Gərginliyi yaradan "Qarabağ klanı"dır
"Aciz duruma
düşən revanşist qüvvələr vəziyyətdən
çıxış yolu kimi “günahkar” ovuna
çıxıblar"
"Əgər
Paşinyan müxalifətin təzyiqlərinə rəğmən,
hakimiyyətini saxlaya bilərsə, erməni xalqı da rifaha
qovuşmaq şansı əldə edər"
Azərbaycanın
zəfəri ilə yekunlaşan müharibədən
üç aya yaxın vaxt keçsə də, Ermənistanda
hələ də revanşist düşüncədə
qalanlar, savaşın yenidən başlanmasını arzulayan
kəsimlər var. Ermənistanda bəzi avantürist qüvvələr
və onların nəzarətindəki media qurumları onsuz da
acınacaqlı durumada olan erməni xalqının
düzgün seçiminə kömək etmək əvəzinə,
dövləti növbəti fəlakətə doğru
sürükləməyə cəhd edirlər. Məsələ
ondadır ki, erməni siyasi dairələrində, ekspert
çərçivəsində faktiki heç nəyi qalmayan
bir dövlətin təzədən toparlanaraq Azərbaycana
qarşı müharibəyə başlayacağına,
“itirilmiş torpaqları” geri alacağına ümid bəsləyənlər
var. Həmin qüvvələr sülhdən, qonşu ölkələrlə
əməkdaşlığı təcili şəkildə bərpa
etməkdən daha çox, yeni müharibə imkanlarından
dəm vururlar.
Guya, 44 günlük müharibəni uduzan erməni
xalqı, hətta erməni ordusu yox, fərasətsiz Baş
nazir Nikol Paşinyan və onun hökumətidir. Təsadüfi deyil ki, belə
təbliğatın önündə 2018-ci ilin mayında
hakimiyyətdən devrilmiş “Qarabağ klanı”, revanş
hissi ilə alışıb-yanan keçmiş xunta rejimi
dayanır. Əvvəllər arxa planda
dayanırdılarsa, artıq açıq formada siyasi
mübarizəyə qoşulurlar. Hətta
daha həyasız tələblərlə gündəmə gəlməyə
çalışırlar. Ermənistanın XİN
başçısı Ara Ayvazyan Fransa Xarici İşlər
Nazirliyinin dövlət katibi Jan Batist Lemuanla görüşdə
bildirib ki, Azərbaycanın antiterror əməliyyatı
zamanı həbs etdiyi 62 erməni diversantı azad edilmədən
regionda kommunikasiyaların bərpa edilməsi
qeyri-mümkündür. Lemuan isə bəyan
edib ki, üçtərəfli bəyanat bir sıra məsələləri
gündəmə gətirir, amma gündəmə gətirilməyən
məqamlar var. Onun düşüncəsinə görə, bəyanatda
əksini tapmayan digər məqamlar Minsk qrupu çərçivəsində
həll olunmalıdır. Ermənistan tərəfinin əsassız
iddiasına görə, Azərbaycanda 235 nəfərə qədər
“əsir” var. Guya, onların böyük hissəsi 10 noyabr
2020-ci il bəyanatından sonra “yoxa” çıxıb.
Halbuki, ələ keçirilən nə qədər
terrorçu varsa, hamısı üçtərəfli
razılaşmaya zidd olaraq torpaqlarımızda qalan, yaxud
sonradan Azərbaycana göndərilən diversantlardır. Yerevan
hökuməti isə 10 noyabr anlaşmasına qanunsuz şərt
qoşur, əsassız tələblər irəli
sürür. Hətta daha da irəli gedərək 11 yanvarda
Moskvada əldə edilmiş razılaşmaya, Rusiya Prezidenti
Vladimir Putinin imzası olan sazişə qarşı gedərək
nəqliyyat-kommunikasiyaların açılmasının
yalnız erməni terrorçuların azad olunması ilə
mümkün olduğunu bəyan edirlər. Ancaq
əslində ermənilərin özlərinə də
yaxşı bəllidir ki, Mehri yolunun açılması 3-5
erməni diversantın taleyi ilə bağlı deyil və
olduqca mühüm məsələdir. Yanvarın 30-da
Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin
müavinləri səviyyəsində baş tutan
görüş, aparılan müzakirələr və əldə
olunan razılaşmalar da göstərir ki, ermənilər
arasında regional əməkdaşlığa qarşı
çıxanlar olsa da, bu, nəyisə dəyişmək
gücündə deyil. Moskva
görüşündə əldə edilmiş
razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi
mənzərə yaranacaq və nəqliyyat kommunikasiyaları
reallaşdırılacaq. Məlumdur ki,
Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın
əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran
və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası
nəzərdə tutulub. Düşmən ölkədə
mövcud reallığı dərk edən, erməni
xalqının rifahının hansı addımlardan
asılı olduğunu anlayan sağlam düşüncəli
siyasilər də var. Məsələn, “Vətəndaş
Müqaviləsi” partiyasını təmsil edən deputat, Ermənistan
parlamentinin xarici siyasət komitəsinin üzvü Anuş
Beqloyan deyib ki, erməni xalqına növbəti müharibə
lazım deyil: “Ermənistanda çoxlu sayda müxtəlif
siyasi qruplar var. Amma mən hamını hakim partiyanın,
hakimiyyətin, XİN-in, Baş nazirin ofisinin və parlamentin
nümayəndələrini dinləməyə
çağırıram.
