Bir azdan insanlar çimərliklərə
axın edəcəklər
"Bu vəziyyətdə sanitar normalara, karantin qaydalarına dəqiq riayət edilməlidir"
"Yoluxma sayının azalması nə qədər
müsbət tendensiya olsa da, bu, pandemiyanın bitməsi demək
deyil"
Bir neçə gündən
sonra çimərliklər vətəndaşların istifadəsinə
veriləcək. Epidemioloji vəziyyətdəki müsbət irəliləyişlər
nəzərə alınaraq karantin rejiminə 31 may tarixindən
etibarən tətbiq edilən yumşalmalar çimərlikləri
də əhatə edəcək. Hazırda vətəndaşları
ən çox sevindirən həm də budur. Ötən
il insanlar dənizə həsrət
qaldı. Çimərlik mövsümünə
yalnız avqust ayında icazə verildi, bu isə yay fəslinin
əslində sona çatması demək idi.
Təbii ki, qərarların
verilməsində ölkədəki epidemioloji vəziyyət əsas
alınır.
Lakin vətəndaşlar da çimərliklərdən
istifadə etmək istəklərində haqlı idilər.
Orqanizmin immunitetinin möhkəmlənməsində dəniz,
günəş əsas amillərdən olduğundan əhali
dənizə can atırdı. Lakin həmin
dövrdə yoluxma sayında azalmanın müşahidə
edilməməsi, yoluxma təhlükəsinin daha real olduğu
nəzərə alınaraq çimərlik
mövsümünün vaxtında açılması məqbul
hesab edilmədi. Nazirlər Kabineti
yanında Operativ Qərargah qərarında əhalinin
sağlamlığını düşündü. Bu il isə vəziyyət fərqlidir. Yoluxma sayı aşağıdır,
sağalanların sayı yüksəkdir. Həmçinin
ölkədə aparılan geniş vaksinasiya da vətəndaşların
yoluxma təhlükəsindən sığortalanmasını
təmin edir. Bütün bu amillər
çimərlik mövsümünün bu yay daha tez
açılmasına imkan verir. Bu barədə
Operativ Qərargahın məlumatında bildirilir ki, 10 iyun
tarixindən ölkə üzrə çimərliklərin fəaliyyətinə
icazə veriləcək.
Azərbaycan Respublikası Prezidentinin
köməkçisi Şahmar Mövsümov da bildirib ki,
çimərliklər müvafiq qaydalara uyğun olaraq fəaliyyət
göstərəcək:
“Bilirsiniz ki, ötən il
çimərliklərdə müəyyən qaydalar tətbiq
olunurdu. Həmin qaydalar bu il də tətbiq ediləcək”.
Vətəndaşlar
çimərliklər barədə məlumatlı
olmalıdır. Hər il çimərlik
mövsümü açılmadan öncə Respublika Gigiyena
və Epidemiologiya Mərkəzi çimərliklərlə
bağlı aparılmış monitorinqlərin nəticələrini
açıqlayır. Bununla da əhaliyə
hansı çimərliklərin istifadəyə yararlı,
hansının yararsız olduğu barədə vətəndaşlara
məlumat verilir. Bu, artıq ənənəvi
hal alıb. Bu il də istisna deyil və
Bakı, Abşeronda istifadəsinə icazə verilən
çimərliklərin adları açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər
kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov nazirliyin
“Ekspert saatı” verilişində deyib ki, Azərbaycanda
çimərliklərdə monitorinqlər davam etdirilir.
O bildirib ki, təmsil etdiyi nazirlik Səhiyyə
Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə
monitorinq aparır:
"Monitorinqlər hər 15
gündən bir davam etdiriləcək. Novxanı, Goradil,
Sabunçu rayonunda Nardaran, eləcə də Zağulba
çimərliyi bakterioloji baxımdan aparılan ilkin
müayinələrin nəticəsinə görə əhalinin
istifadəsi üçün yararlı hesab oluna bilər. Digər çimərliklərdə aparılan tədqiqatlar
davam etdirilir. İyunun 15-nə qədər
bütün nəticələr məlum olacaq”.
Bəs hansı çimərliklər istifadə
üçün yararsızdır?
Çirklənmə ilə əlaqədar Bakı və
Bakıətrafı ərazilərdə dörd çimərliyin
fəaliyyətinə icazə verilmir. Bunu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
"Ekspert saatı" verilişində Səhiyyə
Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə
müdiri Ziyəddin Kazımov deyib.
O
bildirib ki, may ayından etibarən çimərliklərdə
monitorinqlərə başlanılıb:
"Yaxın iki həftə ərzində ilkin nəticələrin
açıqlanması planlaşdırılır.
