Ermənistan rəhbərliyi reallığı
anlamağa başlayıb
Paşinyan
mövcud durumu ictimaiyyətə açıqlamaq
üçün doğru zaman seçib
Baş
nazir və müdafiə nazirinin açıqlamaları
regional sülh və əməkdaşlıq baxımından
müsbət irəliləyişlərdir
Ermənistanın Baş naziri Nikol Paşinyan “1in.am”a
müsahibəsində öz tərəfdaşlarına və
erməni xalqına gərginlik və yeni müharibə deyil, əməkdaşlıq
və inkişaf vəd edib. Paşinyan Rusiya vasitəsilə
Azərbaycanla təmasların davam etdiyini vurğulayıb.
Erməni baş nazir regional layihələrdə
Ermənistan dövlətinin və xalqının da maraqlı
olduğunu vurğulayıb. Nəhayət,
Nikol Paşinyan etiraf edib ki, kommunikasiyaların
açılması barədə konstruktiv və
qarşılıqlı fayda gətirəcək qərar
regiona uzunmüddətli və dayanıqlı sülhü gətirəcək
faktorlardandır.
Baş
nazirin sözlərinə görə, kommunikasiyalar regionu
bir-birinə bağlayır: “Region ölkələrinin
hamısı kommunikasiyaların açılmasında
maraqlıdır. İstisnasız olaraq
hamısı. Rusiya, Gürcüstan,
İran, Azərbaycan, Türkiyə, Ermənistan. Aydındır ki, bu maraq eyni zamanda hər bir tərəf
üçün ümumi olduğu qədər fərdi
xarakter daşıyır”. Paşinyanın fikrincə, 11
yanvar bəyanatından sonra Abxaziya dəmir yolunun
açılması, Fars körfəzini Qara dənizlə birləşdirəcək
dəmir yolu haqqında müzakirələr fəallaşıb:
“Burada doğru istiqaməti seçəcəyi halda Ermənistan
üçün strateji əhəmiyyəti olan imkanların
olmadığını iddia etmək düz olmaz”. Paşinyan bu açıqlaması ilə rəqiblərinə
mesaj göndərir ki, regional layihələrdə iştirak
Ermənistanın xeyrinədir. Halbuki, onun
rəqibləri, o cümlədən bəzi erməni
iqtisadçılar vurğulayırlar ki, guya kommunikasiya xətlərinin
açılması Ermənistana fayda gətirməyəcək.
Digər tərəfdən baş nazir Sünikdəki duruma da
aydınlıq gətirib və vurğulayıb ki, həll
edilməsi mümkün olmayan problem yoxdur: “Sünikdə
qonşumuzla sərhəd müəyyənləşir. Əlbəttə, bu həmin bölgədə
yaşayan vətəndaşlarımızda müəyyən
suallar yaradır. Ancaq bir müddət sonra
gərginliyin azalacağına inanıram. Biz
Sünik bölgəsində sosial və infrastruktur
çalışmalarını sürətləndirəcəyik”.
Bu açıqlama da ona hesablanıb ki, ermənilər
Azərbaycanla qonşuluqda yaşamağa öyrəşməlidirlər.
Beləliklə, Nikol Paşinyan son müsahibəsi ilə
müharibədən əvvəlki ritorikasından geri çəkilmiş
kimi görünür. Bir vaxtlar Şuşada yallı gedən,
“Qarabağ Ermənistandır” deyən şəxs hazırda
Azərbaycanla və Türkiyə ilə əməkdaşlıq
imkanlarından, kommunikasiya xətlərinin
açılmasından danışır. Paşinyan
növbəti açıqlamalarının birində Ermənistanın
Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının
olmadığını da vurğulayarsa, regional əməkdaşlığa
real töhfəsini vermiş olacaq.
Normal düşünməyə başlayan sadəcə
Paşinyan deyil. Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan da bəyan
edib ki, Naxçıvanla Azərbaycanın qalan əraziləri
arasında nəqliyyat dəhlizi Ermənistan üçün
heç bir problem yaratmır, əksinə, faydalıdır:
“Ermənistan Azərbaycanla Naxçıvan arasında nəqliyyat
əlaqəsinin təhlükəsizliyi üçün
bütün tələbləri icra edəcək. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya
Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti
icra edəcək”.
