Bütün ölkə boyu
icbari tibbi
sığorta tətbiq edilir
Vətəndaşlar
tibb müəssisələrinə rahat bir şəkildə müraciət edə bilər
"İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda müxtəlif tibbi xidmət daxildir"
İcbari tibbi sığorta artıq bütün ölkəni əhatə edir. Sonuncu – üçüncü mərhələdə paytaxt Bakı da icbari tibbi sığorta məkanına daxil oldu. Bununla da səhiyyə sistemində icbari sığortanın tətbiqi tamamlandı. Pandemiya dövründə icbari tibbi sığortanın tətbiqinin başa çatdırılacağına inanmaq, açığı, bir az çətin idi. Dünya koronavius bəlası ilə çarpışdığı bir vaxtda, ölkəmizdə də yoluxma və ölüm sayında müsbət dəyişilik hələ ki, müşahidə edilmədiyi, COVİD-19 əleyhinə peyvəndlənmə kampaniyasının daha vacib olduğu və davam etdiyi şəraitdə, doğrusu, icbari tibbi sığorta sahəsində yekun nəticəyə gəlinəcəyi o qədər gözlənilmirdi.
Lakin Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsasən sosial yönümlü olduğu bir daha təsdiqini tapdı. İcbari tibbi sığortanın çətin bir mərhələdə tam tətbiqinə nail olunması sübut etdi ki, Azərbaycan dövləti, cənab Prezident İlham Əliyevin təyin etdiyi, vətəndaşların rifah halının yaxşılaşmasına, hər bir vətəndaşın ödənişsiz tibbi xidmətlərdən yararlanmasının təminatına, bununla da ictimai maraqların müdafiəsinə yönəlmiş siyasətinə sadiqdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əlievin 20 dekabr 2018-ci il tarixli sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs yaradıldı. Prezidentin sərəncamında bildirilirdi ki, məqsəd ölkədə səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasıdır. Və bunlar ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illərdə həyata keçirilən islahatlarla dövlətin iqtisadi potensialının daha da artması ölkədə səhiyyənin inkişafına və əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradır. Bu da əhali arasında icbari tibbi sığortanın tətbiq edilməsinə imkan verir.
Pilot layihələrdən tam tətbiqə doğru
Məlum olduğu kimi, icbari tibbi sığortanın tətbiqinə Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında pilot layihələrin icrası ilə başlandı. İcbari tibbi sığorta təcrübəsi dünyanın bir sıra ölkələrində oturuşmuş sistem olsa da, Azərbaycan üçün yenilik idi və bu sahədə təcrübə əldə edilməmişdi. Pilot layihələrin tətbiqində məqsəd də tibbi sığortanın çətinlik yaradacaq tərəflərini öyrənmək, sistemə bələd olmaqdan ibarət idi. Qısa müddət ərzində layihələrin özünü doğrultduğu göründü və ikinci, üçüncü mərhələlərin icrasına başlanıldı. Hazırda bütün ölkədə icbari tibbi sığorta tətbiq edilir. Xatırladaq ki, 01 yanvar 2021-ci il tarixdən etibarən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanıldı. Bununla da ölkənin daha 36 şəhər və rayonu - Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul icbari tibbi sığorta sisteminə qoşuldu. Sonuncu - üçüncü mərhələdə - 1 aprel 2021-ci il tarixindən etibarənsə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta ilə əhatə olunub artıq. Bu ilin mart ayı ərzində əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlar arasında Mingəçevir, Şirvan şəhəri, Yevlax, Zaqatala, Ağdaş, Qəbələ, Oğuz, Ağstafa rayonları, Gəncə şəhəri və Göyçay rayonudur. Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunda da Mingəçevir şəhər Mərkəzi Xəstəxanası və Gəncə Birləşmiş Şəhər Xəstəxanası yer alır. Bu, həmin ərazi üzrə əhali sayının daha böyük olması, ətraf bölgələrdən, kənd və qəsəbələrdən bu tibb müəssisələrinə vətəndaşların daha çox üz tutmasıyla əlaqələndirilir. Ən çox ambulator xidmət, eləcə də stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğunda da Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası ilk sıradadır. 2021-ci ilin mart ayı ərzində tibbi ərazi bölmələri üzrə göstərilmiş tibbi xidmət sayına görə Bərdə-Yevlax, Şəki-Zaqatala, Quba-Xaçmaz , Gəncə gəlir. İcbari tibbi sığorta sisteminin bütün ölkə üzrə tətbiqinə başlanmasıyla əlaqədar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatında qeyd edilir ki, Agentlik tərəfindən tibbi xidmətlərin hamı üçün əlçatan olması və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər görülür. Sözügedən proseslərin gedişində vətəndaş-qurum arasında qarşılıqlı əlaqənin formalaşdırılması əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Agentlik mütəmadi olaraq vətəndaşları icbari tibbi sığortanın tətbiqindən irəli gələn, həmçinin qurumun səlahiyyətinə aid olmayan məsələlərlə bağlı müraciətlərin aidiyyəti üzrə baxılması barədə məlumatlandıracaq.
