Ruhlar şəhərinə
media əhlinin səfəri
Ağdamda nə bir ağ
dam qalıb, nə xiyaban, nə də məzar yeri
İşğaldan azad
olunmuş rayonlarımızın mövcud durumunu dünya
ictimaiyyətinin diqqətinə çatdırmaq KİV-in ən
ümdə vəzifələrindən sayılır. O baxımdan Qarabağa beynəlxalq
diplomatik korpusun, əcnəbi qonaqların səfərləri
ilə yanaşı, xarici və yerli mətbuat təmsilçilərinin
turları da təşkil olunur. Aprelin 15-də
Media İnkişaf Agentliyinin təşkilatçılığı
ilə bir qrup media təmsilçisinin Ağdama növbəti
səfəri reallaşdı. Budəfəki
mediaturu əvvəlkilərindən fərqləndirən əsas
nüans heyətin qəzet jurnalistlərindən ibarət olmasıydı.
Ağdamda üzləşəcəyimiz mənzərənin məyusluğunu
əvvəlcədən hiss etsək də, işğaldan azad
edilmiş ərazilərə ilk dəfə səfər etməyin
sevinc və qürurunu yaşayırdıq. Media
İnkişaf Agentliyinin təmsilçisi Rüstəm
Əbülfətoğlunun təbirincə desək, “müqəddəs
Ramazan ayında ibadətə bərabər bir
yolçuluğa çıxmışdıq”. Məqsədimiz
Ağdamla, daha doğrusu, şəhərin qalıqları ilə
yaxından tanış olmaq idi.
Ağdamın Təzəkənd
kəndində qurulan postu keçəndən sonra ilk
dayanacağımız yolun kənarında təpənin
üzərində məhv edilmiş düşmən postunun
yanı oldu.
Yolun sağ və sol hissəsində ANAMA-nın əməkdaşları
torpağı qarış-qarış axtarır, bölgəni
minalardan təmizləyirdilər. Tur zamanı ANAMA-nın
Ağdam regional üzrə əməliyyat meneceri Ehtiram Cəfərov
yolun kənarına qoyulmuş plan-xəritə üzərində
jurnalistlərə minalanmış ərazilərlə
bağlı məlumatlar verdi. Bildirdi ki, bu ərazilər potensial olaraq mina və
partlamamış hərbi sursatlarla çirklənmiş ərazi
hesab olunur.
Ehtiram Cəfərovun sözlərinə
görə, minaaxtaranlar tərəfindən Ağdamda
ümumilikdə 3 milyon 600 min kvadrat metrdən çox ərazi
mina və partlamamış hərbi sursatdan təmizlənib.
Əməliyyatlar nəticəsində 146 ədəd tank əleyhinə
və 189 ədəd piyada əleyhinə mina tapılıb:
“Bundan başqa, Ağdam
rayonu ərazisində 1251 ədəd partlamamış hərbi
sursat aşkarlanıb. Əməliyyatlar rayonun içərisinə
doğru davam edir. Bilirsiz ki, 10 noyabr
sazişindən, yəni Ermənistanın kapitulyasiyaya imza
atmasından sonra Ağdam rayonu savaşsız Azərbaycana təhvil
verildi. Lakin rayon 30 ilə yaxın
işğal altında olduğu üçün bu ərazilərdə
həddindən çox minalar basdırılıb.
Ona görə də müvəqqəti
olaraq mülki insanların buraya girişi qadağan olunub. Hökumətin
tapşırığına əsasən, ilk növbədə
infrastrukturun olacağı bölgələr minalardan təmizlənir.
Öncə Bərdə-Ağdam dəmiryol xəttini
və avtomobil yolunu təmizləmək
planlaşdırılıb. Regionda
ANAMA-nın 32 əməliyyat heyəti
çalışır. Yanvar ayından bu yana
aşkarlanan bütün minalar zərərsizləşdirilib.
Ən çətin proses hərbi mövqelərin təmizlənməsidir.
