“Qaynar sətirlər”in
istisinə qızınarkən...
Qarşımda, yazı masamın
üstündə, tam gözlərimin önündə,
üstündə qara buludları dəlik-deşik edərək
yer üzünü nurlandıran günəşin şəfəqləri
və yer üzündə zamanı zaman olaraq unutdurmağa
qoymayan qum saatı rəsmi olan, gözə rahatlıq gətirən
qəhvəyi rəngdə bir kitab var. Kitabın adı tərtibatından
daha çox diqqət çəkir. “Qaynar sətirlər”. Bu
ad hər dəfə nəzərlərimə tuş gəldikcə,
kitabın içindəkilərdən hələ xəbərim
olmadığı halda, sanki canıma hənir, istilik hopur.
Qızınırammış kimi əhvala düşürəm.
O ki, yayda
qardan bəhs edərkən az qala insanın canına
üşütmə gəldiyi və ya, şaxtada qaynar sudan bəhs
edərkən sanki insanın canına hənir hopduğu
kimi... Lakin bu anda söhbət fiziki mənada cana hənir gəlməkdən,
bir can qızmasından deyil, müəllifin ruhunun
istiqanlılığından gedir. Əlimi kitaba uzadıram,
kitabdan gələn qaynar enerji ruhuma tam hakim kəsilir. Dərk
etməyə çalışıram ki, əcəba bu enerji
kitabın üstündəki günəş
şüalarınınmı enerjisidirmi, kitabın
adındakı “qaynar sətirlər”in – sözün
enerjisidirmi, yoxsa həqiqətən uzun illərdir ki,
tanıdığım və şəxsiyyətinə, qələminə,
dostyanalığına hörmət bəslədiyim müəllifin
– Ramiz Göyüşovun ruhundan süzülən
istiqanlılığınmı enerjisidir...
Hər
halda bu düşüncələrlə kitabı
açıram. İlk vərəqdə “Qaynar sətirlər”
sözünü göy mürəkkəb rəngi ilə
qucaqlayıb keçən, müəllifin əlyazmasında,
təqdimat amaclı ürək sözləri diqqətimi
çəkir. “Əziz dostum, qardaşım İftixar müəllimə
hörmət və ehtiramla”. Əlyazmanın altında müəllifin
imzası və zamanı ehtiva edən 02.07.21 rəqəmləri
fikrə nöqtə qoyur. Belə anladım ki, bax, əsl
istiqanlılıq və canıma hopan qaynar enerji məhz
buradadır, Ramiz müəllimin təqdimatındakı
istiqanlı ürək sözlərinin enerjisində. Üstəgəl,
kitabın hədiyyə olunduğu 02.07.21 tarix, görkəmli
ədəbiyyatşünas-alim Rüstəm Kamalın da ad günüdür.
O Rüstəm Kamalın ki, Ramiz Göyüşovun ədəbi
mühitə gəlməsində böyük əməyi var
və hətta onların yaradıcılıq ünsiyyətləri
o qədər intensivdir ki, “Sazla havalıyam, sözlə diriyəm”
kitabını müştərək ərsəyə gətiriblər.
Çox
qəribə bir təsadüfə diqqət yetirin. Kitabın
təqdim olunduğu günlə Rüstəm Kamalın
doğum günü üst-üstə düşür. Bu həqiqətən
bir təsadüfdürmü, yoxsa möcüzədirmi, deyə
bilmərəm, lakin gerçəklik ondadır ki, Ramiz müəllimlə,
onun iş otağında Rüstəm müəllimi təbrikə
hazırlaşdığımız anda, mətbəədən
“Qaynar sətirlər” kitabı gəlir və müəllif hər
ikimizə kitabı hədiyyə edir... Mən də elə
oradaca, Rüstəm müəllim gəlib çıxana qədər,
Rüstəm Kamala bir təbrik şeiri yazdım və feysbuk
səhifəmdə paylaşdım. Kitabın həmin gün
ruhuma hopan qaynar enerjisi ilə yanaşaı, Rüstəm
Kamalın, o işıqlı insanın da müsbət enerjisi
əhvalıma yüksək ovqat bəxş etmişdi.