Onu da xatırladaq ki, ötən gün Türkiyə, Azərbaycan
və Türkmənistan xarici işlər nazirləri
Ankaradakı görüşü zamanı Türkiyənin
XİN rəhbəri Mövlud Çavuşoğlu Ermənistana
çağırış etmişdi. Qardaş ölkənin
naziri vurğulamışdı ki, bölgədə davamlı
sülh və inkişaf üçün tarixi fürsət
yetişib. Ermənistan bu fürsəti
qaçırmamalıdır: “Ermənistanın sülh yolunu
seçməsinə ümid edirik. Türkiyə
Azərbaycanla koordinasiyalı şəkildə Ermənistanın
hər bir müsbət addımına cavab verəcək”.
Ermənistanda hələ də revanşist düşüncədə
olanlara baxmayaraq, hesab edilir ki, Yerevan 10 noyabr və 11 yanvar bəyanatlarının
kommunikasiya xətlərinin açılması hissəsini
yerinə yetirməyə başladıqda istər-istəməz
Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıq
çərçivəsinə daxil olacaq.
Ermənistan
hakimiyyətinin müsbət dönüşünü “Şərq”ə
dəyərləndirən millət vəkili Hikmət
Babaoğlu deyib ki, Vətən müharibəsində Azərbaycanın
şanlı qələbəsindən sonra ilk dəfədir
ki, kapitulyasiya aktına imza atmış Ermənistanda rəsmi
şəkildə
kommunikasiyaların açılmasından
danışılır və bu reallıq baş nazir tərəfindən
dilə gətirilir. Deputatın sözlərinə görə,
bu, özlüyündə yaxşı haldır və Azərbaycanın
yaratdığı yeni geosiyasi və geoiqtisadi
reallığın Ermənistan tərəfindən qəbul
edilməsinin başlanğıcıdır:
“Ancaq bu hələ
heç də o demək deyil ki, Azərbaycan dərhal 30 il
torpaqlarımızı işğal altında saxlamış,
xalqımıza qarşı hərbi cinayətlər,
soyqırımlar törətmiş, tarixi, dini və mədəni
abidələrimizi yerlə-yeksan etmiş bir ölkə ilə
dərhal əməkdaşlığa başlayacaq. Üstəlik, hamımıza məlumdur ki, Ermənistanda
hələ də revanşist qüvvələr, terrorçu
birləşmələr var və onlar bizdən qisas almaq kimi
faşist düşüncələrdən hələ də əl
çəkməyiblər. Ancaq bununla belə
biz həm də başa düşürük ki, Cənubi
Qafqaza davamlı və uzunmüddətli sülhün gəlməsi,
yeni qarşılıqlı faydalı regionla əməkdaşlıqdan
keçir. Bunun üçün ən yaxşı
başlanğıc üçtərəfli razılaşmada
göstərildiyi kimi yol-nəqliyyat və enerji
kommunikasiyalarının açılması ola
bilər. Ermənistanın Baş naziri Nikol
Paşinyan da elə bu məsələlərin
aktuallığına toxunaraq onun ermənilərin mənafeyi
baxımından da aktual olduğunu dilə gətirib”.
Parlament
üzvü vurğulayıb ki, Paşinyan mövzu ilə
bağlı publik açıqlama vermək üçün
doğru zaman seçib: “Çünki bu tipli
açıqlamaları bir qədər əvvəl versəydi,
erməni ictimai rəyi buna hazır olmayacaqdı. Elə buna görə də real addımların
atılması daha da çətinləşəcəkdi.
Ancaq İrəvanda keçirilən 20 fevral
mitinqlərindən sonra Paşinyan bir daha əmin oldu ki, onun
xeyli sayda tərəfdarı var və yeni reallığı
Ermənistanda qəbul edənlərin sayı hər gün
daha çox artmaqdadır. Mitinq ərəfəsində
keçirilən rəy sorğusunda Paşinyanın hakimiyyətdə
qalmasını istəyənlərin təqribən 34 faizə
çatması baş naziri belə açıq
danışmağa cəsarətləndirən faktorlardan biri
oldu. Mövcud reallığı ən
yaxşı bilənlərdən biri də Ermənistanın
müdafiə naziridir ki, o da Paşinyanın
açıqlamalarına bənzər fikirlər söyləməklə
əslində öz baş nazirini dəstəklədi. Və nəhayət, Ermənistan rəhbərliyi
region dövlətlərinin hamısının əməkdaşlıqda
maraqlı olduğunu dilə gətirməklə ilk dəfədir
ki, onların da mənafeyini qəbul etməyin zərurəti
ilə bağlı reallığı dilə gətirdi.
