"Bu Vətən üçün
könüllü ölümə getdik"
Hafiz Əhmədov:
"Ermənilərin əsas hədəfi Mingəçeviri
vurmaq və döyüşün
taleyini öz xeyirlərinə həll etmək idi"
İkinci Qarabağ müharibəsi
dövründə minlərlə gənc sinəsini qabağa
verdi. Onlar “Vətən məni yetişdirib
bu ellərə göndərdi…” deyərək
Vətənə xidmət etməyə tələsdilər. Çünki torpağın dəstəyə
ehtiyacı var idi.
Şükürlər olsun ki, qələbəyə sevinə-
torpaqlarımızı işğaldan azad edə bildik. Bu sevinci bizə yaşadan isə həm də
könüllülər idi. Həmin könüllü əsgərlərdən
biri- jurnalist,
“HafizTimes.com” saytının rəhbəri Hafiz
Əhmədov 1990-ci il mayın 4-də Tovuz rayonununda anadan olub. 2007-2011-ci illərdə
BDU-nun Jurnalistika
fakültəsində təhsil alıb. 2011-2012-ci illərdə
Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə
olub. Ardınca bir
neçə mətbu orqanla əməkdaşlıq
edib və sonar öz saytını yaradıb. İndi
isə o, həm də müharibə
iştirakçısıdır.
Həmkarımız Vətən
savaşındakı iştirakına dair
“Sherg.az”ın suallarını cavablandırıb:
- Necə oldu ki, İkinci
Qarabağ müharibəsinin
iştirakçısına çevrildiniz?
- Ötən ilin iyul ayında Ermənistan Silahlı Qüvvələrinin
bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin
Tovuz istiqamətində əlverişli
mövqeləri ələ keçirmək üçün
hücuma keçmişdilər.
Qızğın döyüşlər gedirdi.
Azərbaycan Ordusu ermənilərin təxribat
xarakterli bu hücumunun da
qarşısını uğurla aldı,
düşmən öz mənfur niyyətlərinə
çata bilmədi. Təəssüf ki, şəhidlərimiz də oldu.
Qəhrəman Generalımız Polad
Həşimov şəhadətə qovuşduqdan
sonra, bütün
bölgələrdə, o cümlədən paytaxt Bakıda
“Qarabağa azadlıq” şüarları
səslənməyə başladı. Həmin gecə Ali Baş Komandan
İlham Əliyev televiziyada
çıxış edib dedi:
“Qarabağı almaq istəyənlər gedib könüllü orduya yazılsınlar. Təəssüf ki, çox az adam könüllü
olaraq orduya
yazılıb”. Səhər tezdən kənddən birbaşa Tovuz Rayon Hərbi Komissarlığına getdim. Hələ heç komissarlığın qapısı
açılmamışdı. İşçilər gələn
kimi sənədlərimi onlara
təqdim etdim və adımı könüllü əsgərlərin
siyahısı dəftərinə qeyd etdirdim. İki ay sonra - sentyabrın 21-də
zəng edib, çağırdılar.
Saytın admin panelindəki hazır eksklüziv müsahibəmi də silmədən
evdən çıxdım. Əslində həmin gün müsahibəm yayımlanmalı idi. Heç
doğmalarımla da görüşmədən
Vətənin harayına getdim. Dedilər ki, Vətən dar gündədir,
sizi çağırır. Sentyabrın
21-də gecə avtobuslara doluşub
yola çıxdıq. Bizi
hara aparacaqlarını dəqiq bilmirdik. Yolda səfərbərlik
hərbi təlimlərinə getdiyimiz bildirildi. Beləliklə,
müharibə başlamazdan bir həftə öncədən bizim hərbi həyatımız start götürdü. Mən
olduğum hərbi hissədə 250-yə
yaxın könüllü əsgər
vardı. Cəmi bir həftə sonra isə 2-ci Qarabağ
müharibəsi başladı.
- Əsas vəzifəniz
nədən ibarət idi?