Qisasçılıq və ya hər hansı hərbi əməliyyatlar
Ermənistanın və erməni xalqının istədiyi
şey deyil”.
Beqloyan etiraf edib ki, Ermənistan mətbuatının
monitorinqi nəticəsində hakimiyyətin revanşizm
mövqelərində olduğu təəssüratı yarana
bilər, lakin bu tamamilə yanlışdır. Xarici siyasət komitəsinin üzvü erməni
xalqını “gələcəyə baxmağa”, bu və ya
digər ərazinin tarixən kimə məxsus olduğu barədə
“əbədi müzakirələrdən” imtina etməyə
çağırıb. İzah edib ki, belə
mənasız yanaşmalar nəticədə müharibəyə
gətirib çıxarır. Deputat həmçinin
bildirib ki, region ölkələri onun gələcəyi ilə
bağlı bütün məsələləri müstəqil
həll edə bilərlər. Bunun üçün
bütün iştirakçıların etibar etdiyi regional təhlükəsizlik
strategiyasını işləyib hazırlamaq lazımdır:
“Bunun üçün bizə kənardan hər hansı
qüvvələrin olması lazım deyil”. Xatırladaq
ki, daha öncə Ermənistanın ilk prezidenti Levon
Ter-Petrosyan və Ermənistan parlamenti sədrinin müavini
Lena Nazaryan da oxşar tezislərlə çıxış
etmişdi. Nazaryan bəyan etmişdi ki, ermənilərin
bir hissəsinin Qarabağ müharibəsində məğlubiyyətə
görə revanş götürmək arzusu ziyanlıdır
və bunun əvəzində Azərbaycanla uzunmüddətli
və hətta daimi sülh əldə etmək
lazımdır. Əslində
revanşçı qüvvələrin Ermənistanda ciddi dəstək
görmədiyi göz qabağındadır. İnsanlar “birləşmiş müxalifət”in təşkil
etdiyi, Koçaryan-Sarkisyan klanının isə pərdəarxası
dəstək verdiyi etiraz aksiyalarına qoşulmaq istəmirlər.
Politoloq
Tofiq Abbasov “Şərq”ə
bildirib ki, Ermənistanı ağır vəziyyətə gətirib
çıxaran “Qarabağ klanı”nın addımları olub.
Siyasi təhlilçi vurğulayıb ki, “Qarabağ klanı”nın ideoloji və maliyyə qidası ABŞ
və Avropa ölkələrində yerləşmiş erməni
diasporasından gəlirdi:
“Koçaryan-Sarkisyan klanı Qarabağ münaqişəsi
ölüm-dirim məsələsi sayırdı. Yeni ərazi
iddiaları, “Böyük Ermənistan” xülyası ilə
toplumu idarə edir, insanları təzyiq altında
saxlayırdılar. Bu yolla müxalifəti
neytrallaşdırırdılar. Lakin Azərbaycan
tərəfi 30 illik problemi hərbi və siyasi gücü ilə
həll etdi. Aciz duruma düşən
revanşist qüvvələr vəziyyətdən
çıxış yolu kimi “günahkar” ovuna
çıxıblar. Təbii olaraq ilk
növbədə Baş nazir Nikol Paşinyanı ittiham edir,
onu erməni xalqının düşməni kimi qələmə
verirlər. “Qarabağ klanı”
Manukyanın 17 qondarma partiyadan ibarət müxalifət blokuna
qatılması qərarını alıb. Məqsəd
onları öz tərəflərinə çəkmək və
revanş iddialarını daha da gücləndirməkdir”.