Bütün bunlar isə regional sülh və əməkdaşlıq
baxımından müsbət irəliləyişlərdir.
Azərbaycanın da məqsədi regionumuzda uzunmüddətli
və davamlı sülhə nail olmaqdır”.
Qərbi
Kaspi Universitetinin professoru Fikrət Sadıqov da “Şərq”ə
bildirib ki, rəsmi Yerevandan səslənən sağlam
düşüncəli bəyanatlar ermənilərin Azərbaycana
qarşı düşmənçilik münasibətlərinin
dəyişdiyi anlamına gəlmir. Analitikin sözlərinə
görə, çıxılmaz vəziyyətə
düşmüş Ermənistan rəhərliyi yeganə
qurtuluşun rəsmi Bakının, Ankaranın və indiki
halda Rusiyanın tələblərinə əməl etmək
olduğunu yaxşı dərk edir:
“Yerevan hökuməti, konkret baş nazir Nikol Paşinyan
anlayır ki, Cənubi Qafqazda kommunikasiyalar, nəqliyyat dəhlizləri
açılmasa, erməni dövlətinin və cəmiyyətinin
nəfəsi tamamilə kəsiləcək. Müharibə
Ermənistanı çökdürdü, hökumət də,
xalqda bərbad duruma düşüb. Görünür,
Paşinyan mövcud durumu doğru-düzgün dəyərləndirməyə
başlayıb. Əslində erməni
müxalifəti də bölgədəki reallığın,
Ermənistanın acınacaqlı məğlubiyyətinin fərqindədir.
Sadəcə hakimiyyətə gəlmək məqsədi
ilə boş, mənasız şüarlar səsləndirirlər.
Niyyətləri baş naziri devirməkdir.
Ermənistan dalana dirənib, ölkə təcrid
vəziyyətdədir və iqtisadiyyat məhv olub. Xalqın dirçəlişi və rifahı
üçün qonşularla normal münasibət
qurulmalı, sərhədlər açılmalı, nəqliyyat
dəhlizləri fəaliyyət göstərməlidir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev dəfələrlə
vurğulayıb ki, artıq münaqişəyə son qoyulub
və yeni səhifənin açılması
üçün işlərə başlanılıb. Acınacaqlı durumda olan Ermənistana da əl
uzadırıq. Deyirik ki, əgər normal
həyat yaşamaqda maraqlıdırlarsa, o halda
kommunikasiyaların bərpasına əngəl törətməsinlər.
Regionda sülh və sabitliyin yaranmasına dəstək
versinlər. Sağlam düşüncəyə
malik olan hər bir şəxs, toplum bu cür humanist təklifləri
geri çevirməməlidir”.
Professor vurğulayıb ki, Rusiya Paşinyandan sonra Ermənistanda
Moskvaya yaxın siyasi qüvvənin hakimiyyətə gəlməsində
maraqlıdır:
“Erməni müxalifəti revanşist çıxışlar edir. Sözün açığı, belə məqamda revanş təfəkkürdə olanları anlamıram. Axı revanş deyəndə nəyi nəzərdə tuturlar? Məgər erməni ordusu bundan sonra müharibə aparmaq gücündədirmi? Savaşla yenidən torpaqlarımızı, Şuşanı işğal edə bilərlərmi?! Azərbaycan dövləti erməni xalqına Qarabağda yaşamaq şansı verib. Xankəndi və ətrafında elə indi də ermənilər məskunlaşıb. Gücümüz çatdığı halda onları torpaqlarımızdan qovmamışıq. Ermənistandakı müxalif qüvvələrin revanş cəhdləri gurultulu şüarlardan başqa bir şey deyil. Məqsəd odur ki, öz ətraflarına daha çox kütlə toplasınlar və Paşinyana qarşı etirazı artırsınlar. Ermənistan tərəfi, hətta Paşinyandan sonra hakimiyyətə gələcək siyasi qüvvələr belə 10 noyabr və 11 yanvar anlaşmalarının nüvəsini dəyişmək iqtidarında deyil. Maksimum halda hansısa müddəada kiçik dəyişiklikdə israr edə bilərlər, vəssalam. Çünki üçtərəfli razılaşmalar, sadəcə rəsmi Bakını deyil, Rusiya, Türkiyə və hətta İranı da bağlayır. Bütün qonşu ölkələr regionda kommunikasiyaların açılmasında maraqlıdırlar”.
İsmayıl
Qocayev
Şərq 2021.- 25 fevral.- S.11.