- Biz Azərbaycanın hava məkanını düşmən hücumundan müdafiə edirdik. Yəni Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının sıralarına qoşulmuşduq və verilən tapşırıqları yerinə yetirirdik. HHM Qoşunlarının “Buk-MB” zenit-raket komplekslərinin döyüşlərində iştirak etdim. Düşmənin yüksək sürətli, müxtəlif ölçülü hava hədəflərini aşkarlayaraq izlənməyə götürür, dəqiq raket atışları ilə məhv edirdik. Komandirlərimizin peşəkarlığı nəticəsində cəmi bir neçə saniyə ərzində düşmənin milyonlarla dollar dəyərində olan hərbi texnikaları, bütün növ təyyarələri, helikopterləri, habelə ballistik raket və PUA-ları darmadağın olurdu. Düşünürdüm ki, nizami ordu buna deyilirmiş, hər kəs öz vəzifəsini icra edirdi. 10 il öncə hərbi xidmətdə olarkən icra etdiyim hərbi vəzifəyə bu gün, müharibə zamanı yenidən təyin olunmuşdum- məni HHQ-nə təsadüfən gətirməmişdilər. Komandirlərimizin vaxtında, dəqiq icra etdikləri döyüş əmrləri, təkcə bir barmaqları ilə basdıqları “Pusk” düymələri nəticəsində hələ müharibənin ilk həftələrində Ermənistan Hərbi Hava Qüvvələrinin bir neçə bahalı Su-25 döyüş təyyarələri Cəbrayıl və Qubadlı rayonları istiqamətində vuruldu. Bütün bunlara şahid olmaq, şanlı döyüş əməliyyatlarında iştirak etmək məni və bütün əsgər yoldaşlarımı qürurlandırırdı. Yüksək rütbəli komandirlərimiz bizimlə görüşə gələndə deyirdilər ki, sizin xidmət etdiyiniz qoşun növünün döyüşü cəmi 46 saniyə çəkir. Bu saniyələr ərzində siz bütöv bir ordunun işini görüb düşmənə ən ağır itkini yaşadarsınız və bütün müharibənin taleyini həll edərsiniz. HHQ Hava Hücumundan Müdafiə Qoşunlarının silahlanmasına daxil olan müasir və etibarlı “Buk-MB” zenit-raket divizionunun kompleksləri vasitəsi ilə düşmən hədəfləri aşkar edilirdi, avtomatik izlənməyə götürülürdü və dəqiq, düzgün qərar qəbul edilərək atəş açılırdı, məhv edilirdi. Ölkəmizin hava məkanının 24 saat fasiləsiz mühafizəsini təmin edirdik, düşmənin istənilən təcavüzü dərhal dəf olunurdu.
- Qarşı tərəfin
hücumlarının qarşısını necə
alınırdı?
- Yadınızdadırsa, Ermənistanın hərbi
rəhbərliyi döyüşlər başlayarsa,
Mingəçevir su anbarına raket zərbələrinin endiriləcəyini deyirdi. Bu təhdidlər də
HHM Qoşunlarımızın üzərinə daha böyük məsuliyyətlər
qoyurdu. Mingəçevirin
vurulması nəticəsində ölkədə ən böyük faciə yaşanardı. 8 rayonumuz su altında qalardı.
Minlərlə insanımız bir anda həyatını itirərdi, ölkəmizdə
ağır böhran yaşanardı.
Müharibənin ən həlledici anlarında ölkə elektrik enerjisinə möhtac
qalardı. Bilirsiniz bu
nə deməkdir?! Bu, ən dərin
məğlubiyyət və “son” demək idi. Xidmət etdiyim qoşun növü, yəni
HHV, Hava Hücumundan
Müdafiə Qoşunları da müharibənin
ilk anlarında ölkəmizdən ən strateji, dövlət əhəmiyyətli
obyektlərinin müdafiəsini təşkil etmişdi.
Heç bir qanuna, normalara əməl
etməyən ermənilərin əsas hədəfi Mingəçeviri
vurmaq və döyüşün
taleyini öz xeyirlərinə
həll etmək idi. Onların bütün cəhdləri uğursuzluqla
nəticələndi. Belə ki, Azərbaycanın
ən strateji obyektinə atdıqları
raketlər havadaca zərərsizləşdirdik.
Düşmənin Qarabağdan deyil, birbaşa Ermənistan ərazisindən
göndərdiyi raketlər ən bahalı S-300 zenit raket kompleksimizdən
açılan dəqiq atəşlə məhv edildi. Buna canlı şahid olmaq qürurverici idi.
