Sosial medianı tənzimləmək mümkün deyil
Ekspertlərin fikirləri haçalandı, bu platformaya
görə, ümumiyyətlə, xəbərin kimə aid
olduğu bilinmir
Milli təhlükəsizliyin əsas komponentlərindən
biri informasiya təhlükəsizliyidir. Xüsusilə
də, internet resurslarından istifadənin qlobal xarakter
aldığı – geniş yayıldığı, informasiya
inklüzivliyinin mövcud olduğu müasir dövrdə milli
informasiya məkanının qorunması strateji vəzifələrdən
biri kimi qabarır. Ümumiyyətlə,
sosial medianın imkanlarının genişlənməsi
informasiya təhlükəsizliyi anlayışına yeni məzmun
gətirir və bu istiqamətdə milli maraqlardan irəli gələn
addımların atılması vacib amilə çevrilir.
Belə bir şəraitdə, heç şübhəsiz,
transmilli şirkətlər olan “Facebook”, “Twitter” və digər
platformalarda münasibətlərin hüquq müstəvisində
tənzimlənməsi olduqca mühüm məsələlər
sırasında yer alır. Təbii ki, biz ayrı-ayrı
ölkələrin nümunəsində bu istiqamətdə
müxtəlif təşəbbüslərin irəli sürüldüyünü və addımların
atıldığını müşahidə edirik. Məsələ
vaxtilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp
“Onlayn senzuradan müdafiə barədə” sərəncam
imzaladı. Həmin sərəncamda bir
çox məqamlar xüsusilə diqqəti cəlb edirdi.
Birinci nüans o idi ki, nəhəng sosial media şirkətləri
öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz
qoyur və bununla da “yumşaq güc” mexanizmi kimi “təhlükəli
qüvvə” tətbiq edirlər. Digər tərəfdən
isə, “Twitter”, “Facebook”, “İnstagram” və “YouTube”
informasiyalarının təqdim edilməsi fonunda açıq
və gizli müdaxilələri ilə ictimai rəyi istədikləri
istiqamətdə formalaşdırmağa
çalışırlar, xüsusilə də fikirlərə
qarşı selektiv yanaşmalar tətbiq edirlər.
Bir məsələni də xüsusilə diqqətə
çatdıraq ki, sosial şəbəkələr mənəvi
sferadan başlamış mədəni-etik sferaya qədər
hər yerdə dəyərləri bəzən terrorizə
edir, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda
formalaşmasına mənfi təsir göstərir. Ona görə
də sosial şəbəkələrdə
formalaşmış ictimai münasibətlərin mütləq
hüquqla tənzimlənməsi zərurəti yaranır.
Hətta bu yaxınlarda Rusiyada sosial şəbəkələrdə
“uyğunsuz məzmunun bloklanması”nı
ehtiva edən qanun qüvvəyə mindi. Fevralın
1-dən qüvvəyə minən qanun “İnformasiyanın
Mühafizəsi Qanunu”nun yenilənmiş, əlavələr
edilmiş versiyasından ibarətdir. Yeni
qanun sosial şəbəkələrin Rusiya seqmenti
üçün standartları müəyyən edir və
onların fəaliyyət çərçivəsini
cızır.
Dünya təcrübəsinə nəzər saldıqda
ayrı-ayrı ölkələrdə, xüsusən,
Çin, İran və digər dövlətlərdə tətbiq
edilən modellər sosial şəbəkələrin tənzimlənməsindən
daha çox, onların fəaliyyətlərinin məhdudlaşdırılmasına
yönəlib.
Türkiyədə 2020-ci ildə qəbul edilən
qanun daha əhatəlidir, həm də mütərəqqidir.
Türk modeli sosial şəbəkələrin məhdudlaşdırılmasına
deyil, standartların müəyyənləşdirilməsinə
yönəlib.
Amma Türkiyə modeli də sosial şəbəkələrlə
bağlı bütün məqamları əhatə etmir.
Rusiyada fevralın 1-dən qüvvəyə minən
qanun bu baxımdan daha əhatəlidir, ən müxtəlif məqamları
əhatə edir. Ehtimal edilir ki, əksər
ölkələr bu modeli nümunə olaraq götürməklə,
üzərində təkmilləşdirmələr aparacaq,
yeni milli qanunlar qəbul edəcəklər.
