100 yaşlı
"Şəfəq"...
Azərbaycanda ilk region mətbuatı
sayılan bu orqanın öz inkişaf yolu olub
"Qəzetlər tarixdir,
salnamədir.
Bizdə ayrıca bölgə mətbuatının inkişaf
etdirilməsiylə bağlı ciddi proqram
olmalıdır"
Bu gün Azərbaycanda kifayət edəcək
sayda yazılı mətbu orqanı var. Bunların
böyük əksəriyyəti Bakı şəhərində
fəaliyyət göstərir, çox az
hissəsi isə regionların payına düşür. Regionlarda fəaliyyət göstərən mətbu
orqanlarımız rəsmi qəzetlərdir. Təbii ki, əyalətin müstəqil qəzetləri
fəaliyyətlərində ilk olaraq regionun tarixi, mədəniyyəti,
adət-ənənəsi, əhalinin məşğuliyyəti,
ictimai-siyasi, sosial uğurları və problemlərinin təbliği
üzərində qurmalıdırlar. Bu
bir həqiqətdir ki, heç bir nəşr rayon qəzeti qədər
əhatə etdiyi bölgənin mənzərəsini
canlandırmaq imkanına malik deyil. Etiraf edək
ki, rayon qəzetlərinin paytaxtda nəşr olunan qəzetlərlə
müqayisədə çətinlikləri daha çoxdur.
Bu səbəbdəndir ki,
bir çox bölgə qəzetləri nəşrlərini
dayandırıblar. Doğrudur, bu günləri internet sərhədsizdir.
Ucqar kənddə də internetə qoşulub
“isti” informasiyalar almaq mümkündü. Amma
informasiyanı kim yayır, necə
yayır, nə məqsədlə yayır, bunlar da
böyük əhəmiyyət daşıyır. Bu mənada paytaxt öz yerində, regionlarda da
etibarlı informasiya mənbəyinə ehtiyac var.
Uzun ömürlü region qəzetlərimizdən
biri də "Şəfəq" qəzetidir. Bir əsrlik
tarixə malik olan “Şəfəq” qəzetinin tarixinə
qısa nəzər salaq. Qubanın ilk rəsmi,
həftəlik nəşr olunan mətbu orqanı “Şəfəq”
qəzeti 1921-ci ilin aprel ayından fəaliyyətə
başlayıb. Azərbaycanda ilk rayon mətbuat
orqanı olub. Həmin dövrlərdə
qəzet bir neçə səhifə həftəlik nəşr
olunurdu. Qəzetin ilk adı “Əxbar” olub.
Siyasi ideologiyaya görə qəzetin adı bir
neçə dəfə dəyişib. “Xəbər”,
sonra “ Şəfəq” adlanıb. Hazırda “Şəfəq” adı ilə nəşr
olunur. Əslində sual yarana bilər ki,
niyə ilk dəfə qəzet Qubada yaranıb? Məlum olduğu kimi, Quba qəzza komitəsi kimi fəaliyyət
göstərib. Komitədən Qasım
İsmayılovun başçılığı ilə bir
qrup nümayəndə heyəti Leninlə görüşməyə
gedir, ona sovqat aparırlar. Lenin isə
Qubaya mətbəə bağışlayır.
Bununla da Qubada yalnız
jurnalistika yox, həm də poliqrafiya sahəsində sürətli
inkişaf başlıyır. 1991-ci illərdə qəzetin
nüfuzu, məhsuldarlığı və
populyarlığı kifayət qədər idi. Həmin dövrdə qəzet həftənin cüt
günləri olmaqla həftədə 3 dəfə nəşr
olunurdu və 10 min tirajla çıxırdı. “Şəfəq” qəzetinin mətbuat tarixində
öz ənənəsi olub. Burada oxuculara
yalnız yerli xəbərləri deyil, dünyada baş verən
hadisələr barədə də xəbərlər verilirdi.
Lakin Leninin bağışladığı
çap maşını muzeyə təhvil verilir, mətbəə
ləğv edilib. Əvəzində
redaksiyaya bilgisayar, “Niva” markalı avtomobil bağışlanılır.
Beləliklə, bir vaxtlar həftədə 3 dəfə
10 min tirajla çıxan qəzet sonradan bir çox çətinliklərlə
üz-üzə qalır. Ayda cəmi 2-3 dəfə
çap olunur.
"Şəfəq" qəzeti kimi bir çox
region mətbu orqanlarımız var ki, bu və ya digər səbəbdən
fəaliyyətlərini dayandırıb.
Yaxud da ki, ayda cəmi 2-3 dəfə
çıxmaqla kifayətlənirlər.
