Revanşistlər
Ermənistanı daha ağır fəlakətə
sürükləyir
"Məğlub
ölkədə sülh carçılarının səsi hələ
çox zəifdir, hətta demək olar ki, eşidilmir"
"Erməni xalqı bəzi siyasi
dairələrin təxribatlarına uymamalıdır. Regionda kommunikasiyaların bərpası üçün öz
hökumətlərinə təzyiq göstərməlidirlər"
Ermənistanda 10 noyabr üçtərəfli bəyanatı ilə razılaşmayan qüvvələr aktivlik nümayiş etdirir. Məğlub ölkədə sülh carçılarının səsi hələ çox zəifdir, hətta demək olar ki, eşidilmir. Revanşistlər və faşist təfəkkürdə olanlar isə gur səslə yenə erməni xalqını aldatmağa, Ermənistanı yanlış istiqamətə yönəltməyə, müharibənin hələ bitmədiyini “sübut” etməyə çalışırlar. Bununla da erməni xalqını növbəti və daha böyük fəlakətə sürükləyirlər. Bir müddət əvvəl müxalifətdə olan “İşıqlı Ermənistan” partiyası parlamentdə 10 noyabr Bəyanatının ölkə qanunlarına uyğun olub-olmaması barədə müzakirə açmaq istəyib.
Məsələnin parlamentin gündəliyinə salınması üçün səsvermə də keçirilib. Spiker Ararat Mirzəyan məsələnin gündəliyə salınmasına 40, əleyhinə 73 deputatın səs verdiyini bildirib. İqtidardakı “Mənim addımım” fraksiyası üçtərəfli bəyanatın müzakirə olunmasının parlamentin səlahiyyətləri çərçivəsində olmadığını açıqlayıb. Lakin müxalifət fraksiyaları israrla rəsmi Yerevanın imza atdığı kapitulyasiya sənədinin ölkə qanunları ilə uzlaşmadığını iddia edirlər. Şübhə yox ki, sülh və sabitliyə, qonşu xalqlarla əməkdaşlığa ən çox ehtiyac duyan məhz Ermənistandır. Ancaq buna nail olmaq üçün ermənilər ilk növbədə yeni reallığı qəbul eləməli, başlarından yekə iddialarla çıxış etməməlidirlər. Fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfər zamanı Prezident İlham Əliyev də bu məqama xüsusi diqqət çəkərək Ermənistandakı revanşist təşəbbüslərə sərt reaksiya verib və düşmənə növbəti xəbərdarlığını edib.
Dövlət başçısı bildirib ki, Ermənistandakı
revanşist qüvvələr Azərbaycanı
növbəti təxribatlarla, növbəti müharibə ilə
hədələməyə çalışır: “Onlar anlamalıdırlar ki,
biz hər şeyə diqqət yetiririk, hər şeyə nəzarət edirik və heç vaxt imkan verə bilmərik
ki, erməni faşizmi
bir daha
başını qaldırsın”. Prezident
bildirib ki, biz erməni faşizmini
artıq məhv etmişik:
“Düşməni öz doğma torpaqlarımızdan qovmuşuq.
Ermənistan ordusunu demək olar ki, məhv etmişik. Ermənistan ordusu
yoxdur, dağılıb.
Özləri etiraf edirlər
ki, müharibə zamanı onların 10 min fərarisi olub. Azərbaycan Ordusunda bir dənə
də fərari olmayıb. Bu, xalqımızın, Ordumuzun
yüksək mənəvi
ruhunun təzahürüdür.
Aparılan siyasətin təzahürüdür.
Biz döyüş meydanında Qələbə
qazandıq. Biz bu torpaqları vuruşaraq işğalçılardan
azad etmişik. Ermənistanı məcbur etdik
ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam
rayonlarını bizə
qaytarsın. Çünki danışıqlar zamanı
heç vaxt Laçın və Kəlbəcər rayonlarını
bizə qaytarmaq istəmirdi. Biz döyüş meydanında
düşməni məğlub
edərək tarixi ədaləti bərpa etdik”.
Ölkə rəhbərinin xəbərdarlığı
Ermənistanla yanaşı,
erməni lobbisinə və revanşistlərin xaricdəki havadarlarına
da ünvanlanıb. Müşahidələr göstərir ki, kapitulyasiya edən ölkədə bu qəbildən avantürist
çıxışlar məhz
xaricdəki anti-türk,
anti-Azərbaycan çevrələrinə
arxayın olaraq edilir.
Məhz bu qüvvələr bir əsrdən çoxdur ermənilərin
qonşularla, Azərbaycan
və Türkiyə ilə barışığına
imkan vermir. Bölgədə daim müharibə, qarşıdurma ab-havasının
qalmasına çalışır.
