Azərbaycan bəyanatın bütün
şərtlərinə əməl edir
Ermənistanın mövqeyi nə olursa-olsun, reallıq dəyişməyəcək
"Zəngəzur dəhlizinin, Azərbaycanla
Naxçıvanı birləşdirən kommunikasiya xəttinin
çəkilişi üçtərəfli razılaşmada
əksini tapıb"
Ötən ilin 10
noyabrında Azərbaycan, Rusiya və Ermənistan dövlət
başçılarının imzaladığı
üçtərəfli bəyanatın müddəalarının
icrası prosesində müəyyən problemlər üzə
çıxmaqdadır. Ələlxüsus, Azərbaycanla Ermənistan
arasında kommunikasiyaların açılmasını nəzərdə
tutan 9-cu bəndlə bağlı düşmən tərəfin
cığallığı açıq-aşkar
görünür. Məlumdur ki, bəyanatın
həmin müddəasının icrası məqsədilə
üçtərəfli işçi qrupu yaradılıb, bir
neçə dəfə görüş-müzakirələr
keçirilib. Yanvarda baş nazir müavinlərinin
iştirakı ilə keçirilən ilk iclasdan sonra bəlli
oldu ki, Ermənistan tərəfi kommunikasiyaların
açılması ilə bağlı nəzərdə
tutulan addımları atmaqdan yayınır.
Rusiyanın “Kommersant” qəzetinin
yazdığına görə, tərəflər arasında əsas
mübahisə mövzusu avtomobil və dəmir yolu xətlərinin
keçəcəyi marşrutlarla bağlıdır. Yerevan
hökuməti Azərbaycanla Naxçıvanın birləşməsi
üçün Qazax-İcevan-İrəvan-Naxçıvan
istiqamətindəki dəmir yolu xəttinin işə
salınmasını istəyir. Azərbaycan
isə daha qısa və sərfəli Zəngilan-Mehri-Naxçıvan
marşrutuna üstünlük verir.
Zəngəzur marşrutu dəhliz
statusu almaqla, Rusiya tərəfinin müdafiəsi altına
düşəcək. Rusiyanın təhlükəsizliyinə təminat
verdiyi dəhlizin fəaliyyətinə Ermənistan heç
vaxt mane ola bilməyəcək.
Ümumiyyətlə, rəsmi
Bakının Zəngəzur dəhlizi məsələsindən
geri addım atmaq fikri yoxdur. Prezident İlham
Əliyev Azərbaycan Televiziyasına müsahibəsi
zamanı “Zəngəzur dəhlizinin yaradılması bizim
milli, tarixi və gələcək maraqlarımıza tam cavab
verir” sözləri ilə rəsmi Bakının bu məsələdə
nə qədər qərarlı olduğunu sübut etdi.
Ermənistanda elə bir təsəvvür var
ki, Azərbaycanın Zəngəzurla bağlı mövqeyi
sadəcə, Yerevanı qorxutmaq məqsədi
daşıyır. Reallıq isə tam fərqlidir.
Cənab Prezidentin dediyi kimi, Ermənistan
bunu istəsə də, istəməsə də, Zəngəzur
dəhlizi açılacaq: “Biz öz maraqlarımızı təmin
etmək üçün lazımi addımları
atmalıyıq. Zəngəzur dəhlizinin
yaradılması bizim milli, tarixi və gələcək
maraqlarımıza tam cavab verir. Biz Zəngəzur
dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də,
istəməsə də. İstəsə,
daha asan həll edəcəyik, istəməsə də zorla həll
edəcəyik”. Dövlət başçısı qeyd
edib ki, bizim əsas rəqibimiz zamandır, çünki dəmir
yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir:
“Ona görə bütün güclər səfərbər
olunub ki, bu layihə icra edilsin. Beləliklə,
Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən
alınmış Zəngəzura qayıdacaq”.
Təbii ki, indi beynəlxalq
vəziyyət tam fərqlidir. Zəngəzur bu
gün Ermənistanın ərazi bütövlüyü kimi
tanınır. Lakin bu, nə Zəngəzurun
tarixi Azərbaycan torpağı olduğu, nə də gec-tez
azərbaycanlıların bu ərazilərə
qayıdacağı gerçəyini dəyişir. Bu gün Ermənistanda bəzi ultra-millətçi
siyasətçilər xəstə fikirləri ilə erməni
ictimaiyyətində qorxu yaradırlar ki, guya, Azərbaycan
Prezidenti Zəngəzuru hərbi yolla işğal etmək istəyir.
