Biz daha itki verə bilmərik
Yaxşı olar
ki, hamı işğaldan azad olunmuş ərazilərin tamamilə
minalardan təmizlənməsini gözləsin
"Keçmiş
məcburi köçkünlər bu dəqiqə, şəraitə,
imkana baxmadan, lap yalın ayaqla da doğma yurdlarına
qayıtmağa hazırdır. Amma Azərbaycan dövlətinin
prioritetləri var"
"Xalqın mənafeyi, vətəndaşların təhlükəsizliyi,
ictimai maraqlar.
Bunlar eyni zamanda dövlət maraqları ilə üst-üstə
düşməlidir"
“Biz bir dəqiqə
də, bir gün də gözləmək istəmirik… Bizim vaxtımız yoxdur. Biz
keçmiş köçkünləri tezliklə öz
doğma torpaqlarına qaytarmalıyıq”. Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
qalib Ali Baş Komandanı cənab İlham Əliyev bu
sözləri ilə minlərlə vətəndaşımızın
doğma torpaqlara qayıdış həsrətinə tezliklə
son qoyulacağının müjdəsini verdi.
Prezident Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyinin İdarə Heyətinə sədr təyin
edilmiş Vüqar Süleymanovu videoformatda qəbul edərkən
işğaldan azad edilmiş ərazilərdə həyata
keçirilməli olan zəruri işlərdən
danışdı. Və xüsusilə vurğuladı
ki, keçmiş məcburi köçkünlər 30 il Vətən həsrəti ilə
yaşayıblar.
Hər bir keçmiş məcburi köçkün
tezliklə öz doğma torpağına, doğma kəndinə
qayıtmaq istəyir. Ona görə də işğaldan azad
edilmiş ərazilərdə bərpa, həmçinin ərazilərin
minalardan təmizlənməsi işi sürətlə
aparılmalıdır ki, keçmiş köçkün vətəndaşlarımızın
Vətən həsrətinə də tezliklə son qoyulsun.
Bunun üçün də bərpa və təmizləmə
işləri ardıcıllıqla, prioritetlər
düzgün müəyyənləşdirilməklə
aparılmalıdır. Prezident budəfəki
çıxışında da göstərdi ki, onun
üçün əsas məsələ vətəndaşların
mənafeyinin qorunması, icra edilən layihələrin ilk
növbədə vətəndaşların mənafeyinə
xidmət etməsi, həmçinin dövlət
maraqlarımızın təmin edilməsidir.
Prezidentin
fərman və sərəncamları dövlət və
xalqın mənafeyinə söykənir
Ümumiyyətlə, Vətən müharibəsi
dövrünü və ondan sonrakı mərhələni
qısaca nəzərdən keçirsək, bu müddət ərzində
cənab Prezidentin imzaladığı fərman və sərəncamların
bütünlüklə dövlət maraqlarına və vətəndaşların,
xalqın mənafeyinə xidmət etdiyini görərik. İstər “Yaşat”
Fondunun yaradılması, istər ümumilikdə
Qarabağın inkişafına yönələn “Dirçəliş”
Fondunun təsis edilməsi, işğaldan azad edilmiş ərazilərdə
dövlət strukturlarının formalaşması, Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin
yaradılması (qeyd edək ki, bu günlərdə Prezident
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri
haqqında Əsasnamə”ni təsdiq edən Fərman
imzaladı – red.), Vətən savaşında Azərbaycana
dost münasibəti göstərən, haqq işimizi dəstəkləyən
dövlətlərlə əməkdaşlığa
açıq olduğumuzu bildirməsi, Qarabağda sənaye
obyektlərinin, müəssisələrin tikintisi ilə
bağlı tövsiyə və tapşırıqlar verməsi,
bunların hamısında ən üstün mənafe ictimai
maraqlar, xalqın, vətəndaşların istəyi hesab
edilir. Cənab Prezidentin “Mən
Şuşanı Azərbaycanın mədəniyyət
paytaxtı elan etmişəm, məmurlar şəhəri yox”
cümləsi isə ictimai maraqlara öz şəxsi mənafeləri
prizmasından baxmağa alışmış bəzi məmurlara
ən tutarlı cavab oldu. Prezidentin belə
sərt mövqeyindən sonra hansısa məmurun, vəzifəli
şəxsin səlahiyyətlərini aşacağı
mümkün görünmür. Cənab Prezident Minatəmizləmə
Agentliyinin İdarə Heyətinə sədr təyin
olunmuş Vüqar Süleymanovu videoformatda qəbul edərkən
də işğaldan azad edilmiş ərazilərin qısa
müddətdə minalardan təmizlənməli olduğunu və
Agentliyin Qarabağdakı ümumi işimizə - bərpa
işlərinə töhfə verməli olduğunu dedi. Çünki keçmiş məcburi
köçkünlərin doğma evlərinə qısa bir
zamanda qayıdışı məhz ərazilərin minalardan
təmizlənməsi nəticəsində vətəndaşlarımızın
təhlükəsizliyinin təmin edilməsindən birbaşa
asılıdır. Qeyd edək ki, bu vacib
işin təşkili və icrası üçün
hazırda imkanlar xeyli genişlənib. Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi Prezident
İlham Əliyevin 15 yanvar 2021-ci il tarixli
sərəncamı ilə Ərazilərin Minalardan Təmizlənməsi
üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs
statusu ilə yaradılıb. Prezident
çıxışında vurğuladı ki, əvvəlki
Agentliyin texniki təchizatı çox aşağı səviyyədə
idi. Əgər ərazilərin minalardan təmizlənməsi
işi məhdud imkanlara malik əvvəlki Agentliyin öhdəsinə
buraxılsaydı, ərazilərin minalardan təmizlənməsinin
başa çatdırılması üçün bir
neçə il gözləmək lazım
gələcəkdi. Erməni təcavüzündən
azad edilmiş ərazilərdə basdırılmış
minaların həcmi bəlkə də dünya miqyasında ən
böyük dərəcələrdən biridir. Ərazilərimizin təmizlənməsi və ən
əsası – 30 ilə yaxındır doğma yurdlarından
didərgin düşmüş vətəndaşlarımızın
tez bir zamanda evlərinə qayıtması üçün
ilk növbədə ərazilər minalardan təmizlənməlidir.
