"Zəfər
yolu" bizi aydınlığa çıxaracaq
Qarabağa
qayıdan əhali bu yoldan istifadə edəcək
Yeni yol işğaldan azad edilmiş
Füzuli, Xocavənd, Xocalı və Şuşa
rayonlarının ərazisindən keçməklə
inşa edilir
Azərbaycan dövləti işğaldan etdiyi
Qarabağa həyat əlamətlərini qaytarır. Azərbaycan
xalqı bu bəşəri əməlləri Ali Baş
Komandanın rəhbərliyi altında şanlı ordumuz ərazilərimizi
bir-birinin ardınca xilas etdikdə də görürdü.
Müzəffər əsgərlərimiz
hansı yurda ayaq basırdısa, orada işıq
yanırdı, ocaq qalanırdı, yollar, cığırlar təmizlənirdi,
məscidlərdən azan səsləri ucalırdı, idarəetmə
orqanları işə başlayırdı. Xalqımızın böyüklüyü
bundadır. Dağıtmaq yox, tikmək, qurub-yaratmaq, kirlətmək
deyil, gözəlləşdirmək! Məskən
saldığı məkanda həyatı dirçəltmək.
Hazırda da işlər davam edir. Şuşanın düşməndən azad edilməsinin
mənəvi rəmzi olan “Zəfər yolu”nun inşası
dövlət başçısının tapşırıq
və sərəncamına əsasən, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən aparılır.
Ötən
il noyabr ayının 16-da, Qələbədən 8 gün və
Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən
sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı
İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl
rayonlarına səfəri zamanı təməli qoyulmuş “Zəfər
yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində
görülmüş işlər nəticəsində yol
boyunca gediş-gəliş təmin olundu. “Zəfər
yolu” başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur
dəhlizi magistral avtomobil yolundan götürməklə
Qarabağımızın tacı olan Şuşa
şəhərinə qədər uzanır. Layihələndirilən
yolun uzunluğu 101 kilometrdir. Dövlətimizin
başçısının tapşırığına əsasən,
“Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə
alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə
uyğun inşa edilir.
Qarabağa rahat gediş-gəliş
təmin edilir
“Zəfər yolu”nun tikintisi ilə məlumatlar bundan ibarətdir
ki, yolboyu genişmiqyaslı tikinti işləri həyata
keçirilir.
İş həcmi və layihənin qısa müddət ərzində
yekunlaşdırılması tapşırığı nəzərə
alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin “16 nömrəli Xüsusi Təyinatlı Yol
İstismarı” MMC və “7 nömrəli Magistral Yolların
İstismarı” MMC ilə subpodratçı olaraq yol tikintisi
sahəsində ixtisaslaşmış və ölkəmizdə
indiyədək bir neçə layihəni uğurla
tamamlamış Türkiyənin “KOLİN” İnşaat Turizm
San. və Tic. Anonim Şirkəti
və “Azvirt” MMC birgə icra edir. Hazırda
sözügedən avtomobil yolu boyunca torpaq işləri icra
olunur. Belə ki, xüsusi texnikalardan
istifadə olunmaqla yolun profilə salınması və ikinci
texniki dərəcəyə uyğun yeni torpaq
yatağının inşası işləri həyata
keçirilir. Bunun üçün tikinti ərazisinə
lazımi sayda qüvvə cəlb edilib. Yeni
inşa edilən yol boyunca layihəyə uyğun olaraq suların
ötürülməsini təmin etmək məqsədilə
dairəvi boru və düzbucaqlı su keçidləri, həmçinin
zəruri olan yerlərdə 3 yeni avtomobil
körpüsünün inşası da aparılır. Körpülərin uzunluqları 33, 99 və 75 metr
olmaqla yolun 0.6-cı, 26-cı və 57-ci kilometrlik hissələrində
layihələndirilib. Bununla da bu avtomobil
yolu ilə rahat gediş-gəliş təmin olunacaq.
