Mehri dəhlizinin
açılması vaxtından əvvəl baş tuta bilər
"Regionda kommunikasiyaların açılmasında Azərbaycan daha maraqlıdır. Amma bu layihələr sadəcə bizim üçün
deyil, Türkiyə, Rusiya, İran və Ermənistan
üçün də olduqca vacibdir"
Noyabr ayının 10-da imzalanmış üçtərəfli
bəyanatdan 3 aydan çox vaxt keçib. Azərbaycan 30 il aktiv fazada davam edən və ən azı
yüz il mövcud olmuş problemi qısa dövrdə həll
etməklə dünya hərb və siyasət tarixində bir
ilkə imza atdı. Ölkəmiz nə qədər
güclü dövlət olduğunu bütün dünyaya, hər
şeydən öncə isə düşmənə sübut
etdi.
Üçtərəfli bəyanatda əksini tapan 9 maddəlik
bəndlərin icra olunması da eyni uğurla həyata
keçirilməkdədir. Ümumi rəylərə
əsasən, ən kritik və çətin mərhələ
artıq arxada qalıb. Mürəkkəb
və strateji məsələ sayılan Azərbaycanın
Naxçıvanla birbaşa kommunikasiyalarının bərpası
məsələsi də artıq reallaşmaq üzrədir.
Sonrakı mühüm məqamlardan biri isə
Türkiyə-Rusiya ortaq nəzarət mərkəzinin
yaradılması idi. Mərkəzin təsis
olunduğu gündən çox ötməsə də, ortaq
fəaliyyətin müsbət tendensiyaları müşahidə
olunmaqdadır. Hazırda Qarabağda, Rusiya sülhməramlılarının
nəzarəti altında olan torpaqlarımızda erməni
silahlılarının təmizlənməsi prosesi gedir. Azərbaycan tərəfi proseslərə ciddi nəzarəti
həyata keçirir. Hazırda azərbaycanlı
məcburi köçkünlərin öz doğma
torpaqlarına qaytarılması istiqamətində işlər
görülür. Ən optimal müddətdə
bu da təmin ediləcək. Önümüzdəki
mərhələdə isə Laçın şəhərinə
girmədən yeni nəqliyyat dəhlizinin yaradılması
istiqamətində fəaliyyətə başlanılacaq.
Ümumiləşdirsək, görünən mənzərə
odur ki, hər şey Azərbaycanın nəzarəti
altındadır və kiçik insidentlər istisna olmaqla
üçtərəfli bəyanatda əksini tapan müddəalar
uğurla icra olunur.
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb
Tayyib Ərdoğan arasında baş tutan telefon
danışığı zamanı da ölkə rəhbərləri
Rusiya-Türkiyə Birgə Mərkəzinin işindən məmnunluğunu
ifadə ediblər.
Liderlər
10 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci
il tarixli üçtərəfli bəyanatlarından irəli
gələn razılaşmaların həyata keçirilməsini
və regionun sosial-iqtisadi inkişafı naminə birgə səylərin
koordinasiyasını müzakirə ediblər. Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə-Rusiya
Monitorinq Mərkəzi Qarabağdakı fəaliyyətini
uğurla davam etdirir: “Atəşkəsin qorunması
üçün birgə səylər göstərilməlidir.
Ərdoğan Dağlıq Qarabağda nəqliyyat
və kommunikasiya xətlərinin bərpası məsələsində
türkiyəli və rusiyalı mütəxəssislərin
azərbaycanlı həmkarları ilə birgə əməkdaşlıq
edə biləcəyini də vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi
Mariya Zaxarova da bildirib ki, üçtərəfli bəyanatlara
əsasən regiona dinc həyat qayıdır. O qeyd edib ki, konkret nəticələrə
nail olmaq üçün həm Azərbaycan, həm Ermənistan,
eləcə də qonşu region ölkələri vahid
mövqedən çıxış etməlidirlər:
“Dağlıq Qarabağda son günlərdə vəziyyət
stabildir. Atəşkəsin pozulması halı qeydə
alınmayıb. Rusiya sülhməramlıları
27 postda müşahidə aparır”.
