Gələcək
birincilərdən başlayır
İbtidai sinfə qəbulla
bağlı bütün əngəllər aradan
qaldırılmalıdır
Valideynlər uşaqlarının
orta məktəb seçimində sərbəstdirlər
Birinci siniflərə qəbul prosesinə
start verilib. Proses sentyabrın 14-dək davam edəcək. Prosesə böyük maraq və diqqət var. Bu da əbəs
deyil. Çünki təhsil Azərbaycan
dövlət siyasətinin əsas prioritetlərindən
biridir. Hər il dövlət büdcəsindən
təhsil sahəsinə milyardlarla pul ayrılır. 2021-ci il üçünsə dövlət büdcəsindən
təhsilə 3 milyard 277 milyon vəsait ayrılıb. Dövlət bu vəsaiti ona görə
ayırır ki, əhali savadlansın, elmə, biliyə yiyələnsin,
Azərbaycan savadlı, bilikli vətəndaşlara malik olsun.
Biliklərə yiyələnmə isə məktəbdən
– uşaqlardan başlanır. Belə də deyə bilərik:
məktəbəhazırlıq mərhələsi, ibtidai
sinif və ardıcıl olaraq orta təhsil pilləsi, ali təhsil… Azərbaycan dövlətinin
sağlam nəslin yetişdirilməsi istiqamətində
yürütdüyü məqsədyönlü siyasət həmçinin
bilikli, savadlı nəslin yetişdirilməsini də əhatə
edir.
Bu, vətəndaş təəssübkeşliyindən,
ictimai maraqların təminindən qaynaqlanan siyasətdir. Dövlətə
savadlı, bilikli, intellektual vətəndaşlar lazım
olduğu kimi, vətəndaşın da gələcəyini
düzgün qurması, yüksək səviyyəli yaşam
imkanlarına sahib olması üçün elmə, biliyə
yiyələnməsi şərtdir. Təhsilin
prioritet təşkil etməsində dövlət maraqları
ilə vətəndaş maraqları üst-üstə
düşür. I siniflərə qəbul
prosesinə ictimai marağın yüksək olmasının əsasında
da bu məntiq dayanır. Qəbul prosesi necə
keçirilir, hansı yeniliklər, hansı
çatışmazlıqlar var? Bəzi
hallarda valideynləri narazı salan amillər
hansılardır?
Elektron qəbulun üstünlükləri
I sinfə qəbul prosesi ilə
bağlı Təhsil naziri Emin Əmrullayev bu günlərdə
açıqlama ilə çıxış etdi. Nazir bildirdi ki, prosesin daha
çevik və şəffaf təşkili məqsədilə
dövlət ümumi təhsil müəssisələrinin
birinci siniflərinə qəbul elektron sistem vasitəsilə həyata
keçirilir: "Ötən tədris ilində məktəbəhazırlıq
qruplarında təhsil alan şagirdlərdən
94.000 nəfəri artıq I sinfə birbaşa yerləşdirilib.
Bütün valideynlər və qanuni nümayəndələr
uşaqları sərbəst şəkildə
www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə qeydiyyatdan
keçirə bilər. Qəbulla bağlı hər
hansı çətinliklə qarşılaşdıqda qeyd
olunmuş “whatsapp” hesablarına və yerlərdə (Bakı
şəhəri daxil olmaqla) fəaliyyət göstərən
alternativ qeydiyyat mərkəzlərinə müraciət edə
bilərsiniz: https://baku.edu.gov.az/az/page/9/5548".
Valideynlər
üçün daha bir imkanın yaradılmasında əsas
məqsəd onları düşündürən məsələlərə
daha operativ aydınlıq gətirmək və eyni sualı
olan valideynlərə ümumi qaydada cavab verilməsinin təmin
olunmasından ibarətdir. I sinfə şagird qəbulu
prosesində məktəb və müəllim seçiminə
isə sabahdan (bu gündən - aprelin 29-dan. – red.) başlanır. Birinci
sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr
2021-ci il tarixində başa çatacaq. Uşaqların birinci sinfə elektron qəbulu
ölkənin bütün şəhər və
rayonlarının ümumi təhsil müəssisələrini
əhatə edir. Qeyd edək ki, bəzən
valideynlər övladlarını seçdikləri məktəbə
yazdırmaqda çətinlik çəkir. Bu o zaman baş verir ki, məktəbə yazılmaq
istəyən uşağın ailəsi, ya da
uşağın özü həmin ərazidə daimi
qeydiyyatda olmur. Belə halda ümumtəhsil
məktəbi ilk növbədə ərazi üzrə daimi
qeydiyyatda olan, yaxud əraziyə yaxın məsafədə
yaşayan uşaqları məktəbə qəbul edir. Qəbul prosesində bir sıra hüquqi
üstünlüklər mövcuddur. Məsələn,
Bakı şəhərində yerləşən bir sıra məktəblərdə
birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə
qəbulu üzrə aşağıda qeyd olunmuş
üstünlük hüquqları təmin olunur: valideyni (qanuni nümayəndəsi)
qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən
edilmiş ərazisində yaşayan; valideyni (qanuni nümayəndəsi)
həmin məktəbdə işləyən; bacısı və
ya qardaşı həmin məktəbdə təhsil alan uşaqlar. Valideynin əvvəlki
elektron sorğusunu ləğv edib başqa məktəbi
seçməsi üçün əvvəlcə şəxsi
kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib,
tələb olunan sənədləri məktəbə təqdim
etməli və yalnız məktəb tərəfindən
sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə
bilər. Yalnız məktəb tərəfindən
sistemdə imtina
düyməsi vurulduğu halda, valideynin
qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərilir,
sonra isə həmin kod daxil edilməklə sorğunu silib
başqa məktəb seçimi etmək mümkün olur.
