Heç kim Akif Səmədi 9 yaşlı

o uşaq kimi sevə bilməz

 

Adını uşaqkən eşitmişdim. Rəhmətlik atam televiziya izləyəndə demişdi:

-Kiriyin, görək Akif nə danışır... Onda mənə nə saz çatırdı, nə də söz... Böyüdük, şeirlərini oxuduq, ruhunu duyduq həmin qarabığ oğlanın. Akif Səmədi deyirəm, bizim Akif Səmədi. Estetik təravəti hələ də zövqləri oxşayan şeirləri ilə ruhumuzu dincə qoyan, insana uzaq, ağaca yaxın, daşa doğma olan Akif Səmədi... İyulun 6-da anım günü idi şairin. Bir gün əvvəldən sosial şəbəkələrdə paylaşımlar edilirdi. Kimi şeirini, kimi də xatirəsini bölüşürdü. Akif Səmədi anırdılar. Deyim ki, mən şairi yalnız doğum günü -Ruh adamlarının yalnız doğum günü olur. Onlar ölmürlər deyə ölüm günü yazmıram. Üstəgəl, bir şairin şeirləri bu gün də yaşayırsa,deməli, o, həmşəyaşardı, diridi – deyil, az qala hər gün xatırlayıram.

 

Haşiyə çıxım:

“Respublika” qəzeti ilə “Şərq”in redaksiyaları iç-içədir. İllərin ocaq qonşusuyuq. “Respublika”nın şöbə müdiri var - Elxan Hüseynbəyli. Hər gün görüşürük. Elə ki, uzaqdan məni görür dərhal başlayır:

-Yan, oduna yanan deyil

Ardını da mən düzəldirəm:

Bir dərdini qanan deyilAtan deyil, anan deyilDünya sənin nəyindi ki?...

Bax beləcə şairi, az qala, hər gün yad edirik.

Elxan danışır:

-Bir gün rəhmətlik Akif Səməd “Şərq”dən çıxıb gedirdi. Dəhlizdə salamlaşdıq. Qayıtdım ki:

-Şair, mən yalnız sənin şeirlərini oxuyuram.

- Deyəsən, ələ salırsan məni? – Qaşlarını çatıb soruşdu.

-Bu məqamda iki şeirini dalbadal səsləndirdim, qayıdıb alnımdan öpdü...

Elxan hər Akif Səməddən danışanda ən sonda bir söz deyir:

-Ən birinci yaxşı kişi idi, sonra da yaxşı şair.

Hə, qayıdaq mətləbə. Belə bir gündə, ovqatda Akif Səmədi yada salmamaq günah olardı. Elə iyulun 6-dan Akif Səmədin yadigarı, gənc şair Ulucay Akiflə əlaqə saxladıq. Ya vəlvələdən, ya da zəlzələdən söhbətimiz gec baş tutdu, amma baş tutdu. Akif Səməddən, dədə-baba yurdu- İncə dərəsindən və yaradıcılığından danışdıq.

Müsahibəni təqdim edirik:

-Ulucay, başlayaq ondan ki, ötənlərdə rəhmətlik atanız - Akif Səmədin anım günü idi. Allah rəhmət eləsin, torpağı yumşaq olsun. Akif Səmədin Ata kimi kimliyi məlumdur. Sizin üçün Akif Səməd bir şair olaraq, kim idi, yeri hara idi və ya haradır?