Bir çox ekspertlər qeyd edir ki, regional
media orqanları müxtəlif ərazilərdə ictimai rəyin
formalaşmasına yardım etməklə ictimai mühitin həmin
ərazi üçün vacib əhəmiyyət
daşıyan hadisə və proseslərə, o cümlədən
siyasi xadimlərin fəaliyyətinə nəzarətin həyata
keçirilməsində birləşdirici rol oynayır.
Bununla da, demokratik islahatların aparılması
üçün əlverişli zəmin
formalaşdırırlar. Ekspertlər
region mətbuatının üç əsas probleminin olduğunu
qeyd edirlər. Onlar hesab edir ki, bunlardan
birincisi yerlərdə mətbuatın çapı və fəaliyyətinə
olan ciddi maneələrdir. İkinci səbəb
maddi- texniki bazanın olmamasıdır. Çünki
rayonların heç birində normal mətbəə yoxdur ki,
məsul şəxslər qəzetləri çap etsinlər.
Üçüncüsü, kadr məsələsidir.
Bu gün əksər region mətbuatında
yalnız yaşlılar fəaliyyət göstərirlər. Düzdür, dövlətimiz
tərəfindən regional medianın dirçəldilməsi
baxımından bir sıra zəruri addımlar
atılmaqdadır. Heç şübhəsiz,
işğaldan azad edilmiş ərazilərimizdə quruculuq
işləri başa çatdıqdan və əhalinin
bölgəyə köçü başladıqdan sonra
regional media orqanları da paralel fəaliyyətə
başlayacaq. Zamanla həm yeni mətbuat
qurumları meydana çıxacaq, həm də işğaldan
əvvəl mövcud olmuş nüfuzlu KİV-lərin bərpası
prosesi başlayacaq. Sevindirici haldır ki,
yaxın vaxtlarda regional mətbu orqanımız olmuş və
1931-ci ildə Füzulidə çapa başlayan “Araz” qəzetinin
redaksiyası bərpa ediləcək. Bununla
da heç şübhəsiz ki, zamanla həm yeni mətbuat
qurumları meydana çıxacaq, həm də işğaldan
əvvəl mövcud olmuş nüfuzlu KİV-lərin bərpası
prosesi başlayacaq. Ekspertlərə
görə, yeni reallıqlar, informasiya siyasəti və
Qarabağın yenidən dirçəldilməsi
baxımından bölgədə müxtəlif media
orqanlarının fəaliyyəti olduqca önəmli və zəruridir.
Ümumiyyətlə, bütün bölgələrdə
əyalət mətbu orqanlarının olması zəruridir.
Çünki Azərbaycan milli mətbuatının
banisi Həsən bəy Zərdabi vaxtilə deyirdi ki, hər
bir vilayətin qəzeti həmin vilayətin aynasıdır.
Bəs bu gün regionlarda çıxan bir çox qəzetlərimiz
həmin bölgənin aynası ola bilirmi?
Ümumiyyətlə, region mətbuatının
vəziyyəti hansı durumdadır?
"Şərq" olaraq bu
sualları mətbuat nümayəndələrinə
ünvanladıq. Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli
"Şərq"ə açıqlamasında qeyd edib ki,
ümumilikdə region mətbuatımızın durumu o qədər
ürəkaçan vəziyyətdə deyil. O
vurğulayıb ki, bu günləri bölgələrdə
yayım demək olar ki, sıfır səviyyəsindədir:
"Bildiyimiz kimi, bu yaxınlarda Qubada "Şəfəq"
qəzetinin 100 illik yaşı qeyd olundu. Təbii
ki, bu bizi çox sevindirir.
Qeyd edim ki, “Şəfəq”
qəzetinin mətbuat tariximizdə öz ənənəsi
olub. Vaxtilə qəzetin nüfuzu, məhsuldarlığı
və populyarlığı kifayət böyük olub. Lakin internetin inkişaf etdiyi bir şəraitdə
bölgə və region mətbuatı
anlayışının özü belə kövrəkləşir.
Ancaq əyalət mətbuatına bu cür
münasibəti düzgün hesab etmirəm".
Q.Məhərrəmli qeyd edib ki,
internetə ciddi və mötəbər arxiv kimi güvənmək
olmur: "Hesab edirəm ki, regionlarda çıxan qəzetlərin
əsas işi bu bölgənin problemlərini, ona aid olan xəbərləri
və nöqsanları göstərməkdir. Yəni
insanları bu barədə məlumatlandırmaq və
onları bölgədə gedən proseslərlə tanış etməkdir. Yəni
yaxşını, pisi, ağı qaranı və s.
bunların hamısını açıq şəkildə
göstərməkdir. Fikrimcə, belə
olduğu halda insanlar həmin qəzetin, media qurumunun
varlığını hiss edəcək. Buna
misal olaraq, bu günləri Masallı rayonunun "Cənub xəbərləri"
qəzetinin fəaliyyətindən danışmaq olar. Həm qəzet, həm də sayt kimi xeyli fəaldır.