“Zəfər
yolu”na cəlb olunmuş xüsusi
texnikaların çevik hərəkətinin təmin
olunması məqsədilə yol çiyinlərinin minalardan
və partlamamış hərbi sursatlardan təmizlənməsinin
sürütləndirilməsi ilə yolun asfalt-beton
örtüyünün döşənməsi
üçün hazır vəziyyətə gətirilməsi
nəzərdə tutulur. Sözügedən
prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr
ayınadək yolun tam olaraq 2 hərəkət zolağı
enində asfaltlanaraq istifadəyə verilməsi
planlaşdırılır. Tikinti işləri
“İnşaat Norma və Qaydaları”nın
tələblərinə əsasən, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa
nəzarəti altında həyata keçirilir. “Zəfər
yolu” işğaldan azad edilmiş Füzuli, Xocavənd,
Xocalı və Şuşa
rayonlarının ərazisindən keçməklə
inşa edilir. Avtomobil yolu Füzuli və Şuşa
şəhərləri də daxil olmaqla sözügedən
rayonların 20-dən artıq yaşayış məntəqəsini
əhatə edəcək. Əlaqələndirmə
Qərargahının nəzdində fəaliyyət göstərən
İdarələrarası Mərkəzin nəqliyyat, rabitə
və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində
digər aidiyyəti dövlət qurumları ilə
koordinasiyada həyata keçirilən bu yol layihəsi
Qarabağın vahid nəqliyyat konsepsiyasının
ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan
Respublikası Prezidentinin 2020-ci il 24 noyabr
tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə
Qərargahına Prezident Administrasiyasının rəhbəri
Samir Nuriyev rəhbərlik edir.
“Yol mədəniyyət, dövlət,
var deməkdir, ay oğul!..”
“Ögey ana” filmindəki epizodu xatırladınız, yəqin. Yol çəkilişi
zamanı ağacların kəsilməsini, qayaların
partladılmasını köks ötürərək izləyən
Hüseyn dayıyla İsmayılın atası, mühəndis
Arif arasında ibrətamiz mükalimə keçir; - Deyəsən,
hayıfın gəlir, Hüseyn dayı? – Düzünü desəm, həm
hayıfım gəlir, həm də sevinirəm. Hayıfım ona görə gəlir ki,
uşaqlıqdan bu ağacların kölgəsində
böyümüşəm. Sevinirəm ona
görə ki, yol adamı aydınlığa
çıxarır. Yol mədəniyyət, dövlət,
var, deməkdir, ay oğul!”. İndi Azərbaycanda
“Zəfər yolu” salınır. Həm də
işğaldan azad etdiyimiz Qarabağda. “Zəfər
yolu”nun xalqımıza yaşadacağı mənəvi
ucalıq, qürur hissi heç nəylə müqayisə
edilə bilməz. Lakin bu yolun mənəvi
çəkisi ilə yanaşı sosial-iqtisadi əhəmiyyəti
də yüksəkdir. “Zəfər yolu” Azərbaycanın
şəksiz qələbəsinin rəmzi, cənab Prezident,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin dəmir yumruğunun timsalında dövlətimizin
gücünün, qüdrətinin təsdiqidir.
“Zəfər yolu” dövlətimizə
başucalığı, xalqımıza qürur, məğrurluq
hiss yaşatmaqla bərabər iqtisadiyyatın
inkişafına, bölgə əhalisinin sosial vəziyyətinin
daha da yaxşılaşmasına, gəlirlərinin
artmasına səbəb olacaq. Eyni zamanda Azərbaycana
xarici sərmayələrin qoyulmasına, xarici ölkə
şirkətlərinin bölgədə iqtisadi inkişafa təkan
verməsinə kömək edəcək.
Lakin ölkənin ayrı-ayrı
şəhər və kəndlərində, bölgələrdə
indiyədək salınan və bundan sonra da heç
şübhəsiz salınacaq və ya yenidən qurulacaq
yollardan “Zəfər yolu”nu fərqləndirən bir neçə
cəhət var. Bəzən yol çəkilişlərində,
yolların asfaltlanması zamanı hansısa obyektlərin,
yaşıllıqların məhv olduğunu da müşahidə
edirdik. Hətta “bir neçə ay əvvəl
asfalatlanan yol, nə tez dağıldı”,
narazılıqları da çox eşidilib.
“Zəfər yolu” erməni faşistlərinin viran
qoyduğu Qarabağda çəkilir. Ağır texnikanın hazırda
“qonaq” olduğu yerlərdə nə bir ağac var, nə bir
bina, bir ev.
