Məlik Dadaşov erməni obrazını elə
canlandırıb ki...
"...Onu küçədə görənlər daş-qalaq edir, xəsarət
yetirməyə çalışırdılar"
Rasim Balayev: "Baxmayaraq ki, mən onu tanıyırdım, onun
həmin rolunu görəndə adamda nifrət hissi
oyanırdı"
Azərbaycanın teatr
və kino aktyoru Məlik
Yusif oğlu Dadaşov 1924-cü il iyunun 7-də Bakı şəhərində doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti)
bitirdikdən sonra yaradıcılıq fəaliyyətinə
başlayıb.
Məlik Dadaşov Xalq artisti idi. Doğrudan da,
xalq onu çox sevirdi. Hətta bəzən onun yaratdığı qəhrəmanların
ifadələri xalqın
dilinə düşürdü.
Elə Qəmlonun,
("Axırıncı aşırım")
Kərbəlayi İsmayılla
dialoqlarındakı ifadələrini
xatırlayın. Yəqin ki,
"Abbasqulu bəyin nazı ilə çox oynayırıq a,
Kərbəlayi" ifadəsi
hamıya yaxşı
tanışdır. Elə həmin
filmdəki Qəmlo obrazı Məlik Dadaşovu xalqa tanıtdı.
Bundan sonra bir çox
filmlərdə rol alan məşhur aktyor "Atayevlər ailəsi", "Bir qalanın sirri", "Bizim küçə",
"Böyük dayaq",
"Dağlarda döyüş",
"Dəli Kür"
və s. filmlərdə
əvəzolunmaz obrazlar
yaradıb.
M.Dadaşov bir gün rejissor
və aktyor Ceyhun Mirzəyevin çəkəcəyi filmə
- Qarabağ müharibəsinə,
xüsusilə də Xocalıdan bəhs edən "Fəryad"
filminə dəvət
alır.
Aktyora burada erməni rolunu ifa etmək tapşırılır. O, əvvəlcə
etiraz edir, hətta deyir: "Mən bununla bütün xalqın sevgisini itirə bilərəm". Lakin bir
qədər sonra filmə çəkilməyə
razılıq verir.
Vaqif Mustafayevə
məxsus olan filmin senarisi o qədər təsirli olur ki, filmin
rejissoru Ceyhun Mirzəyev filmin çəkilişlərindən sonra montaj işləri
zamanı vətən
həsrətinə dözməyib
ürəyi partlayaraq
dünyasını dəyişir. Öz filmini görə bilmir...
Məlik Dadaşov isə filmdə "Xaçaturyan"
obrazını canlandırır. Oynadığı
rolda peşəkarlıq
göstərən aktyor
məhz bu filmdə ermənilərin
iç üzünü
açmağı bacarmışdı.
Onların necə bir qaniçən, uşaq qatili olduğunu öz rolu ilə
"Fəryad" filmində
xalqa çatdırmışdı.
Film
1993-cü ildə təqdim
ediləndən sonra Məlik Dadaşova xalq tərəfindən təzyiqlər gəlir, onu küçədə görənlər daş-qalaq
edir, xəsarət
yetirməyə çalışırdılar.
Hətta
"Fəryad" filmindən
sonra erməni diasporu Məlik Dadaşova "Ermənistanın
xalq qəhrəmanı"
adını vermişdi.
Aktyor isə Azərbaycan Televiziyası
vasitəsilə bəyan
etmişdi ki, o, bu titulu qəti
şəkildə qəbul
etmir.
Rolunu necə
mükəmməl şəkildə
oynadığını bilsə
də, bu hadisədən sonra Məlik Dadaşov özünü çox pis hiss edirdi. Elə filmin çəkilişindən
3 il sonra, 1996-cı ilin 2 dekabrında məşhur aktyor, Azərbaycan kinosunun "Qəmlo"su Məlik Dadaşov həyata əbədi gözlərini
yumur...
Onun haqqında Azərbaycanın
Xalq artisti, məşhur aktyorumuz Rasim Balayev "Şərq"ə danışdı:
"Məlik Dadaşov
çox gözəl aktyor idi. Baxmayaraq ki,
mən onu tanıyırdım, onun həmin rolunu görəndə adamda nifrət hissi oyanırdı. Yəni çox
gözəl oynamışdı
rolunu.
Uzaqdan tanıyırdım,
onunla tərəf-müqabili
olmasam da, onun cavanlıqda teatrda oyunlarına, kinolarına baxmışam.
Qəmlo,
Dəli Kürd və s. filmlərdə məharətlə rol oynayıb.
Onun teatrda da böyük xidmətləri olub. Ömrünün sonuna yaxın Fəryad filmində erməni rolunu oynadı".
Ağarza Elçinoğlu
Şərq 2021.-25 fevral.- S.13.