Oxçuçayın çirkləndirilməsi

ermənilərin ilk vəhşiliyi deyil

 

Ekoloji terrorun qarşısı alınmalı, Qərb ölkələri hadisəyə sərt reaksiya verməlidir

 

Son 30 ildə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi hərəkətlər ekoloji terrordur. Ekoloji terror əsasən münaqişə dövründə ətraf mühitin qəsdən məhv edilməsi, istismarı və ya dəyişdirilməsi kimi xarakterizə olunur. Bu dövr ərzində Ermənistan təbiətə qarşı da təcavüzkar davranıb. Ermənilərin ekoloji terroru Azərbaycanın içməli su mənbələrinə, su təsərrüfatına da ciddi ziyan vurub. Ermənistan transsərhəd su ehtiyatlarını davamlı olaraq kimyəvi və bioloji maddələrlə çirkləndirir.

Araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə zəhərlənir. Bundan əlavə, Azərbaycan ərazilərindən keçən Araz çayının 43 km hissəsindəki mikroflora və mikrofauna tamamilə məhv edilib və Araz suyunun tərkibindəki ağır metalların miqdarı normadan çoxdur.

Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Arazın sol qolu Oxçuçaydır. Bu çay əslində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarını Ermənistanın həmin bölgəsindən uzaqlaşdıran kollektor rolunu oynayır. Çayın suyu o qədər zəhərlənib ki, heç bir canlı yaşamır. Onun suyu ilə suvarılan Zəngilan rayonu ərazisindəki torpaqlar da zəhərlənib və yetişdirilən məhsul əhalinin sağlamlığı üçün təhlükəlidir. Oxçuçayın zəhərli suları gələcəkdə Xudafərin su anbarına da tökülə bilər.

Oxçuçaydan götürülmüş su nümunələrində nikel 7, dəmir 4 və mis-molibden birləşməsi 2 dəfə normadan çoxdur. Forel və digər balıqlar çayın kritik həddə çirklənməsi nəticəsində artıq məhv olublar, ağır metalların səviyyəsinin yüksək olması insan sağlamlığı üçün də təhlükəlidir. Oxçuçay Araza birləşdiyindən və axdığı son nöqtəsi Xəzər dənizi olduğundan nəticədə zəhərlənmiş çay suyu Xəzərin də çirklənməsinə səbəb olur. Bu, Ermənistanın Azərbaycana, həm də qlobal təbiətə qarşı törətdiyi ekoloji terrorun davamıdır. Ancaq Xəzər dənizi sadəcə Azərbaycanın deyil. Ona görə bu məsələ Xəzəryanı ölkələri də narahat etməlidir və Ermənistana bu məsələdə təzyiq göstərməlidirlər. Ekoloji terrorun davam etdirilməsində Ermənistanda dağ-mədən işlərini həyata keçirən Almaniyanın “Cronimet Holding GmbH” şirkəti də iştirak edir. Buradan qənaətə gəlmək olur ki, Almaniya da Ermənistana ekoloji terrorun törədilməsində dəstək verir. Nə alman mediası, nə digər Qərb ölkələrinin mətbuatı Almaniya şirkətinin iştirakı ilə Ermənistanın Oxçuçayın çirkləndirilməsi ilə törətdiyi ekoloji terroru qabartmır, ictimailəşdirmir. Çünki ekologiyanın qorunması məsələləri Soros şəbəkəsinin marağında deyil. Məlumdur ki, “Cronimet“ şirkətlər qrupu arasında sıx əlaqələr mövcuddur. Şirkətin təsisçi və icraçı direktoru Günter Pilarski Ermənistanın Baden-Vürttemberq konsulluq regionu üzrə fəxri konsuludur. Şirkətin adı Ermənistan üçün çalışan alman lobbiçilərinin siyahısında yer alır. Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyanın kürəkəni Mikael Minasyan üçüncü tərəfin iştirakı ilə Zəngəzur mis-molibden kombinatının gizli payçısına çevrilib. Təəssüflər olsun ki, özünü ekoloji problemlərə qarşı həssas göstərməyə çalışan Avropa “yaşılları” bu məsələyə tamamilə laqeyd yanaşırlar. Almaniyanın Yaşıllar Partiyası isə ümumiyyətlə, müraciətlərə saymazyana cavab verərək, Azərbaycana ayırmağa vaxtının olmadığını bildirir. Şübhəsiz, xarici şirkətlərin Ermənistanın işğalçı hakimiyyətinin əlilə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərinə gətirilməsi, çayların, digər su hövzələrinin çirkləndirilməsi qəbuledilməzdir.

Ermənistanın ekoloji terroru ilə bağlı “Şərq”ə danışan millət vəkili Ceyhun Məmmədov bildirib ki, ermənilər davamlı olaraq Azərbaycanın ekologiyasına, faunasına qarşı vəhşilik törədiblər. Deputatın sözlərinə görə, ermənilər Qarabağ və ətraf rayonlarda neçə yüz il yaşı olan nadir çinar ağaclarını məhv edib, meşələri qırıb, yandırıblar:

“Oxçuçayın çirkləndirilməsi ermənilərin ilk vəhşiliyi deyil. Ermənilər uzun illərdir ekosidlə məşğul olublar, dünya ekologiyasını vəhşicəsinə məhv ediblər. İndi də əməllərindən vaz keçmirlər. Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Oxçuçayın videolarını çəkərək qurumlara təqdim edib. Göstərmişik ki, Ermənistan tərəfi çayı dəhşətli dərəcədə çirkləndirir. Təəssüf doğuran məqamlardan biri də odur ki, ermənilərin ekologiya terrorunda Almaniya şirkəti də iştirak edir. Özünü “demokratiyanın mərkəzi” sayan, tez-tez insan hüquqları və s. mövzularda Azərbaycanı ittiham edən Almaniya erməni terroruna laqeyd yanaşır. Dəfələrlə müraciət olunsa da, reaksiya vermir. Düşünürəm ki, bu cür yanaşma riyakarlığın və ikili standartların növbəti təzahürüdür”.

C.Məmmədova görə, əslində Avropa ölkələri bu məsələyə çox həssas reaksiya verməliydi. Çünki burada söhbət sadəcə Azərbaycandan deyil, dünya ekologiyasının çirklənməsindən gedir:

“Ermənistanla yanaşı, alman şirkətinin də ekosid törətməsi qəti şəkildə pislənməli və qarşısı alınmalıdır. Əgər ekologiya terroruna laqeyd yanaşılarsa, qarşısı alınmazsa, ortaya qətiyyətli mövqe qoyulmazsa, Ermənistan təxribatçı əməllərinə, düşmənçilik siyasətinə davam edəcək. Ermənistanın işğalçılıq və təcavüzü, cinayətləri 30 il ərzində ona görə davam etdi ki, ermənilərə “dur” deyən olmadı. Onların qanunsuz hərəkətləri, terrorları Qərb ölkələri tərəfindən qınanılmadı, sanksiya tətbiq edilmədi. Nəzərə alsınlar ki, hazırda dünyada ciddi içməli su problemi yaşanır, şirin sular tükənir. Bir çox ölkələr su qıtlığından əziyyət çəkir. İnsanların və əkin sahələrinin su ilə təmin olunmasında çətinliklər ortaya çıxır. Ona görə də ekoloji terror dayandırılmalı və Oxçuçayın çirkləndirilməsinə son verilməlidir”.

 

Şərq.- 2021.- 8 iyul.- S.11.