Uğurlu format
alındı
Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu regional
əməkdaşlığı daha da genişləndirəcək
Azərbaycan Respublikasının dünya
birliyinə inteqrasiyası, region ölkələri
və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla
əməkdaşlığının inkişaf
etdirilməsi
Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu çərçivəsində üç ölkənin biznes və investisiya sahəsində fəaliyyət göstərən müxtəlif qurumları arasında ticari, iqtisadi, eləcə də sənaye sahəsində 5 sənəd imzalanıb. AZPROMO və Gürcüstan Ticarət və Palatası (GCCİ), Azərbaycan Sənaye və Ticarət Palatası ilə GCCİ, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyə Metal Sənayeçiləri Sendikası arasında anlaşma memorandumları imzalanıb. Həmçinin “AzŞəkər” və “Bayburt Qrup” arasında müqavilə imzalanıb. Mərasimdə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Gürcüstanın İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natiya Turnava və Türkiyənin Ticarət naziri Mehmet Muş da iştirak ediblər. Vurğulanıb ki, bu formatda görüşlərin təşkili ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı sərmayə qoyuluşu və sair üçün münbit şərait yaradır. Bu il bir sıra türk şirkətləri ilə sazişlər, anlaşma memorandumları imzalanıb. Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Türk iş adamlarının ölkəmizdə olması iqtisadi münasibətlərə böyük təkan verəcək. Gürcüstan ilə ticarət dövriyyəmiz də artmaqdadır. Forumda region ölkələri arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, sərmayə qoyuluşu, regional iqtisadi layihələr və sair məsələlər müzakirə edilib. Qeyd edək ki, üçtərəfli forum 2012-ci ildən keçirilir. Bu gün Bakı sayca 6-cı üçtərəfli biznes foruma ev sahibliyi edir.
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə-Gürcüstan biznes forumunda deyib ki, qardaş Türkiyəyə investisiya qoyuluşu 19 milyard dollardan çoxdur. Nazir vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında ticarət əlaqələri nəinki səngiyib, əksinə, daha sürətlə inkişaf edib. Hazırda Azərbaycanın xaricə yatırdığı sərmayələrin məbləğinə görə Türkiyə ilk yerdə qərarlaşıb. Onun sözlərinə görə, hazırda bu sərmayələrin məbləği 19 milyard ABŞ dollarından çoxdur: “Azərbaycanın qeyri-neft sektoruna investisiya yatıran ölkələr arasında da Türkiyə birinci yerdə durur. Hər üç ölkə üzrə investisiya qoyuluşunun artıırılması üçün ciddi işlər aparılır. Ölkə başçıları bizim qarşımıza böyük hədəflər qoyub. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 15 milyard ABŞ dollara çatdırmağı düşünürük. Həmçini preferensial ticarət sazişinin genişləndirilməsi istiqamətində də işlər görürük. Bu isə qeyri-neft sektorunda Azərbaycan məhsullarının Türkiyəyə ixracını daha da asanlaşdıracaq”.
Mikayıl Cabbarov əlavə edib ki, Azərbaycan Gürcüstana 3,3 milyard dollar investisiya qoyub: “Azərbaycanla Gürcüstan arasında əlaqələr getdikcə dərinləşir. Koronavirus (COVID-19) pandemiyasının yaratdığı məcburi məhdudiyyətlərə baxmayaraq ikitərəfli ticarət dövriyyəsi sürətlə artır. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artıb. Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdəndir. Bu günə qədər 3,3 milyard ABŞ dolları investisiya qoyulub. Biz yeni layihələrin həyata keçirilməsində maraqlıyıq”. Nazirin sözlərinə görə, Azərbaycan Gürcüstanla iqtisadi əlaqələri genişləndirməkdə maraqlıdır: “İnanıram ki, gələcəkdə iş adamlarının fəaliyyəti azad edilmiş ərazilərdə yaranan yeni imkanların əldə edilməsi ilə nəticələnəcək”.