Ona görə də bu ərazilərdə
texnika ilə deyil, əllə təmizləmə mexanizmindən
istifadə olunur. Təhlükəli minalar
yerində, az təhlükəlisi isə münasib yerə
aparılaraq orada zərərsizləşdirilir”.
E.Cəfərov mütəxəssis
kimi ermənilərin “bizdə minalanmış ərazilərlə
bağlı xəritəsi yoxdur” iddiasına da münasibət
bildirib.
Vurğulayıb ki, bu cür açıqlama tamamilə
yalandır və absurddur:
“Sxemsiz, plansız heç
bir əraziyə minalar basdırılmır. Amma ermənilərə
Ağdamdan çıxmaq üçün əlavə vaxt
verilərkən qərəzli şəkildə hara gəldi
mina basdıra bilərlər”. Mütəxəssis bəyan
edib ki, bölgədə əsas işi ANAMA görsə də,
digər qurumlardan da yardım alırlar: “Milli Ordunun
İstehkam Xidməti qoşunları, o cümlədən
türk qardaşlarımızın göndərdiyi xüsusi
heyət də bizə dəstək verirlər”.
E.Cəfərovun jurnalistləri
bilgiləndirməsindən sonra heyətimiz vaxtilə Ağdam
İcra Hakimiyyətində çalışan, hazırda
YAP-ın Ağdam rayon təşkilatında aparat rəhbəri
kimi fəaliyyət göstərən bələdçimiz -
Zülfü Qasımova həvalə olundu.
Ağdamı
qarış-qarış tanıyan Zülfü Qasımov
marşrut boyu baş çəkdiyimiz hər yer haqqında ətraflı
və maraqlı məlumat verdi. Ağsaqqal bələdçimizin geniş və bir
qədər emosional izahatı Ağdamın qalıqları
üzərində köhnə şəhəri
gözümüzdə yenidən canlandırdı.
Jurnalistlərlə tanış olan
Z.Qasımovun ilk cümləsi “Ağdamı yenidən görəcəyimə
heç inamım yox idi” oldu:
“Şükürlər olsun
ki, Allah xoşbəxt günləri bizə yenidən
yaşatdı.
Dövlət başçımıza, Ali
Baş Komandana xüsusi minnətdarlıq edirəm. Məhz ölkə rəhbərinin, qəhrəman
Ordumuzun rəşadəti sayəsində 30 ildən sonra
doğma yurdumuza, boya-başa çatdığımız
rayona qayıtmaq bizə nəsib oldu. Ağdama
girmək üzrəyik. Yol boyu sağa-sola
baxsaz, çox güclü müdafiə istehkamları görəcəksiz.
Əgər müharibə yolu ilə Ağdama
girilsəydi, şəhidlərimiz hədsiz çox
olardı. Şükür ki, Prezidentimiz
sayəsində Ağdamı döyüşsüz geri ala
bildik”.
Həqiqətən, yol boyu dəhşətli
mənzərənin şahidi olduq. Avtobus hərəkət
edərkən müəyyən məsafələrlə
quraşdırılmış istehkamların, ardınca
uçuq-sökük divarları qalmış,
aralarını ot-alaq basmış yaşayış evlərinin,
ictimai obyektlərin qalıqlarını izlədik. Erməni vandalizminin “əsərlərini” yerində
görmək bütün media nümayəndələrini dərindən
sarsıtdı. Barbar ermənilər sadəcə
günahsız insanlara deyil, cansız daşlara belə divan
tutmuşdular. Şəhər yerlə-yeksan edilib, vəhşicə
talanıb və 27 il bərbad vəziyyətdə
saxlanılıb.