Əslində bu fikirlərin hər biri mənə belə təsir
bağışlayırdı ki, kitab bir neçə cəhətdən
qaynar ovqatla ruhuma hakim kəsilir. Həm kitabın üzərindəki
günəş şüalarının enerjisi, həm
kitabın adındakı sözün enerjisi, həm
istiqanlılıqla yazılan ürək sözlərinin, həm
müəllifin candan gələn alicənablıq xüsusiyyətinin
isti enerjisi, üstəgəl, Rüstəm Kamalın həm
ad gününün havası, həm də Ramiz
Göyüşov yaradıcılığına Rüstəm
Kamalın hopdurduğu yaradıcılıq nurunun enerjisi və
sair, lakin sonra kitabı oxuyarkən gördüm ki, errihaa, əsl
enerji kitabın məzmunundadır. Yuxarıda
sadaladığım bir neçə cəhətin
özünü belə, müəllif ürəyinin nuru ilə
kitaba verdiyi ümumi enerji bəhrələndirir. Kitabı
oxuyub bitirdikdən sonra, öz-özümə: – “Eşq olsun
Ramiz Göyüşovun qaynar nəfəslə, səmimi
duyğularla, aydın fikirlərlə, milli təəssübkeşliklə
qələmə aldığı müxtəlif zamanlarda,
müxtəlif mətbu orqanlarda dərc olunmuş məqalələrinin
bir məcmuədə toplanmış “Qaynar sətirlər”inin
yüksək ruh verən enerjisinə!”. – dedim. Və fikirlərimi
bir də oxucularla bölüşmək üçün
könlümdən gələn bu kiçik yazını
yazdım.
Ramiz
Göyüşovun qələminin hikməti Azərbaycan
oxucusuna çoxdan tanışdır. O, uzun zamandır ki,
dövlət qulluğunda çalışması ilə
yanaşı, bədii təxəyyülünə sədaqətini
nümayiş etdirir. Akademik Nizami Cəfərov Ramiz
Göyüşovun “Sən bizim ellərin ruhuna bir bax”
kitabına yazdığı ön sözdə müəllifə
dəyər verərək çox doğru deyir ki, “İnsan
müxtəlif sahələrdə nə qədər
böyük qabiliyyət göstərsə də, uğurlar
qazansa da, ədəbiyyata, incəsənətə laqeyddirsə,
onun şəxsiyyəti mükəmməl sayıla bilməz”.
Məhz Ramiz Göyüşov ruhunun bədii etiketini səxavətlə
oxucularına təqdim edir və oxucusu ilə
yaradıcılıq ünsiyyətini daim qoruyub saxlayır.
Ramiz
Göyüşov yazılarında əsasən ədəbiyyatşünas
mövqeyindən çıxış edir. Görkəmli
söz və sənət adamlarımızın
yaradıcılığını təhlil edir, onların
yaradıcılıq məziyyətlərinə öz nəzər
nöqtəsindən işıq tutur, oxucunun və hətta
müəllifin özünün belə sezmədiyi məqamları
əsl ədəbiyyatşünas, sənətşünas
gözü ilə aydınladır, əsərlərin məzmun
və mahiyyətini öz baxış bucağında
bişirir və oxucuya təqdim edir. Bunun üçün mən
Ramiz müəllimi həqiqətən alqışlayıram.
Çünki tarix, tarixi şəxsiyyətləri
tutduqları vəzifələrə görə deyil, əməllərinə,
yaradıcılıqlarına görə qoruyur və tarixin səhifələrində
yaşadır. Heç uzağa getmədən Nəriman Nərimanovu
misal gətirmək istəyirəm. N.Nərimanov tarixi şəxsiyyətdir.
Həkimdir, siyasi xadimdir. Cəngavər
inqilabçılardandır. Milli təəssübkeşliyi
olan görkəmli simadır. Ən yüksək vəzifələrdə
çalışıb. Lakin o, tarixdə ən çox
yaradıcılıq məziyyətləri ilə
xatırlanır. İnsan, kimliyindən, hansı vəzifəni
icra etməsindən asılı olmayaraq, əgər Tanrı
tərəfindən ona yaradıcılıq bəxtəvərliyi
verilmişdirsə, bu xoşbəxtliyin köynəyini
mütləq geyinməlidir. Ramiz müəllimə də
Allahdan belə bir xoşbətlik nəsib olub və o köynək
də Ramiz müəllimə görkəmli ədəbiyyatşünas-alim
Rüstəm Kamalın əli ilə geyindirilib və onun
böyük əməyi və həvəsləndirmə
qüdrəti ilə şükür ki, Ramiz müəllim bu
vergini dəyərləndirərək ədəbi mühitə
qədəm qoyub. Elə bu andaca Rüstəm Kamala öz
adımdan Ramiz Göyüşovun yaradıcılıq
potensialının açılmasında göstərdiyi
hünərə, bir azərbaycanlı istedad sahibinin
parlamasına verdiyi rəvaca görə minnətdarlığımı
bildirirəm.
