Vətən müharibəsində 50 milyonluq xalq bütövlük nümunəsi ortaya qoydu
Xaricdə yaşayan soydaşlarımız hər zaman özlərini Ana Vətənin
bir parçası hesab
edirlər
"Xaricdən, diaspor nümayəndələrimiz
sırasından ən çox ianə edən
ölkələrin ilk beşliyində isə
müvafiq olaraq
Türkiyə, Ukrayna, Rusiya,
Böyük Britaniya, İsrail yer alıb"
Diaspor quruculuğu,
lobbiçilik və dünya
azərbaycanlılarının həmrəyliyi
Vətən müharibəsi dövründə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları yardım üçün daim müraciət edirdilər. Bu səbəbdən "YAŞAT" marafonu təşkil etdik və 63 ölkədən soydaşlarımız maddi yardıma qoşuldu. Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Yaşat” Fondunun bir illik fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı bildirib. Komitə sədri qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızın marafona qoşulması nəticəsində bir milyon manatdan artıq vəsait toplandı və "YAŞAT" Fonduna köçürüldü: “Üç ay ərzində isə 3 milyon manatdan çox vəsait toplanmışdı. ABŞ-dan isə 200 min dollar ianə toplanılmışdı. Rusiyadan 30 min dollar dəyərində 2 ədəd "Dermaton" cərrahi aparatı, 92 ədəd "İlizarov" aparatı və 566 əlil arabası göndərilmişdi". Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub. Qeyd etməliyik ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, fəaliyyət göstərən diaspor təşkilatlarımız Zəfər günündən ötən 1 il ərzində ianələrini dayandırmadı. Bu işdə diaspor təşkilatlarının fəaliyyəti xüsusi vurğulanmalıdır. Diaspor təşkilatlarının soydaşlarımızla apardığı məqsədyönlü fəaliyyətin nəticəsidir ki, dünya azərbaycanlıları həqiqətən də alqışalayiq həmrəylik nümayiş etdirdilər, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq hər kəsin ürəyi Azərbaycanla, Qarabağla döyündü. Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev də bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə xaricdə yaşayan soydaşlarımız da yardım etməyə başlamışdı: “Bu yardımlar bu günə qədər davam edir. Düşündük ki, bu həmrəyliyi göstərmək üçün, gündəmdə saxlamaq üçün marafon keçirək. Biz istədiyimizə, qarşıya qoyulan məqsədə çatdıq. Marafon televiziyada işıqlandırılan zaman Fondun işləri, xaricdəki diaspor fəaliyyəti əks olundu, tanınmış insanların xaricdəki soydaşlarımıza çağırışı oldu. Hədəfimiz təkcə soydaşlarımız deyil, xarici partnyorları da bu işə cəlb edib, marafonu işıqlandırmaq idi. Bununla bağlı xaricdə 50-yə yaxın veriliş, məlumat yayılıb. Ənənəvi ölkələrdən əlavə, çox məhdud sayda soydaşımızın yaşadığı bizə uzaq ölkələrdəki soydaşlarımız da marafona qoşulublar. Bu, müstəqillik tarixində Azərbaycan diasporunun ilk marafonu idi, gələcəkdə də bunu davam etdirmək istəyirik. Xaricdəki soydaşlarımız dəstəklərini heç vaxt əskik etməyib. Dünya Ahıska Türklərinin Birliyi Təşkilatı da 9 ölkədə öz təşəbbüsləri ilə bu marafonun kiçik formasını təşkil edib, yığılan ianələri Azərbaycana göndəriblər”. Məlumdur ki, “Yaşat” marafonu Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və "YAŞAT" Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə reallaşdırılıb. “Qələbəni bizə yaşadanları birlikdə yaşadaq” şüarı altında keçirilən marafonun məqsədi yaralananlara və şəhidlərimizin ailələrinə dəstək məqsədi ilə dünya azərbaycanlılarını “dəmir yumruq” ətrafında birləşdirmək olub. Nəticələrə baxanda xeyirxah məqsədə nail olunduğu görünür. Xaricdən, diaspor nümayəndələrimiz sırasından ən çox ianə edən ölkələrin ilk beşliyində isə müvafiq olaraq Türkiyə, Ukrayna, Rusiya, Böyük Britaniya, İsrail yer alıb. Marafonda 63 ölkədən soydaşlarımız, Azərbaycana dost insanlar, eləcə də ölkəmizdəki yerli icmaların üzvləri iştirak ediblər. 6 ölkədən, o cümlədən ABŞ, Türkiyə, İsrail, İtaliya, Banqladeş və Pakistandan xaricilər marafona qoşulmaqla bağlı çağırışlar səsləndiriblər. Marafonun əhatə dairəsi olduqca geniş olub və marafonda hətta Baham adalarından, Trinidad və Tobaqodan, Kolumbiyadan, Braziliyadan, Ekvadordan da insanlar iştirak ediblər. Xaricdə yaşayan azərbaycanlıların və Azərbaycanı sevən insanların xeyriyyə marafonunda fəal iştirakının təmin olunmasında son 3 ildə müxtəlif ölkələrdə yaradılan Koordinasiya Şuraları və Azərbaycan evləri ciddi rol oynayıb.
Xaricdə yaşayan soydaşlarımızın “Yaşat” Fonduna ianələrin toplanmasında fəallıq göstərməsində diaspor təşkilatlarının fəaliyyətinin də böyük əhəmiyyət daşıdığını deyən politoloq Elçin Mirzəbəyli “Şərq”ə açıqlamasında qeyd etdi ki, milləti millət kimi tanıdan onun ən çətin, kritik anlarda birləşə bilməsidir:
- Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində məhz bunu dünyaya nümayiş etdirdi. Vətən müharibəsində qələbənin əldə edilməsində Ali Baş Komandanın qətiyyəti, əsgərlərimizin igidliyi, şücaəti, ordumuzun gücü hansı əhəmiyyəti daşıdısa, xalqmızın sahib olduğu yüksək mənəvi keyfiyyətlər və birləşə bilmək bacarığı da o qədər əhəmiyyət daşıdı. Harda yaşamasından asılı olmayaraq 50 milyonluq xalq bütövlük nümunəsi ortaya qoydu. Xaricdə yaşayan soydaşlarımız hər zaman özlərini Ana Vətənin bir parçası hesab edirlər. Bunu da xüsusi vurğulamalıyıq ki, dünya azərbaycanlılarının həmrəylik anlayışı ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülüb və bugünkü nəticələrə baxanda onun necə də vacib bir çağırış olduğu görünür.
E.Mirzəbəyli qeyd etdi ki, xaricdə yaşayan soydaşlarımızın istər “Yaşat” Fondu, istərsə də digər ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməsində diaspor təşkilatlarının da əməyi vurğulanmalıdır:
- Böyük üstünlük bundadır ki, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı aparılan islahatlar xaricdəki diaspor təşkilatları arasında olan müəyyən ziddiyyətləri aradan qaldırmış oldu. Diaspor quruculuğu fəlsəfəsi də dəyişdi. Bu işdə təbii ki, cənab Prezident İlham Əliyevin diasporla bağlı yürütdüyü məqsədyönlü siyasət böyük əhəmiyyət daşıyır.
Məlahət Rzayeva
Şərq
.- 2021.- 10 dekabr.- S.6.