uzun tarixi
var. O çox maraqlı qəzet idi və Füzulidə
çıxırdı. Qəzetin bir
çox tarixi ənənələri mövcud idi. Onun keçmiş əməkdaşlarının bir
çoxunu tanıyıram. Onların bəziləri
hələ də jurnalistikada fəaliyyət göstərir.
İnanıram və əminəm ki,
"Araz" qəzeti Qarabağda yaşayan əhalimizin fəaliyyətini
yüksək səviyyədə işıqlandıran bir qəzet
olacaq". C.Məmmədli qeyd edib ki, region qəzetlərinə
bəzən başqa cür baxırlar və çox zaman
onların fəaliyyətini bəyənmirlər:
"Düzdür, onların fəaliyyəti bir az səngiyib.
Amma region qəzetləri bütün dünyada,
hətta ən böyük ölkələrdə də
özünəməxsus xüsusiyyətə malikdir. Hətta deyərdim ki, o ölkələrdə
regionlara məxsus mətbuatlar daha çox oxunur və diqqət
edilir. Ona görə ki, biz hər hansı
bir rayonun fəaliyyəti barədə media qurumunda hansısa
bir informasiyanı on gündən bir dəfə
görürük. Amma region qəzetləri
orada baş verən hadisələri hər gün və ya həftədə
ən azı bir dəfə bizə çatdırır.
Ona görə də hesab edirəm ki, belə qəzetlərin,
radioların, ümumiyyətlə, media qurumlarının azad
olunmuş torpaqlarımızda bərpa olunması ən birinci
vəzifələrdən biridir. Mən
bunu çox yüksək səviyyədə
alqışlayıram".
C.Məmmədli
"Araz" qəzetinin səhifələrində görmək
istədiyi mövzulardan danışıb və öz töhfələrini
də diqqətə çatdırıb:
"İstərdim ki, qəzetdə fərqli və insanları
maraqlandıracaq mövzulara daha çox diqqət çəkilsin. Məsələn,
istərdim ki, infrastrukturun yaradılması ilə
bağlı hesabatlar versinlər. Belə
deyək ki, Füzulidə aeroport tikilir. Aeroport
barədə geniş məlumatlar verilsin və səbəbi
araşdırılsın ki, niyə prezidentimiz birinci olaraq
onun tikintisinə başladı. Yəni
aeroport həqiqətən ilin axırına tamamlanacaq? Həmin təyyarə limanı təkcə sərnişinlər
üçün deyil, böyük təyyarələr də
bura enəcək. Yaxud da ki, Füzulidən
Şuşaya yol çəkilir, Füzulidən Qubadlıya gediləcək.
Əlbəttə, məktəblərin
açılması, mədəniyyət abidələrinin bərpa
olunması və insanlar öz evlərinə dönməsi
prosesi yazıya alınsın. Bir çox
məsələlərə, o cümlədən insanlar
qayıdandan sonra hansı işlərlə məşğul
olacağı, kənd təsərrüfatı işləri
ilə məşğul olma imkanları barədə suallara
cavablar axtarılsın. Ermənilərin
viran qoyub getdikləri torpaqlarımızdakı yeniliklər və
qırıb dağıtdıqları meşələrin yenidən
salınması barədə məlumatların qəzetdə
çapını istərdim. Ümumiyyətlə,
hesab edirəm ki, regional qəzetlərimizin və
radiolarımızın ən mühüm xəbərləri
sırasında kənd təsərüfatı məsələləri
birinci yerdə dayanmalıdır. Bildiyimiz
kimi, Yevlaxda "Kür" qəzeti çıxır. Əminə Yusifqızı o qəzetin baş
redaktorudur. O qəzetin fəaliyyəti məni çox
qane edir. Yəni region qəzetləri
itib-batmayıb. Onları ən yüksək
səviyyədə inkişaf etdirmək lazımdır. Hesab edirəm ki, "Araz" qəzetinin fəaliyyəti
ilə region mətbuatımıza yeni bir nəfəs gələcək.
O, öz yenilikləri ilə digər region qəzetlərimizə
əsl nümunə olacaq".
Tanınmış jurnalist Azər Həsrət
"Şərq"ə açıqlamasında bildirib ki,
yerli medianın ayaqda tutulması və inkişaf etdirilməsi
vacibdir. Ona
görə ki, indiki qloballaşma şəraitində insanlar həqiqətən
də yerli xəbərlərə, səviyyəli mediaya
çox böyük maraq göstərirlər:
"Hətta indi internet əsri olsa da, keyfiyyətli media
məhsullarına çox böyük maraq var. Bir faktı
qeyd edim ki, biz 1998-ci ildə internetin geniş
olmadığı dövrdə ABŞ-da kiçik qəsəbəyə
səfər etmişdik. Təxminən 20 min əhalisi olan bir qəsəbə
idi. Orda gündəlik bir qəzet
çıxırdı və tirajı yeddi min idi. Səhifələri tam həcmli, rəngli və səhifələrin
sayı isə 30-40 idi. Biz
açığı heyrət içində idik. Çünki balaca bir qəsəbədə yeddi min
tirajla qəzetin çıxması heyrətləndirici idi.
Bizə izah etdilər ki, burada daha çox yerli
xəbərlərə üstünlük verilir. Çünki cəmiyyət içində
insanların çoxu bir-birini tanıyır və hamı
üçün qəsəbədə baş verənlər
maraqlıdır.
Qəzetin səhifələrində toy, yas, hətta qəsəbədə
baş vermiş hadisələrə üstünlük verilir. Və ona
görə də adamlar bu qəzetə maraq göstərirlər.
Bizim özümüzdə hazırda rayon qəzetləri
çıxır. Onlar da bir qayda olaraq icra
hakimiyyətlərinin nəzdində fəaliyyət göstərirlər.
Təbii ki, bu da oxucunun diqqətini cəlb etmir.
Böyük həcmdə yazılar, şəkillər
verilir.
Kiminsə uzun-uzun çıxışı çap olunur. Təbii ki,
bu, oxucunu maraqlandırmır və oxumur. Hesab
edirəm ki, regionlarda ictimai, siyasi, eyni zamanda yerli əhəmiyyətli
sosial problemlərə yönəlik media fəaliyyət
göstərərsə, o zaman onun gündəlik oxucusu olacaq.
Özü də çox ciddi sayda olacaq. Bu baxımdan düşünürəm ki,
Füzulinin işğalından sonra "Araz" qəzetinin
redaksiyasının bərpa edilməsi əlbəttə ki,
atılmış müsbət addımdır.
Düşünürəm ki, bu
qəzet vasitəsilə şablon qəzetçilikdən
imtina ediləcək. Özəlliklə də işğaldan
azad edilmiş ərazidə insanların ora qayıdıb yerləşməsi,
dinc quruculuq işlərinin aparılması və s. məsələlərin
uyğun şəkildə işıqlandırılması
baxımından "Araz" qəzetinin fəaliyyətinin
bərpa edilməsi region mətbuatına uğur gətirəcək".
Pənahqızı, Aynurə.
Şərq 2021.- 14 aprel.- S.11.