Zülfü Qasımovun bələdçiliyi
ilə yollandığımız ilk yerlərdən biri
Ağdamdakı doğum binasının qalıqlarının
qarşısı idi. Doğum evinin yanında uşaq poliklinikası da
varmış:
“Ağdam şəhəri 50
küçədən ibarətdir. 5 kənd sahəsi və 2 məhəlləsi
var. 81 nömrəli məhəllədə 640 ev
tikilmişdi. O evlərin cəmi 18-i qeydə
alınmışdı. Olduğumuz yerdə 11
beşmərtəbəli bina var idi. Yan tərəfdə
6 nömrəli məktəb və sərnişin avtobazası
yerləşirdi. Digər tərəfdə
isə iki mərtəbəli binalar tikilmişdi. Gördüyünüz bu kanalın içi suyla
dolu olurdu, amma indi quruyub.
Sonrakı ziyarət məntəqəmiz
Ağdamın məşhur “İmarət” deyilən yeri oldu. İmarət
deyilən yerdə həm qəbiristanlıq, həm də məşhur
stadion vardı. İmarət Qərvənd
qəbiristanlığı Qarabağ xanının və onun
yaxınlarının məzarları olan məqbərə-kompleksdir.
Pənahəli xanın məqbərəsi də
Ağdam rayonunda İmarət qəbiristanlığında
yerləşir. Türbənin yanında
ona oxşar başqa türbə də var. Bu türbə isə
Pənahəli xanın oğlu, Qarabağ xanı İbrahimxəlil
xana məxsusdur. Pənahəli xanın
türbəsinin giriş qapısı tağvari quruluşa
malikdir.
Ermənilər içi
samanla dolu olan türbədən mal-qaranın yem anbarı kimi
istifadə ediblər. Türbələrin önündə xan
qızı Xurşidbanu Natəvanın büstü
qoyulmuşdu. Ağdam şəhəri
işğaldan azad olunandan sonra məlum olub ki, ermənilər
tərəfindən Natəvanın məqbərəsi
dağıdılıb, qəbri təhqir olunub və
sümükləri də çıxarılıb. Türbələrlə üzbəüz isə
1952-ci ildən 1993-cü ilə qədər fəaliyyət
göstərmiş stadion vardı. Stadion
işğal zamanı mərmi zərbərlərinə məruz
qalaraq, yararsız vəziyyətə düşüb.
Z.Qasımov tarixi oyunlara şahidlik etmiş stadionun yenidən
bərpa olunacağını dedi: “Buranın İmarət
adlanmasının səbəbi burada Pənahəli xanın
sarayının, imarətinin olmasıdır. Sarayda
divanxana da olub. Abidə kompleksi XVIII əsrə
aiddir. 1980-ci il may ayının 2-də
Natəvan qızlar bayramı və Xarı bülbül
ümumdünya festivalı keçirilirdi. Təsəvvür
edirsiniz, 1989-1990-cı ildə Xarı Bülbül
Festivalına Amerikadan, Türkiyədən, Meksikadan, Orta Asiya
respublikalarından iştirakçılar gəlirdilər.
Həmin festivalı Abdulla Qurbani
hazırlayırdı. Bir tribunada 1000 nəfər
eyni vaxtda xor oxuyurdu. 1500 nəfərə qədər
stadionda oynayırdı. Festival çox
gözəl olurdu”. Xanın saray və
divanxanası dağıdılmamış vəziyyətdə
saxlansa da, hər iki tikili bərbad görünürdü.
Sarayın otaqları və divanxananın içərisi zibil və peyinlə
doluydu. Çox güman, ermənilər burada
mal-qara, bəlkə də donuz saxlamışdılar. Növbəti dayanacağımız Ağdamın
birinci Şəhidlər Xiyabanı, daha dəqiq desək, məzarlığın
qalıqları idi. Sonradan üzə
çıxarılmış üç-beş məzar
istisna olmaqla ermənilər Xiyabanın altını
üstünə çeviriblər. Əksər
qəbirlər qazılmış, içi boş halda idi.
