Dini sahədə dialoq
konsepsiyası çox önəmlidir
Azərbaycan
tolerantlıq ənənələrini bundan
sonra da qoruyub saxlayacaq, gələcək
nəsillərə ötürəcək
Dini və milli
tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Dekabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyi və Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə “Dinlərarası dialoq: qlobal təhlükəsizliyin və mənəvi intibahın qarantı kimi” adlı beynəlxalq videokonfrans keçirilib. Dini Komitə sədri Mübariz Qurbanlı deyib ki, bu cür konfransların təşkilində əsas məqsəd dini-etnik zəmində ayrı-seçkilik və radikalizm halları, onların mənfi təsirlərinin qarşısının alınmasında birgə həll yollarının axtarılmasıdır. M.Qurbanlı Azərbaycanda dini, irqi və etnik zəmində ayrı-seçkilik, antisemitizmin heç vaxt qeydə alınmadığı dövlətlər sırasında mühüm yer tutduğunu vurğulayıb.
Müasir dünyamızda dinlərarası münasibətlər və dialoqun əhəmiyyətini nəzərə çatdıran komitə sədri bəzən bu məsələ ilə bağlı ortaya çıxan ikili standartlar mövqeyinin yolverilməzliyinə, fərqli dini-mədəni dəyərlərə tolerant münasibətin vacibliyinə diqqət çəkib.
Bu sahədə Azərbaycanın təcrübəsini paylaşan M.Qurbanlı Prezident İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, Dünya dini liderlərinin sammitləri, Bakı Beynəlxalq Humanitar forumları, Qlobal Bakı forumları, BMT-nin Sivilizasiyalar Alyansının forumları kimi mötəbər tədbirlərin Bakı şəhərində keçirilməsini xatırladıb. Bunun Azərbaycan dövlətinin dinlərarası dialoqun inkişafı sahəsində apardığı siyasətə beynəlxalq dəstəyin ifadəsi olduğunu söyləyib:
“Azərbaycan regionda yaranmış yeni reallığa uyğun, yeni səhifə açır - işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparır. Mənsubiyyətindən asılı olmayaraq bütün tarixi-dini abidələri bərpa edir”. Komitə sədri dini liderlər tərəfindən irqi, dini ayrı-seçkilik, ekstremizm və separatizmin tənqidinə yönəlik çağırışlar edilməsinin zəruriliyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı ölkəmizdə mövcud olan tolerantlıq mühiti barədə danışıb.
Qafqazın ən uzunömürlü dini təsisatlarından olan, bölgə müsəlmanlarının tarixi-dini mərkəzi sayılan Qafqaz Müsəlmanları İdarəsi barədə məlumat verib.
Müsəlman idarəsində səlahiyyət daşıyan qadın olaraq, Azərbaycanda qadın hüquqlarına, dini mühitə, ən əsası, dini mühitin demokratikləşməsinə göstərilən diqqətdən bəhs edib.
Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov da bildirib ki, konfrans dinlərarası münasibətlərə olan marağın və dünya miqyaslı təhlükəsizliyin, eləcə də sabitliyin qorunmasında dialoqun rolunun daha bir sübutudur.
O qeyd edib ki, Azərbaycan bu sahəyə böyük önəm verən ölkədir və uzun müddətdir ki, dinlərarası dialoq sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi üçün müxtəlif forumlara, çoxtərəfli görüşlərə ev sahibliyi edir: “Dinlərarası dialoqu açıq saxlamaq müasir dünyada bu sahədə həm nailiyyətləri, həm də problemləri görmək baxımından çox vacibdir. Bu, müvafiq sahədə narahatlıq doğuran məsələlərin səbəblərinin araşdırılması, ksenofobiya, antisemitizm, eləcə də müsəlmanlara, xristianlara və digər dinlərin nümayəndələrinə qarşı qərəzli münasibətin qarşısının alınmasının əsas yollarından biridir. Dövlətimiz həm İslam Əməkdaşlıq Təşkilatı, həm də Avropa Şurasının üzvü kimi müxtəlif imkanlardan istifadə edərək, sivilizasiyalararası dialoqun dərinləşdirilməsi və möhkəmləndirilməsinə öz töhfəsini verir. Bu istiqamətdə BMT tərəfindən yüksək qiymətləndirilən Bakı prosesini nümunə göstərmək olar”.
