Sənin Allahına
qurban olum, qəhrəman...
Vüsalı general Polad Həşimov
da çox istəyirdi, ad günündə
zəng etmişdi
"Toyu
noyabr ayı üçün fikirləşirdik. Amma həmin ayda şəhadət şərbəti içdi"
Müharibənin nə olduğunu
bilməyən, topdan-tüfəngdən
anlamayan cocuqlar var. Ötən il
birlikdə öyrəndik.
Həm də zəfərin misilsiz sevincini, Qarabağa qovuşmağın
fərəhini yaşadıq.
Bu yolda şəhadətə
ucalan oğullarımızı
da unutmadıq. Hələ də ilk günkü kimi ürəyimiz yanır, yanacaq da.
Yenə bir şəhid qardaşımızdan yazıram. O, mayor Vüsal
Vəliyevdir.
İgidimizi tanıyaq.
Vüsal
Vəliyev 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində dünyaya göz açıb. Dizə kənd tam orta məktəbində 1994-2002-ci illərdə,
daha sonra isə Heydər Əliyev adına
Hərbi Liseydə oxuyub. Ardınca Heydər Əliyev adına Azərbaycan
Ali Hərbi Məktəbində
təhsilini davam etdirib.
2012-ci ildə 3 aylıq
XTQ təlimini keçib. Beyləqan,
Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl-Murovdağ
silsiləsində xidmət
keçib, mayor rütbəsinəcən
yüksəlib.
O, Vətən müharibəsində
Murovdağdan Şuşanın
azadlığı uğrunda
gedən döyüşlərədək
savaşıb. Vüsal Vəliyev
noyabrın 9-da Şuşada
şəhadətə ucalıb.
14 dekabr 2020-ci il tarixində Şərur şəhərinin
Şəhidlər Xiyabanında
torpağa tapşırılıb.
Qəhrəmanımız bir müddət şəhid general Polad Həşimovla birgə çalışıb. “Şərq”lə
həmsöhbət olan
şəhidin qardaşı
Elyar İslamoğlu deyir ki, Vüsal
hər zaman cənab generaldan danışırdı:
“Deyirdi ki, ordumuzda təkrar Polad Həşimov kimi general yetişməyəcək. Vüsalın sözlərinə görə,
general maaşının 90 faizini hərbi hissəyə xərcləyərmiş,
orda abadlıq işlərinə qədər
maraqlanarmış. Əsgərlərin nəyəsə ehtiyacı
olanda öz cibindən alıb, verərmiş. Vüsalla da
yaxın münasibətləri
var idi. Bir dəfə qardaşımın
ad günündə P.Həşimov
zəng etdi. Hamımız eşitdik, dedi: “Sənin kimi vətənpərvər
zabit yetişdirdikləri
üçün ananın,
atanın əllərindən
öpürəm. Səninlə fəxr edirəm”. Elə Vüsal da generalla
qürur duyurdu. Cənab Həşimov şəhid
olanda Vüsal dəfninə gələ bilmədi. Generalın ailəsini ziyarət
etməyimi, başsağlığı
verməyimi istədi.
Mən də P.Həşimovun evinə getdim. Ailəsini, anasının məğrurluğunu
gördüm”.
Şəhidin qardaşı danışır
ki, müharibə başlamazdan bir həftə öncə onunla görüşüblər:
“Göygölə getdik. Savaşın başlayacağını bilirdi,
ona görə bizi çağırdı,
bir gün yanında qaldıq. Gələcəkdən, ailəmizdən bəhs edirdi. Dolayı yolla ata-anamızı bizə əmanət etdi. Orda qayğımıza qalırdı. Hətta dedik
ki, sənin toyun olacaq, çox
xərc çəkmə.
Amma istəyirdi hər şey yaxşı olsun. Sonradan bizimlə sonuncu
dəfə görüşmək
istədiyini anladıq.
Müharibə zamanı da iki dəfə soraqlaşdıq. Deyirdi, yaxşıyam, narahat
olmayın. Axırıncı səfər isə oktyabr ayının 1-də
çox qısa söhbət etdik. Səsi tutqun, kədərli gəlirdi. Demə, tabeçiliyindəki əsgərlərdən şəhid
olanlar, yaralananlar var imiş.
Savaşda tabor komandiri idi. Şəhadətindən sonra komandirləri əlaqə saxladılar.
Vüsalın bütün tapşırıqların
öhdəsindən layiqincə
gəldiyini söylədilər.
Bir də Vüsal əmrində olan əsgərlərə ata,
qardaş kimi qayğı göstərirdi.
Ailəmizin də yeganə
təskinliyi onun əməlisaleh işləri,
yaxşılıqlarıdır. Qardaşımı axtaranda əsgərləri
ilə görüşüb,
danışırdım. Hamısı
Vüsal haqqında xoş sözlər deyirdi”.
Elyar bəy söyləyir
ki, ötən ilin yanvar ayında
Vüsala məzuniyyət
götürməsini məsləhət
görüblər:
“12 ildir hərbidə
xidmət edir. Bu müddət ərzində
həmişə səngərdə
olub. Ən çətin yerlərdə
- Beyləqanda, Füzulidə,
Ağdamda, Tərtərdə,
Qazaxda, Tovuzda çalışıb. O, Göygölə təyin
olunanda sevinmişdik. Məgər Murovda xidmət edirmiş. Çünki
işi ilə bağlı bizə nə isə deməzdi. Danışanda elə bilirdik
ki, istirahətdən gəlib. Lakin çətinlikləri çox idi. Bir də Vüsalın
2020-nin mart ayında toyu olacaqdı. Hər şey hazır idi, musiqiçələrə
qədər seçmişdik.
Pandemiyaya görə baş
tutmadı.
Biri Bakıda, biri Naxçıvanda olmaqla iki toy edəcəkdik. İstəyirdik,
Vüsalın könlü
açılsın, şad günü çox gözəl keçsin. Alınmadı. Sonra toyu noyabr ayı üçün fikirləşirdik. Amma həmin
ayda şəhadət
şərbəti içdi.
Vüsalla əlaqəmiz oktyabrın
2-dən kəsildi. Bu vəziyyəti
valideynlərimizdən gizlədirdik.
Onlar Vüsala
qarşı çox həssas idi. Oktyabrın 13-ü atam eşitdi, infarkt keçirdərək
dünyasını dəyişdi.
Anam isə şəhidlik xəbəri gələnə
qədər itkin olduğunu bilmirdi. O,
ayağından və
qolundan ağır yaralansa da, taboru
başsız qalmasın
deyə döyüşə
davam edib”.
Qeyd edək ki, mayor Vüsal Vəliyevə xidmət illərində “Azərbaycan
Respublikası Silahlı
Qüvvələrinin 95 illiyi
(1928-2013) Yubiley medalı”,
“Azərbaycan Ordusunun
100 illiyi (1918-2018) Yubiley
Medalı”, Azərbaycan
Respublikası Müdafiə
naziri, general-polkovnik Zakir Həsənov tərəfindən təqdim
edilmiş medal, “Əfqanıstanda
sülhməramlı missiyaya
görə”, “10 il Qüsursuz xidmətlərə görə”
3-cü dərəcəli medalı
tədqim edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına
əsasən V.Vəliyev
ölümündən sonra
“Vətən uğrunda”
medalı ilə təltif olunub.
Samirə Ərəbova
Şərq 2021.- 20 fevral.- S.8.