“Media qurumları
saniyələrlə yox, millisaniyələrlə
yarışırlar”
Vüsal Məmmədzadə: “Belə olan halda çap mətbuatı
konvergensiya prosesində iştirak etməlidir”
“Qəzetin yaşaması
üçün onlayn platformaların yaratdığı
imkanlardan məharətlə yararlanmaq lazımdır”
Yaşadığımız informasiya cəmiyyətində
həmişə xəbərə tələbat olub. Elə bu
gün də insanlar yenilik sorağındadırlar. Lakin bir neçə əsr əvvəldən fərqli
olaraq indi informasiyanın mənbələri daha çoxdur- qəzet,
jurnal, radio, televiziya, sosial şəbəkələr…Əvvəl
sadəcə çap mətbuatı var idi və insanlar
oxuyurdular. XXI əsrdə isə dinləmək,
izləmək, nəzərdən keçirmək imkanları
informasiya mənbələri arasında ciddi rəqabət
yaradır. Auditoriya bu və ya digər
informasiya mənbəyinə üz tutarkən fərqli
meyarları nəzərə alır. Kimi
üçün operativlik, kimi üçün obyektivlik, kimi
üçün də interaktivlik əsasdır. Elə
isə sual yaranır: nə vaxtadək belə davam edəcək?
Həqiqətənmi bundan sonra auditoriyanın
informasiya mənbəyi sarıdan daimi alternativləri olacaq?
Həmin “B variant”ları tədricən artacaq,
ya azalacaq?
“Sherg.az”
olaraq bu barədə daha ətraflı məlumat almaq
üçün sosial media üzrə tədqiqatçı
Vüsal Məmmədzadə ilə həmsöhbət olduq:
- Yeni medianın KİV- in
inkişafına təsiri nədən ibarətdir?
-
Bildiyimiz kimi, jurnalistika həmişə elmi-texniki tərəqqinin
gətirdiyi yeniliklərdən bəhrələnib. Xüsusilə, kommunikasiya sahəsindəki nailiyyətlər
xəbərin əldə olunması, emalı və
yayımı prosesində fərqli üsul və formaların
yaranması ilə nəticələnib. XX
əsrin sonlarında internetin gündəlik həyatımıza
sürətlə daxil olması, onlayn platformaların
yaranması isə jurnalistikaya yeni məzmun qazandırıb.
Məsələn, artıq media qurumları dəqiqələrlə,
saniyələrlə yox, millisaniyələrlə
yarışırlar. Yəni media
qurumları arasında rəqabət artıb. Amansız rəqabət mühiti KİV-in fəaliyyətinin
də inkişafına gətirib çıxarıb. XXI əsrin
əvvəllərində “mediada konvergensiya(bir
nöqtədə cəmləşmə)” anlayışı məşhurlaşmışdı.
Bu anlayış çox keçmədən, demək olar,
bütün media qurumlarının iş prosesinə təsir
etdi. Sözügedən dövrdə informasiya ilə zəngin
yeni platformalar yaranırdı: sosial şəbəkələr,
veb saytlar, forumlar və s. auditoriyaya informasiya əldə etmək
üçün alternativlər təklif edirdi. Bütün
bu platformalar sonradan “yeni media alətləri və ya
platformaları” kimi adlandırılmağa
başlanıldı. Qəzet, jurnal, televiziya və radio kimi ənənəvi
media platformalarının auditoriyaları da sürətlə
yeni platformalara üz tuturdular. Ənənəvi media prosesə
uyğunlaşmaq üçün yeni media ilə “əməkdaşlığa”
məcbur oldu: qəzetlər, televiziyalar və s. sosial media
platformalarında öz hesablarını yaratdılar və digər
yeni media alətlərindən istifadə etməyə
başladılar. Beləliklə, konvergensiya
prosesində iştirak etdilər. Konvergensiya
ənənəvi mediaya itirdiyi auditoriyanı yeni media
platformalarında qazanmağa imkan yaratdı. Konvergensiya
ilkin mərhələdə çox mürəkkəb proses
kimi görünsə də, hazırda, demək olar,
bütün media qurumları bu prosesi keçiblər. Bu gün sosial media platformasında fəaliyyət
göstərməyən qəzet, jurnal, televiziya və radio təsəvvür
etmək çox çətindir. Fikrimcə,
yeni medianın KİV-in inkişafına ən böyük
töhfəsi, elə konvergensiyadır.
- Necə
düşünürsünüz, yeni media alətlərindən
istifadə, həmçinin vətəndaş jurnalistikanin
inkişafı qəzetçiliyin yaşamasına necə təsir
göstərir?
- Radio və
televiziya yayımının ilk illərində bəzi şəxslər
düşünürdülər ki, artıq, çap
mediasının ömrü başa çatıb. Biz bu haqda jurnalistika dərsliklərində də
oxumuşuq. Amma davam edən proseslər
proqnozlar düz olmadığını göstərdi. Bu gün yeni mediadan danışırıq, amma yenə
də köşklərdə qəzetlər satılır.