Avropa Parlamentinin Mədəniyyətlərarası və Dinlərarası Dialoq üzrə İşçi Qrupunun həmsədri Yan Olbrixt da bildirib ki, dini sahədə dialoq konsepsiyası çox önəmlidir. Onun sözlərinə görə, dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Əliheydər Zülfüqarov qeyd edib ki, Azərbaycanın din sahəsində apardığı siyasəti təqdirəlayiq nümunə hesab etmək olar. Ə.Zülfüqarov ümummilli lider Heydər Əliyevin tarixi-mədəni irsin və milli-mənəvi dəyərlərin dirçəldilməsinə, qorunub saxlanmasına daim böyük önəm verməsindən də danışıb. Bildirib ki, ümummilli liderin cəmiyyətdə dinin rolu və dövlət-din münasibətlərinin milli dövlətçilik maraqları baxımından tənzimlənməsi sahəsində əsasını qoyduğu müdrik siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri Zeki Yavuzyılmaz qeyd edib ki, türk mədəniyyətinin ən önəmli xüsusiyyətlərindən biri də birgəyaşayış vərdişinə sahib olmasıdır. O, dialoq mühitinin formalaşdırılmasının missionerliklə qarışdırılmamasının labüdlüyünü dilə gətirərək bu prosesin müxtəlif dinlərə mənsub şəxslərin inancına hörmət çərçivəsində həyata keçirilməsinin önəmini vurğulayıb. Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin Azərbaycana dinlərarası dialoqun təşkili üçün göstərdiyi təşəbbüslərdən dolayı minnətdarlığını ifadə edib. Dini liderlərin qlobal təhlükəsizlik naminə əməkdaşlıq etmələrinin vacibliyini bildirən Qaynutdin həmkarlarını dünya miqyasında ümumbəşəri dəyərlərin, multikulturalizm, həmrəylik ideyalarının təbliğində birgə olmağa səsləyib.
Konfrans iştirakçısı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, mədəniyyətlərin müxtəlifliyini qəbul etməyən, digər dinlərin nümayəndələrinin adət-ənənələrinə hörmətlə yanaşılmayan cəmiyyətlərdə sabitliyə və inkişafa nail olmaq qeyri-mümkündür. Deputat vurğulayıb ki, Azərbaycan qədim zamanlardan müxtəlif dinlərin qovuşduğu, ayrı-ayrı inanclara etiqad edən insanların daima sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olub: “Azərbaycanın öz tolerantlıq ənənələrini bundan sonra da qoruyub saxlayacaq, gələcək nəsillərə çatdıracaq. Bu ənənənin zəiflədilməsinə yönələn bütün cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Xatırladım ki, ermənilər işğal altındakı ərazilərdə bütün məscid və kilsələri vəhşicəsinə dağıdıblar. İbadət mədəblərində donuz və inək saxlayıblar. Bu gün Qarabağdakı 67 məsciddən yalnız 2-i nisbətən salamatdır. İrəvanın mərkəzində qədim Azərbaycan məscidi “İran məscidi” kimi təqdim olunur. Ermənistandan fərqli olaraq bu gün Bakının mərkəzində fəaliyyət göstərən erməni kilsəsi və içərisindəki 5 min ədəbiyyat dövlət tərəfindən qorunur. Azərbaycan hökuməti işğal dövründə Ermənistanın vəhşicəsinə dağıtdığı dini ibadət yerlərini də tezliklə təmir və bərpa edəcək. Həmin bölgələrdə yaşayan insanlar ibadətlərini sərbəst yerinə yetirmək imkanı əldə edəcəklər”.
İsmayıl Qocayev
Şərq
.- 2021.- 9 dekabr.- S.6.