- Gəncə təxribatları
ilə bağlı nə deyə bilərsiniz?
- Hər kəs yaxşı bilir ki, düşmən yalnız cəbhə xəttində döyüşmürdü. Ermənilərin əsas hədəfləri həm də dinc sakinlər idi. Gəncə şəhərinə endirilən raket zərbələri buna sübutdur. Xeyli sayda mülkü sakinimiz həyatını itirdi, xəsarət aldı. İnsanlar qorxu, təlaş, vahimə yaşadılar. Həmin hadisədən bir neçə saat sonra mənim də xidmət etdiyim bölməni ora göndərdilər. Düşmən yenə də öz mənfur niyyətindən əl çəkmədi. Gəncəyə daha bir hava zərbəsi endirməyə gələn düşmən hədəfini komandirlərimiz gecə saatlarında havada məhv etdilər. Nəticədə Gəncədə daha bir böyük faciənin baş verməsinin qarşısı uğurla alındı. Bunun üçün komandirlərimizə minnətdar olmalıyıq. Əlbəttə, baş verənlər mənim üçün də böyük qürur idi. Çünki həmin zenit raket texnikasının döyüş heyətinə mən də daxil idim. Döyüş heyətimiz orda olduğu zaman düşmən bir daha Gəncəni hədəf seçmədi. Ardınca xidmət etdiyimiz bölmə Qubadlı, Zəngilan, Cəbrayılda uğurlu əməliyyatlar keçirdi. Düşmənin bütün hədəflərini havada məhv etdik. Səmamız aydın və təmiz olduqdan sonra qələbə də bizim oldu.
- Qələbə
sevinci nələrə başa
gəldi?
- Həyatımda heç vaxt görmədiyim, heç
vaxt getmədiyim dağ-təpələrdə
çadır qurub yaşadıq. İlk baxışda “toy
çadırlarına” oxşasa da, tamamilə fərqli xüsusiyyətlərə
malik idilər. Həmin çadırlarda yeni həyata qədəm qoyulmurdu.
Əksinə, hər an həyatla vidalaşa bilərdik. Qızğın
döyüşlər zamanı çox
çətinliklə də olsa bizə “katyol”larda ordu
yeməyi gətirirdilər. O çörək daş kimi möhkəm
olmasına, yemək növlərinin 44 gün
heç dəyişməməyinə rəğmən,
heç birimiz
şikayət etmədən yeməyimizi yeyib,
vəzifəmizin başına tələsirdik. Fərqi yoxdur, komandir, ya da əsgər -
hamımız o "katyollar"dan yemək yeyirdik.
Xalqımız da sağ
olsun, öz yemək
paylarından bizə də göndərirdi. İlk
vaxtlar camaatın göndərdiyi o yemək, sovqatlara
yaxın getmirdim. Əsgər
yoldaşlarım təkid edirdilər ki, sən
də ye. Fikirləşirdim ki, axı mən bunlara dəstək
olmaq üçün
könüllü gəlmişəm, indi bura göndərilən
sovqata necə şərik çıxa
bilərəm? Gedib "katyollar"da gələn ordu yeməyindən
yeyirdim. Sonralar hər
şeyə öyrəşdim. Bəzən içməli su tapmasaq da,
bədənimiz suya, çimməyə həsrət
də qalsa da, bütün bunlar bizə
çətinlik yaratmırdı. Hamımızın bir arzusu vardı: Qələbə!
Düşmən texnikalardan çıxan
şüalar vasitəsitəsi ilə yerimiz aşkar edilirdi. Bu zaman
saniyələr ərzində köçmək, həmin ərazidən
yox olmaq əmri verilirdi. Böyük əziyyətlə,
zəhmətlə saniyələr ərzində yerdəyişmələr
edirdik. Hər dağda,
təpədə yenidən həyata başlamalı olurduq. Ərazidən vaxtında
çıxmasaydıq, bu gün
sizə müsahibə verə bilməzdim. Həm düşmənlə,
həm də saniyələrlə yarışırdıq.
Ordumuzdakı ruh yüksəkliyi bizi qələbəyə həvəsləndirirdi.
