“Mənim
atam qəhrəmandır”…
Uşaq və gənclərin
fiziki və mənəvi inkişafı
“Bu cür tədbirlər uşaqların
dünyagörüşünün artması baxımından
da önəmlidir”
Azərbaycan Respublikası
Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi
və “Fire Land Production”ın
təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti
tədbiri keçirilib. Xatırladaq ki, sözügedən
layihə Vətən
müharibəsində şəhid
olmuş qəhrəmanların
övladları üçün
nəzərdə tutulub.
Bu dəfə tədbir Dağüstü
parkda təşkil olundu. Tədbirin məqsədi torpaqlarımız
uğrunda canından keçən qəhrəmanlarımızı
bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət
mərkəzində olduqlarını
hiss etdirmək, şəhid
balalarının səmərəli
istirahətini təşkil
etməkdir. Müdafiə Nazirliyinin məlumatına
görə, olimpiya çempionlarının da
dəvət olunduğu
tədbir Müdafiə
Nazirliyinin Təlim Tədris Mərkəzindən
başlayıb. Ekskursiya
avtobuslarında şəhəri
gəzən şəhidlərin
övladları “Zəfər
marşı”nı ifa edərək tədbirə qatılıblar.
Onlar öz atalarının fotoları
həkk edilən geyimlərdə, digər uşaqlar isə üzərində şəhidlərimizin
rəsmləri, şəhid
anaları isə övladlarının şəkli
olan və “Mənim qəhrəmanım”
yazılmış geyimlərdə
tədbirdə iştirak
ediblər. Tədbirin rəsmi hissəsində
aparıcı Nərgiz
Cəlilova qəhrəman
övladlarını, şəhid
analarını, şəhid
xanımlarını və
tədbirə qatılan
digər qonaqları salamladıqdan sonra şəhidlərimizin xatirələri
bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin Sosial
Müdafiə Şöbəsinin
rəisi Həbib Məmmədov çıxış
edərək bu cür tədbirlərin mütəmadi keçirilməsinin
təqdirəlayiq hal olduğunu bildirib. Vətən uğrunda canından keçmiş oğullarımızın
övladlarının hər
birimiz üçün
bir əmanət olduğunu deyən şöbə rəisi onların işıqlı
gələcəyi naminə
əlimizdən gələn
hər şeyi etməyin vacibliyini vurğulayıb. Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyinin
Mətbuat Xidmətinin
rəis müavini,
polis polkovnik-leytenant Hafiz Təmirov
da şəhid və qazilərimizin qəhrəmanlıqlarının xalqımız tərəfindən
heç vaxt unudulmayacağını, bu
cür oğulların
var olduqca bu Vətənin daim yaşayacağını
deyib. Bakı Şəhər Gənclər
və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da çıxış
edərək kimliyindən
asılı olmayaraq hər kəsin şəhid ailələrinə
diqqətlə yanaşmasının
vacibliyindən danışıb.
“Fire Land Production”un rəhbəri Cəlal Qurbanov da öz
növbəsində tədbirin
əsas məqsədinin
qanı ilə tarix yazan hər
bir şəhidimizin uşaqdan böyüyə
hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması
olduğunu deyib. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin böyük həssaslıq və sevgiylə yanaşdığı
şəhid ailələrinin
hamımızın əzizi,
doğması olduğunu
deyən C.Qurbanov vurğulayıb ki, hər bir vətəndaş
qəhrəmanlarımızın ailələrinin daim yanındadır. O, bu
layihənin hüdudlarının
təkcə Bakı şəhərini əhatə
etməyəcəyini, Azərbaycanın
digər bölgələrində
də bu cür tədbirlərin keçiriləcəyini bildirib.
Şəhid analarına müraciətlə
çıxış edən
ilahiyyatçı Hacı
Zaur Məmmədov onlara belə qəhrəman övladlar yetişdirdiklərinə görə
minnətdarlığını bildirib, şəhidlərimizə
Allahdan rəhmət diləyib. Tədbirin xüsusi qonağı
Azərbaycanın Əməkdar
artisti Sevda Ələkbərzadə şəhid
övladları ilə
birlikdə olub, qəhrəmanlarımızın anaları, ailə üzvləri ilə hisslərini bölüşüb.
O, “Sən yadıma düşəndə” mahnısını
ifa etdikdə həssas
anlar yaşanıb. Sonra “Əbədi məşəl” abidə-kompleksində
qəhrəmanlarımızın övladları “Zəfər”
marşını oxuyaraq
və səmaya ağ göyərçinlər
uçuraraq dünyaya
“Müharibə olmasın!
Uşaqlar atasız qalmasın!”
mesajını veriblər.
Qəhrəman övladlarına “Xarıbülbül” döş
nişanı hədiyyə
olunub.
Belə tədbirlərin uşaq və gənclərin fiziki və mənəvi inkişafında müstəsna əhəmiyyəti olduğunu deyən fəlsəfə doktoru, təhsil problemləri üzrə ekspert Rafiq İsmayılov “Şərq”ə açıqlamasında qeyd etdi ki, bu səpkili tədbirləri izləyir:
- “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində avqustun ilk günlərində də bir tədbir keçirilmişdi. Xatırladığım qədər “Dreamland Golf Club”ın ərazisində keçirilən tədbirdə şəhid qəhrəmanlarımızın övladları və həyat yoldaşları yoqa idmanı üzrə mütəxəssislərlə məşqlər keçmişdilər. Bəllidir ki, məqsəd uşaqlarda idmana maraq oyatmaq, eləcə də qəhrəman övladlarının səmərəli istirahətini təşkil etmək, uşaqlara tək olmadıqlarını, onların daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək idi. Həmin tədbirdə müxtəlif nağıl personajları da iştirak edirdi. Hesab edirəm ki, bütün bunlar uşaqların yaddaşında unudulmaz izlər buraxır. Onların fiziki sağlamlığına müsbət təsir etməklə yanaşı, nümunəvi vətəndaş kimi yetişməsini də şərtləndirir. Tədbirdə qəhrəman şəhidlərimizin ailə fotolarından ibarət videoçarx nümayiş olunmuşdu. Təsəvvür edin, bu, uşaqların psixologiyasına necə müsbət təsir edir, mənəvi güc verir onlara. Bu cür tədbirlər uşaqların inkişafı, dünyagörüşlərinin artması baxımından çox yaxşı təşəbbüsdür. Uşaqlar qəhrəman valideynləri ilə fəxr edirlər. Bu, onların mənəvi inkişafını, psixoloji yetişkənliyini təmin edir. Orda bir fikir səslənib ki, bu cür tədbirlər təkcə paytaxtda deyil, regionlarda da təşkil olunmalıdır. Mən bu fikri tam dəstəkləyirəm.
Məlahət Rzayeva
Şərq 2021.- 25 avqust.- S.11.