Əlbəttə, çap materiallarının
operativlikdə yeni mediaya qalib gələcəyini gözləmək
məntiqsizdir. Dünya tərcübəsi
onu göstərir ki, qəzetlər rəqabətin
güclü olduğu dövrdə də düzgün qərarlarla
mövcudluğunu qoruyub saxlaya bilər. Məsələn,
dünyanın ən məşhur qəzetlərindən “Nyu
York Tayms” multimedia jurnalistikasının ən təzə
formatlarından biri – lonqridin yaradıcılarındandır.
Bu format onlayn platformalar üçün nəzərdə
tutulub. Bu gün, demək olar, bütün
qəzetlərin onlayn platformalarda fəaliyyəti mövcuddur.
Bununla birlikdə, qəzet çapı da davam
etməkdədir. Qəzetin yaşaması
üçün, düşünürəm, ilk növbədə,
konvergensiyada uğurla iştirak etmək və onlayn
platformaların yaratdığı imkanlardan məharətlə
istifadə etmək lazımdır. Digər
tərəfdən, hər platformanı öz xarakterinə
uyğun istifadə etmək tələb olunur. Məsələn,
qəzet üçün yazılmış bir səhifəlik
yazını sosial mediada paylaşsaq, onu heç kim oxumayacaq. Digər tərəfdən,
redaksiya veb saytında və digər platformalarda artıq
yayımladığı məlumatları qəzetdə də
dərc etməməlidir. Oxucu qəzetdəki
mətnləri yalnız çap versiyada tapmalıdır.
Digər platformalarda, məsələn, sosial
mediada isə növbəti sayda dərc olunacaq maraqlı
yazılarla bağlı anons xarakterli materiallar təqdim oluna
bilər. Yəni müasir informasiya
mühitində qəzetlərin mövcudluğunu qoruyub
saxlaması çox çətin görünsə də,
işin düzgün təşkili ilə buna nail olmaq
mümkündür.
- Bəziləri
düşünür ki, əsas məsələ klassik ənənələrə
sadiq qalmaqla həm də yeni tendensiyalardan geri qalmamaqdır.
Sizcə, bu, mümkündür?
- Əlbəttə! Bayaq da dediyim kimi, əsrin ilk illərində
ənənəvi medianın yeni media ilə əməkdaşlığa
başlaması, elə sizin söylədiyiniz fikrin təsdiqidir. Jurnalistikanın
mahiyyəti heç vaxt dəyişməyib. Jurnalistlərin vəzifəsi həmişə cəmiyyəti
məlumatlandırmaq olub. Dəyişən
texnoloji avadanlıqlar, forma və üslublardır.
Klassik ənənələr bu gün də yaşayır, sadəcə,
yeni tələblərə uyğunlaşdırılıb və
ola bilsin, görüntüsü dəyişib.
- Etiraf etmək lazımdır ki,
İKT-nin daha çox inkişaf etdiyi Qərbdə qəzetçiliyə
münasibət bizdən daha yaxşıdır. İnsanlar qəzet oxuyurlar. Elə
isə bizdəki çatışmazlıq nədir? Həmin səviyyəyə çatmaq
üçün nə etmək lazımdır?
-
Statistika göstərir ki, qəzet və jurnallar, hətta
kitabların auditoriyası sürətlə kiçilir. Tendensiya bu gün bütün dünyada davam edir.
Yəni əslində, bizdə fərqli vəziyyət
yaşanmır. Sual oluna bilər ki, biz
özümüzü kiminlə müqayisə edirik? Məncə, Fransa ilə müqayisə
düzgün olmazdı. Çünki,
bilirik ki, Fransa qəzet, jurnal və kitab oxuma səviyyəsində
digər dövlətlərdən fərqlənir. Burada insanlar həmişə oxuyublar. Yeni medianın gəlişi ilə orada da oxuyanlar
azalmasına rəğmən, ənənə olduğu
üçün hazırda da çap məhsullarının
kifayət qədər auditoriyası var. Bizdə vəziyyət,
bir qədər fərqli olub. Əlimizdəki
vasitə qəzet olduğu üçün onu oxumuşuq.
Qəzetə informasiya mənbəyi kimi
baxmışıq və bu gün başqa informasiya mənbələri
olduğu üçün, biz də seçimimizi dəyişmişik.
Qərbin bəzi ölkələrində isə
qəzet oxumaq ənənədir. Məsələn,
Böyük Britaniyada bu gün artıq
aktuallığını itirməkdə olan səhər yeməyindən
öncə qəzet oxumaq ənənəsi var. İnsanlar
yuxudan oyanandan sonra səhər yeməyi süfrəsində qəzet
oxuyaraq günə başlayırlar. Bizdə
isə belə ənənə olmayıb. Bu
gün Qərblə özümüzü qəzet oxumaq sahəsində
müqayisə ediriksə, bu ənənələri də nəzərə
almalıyıq. Məncə, tendensiya hər
yerdə eyni nəticələrə səbəb olur.