Ramiz
Göyüşov bu günə qədər çox sayda
müəlliflərin əsərlərini təhlil etmiş,
oxucuların yaxından tanıması üçün
onların yaradıcılığına çıraq
tutmuş, “Sən bizim ellərin ruhuna bir bax”, “Bizdə
şeir də var, sənət də vardır”, “Sazla
havalıyam, sözlə diriyəm” kitablarında cəmləşdirərək
geniş oxucunun diqqətinə təqdim edib. Ramiz müəllimin
yazıları içərisində mənim həm bədii
yaradıcılığım, həm aktyor və rejissor olaraq
sənətkarlıq məziyyətlərim barədə
yazdığı bir neçə məqalə də yer tutur.
İndi masamın üstündə gözlərimi oxşayan
qəhvəyi rəngli kitab da məhz həmin kitablar
sırasında özünə yüksək yer tutacq növbəti
toplusudur.
Göyüşovun
qələminin məhsullarını incələdikcə hey
düşünürəm ki, yalnız insanın ruhu uca
yaradana bağlı olduğu halda belə səmimi fikirlər
ortaya çıxa bilir. Həqiqətləri haqqın
gözü ilə görmək və təcəssüm etdirmək
yalnız göylərdən gələn qüdrətlə
saf, doğru, yüksək ilhamla yazıla bilir ki, bu da Ramiz
müəllimə uca yaradan tərəfindən verilmiş bir
bəxtəvərlikdir. Ramiz Göyüşov
yazdıqları məqalələrin mətnini elə cür
başlıqlarla təqdim edir ki, başlığın
özündə bir cazibə görünür,
yazıları oxuduqdan sonra isə həmin
başlığın yazının mahiyyətini tam əhatə
etdiyinin şahidi olursan. Kitablarına da adlar seçərkən
oxucunu tilsimləməyi vacib hesab edir. Bu da Ramiz müəllimin
ilham qaynağının məhz müqəddəs yerlərdən
aldığı enerjiyə bağlıdır. Elə “Qaynar sətirlər”
kitabındakı yuxarıda sadaladığım yük
“Qaynar sətirlər”də
müəllif, zamanın hökmünü bir məcrada
cilovlayıb və bir neçə məqalələri ilə
həmin məzmunu bir məhvərdə birləşdirə
bilib. Kitabın ikinci səhifəsindəki “Kitab 44
günlük Vətən müharibəsindəki Qələbəmizə
və Qələbənin əldə edilməsində
canlarını fəda etmiş şəhidlərimizin əziz
xatirəsinə ithaf olunur” – açıqlaması, kitabın
məzmunu haqqında fikri yetərincə ifadə edir. “Kitabda
müəllifin son illərdə qələmə
aldığı və dövrü mətbuatda dərc olunan
publisistik məqalələri toplanmışdır”, deyərkən,
kitabın mündəricatına nəzər yetirməli oluruq
və görürük ki, Göyüşovun bu
kitabının digər kitablarından fərqi ondadır ki, əvvəlki
kitablarında əsasən müxtəlif müəlliflərin
bədii yaradıcılığının təhlilçisi
kimi özünü oxucuya tanıtdırırdısa, bu
kitabda artıq o özü yaradıcı müəllif kimi –
publisist olaraq yüksək qələm sahibidir. Həm də
Göyüşov sadəcə publisist deyil, məhz siyasi
publisistikanın öhdəsindən gələn təfəkkür
sahibidir. O, cəsarətlə dövrü və zamanın
siyasi baxışlar manerasını yaxşı görə
bilir, siyasi gedişləri publisistikanın gözü ilə
düzgün və doğru şərh edə bilir və sair.