Biz-könüllü əsgərlər
saniyələr əzində həmin ağır
texnikaları, silahları bir-yerdən başqa
yerə daşımaq üçün elə
bir yarış qururduq.
Bunu sözlə təsvir edə bilmirəm... Bir dəfə
də təcili “yer dəyişmə” əmri
verildi. Tez icra etməsəydik, düşmənin uğurlu hədəfinə çeviriləcəkdik.
Könüllü əsgər
yoldaşlarımla birlikdə həddən artıq
ağır yükləri əlimizlə, çiyinimizdə bir təpədən-digərinə apardıq.
Halbuki heç kim bizə
ağır yükləri əlinizdə daşımaqla
bağlı əmr verməmişdi. Bu
ordumuzdakı ruh yüksəkliyinin ən
gözəl nümunəsidir. Biz bu işləri böyük
həvəslə görürdük. Hətta
işini görmək istəməyən
vəzifəlinin də yerinə
çalışırdıq. Bəzən bizə ətrafdan
deyən olurdu: «Ay bədbəxtlər,
biz bu gün
maaş aldıq. Siz
aylardır ki, pul, ev üzü görmürsünüz. Bu,
bizim işimizdir. Siz nə üçün
özünüzü öldürürsünüz?!”. Bunlar nə qədər
ağır fikirlər olsa da,
bizim üçün
önəmli deyildi. Azərbaycan ordusunun könüllü əsgərləri
idik və öz vəzifəmizi
layiqincə yerinə yetirirdik. Hər uğurlu yerdəyişmədən sonra könüllü əsgərlərin
kim olduqlarını, gördükləri işin əhəmiyyətini yaxşı başa düşürdülər və dilə
gətirdilər. Döyüşlər yeni
başlamışdı. Bizim çox yaxınlığımızda yerləşən
digər qoşun növünə məxsus
hərbi hissədən canlı itkilər həddən çox idi. Dost, qardaşlarımızın ölüm xəbərlərini alırdıq.
Bizə nəfəs qədər yaxın idilər. Amma fərqli qoşun
növləri idik. Ürəyimiz parça-parça olsa da, öz vəzifəmizi
layiqincə yerinə yetirməli idik.
Günahkarların layiqli cəzasını
aldığını eşidəndə ürəyimiz bir az
rahatladı...Düşmən
amansız idi və ani bir səhv bərpası mümkünsüz
nəticələrə səbəb olardı. Buna
görə də bütün beynimizi döyüşə, qələbəyə
kökləmişdik. Heç kim ölümü düşünmürdü. Hətta ən
yaxınlığımıza düşən raket
zərbələri də bizim döyüş əhvalımıza təsir etmirdi.
-Başqa
hansı xatirələri oxucularımızla bölüşmək
istərdiniz?
-Bir dəfə gecə ərazidə
növbədə idim. Qanlı
döyüşlər gedirdi. Hər tərəf
zülmət qaranlıq idi. Yalnız
raketlərdən çıxan alov, dron, PUA və hava
şarları yeri
işıqlandırırdı. Birdən komandirimizi ərazidə
gördüm. Cəmi bir
neçə saat öncə eşitmişdim ki, onun ən yaxın 3 dostu
şəhid olub. Əvvəlcə baş sağlığı vermək istədim.
Amma uyğun söz tapa bilmədim. Çox asta səslə dedim ki, kaş
müharibə bu gün
başa çatardı. Elə həmin an komandirim üzünü
mənə tərəf çevirdi:
“Müharibə davam etməlidir. Bütün torpaqlarımızı azad etməliyik ki, şəhidlərimizin
qanı yerdə qalmasın!”-dedi. Dekabr ayının 28-də
yaşımın çox olmasına
görə ordudan tərxis edildim. Əgər 3 gün
də gec buraxılsaydım indiyədək
əziyyətlə, böyük əməklə
tapıb araşdırdığım, üzə
çıxardığım bütün
eksklüziv müsahibələrimi
yayımladığım saytım illik
ödənişini yubatdığım üçün
tamamilə bağlanacaqdı. Beləliklə, bütün
jurnalist əməyim yenə də yox olacaqdı. Yəqin, bu
dəfə çox sevdiyim
jurnalistika ilə də
vidalaşacaqdım. Yenə də saniyələrlə
savaşmalı oldum... Müharibədən
aldığım maaşı da həmin
ödənişlərə sərf etdim.