-Çox sağ olun! Mənə Akif Səməd haqqında danışmaq və yazmaq həmişə çox çətin olub. Çünki onu 9 yaşım olanda itirmişəm və hər dəfə onu xatırlayanda, onun haqqında yazanda, danışanda həmin o uşağa çevrilirəm. O yaşda uşaq da nə danışa bilər ki? Qaldı ki, Akif Səmədin şair kimi ədəbiyyatımızdakı yerinə. Akif Səməd ilahi sözün özü idi. Onun yazdıqları Allahın sözü kimi idi, çünki haqqı yazırdı. Akif Səmədin xarakterinin də şeirlərinin gücnə çox böyük təsiri var idi. Həmçinin oxucularının münasibətinə də. Şairin mütləq şəkildə xarakteri olmalıdır. Xarakter deyəndə nəyi nəzərdə tutduğumu yəqin ki çoxları başa düşəcək. Həm də onun kaloriti də. Akif Səməd haqqında böyük-böyük danışa biləcəyimiz tək-tük şairlərimizdəndir. Tək müasir ədəbiyyatımızı nəzərdə tutmuram. Ümumi Nəsimidən, Füzulidən üzü bu yana Azərbaycan ədəbiyyatı tarixində 10 şair varsa, biri mütləq şəkildə Akif Səməddir.

-Bəy, Akif Səmədin oxucuları dediniz, mən onun elə oxucularına rast gəlmişəm, əzbərdən şeirlərini deyiblər. Hətta tanıdığım bir nəfər var, Akif Səmədin az qala bütün şeirlərini oxuyur, bilir. A.Səmədin yadıgarı kimi bəzi rayon və kəndlərin Mədəniyyət Klublarında həmin oxucularla bir görüş keçirmək istərdinizmi? Məsələn, həmin adam məndən soruşmuşdu ki, görəsən, Akif Səmədin əlyazmaları, çap olunmayan şeirləri varmı? Varsa, onu kitablaşdırmaq planınız varmı?

- Akif Səmədin dillər əzbəri olan şeirləri çoxdur, çünki həqiqi oxucuları var. Hələ atamla bağlı nəsə bir tədbir, şeir gecəsi kimi nələrsə etmək fikrim yoxdur. Hələ özümlə məşğulam. Sağ olsunlar, dostları yubileylərini təşkil edirlər, yazılarında, məclislərində yad edirlər. Zamanı gələndə, mən də onunla bağlı mütləq nələrsə edəcəm. Çap olunmamış şeirləri, əlyazmaları var, bəli. Vaxtı yetişəndə etməli olduğum hər şeyi edəcəm.

-Ulucay, yanıla bilərəm, amma belə bir mənzərə müşahidə edilir: sanki ata yurdunuz olan Qazaxdan uzaqlaşmısınız və ya oralara az-az gedirsiniz. Bu Akif Səmədin xatirələrindən qaçmaqdırmı, yoxsa...? Ötənlərdə bir video izlədim, Akif Səmədin böyüdüyü evin, ocağın (yenə də yanılmırsa) pəncərələri sınıb, divarları isə uçmuşdu. Hətta kimliyini unutduğum bir adam demişdi ki, Akif Səməd saz deyirdi, Ulucay caz deyir... (Bunu Səməd Vurğunla Vaqif Səmədoğlu haqqında da deyiblər) Nə dərəcə doğru yanaşma və ya analogiyadır?