Valideyn uşağı məktəbə
hazırlamalıdır
Təhsil məsələləri
üzrə ekspert, fəlsəfə doktoru Rafiq
İsmayılov “Şərq”ə açıqlamasında qeyd
etdi ki, uşaqların yaşadıqları ərazidə yerləşən,
ya da əraziyə yaxın məsafədə yerləşən
məktəbə getmələri daha məqsədəuyğundur:
- Lakin bilirik ki, istisnalar da olur.
Müxtəlif səbəblər ola bilər.
Valideyn istəyir özü bitirdiyi məktəbdə
övladı da təhsil alsın. Hansısa
güclü, bilikli müəllimə tanıyır, istəyir
övladına o dərs desin. Tədrisin güclü
olduğu, məzunlarının buraxılış və qəbul
imtahanlarında daim yüksək nəticələr göstərdiyi
ümumtəhsil məktəbləri var, valideynlər
çalışır ki, övladları belə məktəblərdə
təhsil alsın və sair. Səbəblər çox,
istəklər müxtəlif ola bilər. Amma hesab edirəm ki, Təhsil Nazirliyi çox
düzgün olaraq ümumtəhsil məktəblərinin I
sinfinə qəbulda məktəbin yerləşdiyi ərazi,
inzibati rayon üzrə uşağın özü və ya
valideyninin daimi qeydiyyatda olmasına ilk növbədə
üstünlük verir. İbtidai siniflərə
qəbulda bu uşaqlar ilk növbədə qəbul edilir.
Ümumtəhsil məktəblərindən
başqa, liseylər, gimnaziyalar, xüsusi qabiliyyət tələb
edən incəsənət məktəbləri də var,
onlara qəbul müsabiqə və müsahibələr yoluyla
aparılır. Amma məni ən çox
narahat edən məsələ uşaqların ibtidai sinfə
hazırlığıdır. Əsas diqqət
etməli olduğumuz məsələ təhsilin məzmunundakı
dəyişikliklərdir. Müəyyən
dəyişikliklər var, bu tədris ilindən
başladı. Amma bilirik ki, pandemiya şəraitində
məktəbəqədər yaşlı uşaqların
hazırlıq qruplarına cəlb olunmasında problemlər
yaranıb. Ümumilikdə təhsil distant
formaya keçib, belə olduğu halda 5 yaşlı
uşaqların məktəbə hazırlığı
distant formada qavraya biləcəyini gözləmək absurd
olar. Odur ki, əsas məsuliyyət indi
valideynlərin üzərindədir. Valideyn
bilməlidir ki, tədris 5 yaşdan başlayır. Uşaq ibtidai sinfə ayaq basanadək hərfləri
tanımalıdır, ən azı 20-dək saymağı
bacarmalıdır. Valideyn uşağı
buna hazırlaşdırmalıdır. Bu,
varisliyin təmin edilməsidir. Məktəbəqədər
hazırlıq harda bitirsə, ibtidai sinif oradan başlayır.
İbtidai sinif başa çatdıqda orta təhsil
və təhsil pillə-pillə ardıcıllıqla davam etməlidir.
Buna “təhsildə varislik” deyilir. Varislik pozulmasın, tədris zənciri
qırılmasın deyə, valideyn 5 yaşına
çatmış övladını məktəbə
hazırlıq qruplarına yazdırmalıdır. Hər məktəbdə var belə qruplar. Hazırlıq qruplarına Təhsil Nazirliyi tərəfindən
xüsusi vəsaitlər paylanır. O vəsaitlər
pulsuzdur. Uşağın ibtidai sinifdə
keçəcəyi bütün fənlər vəsaitdə əhatə
olunub. Valideynin övladını
vaxtında hazırlıq qruplarına yazdırmasının
üstünlüyü budur ki, nazirlik məktəblərə
həmin vəsaitləri qruplarda olan uşaq sayına görə
verir. Bu vəsaitlə hər il
çap olunur. Çünki orda
uşağın əqli inkişafına xidmət edən
misallar, şəkillər var, uşaq onları rəngləməli,
onların üzərində çalışmalıdır.
Bu vəsaitlər adi dərsliklərdən fərqlidir.