Halbuki, Azərbaycan diplomatik
olaraq Zəngəzura qayıdır. 10 noyabr bəyanatında
qeyd olunan Zəngəzur dəhlizinin açılması
faktiki olaraq bizə bu imkanı verir. Təsadüfi deyil
ki, ölkə başçısı da
çıxışında bu məqama diqqət çəkib:
“Necə ki, mən müharibədən əvvəl və
müharibə dövründə demişdim ki, bizim
torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi
zorla çıxaracağıq. Belə də
oldu. Zəngəzur dəhlizinin taleyi də
eyni olacaq”. Yəni bu o deməkdir ki, Ermənistan
10 noyabr bəyanatında əksini tapan Zəngəzur dəhlizi
məsələsində süni problemlər yaratmasın.
Bu dəhliz onsuz da istifadəyə veriləcək.
Ölkə rəhbəri əlavə edib ki, yol infrastrukturunun
yaradılması ilə bağlı bütün istiqamətlər
üzrə işlər gedir: “İlk növbədə,
Füzuli-Şuşa yolu, Zəfər yolu magistral yolumuz, eyni
zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan
avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut,
Füzuli-Cəbrayıl, Bərdə-Ağdam,
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil
yollarının tikintisi artıq başlayıb. Bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd
dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə gəlib
çatacaq. Artıq cədvəl üzrə
işlər gedir”.
Prezident Ermənistandan səslənən
revanşist çağırışlara da cavab verib və
diqqətə çatdırıb ki, bu müharibədə təkcə
öz ərazi bütövlüyümüzü bərpa etməmişik,
həm də erməni faşizmini məhv etmişik:
“Bu gün Ermənistanda bəzi
revanşist qüvvələr baş qaldıranda bilməlidirlər
ki, onların başı lazım olarsa, istənilən zaman əziləcək. Biz imkan verə
bilmərik ki, erməni faşizmi yenə baş
qaldırsın. İmkan verə bilmərik,
Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib
çatdırsın ki, bizə hansısa bir təhdid olsun.
Əgər mümkün olan təhdidi təsbit
etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan,
həm də onun havadarları. Çünki
bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir.
Bununla paralel olaraq, biz əməkdaşlığa
da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara
qarşı dövlət səviyyəsində
soyqırımı törədib, bütün tarixi, dini abidələrimiz
dağıdılıb, amma biz gələcəyə
baxmalıyıq”.
Ermənistan Baş naziri
Nikol Paşinyan son çıxışlarında Azərbaycan
və Türkiyə ilə əməkdaşlığın
ölkənin xilası üçün yeganə qurtuluş
yolu olduğunu dolayı yolla etiraf edib. Rəsmi
Bakı və Ankara ilə əlaqələrin, təmas
nöqtələrinin tapılmasının vacibliyini bildirib.
Görünür, müharibədən sonra
yaranmış reallıq Ehmənistan baş nazirinin
gözünü açıb. Baş nazir
dərk edir ki, ölkə fəlakətlə üz-üzə
qalıb və bunun əsas səbəbi diktə ilə
yürüdülən siyasət, “Qarabağ kartı”ndan
işğal, bəhanə, ya da şəxsi məqsədlər
üçün istifadə edilməsidir. Eyni
zamanda, onu da anlayır ki, çıxış yolu həm də
Ermənistanın çürük ideologiyasından əl
çəkməsidir. Ermənistanın
bir dövlət kimi regionda siyasi və iqtisadi blokadadan
çıxmasının, uçurumdan xilas olmasının
bir yolu var. O da qonşu Türkiyə və Azərbaycanla
münasibətləri normallaşdırmaqdır.
Beynəlxalq münaqişələr
üzrə ekspert, rusiyalı politoloq Vitali Arkov bildirib ki, Azərbaycan
üzərinə götürdüyü öhdəlikləri
tam olaraq yerinə yetirir. Onun sözlərinə görə, Bakı sadəcə
Ermənistan məmurlarının və deputatlarının, həmçinin
xarici siyasətçilərin Azərbaycan ərazilərinə
səfərlərinin razılaşdırılmasını tələb
edir və bu, tamamilə məntiqlidir:
“Amma göründüyü
kimi, Ermənistan yenə də “öz repertuarındadır”. Bu ölkə
öz öhdəliklərinin yerinə yetirilməsini istənilən
bəhanə ilə uzadır və Azərbaycana
Naxçıvanla yerüstü dəhlizin
formalaşdırılmasına imkan vermir. Amma
buna qarşı çıxan ermənilər anlamırlar ki,
bu, Yerevana strateji tərəfdaşları olan Rusiya və
İranla dəmir yolu əlaqələri əldə etməyə
imkan verəcək. Axı bu, boğulan Ermənistan
iqtisadiyyatının dirçəldilməsi üçün
ciddi impuls olacaq”.
Bu arada Türkiyənin Nəqliyyat
və infrastruktur naziri Adil Karaismailoğlu türk
dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin
inşasının başlandığını elan edib. Nazir vurğulayıb ki,
Naxçıvanı Azərbaycana birləşdirəcək
avtomobil yolunun tikintisi gedir: “Yolun inşasının dekabr
ayında yekunlaşdırılması
planlaşdırılıb, lakin daha tez başa
çatacağı gözləntiləri var. Avtomobil yolu
başa çatdıqdan sonra dəmiryolunun inşası həyata
keçiriləcək. Dəmir yolu layihəsinin
hazırlanması üzərində iş gedir”.