Təbii ki, bütün hallarda, internet
azadlığının heç bir halda digər
azadlıqları məhdudlaşdırmamalı olduğu nəzərə
alınaraq onlayn platformada balansın əldə olunması
üçün hüquqi tənzimlənmələrin həyata
keçirilməsi labüddür. Əlbəttə, bu
istiqamətdə bir çox beynəlxalq təcrübələr
mövcuddur. Məsələn, Avropada bir
sıra dövlətlər, o cümlədən Almaniya sosial
şəbəkələrin zərərli təsirlərindən
qorunmaq üçün məhdudlaşdırıcı
qanunlar qəbul edib. Bu günləri bir çox dövlətlərdə
sosial şəbəkələr barədə
universal normativ standartlar mövcud deyil. Elə məhz bu səbəbdən də
feyk məlumatlar sərhədsiz olaraq
yayılır və heç bir maneəyə məruz
qalmır. Nəticədə zərərli
informasiyalar cəmiyyətdə geniş şəkildə
yayılır. Təbii ki, qlobal xarakter və
məzmun kəsb edən belə bir şəraitdə Azərbaycan
da prosesdən kənarda qalmamalı və ümumi işə
öz töhfəsini vermək üçün müvafiq
addımlar atmalıdır.
Mövzu
ilə bağlı fikirlərini "Şərq"lə
bölüşən media eksperti Ələsgər Məmmədli
bildirib ki, sosial medianın bütünlüklə nəzarət
altına alınması kimi bir yanaşma təəssüf ki,
bəzi ölkələrdə var. Ekspert bildirib ki, sevindirici
haldır ki, bütün dünyada bu, keçərli deyil:
"Çünki ifadə azadlığı aspektindən
baxanda sosial medianı tənzimləmək mümkün deyil. Onsuz da bizim
nöqteyi-nəzərdən desək, Azərbaycanda tənzimlənmiş
sosial mediadakı informasiyaya görə məsuliyyət var. Hətta
anonim hesabdan da yayılan informasiyaya görə öhdəlikləri
olmaqdadır. Bu kimi məlumatları şəxsi
prokurorluq da araşdırır.
Xatırladım ki, 2017-ci ildən bəri bizdə
informasiya resurslarından, o cümlədən sosial şəbəkədən
yayılan qadağan olunmuş məlumatlara görə həm
inzibati, həm də cinayət məsuliyyəti var. 12 müxtəlif
adda informasiya nəzərdə tutulub ki, bunu da yaymaq qadağan
olunub. Bu, ümumi prinsiplərdən daha
dardır və daha məhdudlaşdırıcıdır.
Bu baxımdan bizim Rusiyanı nümunə olaraq
götürməyimiz əlbəttə ki, yanlış olar. Çünki
Rusiyada çox ciddi şəkildə Putinin son vaxtlar korrupsiya
əməllərini ifşa edən video var. Həmin video
artıq 100 milyonlarla izlənilib. Bu məsələ
əlbəttə ki, Rusiyanı narahat edir. Rusiyanın bugünkü hakimiyyəti
görünür ki, qanunsuzluqlarını örtmək
üçün sosial mediaya yönəlir. Ümumiyyətlə, bu bir trenddir. Bəzi basqılı rejimlər doğruları
eşitməmək üçün sosial mediaya yönəldilir.
Çünki sosial medianın iki tərəfi var. Biri
ciddi şəkildə gündəm yarada bilir, yəni
doğru hadisələrin tirajlanması kimi. Digər tərəfdən
isə ictimai nəzarət funksiyasını həyata
keçirir. Bir başqa məqam da var ki,
orada bəzən dezinformasiyalar olur. Amma o dezinformasiyaları ortaya
çıxartmaq və dərhal dayandırmaq imkanları var.
Ona görə də düşünürəm ki, sosial media
bilavasitə hazırda cəmiyyətin inkişafına xidmət
edir. Xüsusən də daha çox alternativ
informasiyanın formalaşmasına xidmət edir".
Media
eksperti əlavə edib ki, daha əvvəllər bir mərkəzdən
informasiyanı manipulyasiya edib cəmiyyəti maarifləndirmək
mümkün idisə, indi bu gün bu mümkün deyil:
"Təbii ki, sosial medianın varlığı buna
imkan vermir. Bu baxımdan sosial mediaya olan məhdudlaşdırıcı
yanaşmalar daha çox siyasi basqılar və siyasi iradələrdən
doğur, nəinki cəmiyyətin istəyindən. Cəmiyyət isə sosial medianı daha çox
özünürahat ifadəetmə platforması kimi
görür".
Ə.Məmmədli
diqqətə çatdıırb ki, sosial media artıq öz
bazar münasibətlərini qurub: "Əvvəllər bir
çox mərkəzləşmiş xarici media qurumları
öz məhsullarını çox baha qiymətə
satırdılar. Düzdür, bunu baha
satmalarının da bir çox səbəbləri var idi.
Çünki onlar infrastruktura müəyyən
qədər pul qoyurdular. Amma bu bir az
da haqsız qazanc yaradırdı. Çünki
normalda media qurumlarının qazanc yeri satdıqları
informasiya deyil, reklam idi. Yəni
dünyanın hər yerində medianın əldə etdiyi gəlir
satdığı məhsul deyil, əslində
aldığı reklamdır. Bu baxımdan təzədən reklam alan
qurumun bir də informasiyanı pullu satması bir qədər
eqoist, həm də monopolist bir davranış idi. Sosial media bu monopolyanı əritdi. Diqqət
etsəniz görərsiniz ki, əslində "Facebook" və
"Youtube"da informasiyaları pul ödəmədən
alırıq. Amma bunu necə alırıq?