"Cənub xəbərləri"nin
baş redaktoru Zahir Əmənovun fəaliyyətini yüksək
qiymətləndirirəm. Bu yaxınlarda qəzetin
internet televiziyası da fəaliyyətə başladı.
Burada bölgənin problemləri geniş şəkildə
işıqlandırılır. Təbii
ki, bunlar müsbət addımlardır. Lakin
çox təəssüf ki, bəzi bölgələrdə
qəzetlərimiz icra hakimiyyəti orqanları tərəfindən
maliyyələşdirilir. Həmin qəzetlər
də icra hakimiyyətinin şəkillərinə və məlumatlarına
geniş yer ayırırlar. Təbii ki, bu
qəzet deyil, bu, təbliğat vasitəsidir. Mətbuata bu cür yanaşma yanlışdır.
Bu baxımdan biz "Şəfəq" qəzetinin
yüz illiyini tarixi hadisə kimi qeyd edirik. Amma və lakin region mətbuatı çox ciddi
şəkildə acınacaqlı durumdadır. Bölgələrə qəzetlər getmir, yayım
işi sıfır vəziyyətindədir. Təbii ki, ilk növbədə o işlərin
canlandırılmasına ehtiyac var. Çox zaman hesab edirlər
ki, yerlərdə internet varsa, qəzetə ehtiyac yoxdur. Amma qeyd edim ki, bunların hər birinin özünəməxsus
yeri var. Qəzetlər tarixdir, salnamədir. Bunlar tarixin yaddaşına köçən hadisələrdir.
İnternetə ciddi və mötəbər
arxiv kimi güvənmək olmaz. Amma qəzetlər
qalır və sabah onu araşdıranda
bölgədəki hadisələri, prosesləri görmək
mümkündür. Ona görə də hesab
edirəm ki, bizdə ayrıca bölgə mətbuatının
inkişaf etdirilməsiylə bağlı ciddi proqram
olmalıdır".
Mətbuat Şurasının İdarə
Heyətinin üzvü Azər Həsrət "Şərq"
açıqlamasında bildirib ki, bu günləri bölgədəki
media orqanlarının imkanları o qədər də az deyil. Ekspert hesab edir ki, əgər yerli mətbuat
orqanları ənənəvi xəbərçilikdən
imtina etsələr və daha çox yerli məsələlərə
köklənsələr, o zaman onların uzunmüddətliyi
təmin ediləcək:
"Fikrimcə, hazırda mətbuatın
xilası üçün ən unikal seçim lokal və
yerli xəbərlərə üstünlük verilməsidir. Bu baxımdan da bölgədəki
medianın imkanları az deyil. Əslinə qalanda biz baxırıq ki, bəzən
adicə bir kəndin xəbərləri həmin kənddə
çox geniş tirajlanır. Belə deyək
ki, ağızdan-ağıza keçir. Hətta sosial media üzərindən
həmin xəbərlər paylaşılır. Bu da ondan xəbər verir ki, insanlar qlobal məsələlərdən
daha çox yerli məsələlərə diqqət
ayırırlar".
A.Həsrət əlavə
edib ki, regionlarda əhalini daha çox sosial və yerli məsələlər
narahat edir: "O baxımdan düşünürəm ki,
"Şəfəq" qəzetinin də yaşamaq
şansı çox yüksəkdir. Yəni daha çox yerli
xəbərlərə köklənən bir qəzet olaraq, əlbəttə
ki, uğur qazanmaq üçün imkanları tükənməyib.
Bu baxımdan hesab edirəm ki, təkcə Qubadakı qəzet
deyil, bütün bölgələrdəki qəzetlər ənənəvi
dediyimiz xəbərçilikdən imtina etməlidir.
Onların daha çox yerli məsələlərə
köklənməsinin məqsədəuyğun olduğunu
hesab edirəm. Çünki bu, onların
yaşarlılığını təmin edəcək. Bu bir
faktdır ki, bütün dünyada yerli xəbərlərə
üstünlük verən media uğur qazanır və
qazanmağa da davam edir. Təbii ki, burda Azərbaycan da istisna
deyil. Hesab edirəm ki, regionlarda ictimai, siyasi, eyni zamanda yerli əhəmiyyətli
sosial problemlərə yönəlik media fəaliyyət
göstərməlidir".
Aynurə Pənahqızı
Şərq 2021.- 27 aprel.- S.11.