Dərsliklər 4 ildən bir nəşr edilir, amma
hazırlıq qruplarının dərs vəsaitləri hər
il. İstədiyim budur ki,
valideynlər bundan xəbərdar olsun. Doğrudur,
pandemiya vəziyyəti çətinləşdirib. Üzbəüz təhsil yoxdur hazırda. Lakin
valideyn məktəbdən həmin vəsaitləri əldə edib özü
övladı ilə çalışmalıdır. Uşaq sabah məktəbə gedəndə çətinlik
çəkməsin. Əvvəllər belə
idi, uşaq hərfləri, əlifbanı ibtidai sinifdə
öyrənirdi. İndi şərtlər
dəyişib. Məktəbəhazırlıq
qruplarında hərflər də öyrədilir, kiçik
riyazi hesablamalar da. Hazırlıq qrupuna
getməyən uşaq sinifdə digər şagirdlərdən
geri qalır. İbtidai sinfin tədris
proqramında hərflər yalnız 2 həftə ərzində
təkrar olunur, tədris edilmir. Belədə
müəllim üçün də çətin olur. Sinifdə bəzi uşaqlar hərfləri
tanıyır, yazmağı, hesabı bilirlər, bəzisi
bilmir. Müəllim məcburiyyət
qarşısında hərfləri öyrətməli olur, bu
da tədrisin ümumi səviyyəsinə mənfi təsir
göstərir.
“Heç kim
valideynə deyə bilməz ki, uşağı bu məktəbə
yazdır, ya yazdırma”
R.İsmayılov valideynlərin orta məktəb
seçimində sərbəst olduğunu, bunun insan
hüquqları baxımından toxunulmaz olmasını
bildirdi:
- Heç kim valideynə
“qanun” tətbiq edə bilməz ki, övladını bu məktəbə
apar, ya başqasına. Lakin şəraitin diktə
etdiyi amillər var. Əgər uşağın ailəsi
hansısa məktəbin yerləşdiyi ərazidə
yaşamırsa və o məktəbin ərazisində
yaşayan 6 yaşı tamam olmuş və məktəbdə
təhsil almaq üçün müraciət etmiş uşaq
varsa, əlbəttə, ilk növbədə ona üstünlük veriləcək. Əlavə olaraq qeyd edim ki,
uşaq hansı məktəbdə məktəbə
hazırlıq qrupuna gedirsə, həmin məktəbdə, həmin
müəllimənin sinfində təhsil alması daha məqsədəuyğundur,
çünki uşaq müəllimi tanıyır, müəllim
də uşağı. Onların arasında ünsiyyət
yaranmış olur artıq. Əsas uşağı məktəbəhazırlıq
qrupuna vaxtında yazdırmaqdır. Psixoloqlar müəyyən
edib ki, körpələrdə 36-48 aylığından idraki
təfəkkür bacarıqları formalaşır. 3-4
yaşından etibarənsə uşaqlar hərfləri yadda
saxlamaq, dərk etmək qabiliyyətinə malik olurlar. Səslə
hərfləri ayırd edirlər. Bir var, səsi eşidirsən,
bir də var, hərfi tanıyırsan. Məsələn, dərk
etmək qabiliyyətinə malik uşağa “A” hərfinin
şəklini göstərəndə o, hərfi
tanıyır və onu səsləndirir. Eşitdiyi səsin
qrafik şəklini də tanıyır. 2-ci mərhələdə
isə artıq oxu və yazı gəlir. Biz (Rafiq
İsmayılov və Dilrubə Cəfərovanın müəllifliyi
ilə) I siniflər üçün “Sinifdən xaric oxu” vəsaiti
hazırlamışıq. Orda 2-3-4 hərfdən ibarət, 2
hecalı 40 söz verilib. Əgər uşaq bu 40 sözü
1 dəqiqə ərzində söyləyə bilirsə, deməli,
mətn oxunuşuna keçmək olar artıq.
Uşağın idraki qabiliyyətini yoxlamaq üçün
bu tip misallar, məsələlər çoxdur. Bilirsiz, hər
dövrün öz tələbi var. Uşaq məktəbdə
hərfləri öyrənəcək, rəqəmləri
tanıyacaq, “bəs müəllim nə
üçündü, öyrətsin…” kimi yanaşmaların
zamanı keçib artıq. 6 yaşı tamam olmuş uşaq
məktəbə hazırlıqlı gəlməlidir. Hərfləri
bilməli, rəqəmləri tanımalıdır. Hazırda
bütün dünya bu yolla gedir. Ona görə də təhsildə
birinci, öncüldürlər. Bizim uşaqların oxuyub dinləmək
səviyyəsi isə aşağı göstəricilərlə
qeydə alınır. Məhz bu səbəbdən ki, valideynlər
uşaqları ilə məşğul olmur. Onları ibtidai
sinfə lazımi qaydada hazırlamırlar. Əlbəttə,
mən bütün valideynləri nəzərdə
tutmuram.
Məlahət
Rzayeva
Şərq 2021.- 29 aprel.- S.11.