Halbuki, hazırda sülh və sabitlik tam iflas ərəfəsində
olan Ermənistana hamıdan çox lazımdır. Prezident
İlham Əliyev çıxışı zamanı
region iqtisadi layihələrin,
nəqliyyat dəhlizlərinin
önəminə də
toxunub və vurğulayıb ki, nəzərdə tutulan kommunikasiya layihələrinin
reallaşması bütövlükdə
bölgə xalqları
üçün faydalıdır:
“Bölgəmizin uzunmüddətli
inkişafı, sabitliyin
təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün
bölgədə nəqliyyat
layihələrinin xüsusi
rolu var. Burada iştirak edən bütün ölkələr
ancaq xeyir götürəcək, fayda
götürəcək”. Dövlət
başçısı qeyd
edib ki, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər: “Bu xətt yalnız Azərbaycan ərazisindən keçə
bilər. Həmçinin Rusiya ilə
İran, Ermənistanla
İran və Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq.
Yəni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər.
Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi nəticəsində
artıq Rusiya ilə Türkiyə arasında bu dəmir yolundan istifadə edərək yüklər daşınmağa
başlayıb. Görün, biz nə qədər böyük uzaqgörənlik
göstərmişik, böyük
iradə göstərmişik”.
Həqiqətən də yeni nəqliyyat
yollarının açılması,
ticarət imkanlarının
yaranması Cənubi Qafqazın inkişafına
müsbət təsir
edəcək. Region ölkələrinin
ortaq layihədə yer alması regionun gələcək inkişafına ciddi töhfələr verəcək.
Mühüm layihələrə qoşulmaq üçün
Ermənistan revanşist
cədhlərə son verməli,
ittihamlardan vaz keçməlidir. Yerevan hökuməti rəsmi Bakının şərtlərinə
əməl etməklə
böhran vəziyyətindən
çıxa bilər.
Həm də Türkiyəyə,
İrana və Rusiyaya birbaşa çıxış imkanı
əldə edər.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Şərq”ə açıqlamasında
vurğulayıb ki, Prezident İlham Əliyev öz müdrikliyini bütün
sahələrdə göstərib. Hərbçinin sözlərinə görə,
müharibədən illər
öncə dövlət
başçısı Ermənistan
rəhbərliyinə dəfələrlə
konstruktiv mövqeyə
gəlməklə bağlı
çağırış edib. Ölkə başçısı Yerevan hökumətini düşmənçilikdən
əl çəkməyə,
sülh danışıqlarına
razılıq verməyə
çağırırdı. Azərbaycanın səbrinin
tükəndiyini, son nəticədə
məğlub tərəfin
məhz işğalçı
Ermənistan olacağını
bəyan edirdi:
“Əgər Ermənistanın
başında duran şəxslər Azərbaycan
Prezidentinin uzaqgörən
siyasətindən və
xəbərdarlıqlarından düzgün nəticə
çıxartmağı bacarsaydı,
düşmən ölkə
indiki faciəli vəziyyətə düşməzdi. Prezidentimiz nəticənin
necə olacağını
hamıdan yaxşı
bilirdi və Azərbaycanın qələbəsinə
zərrə qədər
şübhə etmirdi.
Ordumuzun bütün tapşırıqları
yerinə yetirəcəyinə
əminlik böyük
idi. Ölkəmizdəki daxili sabitlik,
iqtisadi inkişaf, iqtidar-xalq birliyi, cəmiyyətin Qarabağ
məsələsində həmrəylik
nümayiş etdirməsi
torpaqlarımızın azadlığına
və möhtəşəm
qələbə qazanmağımıza
gətirib çıxartdı.
Məhz sadaladığım amillər
bir yerdə yumruğa, “dəmir yumruğa” çevrildi.
Cənab Prezident humanist xarakterindən
dolayı müharibədən
öncə Ermənistana
davamlı xəbərdarlıq
edirdi ki, sonradan peşman olmasınlar. Bilirsiz ki, Ermənistanda hakimiyyət dəyişikliyi
baş verdi
və Baş nazir Nikol Paşinyan
oldu. İlk dönəmdə Paşinyana inam var idi, çünki
o, Qarabağ problemini həll edəcəyi vədini vermiş, elə hakimiyyətə də bu vədlə
gəlmişdi. Ona görə
Paşinyana möhlət
verildi və müharibənin başlanması
yubandı. Lakin bir
müddət sonra tamamilə fərqli, müharibə ritorikası
ilə çıxış
edən, ardıcıl
sərsəm ifadələr
səsləndirən, “Qarabağ
Ermənistandır” deyən
bir Paşinyan meydana çıxdı.
Yerevan hökuməti nəinki problemi həll etmək, sülhə razılıq
vermək barədə
düşündü, əksinə,
“yeni torpaqların işğalı” planlarını
gündəmə gətirdi.