Müəllifin kitaba daxil olunan, “Ulu öndər həmişə
bizimlədir”, “Qurtuluş dastanı”, “Qələbəyə
aparan yol”, “Qarabağ uğrunda məfkurə mübarizəsi”,
“Münhen debatı”, “Torpaq uğrunda ölən varsa Vətəndir”,
“Xocalı-qövr edən yara” başlıqlı müxtəlif
mövzulara həsr etdiyi, lakin mahiyyət etibarı ilə
bir-birinə bağlı olan mövzulardan ibarət bir zəncir
düzümlü, bir-birindən ayrıla bilməyən məğzlə
birləşən publisistik məqalələr cəmini təkcə
sətirlər enerjisi ilə deyil, həm də hadisələr
nüvəsi ilə bir-birinə qaynaq edir və bir vəhdətdə
ardıcıllaşdırır. Oxucuda sağlam enerjinin
yaranmasına xidmət edən, həqiqətləri olduğu
kimi görmək və dərk etmək xüsusunda
yanılmağa qoymayan “Qaynar sətirlər” kitabında
ardıcıllaşan “Xocalı soyqırımı bəşəriyyətə
qarşı cinayətdir”, “Cocuq Mərcanlıda bir gün”,
“Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyət
nümunəsidir”, “Qətiyyətin qələbəsi”, “Səndən
ötrü can verməyə cümlə hazırız”,
“Ulduzunu, ayını göydə mələklər öpər”
kimi məqalələri siyasi-publisistik dillə vətəndaşa,
vətəni candan sevməyi, əsl vətəndaş
olmağı, düzgün əqidəyə xidmət etməyi,
təlqin edir. Cəmiyyətin saflaşmasına xidmət edən
bu mövzularla Ramiz Göyüşov əslində öz
mövqeyini ortaya qoyur, millətə və dövlətə sədaqətini
göstərir. Heç durmadan və dayanmadan qələminə
sarılır, günün nəbzini tutan, gələcəyin
yollarındakı işığa, nura istiqamətlənən
duru baxışları ilə yazır. “Ədəbi əbədi
mövzu”, “Şuşada bu il Vaqif Poeziya Günləri
keçiriləcək”, “Prezident Qarabağın bu günü
və gələcəyi ilə bağlı bütün
suallara nöqtə qoydu”, “Şuşanın bərpası və
dirçəlməsi hamının işidir” kimi
yazıları gələcəyə nikbin baxmaq
üçün stimulu gücləndirən böyük ruh
yaradır. “Canlar alan Taclı Mələk!”, “Çin səfərindən
yaranan təəssüratlar və istəklər”, “Azərbaycan
reallıqları – kiçik bir müqayisə”, “İtaliya Azərbaycan
münasibətlərində yeni bir səhifə”, “Azərbaycan
– Böyük Britaniya yeni perspektivlər” məqalələri
ilə dünya siyasi meydanında baş verənləri fəhmlə
və fərasətlə təhlil edir, Azərbaycan
üçün qənaətbəxş olan və olmayan məqamları
bir politoloq gözü və baxışı qədər səlis
şəkildə şərh edir.Nəhayətdə, “Azərbaycanın
iqlim dəyişmələrinə töhfəsi”,
“Dövlət
– vətəndaş həmrəyliyinə töhfə:
kölgədən işığa doğru”, “Müxalifət
anti-Azərbaycan fəaliyyətini bir daha təsdiq etdi”
publisistik yazıları ilə doğma vətən
üçün öz narahatlıqlarını sərgiləyir,
bir ziyalı, vətəndaş olaraq
soydaşlarımızı fikrən, böyük
düşüncə və idrakla ölkəmizin, dövlətimizin
müdafiəsinə, birliyə, həmrəyliyə, ölkə
rəhbəri ətrafında, “Dəmir yumruq”da birləşməyə
səsləyir.
Əziz
oxucu, Ramiz Göyüşovun “Qaynar sətirlər” publisistik məqalələr
toplusu bədii və oxunaqlı dillə
yazıldığı üçün çox rahat və
birnəfəsə oxunur. İnanıram ki, bu kitab azərbaycansevərlərin
və soydaşlarımızın stolüstü kitabına
çevriləcəkdir. Çünki kitabın “Qaynar sətirlər”i
oxucunun qəlbini isidə bilən, onunla həmsöhbət
ola bilən bir ədəbi məcmuədir. Belə
kitabların sayı nə qədər çox olsa milli təəssübkeşlik
hisslərimiz daim qaynar olar.
Azərbaycan
ictimaiyyətinin yaxşı tanıdığı millət vəkili,
siyasi elmlər doktoru, professor Hikmət Babaoğlunun məsləhətçisi
olduğu, “Zərdabi Nəşr” MMC nəşriyyat poliqrafiya
müəssisəsi tərəfindən yenicə çapdan
çıxmış, “Qaynar sətirlər”in müəllifinə,
əziz qələm dostuma qaynar yaradıcılıq yolu arzusu
ilə, uğurlar diləyirəm!
İftixar,
sənətşünaslıq üzrə
fəlsəfə doktoru,
Əməkdar mədəniyyət
işçisi
Şərq.- 2021.- 18 iyul.- S.12.