Sanki Azərbaycan dövləti insan məskəninin ayaq
dəymədiyi, sivilizasiyanın hələ gedib
çatmadığı məkanda yol çəkir. İlk
baxışda bu, belə görünür. Amma artıq
dünya birliyinə də məlumdur ki, bu torpaqlardakı
sivilizasiya, maddi-mədəniyyət nümunələri erməni
vandalları tərəfindən 30 il
boyunca məhv edilib. 30 il ərzində erməni
vəhşiləri nə salamat bir ev, bina saxlayıb, nə
ağac, kol-kos, nə də ki yol. Azərbaycan
işğaldan azad etdiyi ərazilərdə həyatı
sıfırdan başladır. Ermənilərin törətdiyi
bu cür vəhşiliklə,
ümid edirik, dünya qarşılaşmaz bir də.
İşğaldan
azad olunan rayonlarımıza daha çox yerli və xarici sərmayələrin
cəlb edilməsi mümkün hala gələcək
Millət
vəkili, iqtisadçı Vüqar Bayramov “Zəfər
yolu”nun böyük əhəmiyyətindən
danışıb:
- Bu yol Azərbaycan
üçün həm strateji, həm də iqtisadi əhəmiyyət
daşıyır. Həmin yol Şuşa
ilə Azərbaycanın digər yaşayış məntəqələri
arasında nəqliyyat əlaqəsinin qurulmasına imkan verəcək.
İşğaldan əvvəl Şuşa
şəhərinə Ağdam və Xankəndindən
keçməklə gedilirdi. Digər tərəfdən,
çox yaxın zamanlarda xeyli sayda vətəndaşlarımız
işğaldan azad olunan rayonlarımızı, o cümlədən
Şuşa şəhərini ziyarət edəcəklər.
Bu isə bu zonalarda daxili turizmin inkişafı deməkdir. Bütövlükdə,
gözlənilir ki, daxili turizmə üstünlük verən
vətəndaşlarımızın əhəmiyyətli hissəsi
bərpadan sonra işğaldan azad olunan ərazilərimizi də
seçəcəklər. Bu isə həmin
ərazilərimizdə biznesin inkişafı baxımından
vacibdir. Bütövlükdə, Azərbaycan tarixi
üçün xüsusi əhəmiyyət daşıyacaq
həmin yol bizi əbədi olaraq Şuşa
şəhərinə çatdıracaq.
İqtisadçı
həmçinin, Qarabağda dəmir yolu infrastrukturunun yenidən
qurulmasının vacibliyini vurğulayıb:
- İşğaldan azad olunmuş ərazilərimizdə
istər magistral yollar, avtomobil yolları, istərsə də
dəmir yolunun çəkilməsi mühüm əhəmiyyət
kəsb edir. Yol infrastrukturunun qurulması yük və sərnişin
daşımalarının sürətlə həyata
keçirilməsinə, iqtisadiyyatın bütün sahələrinin
inkişafına müsbət təsir göstərən
amildir. Bununla işğaldan azad olunan
rayonlarımıza daha çox yerli və xarici sərmayələrin
cəlb edilməsi mümkün hala gələcək. Məlumdur
ki, cənab Prezidentin tapşırıqlarına uyğun
olaraq, artıq Füzuli rayonundan Qarabağın incisi
sayılan Şuşa şəhərinə
yol çəkilişinə başlanılıb.
Eyni zamanda dəmir yol xətləri də bərpa edilir. Yevlaxdan
birbaşa Dağlıq Qarabağa dəmir yol xəttinin
çəkilməsi, o cümlədən Naxçıvanla Azərbaycanın
qərb bölgələrini birləşdirəcək yeni
yolun inşası ilə bağlı ciddi müzakirələr
aparılır.
Dəmir yolları Azərbaycan iqtisadiyyatı, eləcə
də işğaldan azad olunmuş ərazilərimizin iqtisadi
dirçəlişi üçün çox vacibdir. Çünki
iqtisadiyyat birbaşa infrastruktur, xüsusən nəqliyyat və
logistik xidmətlərin inkişafını tələb edir.
Bununla işğaldan azad olunan
rayonlarımıza daha çox yerli və xarici sərmayələrin
cəlb edilməsi mümkün hala gələcək. Eləcə
də yeni iş yerləri yaranacaq.
V.Bayramov
bəyan edib ki, Qarabağda iqtisadi potensial kifayət qədər
böyükdür və bunun realizasiyası baxımından
yol tikintisi vacibdir. Ölkə boyu nəqliyyat
əlaqələrinin bərpa edilməsi bütövlükdə
Azərbaycan iqtisadiyyatının inkişafı
üçün güclü təkandır.
Məlahət Rzayeva
Şərq 2021.- 16 aprel.- S.11.