Qarabağ iqtisadi rayonu qısa zamanda dirçələcək

 

Artıq bütün işlər dövlət nəzarəti orqanlarının sürətli çalışmasından asılıdır

 

"Dövlət orqanları texniki məsələlərdə yubanmalara yol verməməlidir. Kim biznes fəaliyyətinə başlamaq istəyirsə, ona “yaşıl işıq” yandırılmalıdır"

 

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

 

Qələbə ilə başa çatan Vətən müharibəsi xalqımıza qürur hissi, ləyaqət, baş ucalığı, alın açıqlığı ilə yanaşı həm də geniş iqtisadi imkanlar qazandırıb. Doğrudur, tarixi həqiqətin bərpası, 30 ilə yaxın müddətdə işğal altında saxlanılan yurdlarımız, erməni separatçılarının xalqımıza qarşı soyqırım aktlarının Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sarsılmaz iradəsi, Ordumuzun şücaəti, əsgərlərimizin igidliyi sayəsində son qoyulması cənnət Qarabağın əzəli sakinlərinin yurd yerlərinə qayıdışı müqabilində iqtisadi imkanlar bəlkə də kiçik görünə bilər.

 

Lakin hər bir dövlətin ümdə amalı ölkənin rufahı, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasıdırsa, bunun üçün başlıca şərt geniş iqtisadi imkanlara malik olmaqdır. Azərbaycan zatən hər tərəfli iqtisadi resurslara malik ölkədir. Lakin Qarabağ kimi münbit torpağı və iqtisadi inkişafa töhfə verə biləcək resurslarla zəngin olması əlavə və çox böyük üstünlük qazandırır. Qalır, bu imkanlardan səmərəli istifadə etmək.  

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalanması məhz bu məqsədə yönəlib. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafının təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaq.

 

Sözügedən ərazilərdə zəngin resursinfrastruktur potensialından səmərəli istifadə, dövlət‒özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir. Daha sonra Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasireffektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə qərara alınır: Azərbaycan Respublikasının Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi, işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrükvergi güzəştlərinin müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qazsu istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi,  işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi,  işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət özəl sektor tərəfdaşlığının inkişafı naminə Sərəncamdan irəli gələn məsələləri həll etsin. Həmçinin göstərilən  istiqamətlərdə təklifləri üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın təmin edilməsi məqsədilə görüləcək işlər Sərəncamda əksini tapıb. Bu işlərin həyata keçməsi hansı halda mümkün ola bilər? 

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, sərəncam sahibkarlıq subyektlərinin rahat, səmərəli fəaliyyəti üçün lazım olan bütün şərtləri  əhatə edir:

 

- Sərəncam həmişəki kimi qüsursuzdur, mükəmməldir. Sərəncamdan sonra bilirsiniz ki, müvafiq qərar da olmalıdır. Bu isə artıq asılıdır dövlət nəzarəti orqanlarının nə dərəcədə sürətlə çalışacağından. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətində Prezidentə təqdim etmək tapşırılıb. Deməli, dövlətin aidiyyətli orqanları icra mexanizmi üzərində işləməlidirlər. Həm də sürətli icra mexanizmi. Məsələn, hazırda vergi ödəyicisi olan hansısa sahibkarlıq subyekti, biznes strukturları işğaldan azad edilmiş ərazilərə sərmayə qoymaq istəyirsə, bu işdə süni ləngimə olmamalıdır. Avtomatlaşdırılmış idarəetmə sistemi olmalıdır ki, biznes strukturları öz bizneslərini, sərmayələrini sürətli bir şəkildə, mümkün olduğu qədər qısa zamanda işğaldan azad edilmiş Qarabağ  bölgəsinə köçürə bilsin. Bu keçidlər sürətlə və problemsiz həll edilməlidir. Dövlət orqanları texniki məsələlərdə yubanmalara yol verməməlidir. Kim biznes fəaliyyətinə başlamaq istəyirsə, ona “yaşıl işıq” yandırılmalıdır. Belə olduqda Qarabağ iqtisadi rayonu qısa zamanda dirçələcək, orda sahibkarlıq subyektləri də artacaq, əhalinin köçürülməsi də sürətlənəcək. Çünki əhali görəcək ki, Qarabağda rahat həyat və biznes şəraiti təmin edilir. Ölkəmizə, dövlətimizə də bu lazımdır.

 

 

Məlahət Rzayeva

 

Şərq .-  2021.- 14 dekabr.- S.6.