Bəzən videoya baxdığımız an
bizə reklam təqdim olunur. O reklamlar bizim ona baxma
haqqımızı ödəmiş olur. Əgər
bir videoya baxarkən "Youtube"də anidən bir reklam gələrsə
və 5 saniyə vaxt ayırıb ona baxarıqsa, bu da bizim ona
ödədiyimiz 5 saniyəlik vaxtın bədəlidir. Bu da çox effektlidir. Burada, yəni
maddi olaraq heç nə itirmirik, yalnız zaman itiririk. Eyni zamanda burada bir informasiya içərisində fərqli
informasiyanı da görmüş oluruq. Habelə,
bunlar içərisində bizə xidmət və yaxud da məhsul
təklif edilmiş olur və s. Ona görə də sosial
media maqnatların monopoliyasını əridib".
“Ayna-Zerkalo” qəzetinin baş
redaktoru Elçin Şıxlı "Şərq"ə
açıqlamasında bildirib ki, media
azadlığına məhdudiyyətlərin qoyulması sosial
şəbəkələrdə saxta xəbərlər və
dezinformasiyanın yayılmasına gətirib
çıxarır. O bildirib ki, bunun baş verməməsi
üçün ənənəvi media vasitələri azad
şəkildə informasiyanı çatdıra bilməlidir:
"Sosial şəbəkə sadəcə olaraq yeni
növ xəbər daşıyıcısıdır. Çünki
istənilən qəzet, sayt və informasiya agentliyi sosial
medianın özündə səhifələrini
açırlar. Bir məsələni qeyd edim ki, sosial şəbəkələrdə
dezinformasiyalar həmişə olacaq. Bunun
qarşısını almağın yeganə yolu həqiqəti
tapıb çıxarmaqdır. Bəlkə,
texniki imkanlarla da nələrsə etmək olar. Amma ümumiyyətlə, sosial şəbəkəni
tənzimləmək mümkün deyil. Çünki hər
an texnologiyalar günbəgün inkişaf
edir. Yeni asan platformalar meydana çıxır.
Diqqət edin ki, bu günləri sosial şəbəkələrdə
yazılan bir çox xəbərlərin kimə aid olduğu
dəqiq bilinmir. Çünki başqa
akkauntlardan girərək, həmin informasiyanı
paylaşırlar. Nəticədə həmin informasiyanın
kim tərəfindən
yazıldığı bilinmir. Düzdür, bir
çox ölkələrdə sosial medianın tənzimlənməsi
üçün bir sıra qanunlar qəbul edilir. Məsələn, bu yaxınlarda Rusiya sosial şəbəkələrin
tənzimlənməsi üçün qanun qəbul edirdi.
Hesab edirəm ki, bütün bunların hamısına
əbəs yerə vaxt sərf olunur. Çünki
kütləni tənzimləmək mümkün
olmadığı kimi sosial şəbəkəni də tənzimləmək
mümkün deyil. Yəni insanların
düşüncəsini ümumiyyətlə, tənzimləmək
mümkün deyil".
Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli də “Şərq”ə bildirib ki, sosial şəbəkələr narahatlıq yaradan platforma hesab olunur. Ekspert qeyd edib ki, sosial şəbəkələr hüdudsuz imkanlar açdığı üçün cəmiyyətin inkişafı üçün lazımlıdır:
"Reallıq odur ki, indiki dövrdə sosial
şəbəkələr olmadan inkişaf etmək, nəyəsə
nail olmaq mümkünsüzdür. Amma bununla yanaşı
sosial şəbəkələrdə cəmiyyətlərə
böyük ziyan vura biləcək təhlükəli məqamlar
üzə çıxmaqdadır. Hər bir dövlət bu
cür risklərdən qaçmağın, uzaq
durmağın metodlarını axtarır".
Ekspert vurğulayıb ki, sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı qanunlar hazırlanmalıdır: "Qanunlar imkan verməlidir ki, konkret halda hansısa şəxsi, yaxud şəbəkəni neqativ əmələ görə müvafiq qanunvericilik müstəvisində mühakimə etmək mümkün olsun. Ancaq belə qanunlardan qətiyyən sui-istifadə edilməməlidir. Kimsə qərəzli şəkildə hədəfə çevrilməməlidir. Hər halda çox incə məsələdir. Əlbəttə, dövlətin və cəmiyyətin inkişafı üçün sosial şəbəkələrdə tənqidi fikirlər, müstəqil ifadələr söylənə bilər. Amma tənqid əsla dövləti və cəmiyyəti parçalamağa, bölücülüyə və separatçılığa xidmət etməməlidir”.
Aynurə Pənahqızı
Şərq 2020.- 5 fevral.- S.11.