Bunun üçün minatəmizləmə əməliyyatı
üzrə milli standartlar hazırlanmalıdır. Bərpa işlərinin nə dərəcədə
sürətlə aparılacağı da bundan asılı
olacaq.
“Prezident
ilk növbədə vətəndaşları
düşünür”
Bələdiyyələrin
Fəaliyyətinin Təbliği Birliyinin sədri, əslən
Qarabağ bölgəsindən olan Vüqar Tofiqli “Şərq”ə
açıqlamasında işğaldan azad edilmiş
Qarabağda həyatın dirçəldilməsinin ərazilərin
təmizlənməsindən birbaşa asılı olduğunu
dedi:
Cənab
Prezident çıxışında doğma yurdlarına tələsənlərə
üz tutdu və dedi ki, xahiş edirəm, bir az
gözləsinlər. Azad olunmuş torpaqlara icazəsiz,
qanunsuz səfər etməsinlər. Hamımız
şahidi olduq ki, Vətən müharibəsi şanlı
ordumuzun qələbəsi ilə başa çatdıqdan
sonra insanlarımız işğaldan azad edilmiş bölgələrə
səfər etməyə başladılar. Və təəssüf ki, həlak olanlar da oldu.
Çünki bu ərazilər nankor
qonşularımız tərəfindən minalanıb. Cənab Prezidentin də dediyi kimi, o qədər mina
basdırıblar ki, o torpaqlarda bəlkə də dünyada
analoqu olmayan saydadı. Gərək ərazilər təmizlənsin,
ərazilərin minalardan tamamilə təmizləndiyinə əminlik
olsun, sonra kim istəyir, rahat səfər
edə bilər. Biz itki verməməliyik. Dinc şəraitdə itkilərə məruz qalmaq
ağırdır. Prezident
də dedi ki, insanların bu addımı
başadüşüləndir, onlar 30 ildir doğma
torpaqlarına həsrətdirlər, amma bir az
da səbirli olsunlar, ərazilər təmizlənsin, bədbəxt
hadisələr baş verməsin. Sizə deyim
ki, hazırda ərazilərin təmizlənməsi prosesi xeyli
sürətlənib. Qardaş Türkiyə
bu işdə ölkəmizə kömək edir. Belə
məlumat verilmişdi ki, Türkiyə Quru Qüvvələrinin
Xüsusi Mina Axtarma Təmizləmə qrupunun 136 nəfərlik
heyəti Qarabağda minaların təmizlənməsinə
kömək etmək və Azərbaycan Ordusunun şəxsi
heyətinə təlim keçmək məqsədi ilə Azərbaycandadır,
mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi
əməliyyatlarına başlayıblar. Bildiyim
qədər minaların təmizlənməsində çox
güclü, pilotsuz minatəmizləyicilərdən də
istifadə olunur. Yəni işlər
sürətlənib. İnanırıq ki,
çox qısa zamanda ərazilərimiz təmizlənəcək
və bununla da vətəndaşların təhlükəsizliyi
təmin edilmiş olacaq.
Bərpa
sistemli şəkildə aparılmalıdır
V.Tofiqli
qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərdə
yaşayışa başlanması bərpa işlərinin sürətindən
və nə dərəcədə sistemli
aparılacağından da asılı olacaq:
-
Keçmiş məcburi köçkünlər bu dəqiqə,
şəraitə, imkana baxmadan, lap yalın ayaqla da doğma
yurdlarına qayıtmağa hazırdır. Amma
Azərbaycan dövlətinin prioritetləri var. Xalqın mənafeyi,
vətəndaşların təhlükəsizliyi, ictimai
maraqlar. Bunlar eyni zamanda dövlət
maraqları ilə üst-üstə düşməlidir.