-Bilirsiniz, mən Akif Səməddən mümkün qədər qaçmağa, uzaqlaşmağa məcbur idim. Belə etməsəm indi "Akif Səməd saz deyirdi, Ulucay caz deyir" deyənlər bu dəfə isə deyəcəkdilər ki, özünü atasına oxşadır, atasının adından istifadə edir. Hərdən adamlar elə danışırlar, elə bil, Akif Səmədi məndən çox sevirlər. Kim bir adamı 9 yaşlı uşağın atasını sevdiyi kimi sevə bilər? Heç kim. Bu gün yazıları ən çox oxunan müəlliflərdən biriyəm. Yazılarımı minlərlə, hətta onminlərlə adam oxuyur. Həmin adamlar o yazıları Akif Səmədin oğlu olduğum üçün oxuyur? Əlbəttə ki, yox. Onlar Ulucay Akifin nə yazdığını, nə fikirləşdiyini bilmək istəyənlərdi. Mətnim də göz qabağındadır. Akif Səməd saz deyirdi, Ulucay saz deməsə də olar. Ədəbiyyatımıza bir Akif Səməd bəsdir, hətta çoxdur. Bir də Ulucay Akif olsun. Qaldı ki, Akif Səmədin kənddəki evinə. Biz 4 uşaq min bir çətinliklə Bakıda doğulub böyümüşük. Həmin o çətin anlarda yanımızda olmayanlar bizi nə haqla qınaya bilər? Mənim Qazaxa getməyə pulum olmurdu heç. Hamımız məktəbli idik, sonra tələbə. Şükür olsun Allaha, indi-indi düzəlirik. Hazırda qardaşımla anam elə Qazaxdadır. Orada evi yavaş-yavaş təmir etməyə başlayıblar. Mən də məzuniyyətim başlayan kimi gedəcəm Qazaxa. Kəndimiz üçün çox darıxmışam. İncə çayı üçün, çayın üstündəki balaca körpü üçün, atamın məzarı üçün. Heç kim də bilmədiyi məsələlər haqqında danışmasın. Hamı öz həyatını yaşasın. Bu danışdığım məsələlərin heç kimə aidiyyatı yoxdur. Soruşdunuz deyə məcbur danışdım.

-Bəy, Akif Səmədlə bağlı sonuncu sualımı verirəm. Dünən mən də xeyli kadrları izlədim, özünün səsləndirdiyi şeirlərini dinlədim. 45 yaş nədi ki...Amma son kadrlarda çox qocalmışdı sanki... Nə idi, nə olub Akif Səmədi qocaldan?

- Hə, yaşından çox daha yaşlı görsənirdi. Məncə, bu, onun içinin, ruhunun dərinliyinin ən bariz sübutu idi. Akif Səməd min illərdi yol gələn bir dərviş idi. Öz şeirində də dediyi kimi "Bircə qarış yol var imiş, Adəmdən Akif Səmədə". Adəmlə arasındakı məsafəni bircə qarış qədər olduğunu duyan şairin görkəmi də elə olmalıydı. O bütün hadisələri, lap özündən min il əvvəl baş vermişləri də ruhunun süzgəcindən keçirərək tez yaşlandı.

-Keçək ədəbiyyatımızın indiki durumuna. Bəy, sizin nəsil əvvəlkilərdən nə ilə yaxşıdır və nə ilə pisdir? Bəzən iddia edirlər ki, sizin nəsil ədəbiyyat yarada bilmir, iş-peşələri Feysbukda status yazmaqdır və ya yüngül publisitika ilə çullarını sudan çıxarmağa çalışırlar, indi ədəbiyyata gələnlər ya ideya baxımından "qısır" olurlar, ya da "ölü doğulurlar". Razılaşırsınızmı? Sizə niyə bu qədər hücumlar var?

-İndiki nəslin ədəbiyyat yarada bilməməsini iddia etmək tamamilə yanlışdı. Mən demək olar yazılan bütün mətnləri oxuyuram. Həm nəsrdə, həm poeziyada çox əla nümunələr var. Feysbuk, sosial şəbəkələr yazıçı üçün həm də bir bəladır, amma məsələyə bu qədər dayaz yanaşmaq olmaz. Ədəbiyyata olan qayğı və ən əsası maraq hər il bir az da azalır. Yazıçıların stimulu yoxdur. Söhbət qətiyyən maddiyatdan getmir. Ölkədə kitab bazarı yoxdur. Kitabların marketinqi aparılmır. Bölgələrdə kitab mağazaları yoxdur. Nəşriyyatlar daha çox mətbəə funksiyasını yerinə yetirir, "pulunu ver, kitabını çap edim, götür kitablarını get harada satırsan, sat". Kitabı öz pulumuza çap edirik, özümüz təqdimat təşkil edirik, özümüz satışı ilə məşğul oluruq. Bütün bunlar və stimulun olmaması ədəbi prosesi öldürür. Qınamazdan əvvəl bunları düşünmək lazımdı. Kitab sənayesini, nəşriyyatların fəaliyyətini, ədəbiyyata olan diqqəti artırmaq lazımdı ki, arzuladığımız mətnlər yazılsın. Yaşlı nəslin isə bizi qınamağa heç haqqı yoxdur. Sovet vaxtı bir kitabdan alınan qonorarlardan ağız dolusu danışırlar. Biz isə nisyə kitab çap edib sonra nəşriyyata olan borcumuzu bağlayırıq. Aradakı fərqi görməmək üçün kor olmaq lazımdır. Sizi əmin edirəm, Sovet vaxtı, lap elə 2000-ci illərə kimi yazan yazıçılarımızın əksəriyyəti indiki dövrdə, ədəbiyyata belə münasibətin olduğu vaxtda yaşasa, heç əlinə qələm almazdı.