- İndi elə şərait
yaranıb ki, fotoaparatı, azca yazma qabiliyyəti olan hər kəs
özünü jurnalist hesab edir. Bu mənfi tendensiyanin qarşını
almaq üçün nə etmək lazımdır?
- “Vətəndaş jurnalistikası” termininin ortaya
çıxdığı ilk illərdə elmi mühitdə
müzakirələr və hətta mübahisələr
yaşanırdı. Bəzi nəzəriyyəçilər
bununla peşəkar jurnalistikanın sonunun gəldiyini
düşünürdülər. Digərləri
isə deyirdilər ki, bu, informasiyaların daha operativ
yayımına gətirib çıxaracaq. Zaman hər iki tərəf müəyyən mənada
haqlı olduğunu göstərdi. Bu
gün, xüsusilə, smartfonların həyatımıza
daxil olması ilə, demək olar, hər gün
hamımız, ən azı, bir xəbər istehsal edirik.
Bu işi görməyi sevənlər isə
müəyyən mərhələdən sonra özlərini
jurnalist kimi təqdim edirlər. Bu gün jurnalistlərlə
hər hansı platformada informasiya yayımlayan şəxslərin
gördüyü iş eyni olsa da, jurnalistlər bunu peşəkar
şəkildə edirlər. Biz bu gün
heç kimə deyə bilmərik ki, sən jurnalist deyilsən,
niyə özünü jurnalist kimi təqdim edirsən? Bir şəxs informasiya çatdırırsa,
jurnalist olmasa da, müəyyən mənada, jurnalistlərə
rəqib olur. Təbii ki, qeyri-peşəkarların
sayının artması və informasiya mühitinin
dezinformasiya və yarımçıq məlumatlarla
bulanması yaxşı hal deyil. Amma bu vəziyyəti
də auditoriya düzəltməlidir. Qeyri-peşəkarlar
nə qədər çox oxunsalar, o qədər çox xəbər
istehsal edəcəklər. Auditoriyanın
səviyyəsi artsa, qeyri-peşəkarlar özləri tədricən
yoxa çıxacaqlar.
- Sosial medianın məhdudlaşdırılmasına
münasibətiniz necədir?
- Söz azadlığının istənilən formada məhdudlaşdırılmasına qarşıyam. Digər tərəfdən, sosial medianın məhdudlaşdırılması, məncə, bu gün mümkün deyil. İndi rəsmi səviyyədə hansısa platformaya istifadəçi girişinə qadağa qoyulsa, həmin platformaya daxil olmaq istəyən istifadəçi mövcud texniki imkanlardan istifadə etməklə buna nail olacaq. Yəni, bu gün sosial medianın məhdudlaşdırılması üçün cəhdlərin uğurlu alınacağına inanmıram. Amma sosial media istifadəçiləri də paylaşdıqları hər sözün məsuliyyətini dərk etməlidirlər. Bu gün bütün platformaların öz qaydaları mövcuddur və bu qaydaları pozan şəxslərin fəaliyyəti məhdudlaşdırılır. Digər tərəfdən, hər ölkənin öz məişəti, həyat və düşüncə tərzi olduğunu nəzərə alsaq, hər bir ölkənin də söz azadlığını məhdudlaşdırmamaq şərti ilə internetdən istifadə qaydalarını müəyyən etməsi arzuolunandır. Məsələn, Finlandiya internetdən istifadə qaydalarını uğurla tətbiq edir və Avropa İttifaqında da bununla bağlı qəbul olunan müxtəlif qayda və qanunlar var. Bu sənədlərdə internetdən istifadəyə aid, demək olar, bütün müddəalar əksini tapıb və bu, internetdən istifadənin tənzimlənməsinə kömək edir.
- Necə
düşünürsünüz, müasir dövrün tələbi
daha çox operativ olan vətəndaş jurnalistikasına,
yoxsa daha obyektiv olan peşəkar jurnalistikayadır?
- Bayaq da dediyim kimi, burada seçim
auditoriyanındır. Azərbaycandan
danışırıqsa, bu gün sosial mediada informasiyanın
daha sürətlə yayıldığını və
auditoriya tərəfindən daha asan qəbul olunduğunu
görürük. Yəqin,
qarşıdakı illərdə də operativliyə tələb
daha çox olacaq. Peşəkar jurnalistika
isə sosial mediadakı amansız rəqabət mühitindən
necə qalib çıxacağının yollarını
axtarmalıdır. Çünki, istifadəçi
hadisə ilə bağlı birinci eşitdiyi məlumatı
daha rahat qəbul edir və sonra eşitdiklərini
sorğulamağa başlayır. Düşünürəm,
haqqında danışdığımız internetin hüquqi
cəhətdən tənzimlənməsi mexanizminin işə
düşməsi, eləcə də, auditoriyanın səviyyəsinin
yüksəlməsi ilə sosial mediadakı qeyri-peşəkar
informasiya mənbələri də tədricən
ömrünü başa vuracaq və onların yerini peşəkar
media kanalları tutacaq.
Kənan Novruzov
Şərq 2021.- 17 fevral.- S.11.