Hazırda çirklənməyə məruz
qaldığından Qaradağ rayonunda Sahil, Səbail rayonunda
Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda
isə Türkan çimərliyində insanların çimməsinə
müvəqqəti qadağa qoyulub. Monitorinqlər
kompleks keçirilir. Biz hazırda dəniz
suyunda fiziki-kimyəvi göstəricilər, taksikoloji göstəricilər
və qum örtüyündə yoluxucu xəstəliklərin
olub-olmadığını analiz edirik". Əhali
üçün təmiz çimərlik! Məlumdur ki, Heydər
Əliyev Fondunun vitse-prezidenti, İDEA (“Ətraf mühitin
mühafizəsi naminə beynəlxalq dialoq") İctimai
Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü
ilə sahilboyu ərazilərdə hər il
təmizlik işləri aparılır. Neçə
illərdir ki, bu aksiya davam edir və könüllülərdən
ibarət qruplar sahil zolağında təmizlik
aparılmasında iştirak edirlər. Ətraf
mühitin mühafizəsi, insanların sağlam təbii
mühitdə yaşaması və təbii sərvətlərdən
xalqımızın rifahının
yaxşılaşdırılması naminə istifadə edilməsi
respublikada aparılan sosial-iqtisadi islahatların tərkib hissəsindən
biridir. Və İDEA-da bu istiqamətdə
səmərəli fəaliyyətini davam etdirir.
Bundan
başqa ölkəmizdə “Xəzər günü” də hər
il xüsusi qeyd edilir və həmin gün Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin təşkilatçılığı,
ictimai qurumların iştirakı ilə Azərbaycanda sahilboyu
ərazilərin təmizlənməsi həyata keçirilir.
Pandemiya şəraiti, yoluxma
təhlükəsini nəzərə alsaq, çimərlik ərazilərin
sanitar normalara uyğun olması əsas şərtdir. Bu məqsədlə
hazırda çimərlik ərazilərində təmizlik
işləri sürətlə davam edir, bəzi ərazilərdə
işlər artıq başa çatıb.
Bu barədə “ARB Xəbər”in
paytaxt çimərliklərinin birində
hazırladığı reportajda qeyd edilir. Məlumata
görə, çimərliklər yeni mövsümə tam
hazır vəziyyətə gətirilib.
Bildirilir ki, təmizlik
işləri ilə yanaşı Səhiyyə Nazirliyinin əməkdaşları
da dəniz suyunun yararlı olub-olmamasını yoxlamaq məqsədi
ilə nümunələri götürərək, müayinə
üçün laboratoriyaya göndərəcəklər. Bu
mövsümdə daha da ehtiyatlı olmalıyıq.
Həkim-infeksionist Mərdan Əliyev
“Şərq”ə açıqlamasında çimərlik
mövsümünün açılmasının müsbət
əhəmiyyətinə toxundu:
- Məlumdur
ki, vitamin D insan orqanizmi üçün vacib olan bioloji aktiv
maddədir. Hansı ki, orqanizm onu məhz günəşin
ultrabənövşəyi şüalarının dəriyə
nüfuz etməsiylə depolayır. Əlbəttə,
D vitamini ilə zəngin müxtəlif qida məhsulları da
var. Amma əsas ultrabənövşəyi
şüalardır, dəniz havası, dəniz suyudur. Xüsusilə hazırkı pandemiya dövründə,
baxmayaraq ki, yoluxma sayı azalıb, pandemiyada sönmə
prosesi izlənilir, orqanizmin immunsisteminin möhkəmlənməsi
vacibdir. Biz gördük ki, immunsistemi
güclü olanlar koronavirusa daha tez qalib gəlirdilər, xəstəliyi
yüngül keçirirdilər. Orqanizmdə
vitamin D aşağı səviyyədədirsə, xəstəliyi
ağır keçirir insan. Vitamin D nədir?
Uşaqlar üçün boy artımı, sümük
möhkəmliyi, raxitliyə qarşı güclü qalxan, əzələ
tonusunun qaydasında olması, bütün əhali qrupları
üçün ümumilikdə immunsistemin məhkəmliyi,
qalxanabənzər vəzin normal fəaliyyəti, normal qan
dövranı, arterial təzyiq, ürək
döyüntüsü... Ötən il vətəndaşlarımız
günəş şüası, dəniz havası almaq
üstünlüyündən məlum səbəblərdən
məhrum qaldılar. Amma indi çimərlik
mövsümü vaxtında açılırsa, buna əlbəttə,
ancaq sevinmək olar.