Dəfn olunanların sür-sümükləri
belə yoxa çıxmışdı. Sadəcə
içərisi zir-zibillə dolu çuxurlar
qalmışdı. Bələdçimiz
vurğuladı ki, Ağdamda şəhidlərin dəfn
olunduğu üç qəbiristanlıq olub. Birinci,
ikinci və bir də Qarahacı məzarlığı: “Bu məzarlıqda
təxminən 1000-dən artıq şəhid
basdırılmışdı. Görürsüz,
sağ qəbir qalmayıb. Vəhşiliyin
dərəcəsinə baxın. O vaxt Allahverdi
Bağırovun Vitalik adında erməni ilə əlaqələri
olub. Meyitləri, əsirləri, girovları dəyişdirirdilər.
Onlar Qarabağ futbol komandasında bir yerdə
oynamışdılar. Allahverdi
Bağırov Vitaliklə bu əlaqələrdən istifadə
edərək, o vaxt Xocalıda 1500-ə qədər əsir,
girov və meyitləri dəyişdirə bilmişdi. O
vaxt ermənilər Allahverdi Bağırovun qəbrini
saxlamışdı. Sonra dağıtdılar.
İndi qəbrin yerində qırıq
daşları qalıb. O daşlara görə də
müəyyənləşdiriblər ki, orda Allahverdi
Bağırovun qəbri var”.
Birinci Xiyabandan sonra
Qarahacı deyilən məzarlıq yerinə yollandıq. Bələdçimiz
İkinci Xiyabanın yerinin bilinmədiyini söylədi.
Qarahacı məzarlığında isə demək
olar ki, heç bir qəbir yeri qalmamışdı. Ermənilər Xocalı soyqırımında şəhid
edilmiş insanların da dəfn edildiyi məzarlığı
şumlayıb, bəzi yerlərini “əkib-becərmişdilər”.
Qarahacı qəbiristanlığından
Əsgəranın erməni kəndləri
açıq-aydın görünürdü. Düşmənlə
aramızda isə Rusiya sülhməramlılarının nəzarət
məntəqəsi qurulmuşdu. Məzarlıqdan
sonra növbəti ziyarət bölgəmiz Ağdamın məşhur
cümə məscidi oldu. Ağdam məscidi
ermənilər tərəfindən işğal edildiyi
dövrdə çox ciddi dağıntılara məruz
qalıb. Məscid erməni
işğalından bir ay sonra üzərinə benzin
tökdürülərək yandırılıb. Minarələr daxildən tamamilə
sökülüb, tavanı bir neçə yerdən
uçurdulub. Daxili tərtibatı, dizayn və
divar yazıları pozulub, hücrələri və
yardımçı otaqları uçurdulub, tamamilə
yararsız hala salınıb. Məscidin bəzək
əşyaları qarət edilərək Ermənistana
daşınıb. Divarlar üzərində
erməni və rus dillərində Azərbaycan xalqına və
millətinə qarşı alçaldıcı və təhqiredici
ifadələr və sözlər yazılıb. Ermənilər məscidin ibadət zalında mal-qara
və donuz saxlayıblar, məsciddən tövlə kimi
istifadə ediblər. Allaha sonsuz
şükürlər olsun ki, Ağdamla bərabər cümə
məscidi də azadlığına qovuşdu, düşmənin
təhqirlərindən xilas oldu.
Sonuncu dayanacağımız
Qarabağ xanı Pənahəli xan tərəfindən
1751-1752-ci illərdə inşa etdirilmiş məşhur
Şahbulaq qalası idi. Bələdçimizin dediyinə görə, ehtimal ki,
qalanın adı burada yerləşən gursulu bulağın
adından – Şahbulağından götürülüb:
“Şahbulaq qalası Qarabağ xanlığının ərazisində
inşa etdirilən ikinci qaladır. Qala Bayat
qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz
kimi inşa edilib. İşğaldan azad
olunanadək ermənilər qaladan kilsə, muzey və restoran
kimi istifadə ediblər”.
Səfərimizin
sonunda Zülfü Qasımov Ağdamın yeni baş
planının hazırlandığını dedi. Bildirdi ki, əsas
görkəmi və simvolları saxlanacaq:
Şərq 2021.-
17 aprel.- S.11.