T.Abbasovun
sözlərinə görə, əgər müxalif qüvvələr
növbəti dəfə “Qarabağ klanı”nın
oyuna gəlsə, Ermənistan son zərbəni alacaq:
“Revanş cəhdləri Ermənistanı irəliyə yox,
geriyə aparır. Əgər Paşinyan müxalifətin
təzyiqlərinə rəğmən, hakimiyyətini saxlaya
bilərsə, erməni xalqı da rifaha qovuşmaq
şansı əldə edər. Mühaşidələr
göstərir ki, erməni xalqı baş naziri devirməyə
tələsmir. Bu da ondan xəbər verir
ki, erməni ictimaiyyəti qonşu ölkələrlə
kommunikasiyaların bərpasının, nəqliyyat dəhlizlərinin
açılmasının tərəfdarıdır. Paşinyan nə vaxtsa gedəcək, bütün
hakimiyyətlərin sonu var. Amma kommunikasiyalar, yollar, iqtisadi
layihələr qalacaq və ilk növbədə erməni
xalqının faydasına olacaq. Ermənistanın
nicat yolu Moskvadakı üçtəfərli
görüşün bütün tələblərinə
riayət etmək və dolayı yolla Paşinyanı dəstəkləməkdir.
Erməni xalqı ölkəni dağıdan, viran qoyan
“Qarabağ klanı”nın vədlərinə
etimad etmirsə, öz qətiyyətini ortaya qoymalı,
sülh və əməkdaşlığa üstünlük
verməlidir. Ümid edirik, ermənilər bu dəfə
Koçaryan-Sarkisyan cütlüyünün tələsinə
düşməyəcək. Sağlam
düşüncə tələb edir ki, dövlətə və
xalqa bəla gətirən siyasi kursdan, mazaxist yanaşmalardan
birdəfəlik uzaq durmaq lazımdır”.
Siyasi
şərhçi Anar İmanov isə “Şərq”ə
bildirib ki, Ermənistandakı ikili yanaşmalar Yerevan hökumətinin
iç üzünü açır. Onun sözlərinə
görə, Ermənistanın indiki fəaliyyəti onu məhvə
doğru aparır:
"Zəif rəhbərlik heç kimə həqiqəti
qəbul etdirə bilmir. Düzgün başa salmır ki, əvvəlki
siyasət ölkəni darmadağın edəcək. Rəsmi
Bakıdan ancaq sülh dolu mesajlar göndərilir, qonşuluq
siyasətindən danışılır. Ermənistan isə
israrla onu məhvə aparan yoldan imtina etmir və qonşularla
sülh şəraitində yaşamamaq üçün əlindən
gələni edir. Bu günlərdə hakim partiyanı
təmsil edən deputat Anuş Beqloyanın iştirak etdiyi
konfransda Azərbaycanla sülh haqda bəzi fikirləri səsləndirdiyi,
qisasdan imtina yolunu təklif etdiyi üçün Ermənistanda
etiraz aksiyası keçirildi. 44 günlük dərsi
anlamayan, qəbul etməyənlər Ermənistan parlamentinə
zibil dolu çantalar atıblar. Ermənistanda bəziləri
düşünür ki, əvvəlki kimi hərəkət
etsələr, hər şey keçmişdəki kimi olacaq,
hamı onları dəstəkləyəcək. Əfsuslar ki,
həyat ermənilərə heç nə öyrətmir.
Anlamırlar ki, artıq vəziyyət dəyişib, regionda
Prezident İlham Əliyevin yaratdığı yeni reallıq
var. Bu reallıqda nə qisasa, nə də faşizmə yer
qalıb. “62 terrorçu qaytarılsın, Naxçıvana
yolu açaq” - çox gülünc yanaşmadır. Ermənilər fakt qarşısındadır, bu
mövzu müzakirə olunmayacaq, hər şey Azərbaycanın
istədiyi kimi olacaq. Çünki müzakirə,
danışıqlar vaxtı bitdi. 30 ilə yaxın nəticəsiz
danışıqlar 44 günlük müharibə ilə
sonlandı və bu savaşda Azərbaycan qalib gəldi.
Ermənistanda bəziləri bunu qəbul etmək istəməsə
belə fakt faktlığında qalır. Bundan
qaçış yoxdur”.
Analitik
vurğulayıb ki, Ermənistanın daha ciddi problemləri
var:
“Ağlı kəsən hər kəs ölkəni tərk edir, əsasən Rusiyaya qaçır. İnsanların heç nəyə ümidi qalmayıb, onlar indidən ölkənin gələcəyini görmürlər. Çünki onlar öz faşistlərini, “qisas” arzuları ilə yaşayanları bizdən daha yaxşı tanıyırlar və bilirlər ki, gec-tez indiki siyasət, həmin faşistlərin fəaliyyəti Ermənistanı tamamilə məhv edəcək. Ölkədə bir qrup parazitdən başqa heç kim qalmayacaq. Ermənistan dalandadır və görünən budur ki, bu vəziyyət xeyli vaxt davam edəcək”.
İsmayıl
Qocayev
Şərq 2020.- 4 fevral.- S.11.