-Türkiyəyə getmişdiniz, bildiyim qədərilə bir neçə xarici dil bilirsiniz. Mənə elə gəlir ki, qardaş ölkədən dünyaya açılmaq, dünya ilə dialoqa girmək daha asan və effektiv ola bilərdi. Türkiyə ədəbi mühitinə inteqrasiya mümkün idimi, buna cəhdlər etdinizmi?

-Bizim adətimizdi öz qədrimizi bilməmək. Yaşlı nəsil təkcə ədəbiyyatda yox, hər şeydə gəncləri qınayır. O gənclər ki, Şuşanın sıldırım qayalarına əliyalın dırmaşıb oranı azad etdi. O gənclər ki, müharibəyə gülə-gülə, Xudayar kimi oxuya-oxuya getdi. Həmçinin gənc yazarlarımızın qədrini də bilmirik. Gedin kitab mağazalarına girin, xarici gənc yazarların bizdə tərcümə olunub bestseller kimi satılan kitablarını açıb oxuyun. Başdan ayağa makulaturadı. Əlbəttə, hamısına aid deyil, amma o qədər içi boş kitabları hay-küylə qarşılayırıq. Nədir-nədir imza xaricidir. Çünki reklamı düzgün aparılıb, təbliğ olunub. Ən kiçik nüansın da təsiri var. Bizi heç tərcümə edib Avropa oxucusuna oxutdurmağa cəhd etmirlər. Tərcüməni də özümüz elətdirməliyik. Avropaya da özümüz çıxmalıyıq. Hər şeyi özümüz etməliyik. Hamısı da pul və vaxt tələb edir. Mən və mənim kimi gənclər isə vaxtımızı elə pul qazanmağa sərf edirik. Bu faciədir e, faciə! Başa düşürsünüz? İdmançı çıxır kimisə yıxır, ona 200-300 min pul, ev, maşın, iş - hər şey verirlər. Yazıçıya isə heç bir şərait yaratmayıb niyə yaxşı mətn yazmadığını, Avropaya çıxmadığını soruşurlar, ittiham eləyirlər. Yəqin bizim cəmiyyəti güləşçilər, boksçular xilas edəcək.Mən Türkiyəyə macəra və əyləncə üçün getmişdim. 4 ay orada yaşadım, qabyuyan, ofisiant, barmen işlədim. Oranın ədəbi mühitinə, oradan Avropaya çıxmaq üçün nəsə eləməmişəm. Çünki hələ öz ölkəmizdə nəsə etməliyik. Buradakı oxucularımızı tapmalıyıq. Burada ədəbi prosesi canlandırmalıyıq, ədəbiyyata marağı qaytarmalıyıq, ondan sonra gəlir daha böyük məsələlər. Bizə isə heç ölkəmizdə şərait yaradılmır.

-Azərbaycan Yazıçılar Birliyinə (AYB) nə qədər vəsait ayrılır, hara sovrulur bu pullar? Niyə işıqlı gəncin kitabı xarici dilə tərcümə olunmur? Bu sualı o quruma verən ədədiyyat adamı yoxdurmu?