Azərbaycan dövləti heç vaxt razı
olmaz ki, yurdundan didərgin salınmış, illərlə Vətən
həsrəti ilə yaşayan vətəndaşı ərazilərə
qayıdıb ehtiyac içində qalsın. Dövlət başçısının istəyi
budur ki, işğaldan azad olunmuş ərazilərdə
bütün lazımi infrastruktur yaradılsın,
dağıdılmış evlər bərpa olunsun ki,
doğma yurduna qayıdan insanlarımız rahat şəkildə
yaşasınlar. Ən vacib məsələlərdən
biri də işğaldan azad olunmuş ərazilərdə
yaşayacaq insanlarımızın maddi təminat məsələsidir.
Məlumdur ki, keçmiş məcburi
köçkünlərə hazırda verilən kompensasiya
Prezidentin tapşırığına uyğun olaraq bundan
sonrakı 2-3 ildə də verilməkdə davam edəcək.
Bunu niyə belə edirlər?
Çünki məskunlaşma asan proses deyil. İnsanlarımızın
doğma yurdlarına qayıdıb məskunlaşmaları
üçün maddi təminatları olmalıdır. İşğaldan azad edilmiş ərazilərdə
aydın məsələdir ki, müəssisələr tikiləcək,
sənaye, ticarət obyektləri olacaq. Ancaq
bunun üçün də müəyyən zaman tələb
olunur. Orada tikiləcək, açılacaq hər müəssisə
yeni iş yeri, keçmiş köçkünlər
üçün qazanc yeri olacaq. Bundan əlavə
hamımız bilirik ki, Qarabağ bərəkətli
torpaqdır. Əkin-biçin
üçün yararlı sahələrdir. Cənab
Prezident dedi ki, müharibə noyabrın 10-da qələbəmizlə
bitdi, dekabr ayının 10-dan payız əkininə
başlandı.
Azad
olunmuş torpaqlarda təkcə taxıla yararlı 90 min hektar
sahəsindən mənfur düşmən qanunsuz istifadə edib və
ötən illər ərzində yararlanıb. İndi
o torpaqlar öz qanuni sahiblərinindir. Qarabağ
torpağında taxıl da əkiləcək, pambıq da becəriləcək,
üzümçülük, tütünçülük
inkişaf edəcək. Heyvandarlıq,
bostançılıq, meyvə-tərəvəz.... Hər şey əkiləcək, becəriləcək.
Qarabağ insanı zəhmətkeşdir, təsərrüfatını
yaradacaq, dirçəldəcək. Yəqin
ki, qayıdış planında kənd təsərrüfatı
sahəsində çalışmış əhalinin yenidən
bu sahəyə cəlb edilməsi məsələsi də
var. Əlbəttə, təsərrüfatları qurmaq, qazanc əldə
etmək üçün kompensasiyalar, subsidiyalar da veriləcək.
Kim işğaldan əvvəl hansı sahədə
çalışıbsa, yenə həmin sahələrdə
çalışa bilər.
Tutaq ki, işğal illərində hansısa bölgədə,
yaxud paytaxtda müvəqqəti məskunlaşmış
keçmiş məcburi köçkün də öz
doğma yurdunda, el-obasında bu və ya buna bənzər
işlə təmin edilə bilər. Bu da həmin bölgələrdə
istifadəyə veriləcək müəssisələrin
xarakterindən, açılacaq iş yerlərinin hansı sahənin
mütəxəssislərinə ehtiyac duymasından
asılı olacaq. Əsas bu məsələlərə diqqət
edilməlidir: proses sistemli şəkildə həll
olunmalıdır.
Qəbul edilmiş qərarların icrasına, bərpa və köçürülmə işlərinə ciddi və şəffaf nəzarət həyata keçirilməlidir. Bərpa işlərində şəhər və kənd xüsusiyyətləri nəzərə alınmalıdır. İctimaiyyətin, ziyalıların, bölgəyə bələd adamların rəyi və təklifləri dinlənməli və əsaslandırılan təkliflər nəzərə alınmalıdır. Hesab edirəm ki, keçmiş məcburi köçkünlərin demək olar 99 faizi öz doğma elinə qayıdacaq. İstisnalar hansısa şəxsin işi, çalışdığı sahə ilə, ya da təhsilin davam etməsiylə bağlı ola bilər.
Ümumilikdə isə bütün qarabağlılar illərlə həsrətində olduqları yurdlarına qayıdacaqlar. İşğaldan azad edilmiş ərazilərimizdə çox qısa bir zamanda məskunlaşma başlayacaq. İnsanlarmız da bunu gözləyir və bunu istəyir. Dövlət də bunun üçün hər cür imkanı yaratmağa hazırdır, proseslər buna doğru istiqamət götürüb artıq.
Məlahət
Rzayeva
Şərq 2021.- 6 fevral.- S.11.