Bu arada Rusiya və Ermənistan XİN
başçıları da Qarabağla bağlı
razılaşmanın həyata keçirilməsini müzakirə
ediblər. Məlumata
görə, Ermənistan Xarici işlər naziri Ara
Ayvazyanın qısa işgüzar səfəri zamanı
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr
2020-ci il və 11 yanvar 2021-ci il tarixli
razılaşmalarının həyata keçirilməsinin
bütün aspektləri barədə hərtərəfli
müzakirə aparılıb. Vurğulanıb
ki, əsas diqqət hərbi əsirlərin mübadiləsi,
humanitar yardım, regionda nəqliyyat əlaqələrinin bərpa
edilməsi, habelə baş nazir müavinləri səviyyəsində
üçtərəfli işçi qrupu vasitəsilə səylər
kontekstində məsələlərin müzakirəsinə
ayrılıb. Görüş zamanı Cənubi
Qafqazdakı vəziyyət nəzərə alınmaqla
regional və beynəlxalq gündəmin aktual məsələləri
müzakirə edilib.
Vurğuladığımız
kimi, hazırda ciddi müzakirə mövzusu olan
Naxçıvanla Azərbaycan arasında quru yolun salınması
bölgənin uzunmüddətli blokadasını
sonlandırmaqla yanaşı, Azərbaycanla Türkiyə
arasında alternativ quru yolu olacaq. Bəzi ekspertlər hesab edir
ki, iqtisadi və logistik baxımdan çox böyük əhəmiyyətə
malik bu dəhliz “Böyük İpək” yolunun əhəmiyyətli
parçasına çevrilə, hətta Bakı-Tiflis-Qars dəmiryoluna
alternativ ola bilər. Mehri dəhlizi və BTQ
layihəsi isə yükdaşımalar üçün yeni
imkanlar yaratmaqla bölgə dövlətlərinin
iqtisadiyyatına müsbət təsir göstərəcək.
Dəmiryolunun Naxçıvan sərhədinə
qədər uzadılması Türkiyə üzərindən
keçən böyük bir dairəvi yolun əmələ gəlməsi
deməkdir. Bu da təkcə bölgədə
yerləşən ölkələrin iqtisadiyyatına deyil,
eyni zamanda digər dövlətlərin də iqtisadiyyatına
ciddi təsir edəcək amil olacaq.
Siyasi elmlər
doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə
açıqlamasında deyib ki, Rusiya və Türkiyə
prezidentlərinin mütəmadi telefon
danışıqlarında daha çox Mehri dəhlizinin
açılması müzakirə olunur. Professorun sözlərinə
görə, liderlər 11 yanvar üçtərəfli
razılaşmasında nəzərdə tutulan dəhlizlə
bağlı müddəanın necə və hansı müddətə
həyata keçirilməsi ilə bağlı müzakirələr
aparırlar:
“Ermənistanda bəzi siyasi qüvvələr
revanşist mövqedən çıxış edə bilərlər. Amma
düşmən ölkənin dəmiryol sistemi
bütünlüklə Rusiyanın əlindədir. Hətta Baş nazir Nikol Paşinyan hakimiyyətdən
getsə belə, bu ideya Rusiya tərəfindən mütləq
reallaşdırılacaq. Əgər Ermənistan
israrında davamlı olarsa, üçtərəfli
razılaşmanın şərtlərinə əməl etməkdə
tərəddüd edərsə, Putinin də dediyi kimi, bu
addım ermənilər üçün intihar olar. Əslində Ermənistanın prosesdə iştirakdan
imtinası Moskvanı çətin vəziyyətdə qoyar və
rus sülhməramlıları bölgədən avtomatik
çıxmaq məcburiyyətində qalar. Azərbaycan Ordusu isə Xankəndi və ətrafına
daxil olaraq bölgədə bir nəfər belə erməni
silahlısının qalmasına imkan verməz. Bu reallığı Ermənistan və Rusiya
çox gözəl başa düşür. Məsələ ondadır ki, Ermənistanı
prosesdən çəkməkdə, anlaşmaları
pozmağa sövq etməkdə Qərb ölkələri daha
çox maraqlıdır. İnanmıram
ki, Qərb dövlətləri nəyəsə nail olsunlar.
Rusiya kommunikasiya məsələsində
çox qətiyyətli, hətta aqressiv siyasət
nümayiş etdirir. Ümumiyyətlə, Moskva və
Ankara həm 10 noyabr, həm də 11 yanvar üçtərəfli
razılaşmalarının həyata keçirilməsi
üçün çox ciddi fəaliyyət sərgiləyirlər”.