İcbari tibbi sığortaya nələr daxildir?
Qeyd edək ki, hazırda əhalini ən çox düşündürən və ən çox soruşulan da məhz bu məsələdir. Vətəndaş bilmək istəyir ki, tibbi sığortadan necə, hansı hallarda, hansı xəstəliklər zamanı yararlana biləcək. Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın tətbiq edildiyi yerlərdə əhali tərəfindən tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub. Agentlik vətəndaşların təbii maraqlarını nəzərə alaraq Xidmət Zərfi barədə məlumat verib. Qeyd olunur ki, Xidmətlər Zərfi çərçivəsində əhaliyə 2550 sayda müxtəlif tibbi xidmət göstərilir. Sığortaolunanlar ixtisaslı həkimin göndərişi əsasında tibb müəssisəsində Xidmətlər Zərfi çərçivəsində nəzərdə tutulan qaydalara uyğun olaraq tibbi xidmətlərdən ödənişsiz şəkildə yararlana bilər. Xidmətlər Zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin göstərilməsi üçün vətəndaşlar tibb müəssisələrinə (post terminallarına) ödəniş etməlidir. Ödəniş icra olunduqdan sonra vətəndaşa ödənişi təsdiq edən sənəd (qəbz) təqdim olunur. Qeyd edək ki, həkimlər tərəfindən dövlət və qeyri-dövlət xəstəxanalarına göndərişlərin verilməsi ilə bağlı müraciətlərə tibb müəssisələrinin rəhbərlikləri tərəfindən baxılır. Tibb müəssisəsinin rəhbərliyi tərəfindən müraciətlə bağlı verilən cavab qənaətbəxş olmazsa, vətəndaş Agentliyə müraciət edə bilər. Vətəndaş müraciətlərinin qəbulu, onların qanunvericiliyə uyğun araşdırılması və cavablandırılması Agentlik üçün prioritet məsələdir. Vətəndaş göstərilmiş tibbi xidmətlərin keyfiyyətindən narazıdırsa və ya tibb personalı tərəfindən ona qarşı hüquq pozuntusuna yol verilibsə, bununla əlaqədar ilk növbədə “Vətəndaş müraciətlərinə baxılması və vətəndaş qəbulunun təşkili haqqında” Agentliyin Əmrinə əsasən tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir.
“Əhali mümkün qədər çox tibbi xidmət növü ilə əhatə olunmalıdır”
Mövzu ilə bağlı “Şərq”ə danışan Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov qeyd etdi ki, 01 aprel 2021-ci il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər də icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlanmağa başlayıb:
- İcbari
Tibbi Sığorta üzrə Dövlət
Agentliyi bildirir ki, Xidmətlər Zərfində edilən dəyişikliyə
əsasən, ora 300-ə yaxın tibbi xidmətin əlavə olunması
planlaşdırılır. Hazırda icbari
tibbi sığortanın Xidmətlər Zərfinə
2550 sayda müxtəlif tibbi
xidmət daxildir. Agentlik tərəfindən
Xidmətlər Zərfində dəyişikliklərin edilməsi,
tibbi xidmətlərin sayının və
çeşidinin artırılması ilə
bağlı layihə hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub.
Ümumilikdə Xidmətlər Zərfi ilə təminata
alınan tibbi xidmətlərin sayının
2800-dən çox olması nəzərdə
tutulur. Məqsəd əhalini daha çox sayda tibbi xidmətlə təmin
etmək və xidmətlərin əlçatanlığını
artırmaqdır. Mən də belə hesab
edirəm ki, əhali mümkün
qədər çox sayda,
daha geniş tibbi xidmət növləri ilə əhatə
olunmalıdır. Bu, həm həkimlər,
həm də vətəndaşlar üçün
əlverişli olacaq. Ümumilikdə icbari tibbi sığorta həm
həkimlər, həm də əhali qrupları üçün faydalıdır. İcbari tibbi
sığorta bizim regionda
yerləşən bir çox
dövlətlər tərəfindən uzun
illərdir ki, tətbiq edilir. Məsələn, qonşu
Gürcüstan 20 ildir
ki, tibbi
sığortadadır. Türkiyə, Rusiya
da həmçinin. Bunun
üçün ayrı-ayrı dövlət
xəstəxanalarında tibbi baza, fundamental işləmələr
lazımdır. Yəni buna nə dərəcədə
tələbat var və s.
Bunun hamısı nəzərə
alınmalıdır. Dövlət də bunu
əvvəlcədən ölçülü
şəkildə hesabladı, nəticədə aprel ayından həmin sistemə keçid edildi. Bundan sonra əsas məsələ
icbari tibbi
sığortanın daha artıq tibbi xidmət növünü
əhatə etməsinə və ondan əhalinin
daha böyük hissəsinin
istifadəsinə nail olmaqdır. Amma vətəndaşlarımız bilsin ki, bütün
ölkə boyu, paytaxt
da daxil, icbari tibbi sığorta tətbiq
edilir və onlar tibb müəssisələrinə rahat bir şəkildə müraciət edə bilər.
Məlahət Rzayeva
Şərq 2021.- 24 aprel.- S.11.