-AYB-yə pul ayrılır, onlar da nəsə etməyə çalışır, amma bu "nəsə"lər çox azdı, bəs etmir. Mən AYB-nin üzvüyəm, amma o qurumun fəaliyyətini dəfələrlə tənqid etmişəm. Görülən işlər çox xırdadır, zəifdir, yetərsizdir. Daha çox mexanizminin düzgün qurulmaması ilə bağlıdır. Bəlkə ora ayrılan vəsait kifayət eləmir. Bilmirəm. Çünki heç qocaman yazıçılarımız da Avropaya inteqrasiya edə bilmir. Bu gün heç bir beynəlxalq mükafatın uzun siyahısına belə düşən yazıçımız belə yoxdur. Gənclərə təqaüd verməklə, 300-500 tirajla kitabını çap etməklə iş düzəlmir. Sistemli iş görülməlidir. Ən xırda detala kimi düşünülmüş işlərdən danışıram. Bunu isə həmin şəxslər düşünməli, planlamalıdır. Etiraza gəldikdə isə, belə etirazımızı dilə gətiririk də. Özləri guya vəziyyəti bilmir? Kiməsə etiraz edəndə, tənqid edəndə də səni özünə düşmən bilir. Belə olmamalıdır.

-Amma deyim ki, xalq şairi Ramiz Rövşənin yaxşı oxucu auditoriyası var. 2 il əvvəl yarmarka təşkil olunmuşdu, oxucu əlindən R.Rövşənə yaxınlaşmaq olmurdu. Əksəriyyəti də gənc idi. Necə olur hamı kitabının satılmamasından gileylənir, Ramiz bəyin daim oxucu var, özü də müsahibələrinin birində xeyli razılıq ifadə etmişdi... Bu nə ilə bağlıdır? Məsələ mətn, mövzu, istedad məsələsidirmi, yoxsa...?

- Ramiz Rövşən tək-tük elə imzalardandı ki, təqdimatları, imza günləri o cür keçir. Yaxşı müəllif axır-əvvəl oxucu auditoriyasını toplaya bilir. Qeyri-adi nəsə yoxdur burada. Sadəcə bir problem var ki, artıq oxucular daha passivdi. Kitab almaq, tədbirlərə getmək barəsində. İndi insanlar saytlardan, sosial şəbəkələrdən, PDF variantlardan oxumaqla kifayətlənə bilirlər.

-Feysbukda payalşadığın şeirlərini oxuyuram, əzbərdən kənar yeni nəfəssən. Həmişə səsin, nəfəsin gəlsin. Amma Kəramətin yaradıcılığına dizlərini yaşlı müəlliminə göstərən qızla, sənin yaradıcılığına isə "Ayselin ayaqları" ilə qiymət verirlər. Bu qərəzdirmi?

- O adamlar ümumiyyətlə ədəbiyyatın nə olduğunu bilməyən şəxslərdir. Onlar ədəbiyyatı heç məktəb səviyyəsində də bilmirlər. Mikayıl Müşfiqin, Səməd Vurğunun, Sabirin adları məktəb vaxtlarından yadlarında qalıb, elə bilirlər ki, ədəbiyyatdan anlayışları var. Ona görə də elə boş adamların fikirləri mənə maraqlı deyil və narahat etmir.

-Şeirlərin içərisndə eləsi olubmu ki, o şeir doğulduqdan sonra çırtma vurmusan ki, bu şeir "tutdu" və bunu xarici ədəbi mühitə çıxara bilərəm? Belə poeziya nümunən varmı?

-Bəzən özüm haqqımda nəsə deməyə çətinlik çəkirəm, tərəddüd içində oluram. Həmçinin şeirlərimə aid də. Məncə, şeirlərim haqqımda oxuyanlar fikirlərini desə, daha düzgün olar.

-Digər müasirlərinizi də izləyirəm. Sanki bir bölgü var: burjua şairləri, aqrarlar və kosmopolitlər...