Sabiq baş nazir, AXP sədri Pənah
Hüseyn “Şərq TV”-yə açıqlamasında bildirib
ki, Ermənistan tərəfdə Azərbaycanın Zəngəzura
qarşı hərbi təcavüzə hazırlaşması
istiqamətində hay-küy qaldırılır. Partiya rəhbəri
bildirib ki, 10 noyabr üçtərəfli bəyanatının
və Zəngəzur dəhlizinin açılması ilə
bağlı məlum müddəanın altında Rusiya prezidentinin
imzası var. Ermənistanın mövqeyi nə olursa-olsun, bu,
heç nəyi dəyişmir: “Çünki Zəngəzur
dəhlizinin, Azərbaycanla Naxçıvanı birləşdirən
kommunikasiya xəttinin çəkilişi üçtərəfli
razılaşmada əksini tapıb. Ona görə
də bu məsələ əsas etibarı ilə Rusiyaya
qarşı yönəlməlidir. Məhz
Moskva Zəngəzur dəhlizi ilə bağlı təminatçı
kimi çıxış etməlidir. Türkiyənin
Nəqliyyat Nazirliyi səviyyəsində avtomobil yolunun çəkilişinin
başlandığını əks etdirən məlumat
verildi. Böyük ehtimalla bu yol Türkiyə
ilə Naxçıvan arasında çəkilir. Amma Ermənistan daxilində bu məsələyə
münasibət ikilidir. Düzdür, ermənilər
birbaşa “Zəngəzur dəhlizi” ifadəsini işlətmirlər.
Bəyanatda belə ifadə yer almasa da,
kommunikasiyaların açılması fonunda Azərbaycanın
qərb rayonları ilə Naxçıvanın quru yolu ilə
birləşdirilməsindən söhbət gedir. Ermənistan müxalifəti buna qarşı
çıxır və Baş nazir Nikol Paşinyanın əleyhinə
təbliğat aparır. Yerevan hökuməti
birbaşa “Zəngəzur dəhlizi” sözünü işlətməsə
də, məsələnin reallaşmasında maraqlı
görünür. Çünki birbaşa
həmin bəndin pozulması bütövlükdə digər
müddəaları da şübhə altına alır.
O halda vəziyyət dəyişə bilər. Lakin
bu, Azərbaycanın Ermənistanın tanınmış sərhədlərindən
içəri zorla daxil olması kimi başa düşülməməlidir”.
Millət vəkili Anar Məmmədov
da “Şərq”ə deyib ki, Zəngəzur dəhlizi regionun
sülh qarantına çevriləcək. Deputat vurğulayıb ki, qədim
Zəngəzurun qapıları uzun həsrətdən sonra
böyük türk dünyasının üzünə
açılacaq:
“Əməkdaşlıq və
nəqliyyat baxımından Zəngəzur dəhlizinin
yaradılması Azərbaycan, Rusiya və Ermənistan
arasında imzalanmış sənədlər arasında ən
mühüm element hesab edilir. Azərbaycan tərəfi
bölgədə davamlı sülhün bərqərar edilməsini
əməkdaşlıqda görür. Buna görə də Zəngəzur
dəhlizinin yaradılması və nəqliyyat əlaqələrinin
bərpasını qətiyyətlə dəstəkləyir.
Zəngəzur dəhlizinin yaradılması ilə
Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir
damarı açılacaq. Bu da bölgə ölkələri
arasında iqtisadi və ticarət əlaqələrinə
müsbət təsir göstərəcək. Türkiyə
bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından
biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək
ki, bu da öz növbəsində ikitərəfli iqtisadi və
turizm əlaqələrinin daha inkişafına şərait
yaradacaq. Digər tərəfdən, Zəngəzur dəhlizi
həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət
qapısı rolunu oynayacaq və türk dünyası ilə
iqtisadi əlaqələrini gücləndirməsinə imkan
verəcək. Bu dəhlizin reallaşması
regional nəqliyyat şəbəkələrinin genişlənməsinə
səbəb olacaq. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi
və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri
daxilində bölgənin əhəmiyyətini daha da
artıracaq. Bu, Ermənistan da daxil olmaqla bütün
regional ölkələrin maraqlarına xidmət edir. Ermənistanda
başa düşməlidirlər ki, Zəngəzur dəhlizi
bu ölkənin illər boyunca yoluxdurulduğu
dağıdıcılıq xəstəliyindən
qurtulmasında, aclıq və səfalətdən xilas
olmasında xüsusi rol oynayacaq”.
İsmayıl
Qocayev
Şərq 2021.- 23 aprel.- S.11.