Ötən ilin iyul ayında törədilən
təxribatı isə
səbr kasasını
daşıran son damla
oldu. Nəticədə Dəmir Yumruq
Paşinyanın və
işğalçı erməni
ordusunun başına endi. 44 günlük
müharibə ilə
torpaqlarımızın böyük
hissəsini azad etdik, Ermənistanı təslimçi sülhə
məcbur qoyaraq, digər rayonlarımızı
döyüşsüz boşaltmağa
nail olduq”.
Ş.Ramaldanov qeyd edib ki, dövlət başçısı İlham
Əliyev yenidən Ermənistana xatırladır
ki, revanşist təşəbbüslərin cavabı
bu dəfə lap ağır olacaq:
“Ermənilər Azərbaycan
Ordusunun güclü zərbəsini təzədən
görmək istəmirlərsə,
özləri revanşistlərin
cavabını versinlər.
“Toydan sonra nağara” prinsipi ilə yaşamasınlar və xəbərdarlıqlara
vaxtında məhəl
qoysunlar. Prezident ümumən Cənubi
Qafqazın inkişafını
istəyir, bölgədə
qalıcı sülh və əminamanlığın
bərpa olunmasına çalışır. Ermənistan rəhbərliyinə,
sağlam düşüncə
sahiblərinə də
çağırış edir ki, işğalçılıq
ambisiyalarına son qoysunlar
və qonşularla
normal əməkdaşlıq barədə düşünsünlər.
Çünki erməni xalqının
rifahı bundan keçir. Ona görə də
erməni xalqı bəzi siyasi dairələrin təxribatlarına
uymamalıdır. Regionda kommunikasiyaların
bərpası üçün
öz hökumətlərinə
təzyiq göstərməlidirlər”.
Milli Həmrəylik Partiyasının
sədri, Qarabağ qazisi Əlisahib Hüseynov da “Şərq”ə bildirib ki, Prezident İlham
Əliyevin səsləndirdiyi
fikirlər Ermənistanın
bütün revanşist
qüvvələrinə ünvanlanmış
açıq xəbərdarlıqdır:
Prezident tamamilə haqlıdır,
biz imkan verə bilmərik ki, erməni faşizmi bir daha başını
qaldırsın. Vazgen Manukyan, Robert Koçaryan,
Serj Sarkisyan kimi erməni faşizminin baniləri,
"Miatsum" planının
ideya müəllifləri
artıq dərk etməlidirlər ki, indi 1988-ci il deyil. Ermənistanda hər kəs
dövlət başçımızın
bu xəbərdarlıq
ismarıcını ciddi
şəkildə götür-qoy
etməlidir. Manukyan
kimi qoca “qırğı”lar başa düşməlidirlər
ki, xalqı meydanlara səsləmək
heç də ağıllı və rasional hərəkət deyil. Bu cür
revanşist cəhdlər
Ermənistan üçün
fəlakətli nəticələrə
gətirib çıxara
bilər.
Onlar unutmamalıdırlar ki, biz bir dəfə Ermənistan ordusunu tamamilə darmadağın etmişiksə, bu dəfə "Dəmir Yumruğ"umuzun zərbəsi nəticəsində artıq Ermənistan dövləti tamamilə məhv olacaq. Dövlət başçımız real həqiqətləri açıqlayır. Bəzi faktları erməni liderləri özləri də etiraf etməli olurlar. Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 10-da parlamentdə çıxışı zamanı 10 min fərarinin olduğunu həqiqətən də etiraf etmişdi.
Ermənistan hökuməti Qarabağda verdiyi itkilərin
rəsmi sayını açıqlamasa da,
istər hərbi dairələr, istərsə də ölkə
müxalifəti 44 günlük
döyüşlər zamanı 6 min hərbçinin
öldüyünü, 10 mindən çoxunun isə yaralandığını bildirir. Bütün bu real faktlar, həqiqətlər ortada
ikən, Qarabağla bağlı
üçtərəfli razılaşmaya görə Nikol Paşinyan hakimiyyətini
kəskin tənqid edən və revanşist
açıqlamalar verən Ermənistan müxalifətinin bəyanatları
absurd teatrdan başqa bir şey deyil”.
Partiya rəhbərinin
fikrincə, Ermənistan müxalifəti Azərbaycan Prezidentinin ismarıcından düzgün
nəticə çıxarmasa, onların revanşizmi
bütövlükdə erməni xalqı üçün
tarixin sonunu gətirəcək:
“Müzəffər Azərbaycan Ordusunun “Dəmir Yumruğ"u bundan sonra “domokl qılıncı” kimi daim Ermənistanın başı üzərində olacaq. Ermənistanın hakim və müxalifət dairələri həqiqətən də iddia etdikləri kimi vətənpərvərdirlərsə, o zaman 10 noyabr razılaşmasının bütün şərtlərinə qeyd-şərtsiz əməl etməyə çalışsınlar. Çünki bu, Ermənistanın yeganə çıxış yoludur, xilas vasitəsidir”.
İsmayıl Qocayev
Şərq 2021.- 18 fevral.- S.11.