C.Nuriyev
vurğulayıb ki, üçtərəfli format dörd tərəflə
əvəzlənib: “Qarabağdakı proseslərdə
Türkiyə aktiv rol oynayır. Çox
güman ki, bu formata Gürcüstan və İran da
qoşulacaq. “Altılıq”
formatının reallaşmasına mane olmağa nə Qərb
ölkələrinin, nə də Ermənistandakı
revanşistlərin gücü çatacaq. Çünki bölgədə kommunikasiyaların
açılması, Mehri dəhlizinin yaradılması
bütün ölkələr üçün ideal
variantdır. Bununla həm də Rusiya
Aralıq dənizinə çıxış əldə edər.
İndiki məqamda bu faktor Moskva
üçün hava-su kimi lazımdır. “Şimal
axını”na sanksiyalar tətbiq edilir,
ABŞ Prezidenti Co Baydenlə Rusiya rəhbərinin münasibətləri
kəskinləşir. Rusiya Avropa bazarlarına
ancaq Azərbaycan və Türkiyə üzərindən
açıla bilər. Regional layihələr
İranın da maraqlarına uyğundur. Tehran fars körfəzində sərbəst olsa da,
digər regionlara çıxış imkanları məhduddur.
Azərbaycan da İran üzərindən Fars
körfəzinə çıxmaqda maraqlıdır”.
Cümşüd
Nuriyev Mehri dəhlizinin açılmasının vaxtından əvvəl
baş tutacağını söyləyib:
“Prezident İlham Əliyev Horadiz-Ağbənd yolunun təməlqoyma
mərasimində buna işarə etdi. Dəmir yolunun çəkilişi 2
il ərzində nəzərdə
tutulmuşdusa, belə görünür ki, xəttin çəkilişinə
1 ildən artıq vaxt sərf olunmayacaq. Həm
də nəzərə alaq ki, əvvəl belə bir dəmiryol
xətti fəaliyyət göstərib. Əgər Azərbaycan
100 kilometrlik Şuşa yolunu rahatlıqla
açırsa, bu məsafədən az olan dəmir yolunu daha
qısa zamanda və asanlıqla inşa etmək
mümkündür. Təbii olaraq, regionda
kommunikasiyaların açılmasında Azərbaycan daha
maraqlıdır. Amma bu layihələr sadəcə
bizim üçün deyil, Türkiyə, Rusiya, İran və
Ermənistan üçün də olduqca vacibdir”.
Siyasi şərhçi Anar İmanov da “Şərq”ə
bildirib ki, Putin və Ərdoğan kimi nəhəng siyasətçilərin
vacib saydığı bütün məsələlər
gec-tez həll olunacaq. Ekspertin sözlərinə görə, Ermənistan
biabırçı məğlubiyyətlə barışmaq
istəmədiyini hər fürsətdə desə də,
arzuladığı hər hansı təxribat cəhdi elə
beşikdəcə boğulacaq:
“Hazırda Putinlə Ərdoğan arasında sıx əməkdaşlıq
var. Ölkə liderləri gələcəyi düşünərək
regionun bütün problemlərini həll etməyə
çalışırlar. Həm Rusiya, həm də qardaş
Türkiyə Azərbaycanı haqq mübarizəsində dəstəkləyir,
ölkəmizə böyük dəstək nümayiş
etdirirlər. Rusiyanın Ermənistanı dəstəkləməsi
işğalçı dövlətdə faşist
çalarların çiçəklənməsinə gətirib
çıxardı. Njde kultu və “Soros”
kimi Kremli narahat edən ciddi məqamlar üzə
çıxdı. Putin Azərbaycanın ərazi
bütövlüyünü bərpa etməsindən məmnundur.
Yaxınlarda, Rusiya jurnalistləri ilə
qapalı görüş keçiriən Kreml rəhbəri
üç məsələ ilə qürur duyduğunu
açıqlayıb. Putin Qarabağ
probleminin həllində imzasının olmasından fəxrlə
danışıb. Yəni indiki reallıq
regionun bütün ölkələrinin ürəyincədir.
Bu reallığı Ermənistanda hər
hansı mənfur, faşist qüvvə pozmağa, zədələməyə
çalışarsa, regionun bütün ölkələri tərəfindən
böyük və ciddi reaksiya ilə qarşılaşacaq.
Azərbaycan Cənubi Qafqazın inkişafı
üçün əlindən gələni edib və edəcək.
Ölkəmiz tərəfindən
kommunikasiyaların bərpası inkişafa yeni təkan verir.
Yaxın perspektivdə region daha da inkişaf edəcək
və bu inkişafdan bütün ölkələr bəhrələnəcək”.
İsmayıl
Qocayev
Şərq .- 2021.- 20 fevral.- S.11.