M.Əliyev qeyd etdi ki, insanlar çimərliklərə
axın edəcək. Bu vəziyyətdə sanitar
normalara, karantin qaydalarına daha dəqiq riayət edilməsi
vacibdir:
-
Vətəndaşlardan tələb olunan sosial məsafəni
gözləməkdir. Çünki açıq havada tibbi
maska şərti onsuz da ləğv edilib, ləğv edilməsəydi
belə, dəniz sahilində, çimərlikdə tibbi
maskadan istifadə şərti absurd görünərdi. Vətəndaşlara
tövsiyəm budur ki, təhlükəsizliklərini təmin
etmək üçün sosial məsafəyə
mümkün qədər riayət etsinlər. Digər
şəxslərlə yaxın məsafədə əyləşməsinlər,
ünsiyyətə meyl etməsinlər. Ətrafdakı
insanlardan mümkün qədər izolyasiya olsunlar. Çimərlikdə
qapalı əraziyə daxil olurlarsa, deyək ki, kafe və ya
restorana, yuyunma otaqlarına və s. tibbi maskalardan istifadə
etsinlər. Arxayınlaşmasınlar ki, açıq
havada tibbi maska tələbi yoxdursa, deməli, təhlükə
də yoxdur. Təhlükə hələ də var. Pandemiya
bitməyib. Yoluxma sayının azalması nə qədər
müsbət tendensiya olsa da, bu, pandemiyanın bitməsi demək
deyil. Həkim
qeyd etdi ki, koronavirus hava-damcı yoluyla insandan-insana keçir. Dəniz
suyunun koronavirusa yoluxdurma qabiliyyəti yoxdur. Dəniz suyunda yalnız bağırsaq çöpləri,
başqa bakteriyaların olması mümkündür, lakin
artıq bildirildiyi kimi istifadəyə yararlı çimərliklərin
adları açıqlanıb. Vətəndaşlar
yaxşı olar ki, istifadəsinə icazə verilən
çimərliklərə getsinlər. Xüsusi
portal yenə aktiv olacaqmı? Xatırladaq ki, ötən
il çimərlik mövsümü
açılarkən “çimerlik.az” portalı fəaliyyət
göstərirdi. Portalın yaradılmasında
məqsəd çimərliklərə üz tutanların
sayının tənzimlənməsi idi. Vətəndaşlar
çimərliyə gəlməzdən əvvəl portala
daxil olub sıxlıqla bağlı vəziyyəti öyrənə
bilir və sıxlığın az
olduğu çimərlikləri seçmək imkanı
yaranırdı. Bəzi vaxtlar çimərliklərdə
sıxlıq yaransa da, ümumi vəziyyət qənaətbəxş
hesab edilirdi. Bu mövsümdə də
“çimerlik.az” portalının aktivləşəcəyi
gözlənilir. Əlaqədar qurumlardan
verilən məlumatlarda bildirilir ki, çimərliklərdəki
vəziyyət təhlil edilir, həmin ərazilərdə
infrastrukturun yaxşılaşdırılması, mövcud vəziyyətin
daha da ürəkaçan olması istiqamətində
addımlar atılır. Hər bir
çimərlikdə ən ümdə məsələ
mövcud epidemioloji vəziyyətə uyğun olaraq sosial məsafənin
gözlənilməsi, həmin ərazinin dezinfeksiyaedici məhlullarla
təmin edilməsidir. Bununla yanaşı,
çimərlik ərazisində xüsusi maarifləndirici
lövhələr qoyulmalıdır. Lövhələrdə
çimərlik ərazilərində əməl edilməsi
vacib olan qaydalar öz əksini tapmalı, sosial məsafənin
qorunmasını təmin etmək üçün əhalinin
istirahət etdiyi yerlər xüsusi nişanlarla
ayrılmalıdır. Eyni zamanda, tələb
olunan qaydalara əməl edilməsi səsgücləndiricilər
vasitəsilə istirahətə gələn vətəndaşların
diqqətinə mütəmadi olaraq
çatdırılmalıdır. Çimərlikdə,
ailə üzvləri istisna olmaqla, insanlar arasındakı məsafə
2 m, çətirlərin oxları arasındakı minimal məsafə
4 m olmalıdır. Qapalı yerlərdə
tibbi maskalardan istifadə vacibdir. Bu qaydalara
əməl edilərsə, çimərlik
mövsümündən yoluxaraq deyil, orqanizmi gücləndirərək
çıxa bilərik.
Məlahət Rzayeva
Şərq.- 2021.- 3 iyun.- S.11.