Türkiyənin Sənaye naziri Mehmet Muş da vurğulayıb ki, Türkiyə, Azərbaycan və Gürcüstan dünya enerji və nəqliyyat layihələrinin üzərində yerləşir: “Bu sahədə iş birliyimizi artırmalıyıq, iqtisadiyyatımızı daha da gücləndirməliyik. Bu il Türkiyə ilə Gürcüstan arasında ticarətin həcmi ötən illə müqayisədə 20 faiz artaraq 1,9 milyard ABŞ dollarına çatıb. Türkiyənin Azərbaycandakı investisiyaları üçüncü ölkələrlə birlikdə yatırılan investisiyalarla birlikdə 12 milyard ABŞ dollara çatıb. Azərbaycanda 15,4 milyard ABŞ dolları dəyərində 455 layihəni uğurla reallaşdırmışıq”. Türkiyə rəsmisi vurğulayıb ki, Zəngəzur dəhlizi logistika və ticarətdə yeni alternativ olacaq: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, Zəngəzur dəhlizi də logistika və ticarətdə yeni alternativ olacaq”. Onun sözlərinə görə, üç ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün imkanlar genişdir.
Gürcüstanın İqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava da hesab edir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın genişləndirilməsi üçün potensial mövcuddur: “Yüksək səviyyəli qonşuluq əlaqələri bundan sonra daha da yüksək səviyyədə olacaq. Gürcüstan hökuməti olaraq gələcək iş birliyimizi genişləndirməyə hazırıq. Bu cür biznes forumlarının ənənə halına gəlməsini alqışlayırıq. Bu formatda iş görüşlərinin, gözəl layihələrin həyata keçirilməsi baxımdan çox mühümdür. Bizim 2021-ci il üzrə əməkdaşlıq nəticələri çox məmnunedicidir. Gələn illərdə də energetika, sənaye, kənd təsərrüfatı sahəsində əməkdaşlıqları genişləndirmək üçün imkan var”. O əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yoıu, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihələri bölgənin təhlükəsizliyi baxımından çox vacibdir: “Bu toplantı çox məhsuldar olacaq, iqtisadi əlaqələrimiz daha da genişlənəcək”. Gürcüstan rəsmisi qeyd edib ki, pandemiyaya baxmayaraq, Azərbaycan və Türkiyə ilə ticarət dövriyyəmiz artıb: “Bu gün Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu regional əməkdaşlığı genişləndirməyə şərait yaradan uğurlu bir formatdır”.
Millət vəkili Vüqar Bayramov “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan strateji önəmə malik olan dövlətlərdir. Deputat vurğulayıb ki, üç ölkə uzun zamandır regionun iqtisadi xəritəsini təşkil edən birgə layihələrdə ortaq iştirak edirlər:
“Azərbaycanın region ölkələri ilə əməkdaşlığı sadəcə enerji sahəsində deyil, eyni zamanda nəqliyyat və qeyri-neft sektorunda kifayət qədər dərin əməkdaşlığı var. Ölkəmizin region dövlətlərinin iştirakı ilə mütəmadi biznes forumları təşkil etməsi ilk növbədə Cənubi Qafqazın inkişafı baxımından önəmlidir. Xüsusən, bu kimi əməkdaşlıq platformaları Azərbaycanın möhtəşəm qələbəsindən sonra regionda formalaşmış yeni düzənin daha da oturuşması üçün mühümdür. Biznes forumları üç ölkə arasında əməkdaşlığın güclənməsinə imkan verməklə yanaşı, regiona diqqətin artması, bölgəyə daha çox xarici sərmayələrin cəlb edilməsi baxımından vacibdir. İstənilən halda Azərbaycan üçün region ölkələri ilə daha genişmiqyaslı əməkdaşlıq meydanının yaranması faydalıdır”.
İsmayıl
Qocayev
Şərq 2021.- 15 dekabr.- S.6.