-Mövzu, yanaşma fərqliliyi bu cür bölgüyə gətirir. Normal olduğunu düşünürəm. Çünki tək yazıçılar, ədəbiyyatşünaslar yox, elə oxucular da beyinlərində belə bölgülər aparırlar. Belə də olmalıdır. Ancaq lirik şairlə bəşəri şeirlər yazan şairi fərqləndirmək lazımdı.

-Ədəbi tənqidlər gözə dəymir sanki... Yoxsa bu sahədədəmi nepotizm var?

-Hə, təəssüf ki, elədi. Ümumiyyətlə, ədəbi proses çox sönükləşib. Ədəbi tənqidlərin yerini ədəbi təriflər alıb. Bu da ədəbi prosesi belə vəziyyətə salır. Gərək haqlı tənqidlər yazıla və heç kim bundan inciməyə, küsməyə. Tənqid inkişafa gətirir.

-Şairlər, yazarlar onların yaradıcılıqla məşğul olması üçün şəraitin yoxluğundan gileylənirlər. Bildirirlər ki, hansısa sayta köşə, xəbər, müsahibə yazmaq onların yaradıcılıq potensialını öldürür. Ki, mən də bu düşüncə ilə razıyam. Siz də ayrı-ayrı saytlarda çalışıbsınız, çalışırsınız. Bunun yaradıcılığınıza neqativ təsiri varmı?

- Əlbəttə, təsiri var. Yenə mənim bəxtim gətirib ki, ədəbiyyat, mədəniyyət portalında, Kulis.az-da çalışıram. Yəni ədəbiyyatdan aralı qalmıram. Ancaq yəqin ki, publisistik yazılar, köşələr, jurnalist materialları yaradıcılıq enerjisini azaldır. Həm vaxt qalmır, həm də güc. Ancaq mənim şikayətlənməyə haqqım yoxdur, çünki məşğul olduğum iş, jurnalistika mənim ixtisasımdır. Bu ixtisasın ali təhsilini almışam, magistratura təhsilim də sırf publisistik jurnalistikadır. Əsas problem isə yazarların öz əsərlərindən düz-əməlli pul qazana bilməməyidir. Bunu həll etmək lazımdır. Nəşriyyatlar yazıçılarla əməkdaşlıq etməlidir, media qurumları, saytlar, qəzetlər, lap elə TV-lər yazıçılara yaxşı məbləğdə qonorar verməlidir. Qazanc olmayanda, təəssüf ki, stimul da olmur. Kapitalizm bizi pul qazanmağa məcbur edir. İstər yazıçı ol, istər başqa peşə sahibi. Pul qazana bilmirsənsə, yaşaya bilməyəcəksən.

- Hər şairdə şeirin yaranma tarixi, zamanı, məkanı, məqamı fərqli olur... Səndə bu şeir necə yazılır, yazılır ona görə deyirəm ki, mən bu şeirin insan tərəfindən yazıldığına inanmıram və düşünürəm ki, şeirin doğulması ərəfəsində insan insanlığından çıxır və daha böyük yaradılışa çevrilir....

Mənə şeir yazdıran əsas iki duyğu var: ümid və ehtiras. Məncə, sevgi də elə bu iki duyğunun vəhdətindən əmələ gəlir. Əvvəllər kədərli olanda da şeir yazırdım, amma yəqin, bu, daha çox da yaşla bağlı məsələlər idi. İndi isə ancaq xoşbəxt, ən əsası ümidli olanda şeir yazıram.

- Son zamanlar gənclərdə bir meyil müşahidə olunur. Biri Sabirdən, digəri Mirzə Cəlildən, bir başqası isə Səməd Vurğundan böyük olduğunu iddia edir. Ortada isə bir təhlil, mətn yoxdur. Bu bir gündəmə gəlmə tryukudurmu, yoxsa doğrudan böyükdülər biz bilmirik?-.....

 

Söhbətləşdi: Ayyət Əhməd

 

Şərq.- 2021.- 27 iyul.- S.9-10.