Məni ən çox yoran
isə müharibədən sonra evə
qayıdanda qarşılaşdığım medal
söz-söhbətləri oldu. Bəzi insanlar hal-əhval tutmamış «neçə
medalın var?” sualını verirdi. Onlara demək istəyirəm ki, mən
gedib Tovuz
döyüşlərinin ikinci günü könüllü
əsgər kimi komissarlıqda qeydiyyata düşəndə o
göy üzlü dəftərə medal, maaş, mükafatlar, nə
bilim, nələrsə veriləcəyi
yazılmamışdı... Mən bu
Vətən qarşısında borcumu
ödədim. Həmçinin minlərlə medalsız könüllü əsgər yoldaşlarım
da bu Vətəni dar gündə tək qoymadılar. Bu Vətən üçün
könüllü ölümə getdik.
- Havadan
müdafiə qoşun növündə
xidmət etdiyinizə görə soruşuram,
müharibədə PUA -ların əhəmiyyətini nədən
ibarət oldu?
- Sentyabrın 26-sı idi. Bizi səfərbərlik təlim mərkəzindən bölüb dağ-təpələrdə qurulmuş çadırlara gətirmişdilər. Səhər saat altı tamam olardı. Birdən çadırın qapısı möhkəm aralandı və bir gənc içəri daxildi. Həyəcanlı halda dedi: “Komandir, siqnal verildi!”. Hələ heç adını da bilmədiyimiz komandirimiz qışqıraraq müharibə başladığını elan etdi. Yəni erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına start verildi. Müharibənin taleyinin Azərbaycanın xeyrinə həll olunmasında PUA-ların rolu birmənalı olaraq danılmazdır. Döyüş PUA-ları vasitəsi ilə həm düşmənin texnikasına və canlı qüvvəsinə dəqiq zərbələr endirdik, həm də artilleriya atəşinə uğurlu cavablar verdik. PUA-larla ötürülən dəqiq kəşfiyyat məlumatları nəticəsində düşmən hədəfləri saniyələr ərzində məhv edildi. Bu, həm də PUA-ların, dronların savaşı idi. Ən bahalı hərbi texnikaların, qırıcı, helikopterlərin də işini PUA-lar çox uğurla yerinə yetirirdi. Döyüşün ən qızğın vaxtında bəzən sükut çökürdü. Düşünürdük ki, yəqin, Ermənistan yenə pozmaq üçün “atəşkəs” istəyir. Bu zaman dronlar öz işini görürdü. Bəzən səssiz, bəzən də uzun davam edən səslə dronlar təftişə başlayırdı. “Harop” zərbə pilotsuz uçuş aparatları, “Zərbə” dronları və digər PUA-lar, xüsusilə də “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin qələbəmizdəki rolu danılmaz həqiqətdir. Təkcə “Bayraktar TB2” dronları vasitəsilə Azərbaycan Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını darmadağın etdi. Pilotsuz An-2 təyyarələrimiz Ermənistanın hava hücumundan müdafiə sistemlərinin yerləşdiyi mövqeləri dəqiq aşkarlayırdı. PUA-lardan müxtəlif məqsədlər üçün istifadə edilirdi. PUA-ların ötürdüyü məlumatlardan bir neçə dəqiqə sonra artilleriyaçılarımız da düşmən mövqelərinə dəqiq zərbələr endirirdilər. Məhz bütün bunların sayəsində hərbi əməliyyatların ilk 2-3 həftəsindən Ermənistanın hava hücumundan müdafiə sistemləri ən ağır zərbələrə məruz qaldı və məğlubiyyətə düçar oldu. Həmçinin Hərbi Hava Qüvvələrimizin silahlanmasında yer alan “Buk-MB”, S-300 PMU2 “Favorit” və xaricdə istehsal olunan digər müasir sistemlər düşmənin bütün hava hücumu vasitələrini məhv etdi.
Kənan Novruzov
Şərq 2021.-11 fevral.- S.9;10.