"Heç kinonun rəngini belə verə bilmirlər"
Naibə Allahverdiyeva: "İndi təəssüf
ki, kinoya, teleseriala məktəb görməyən, təhsil
almayan, özünü rejissor, aktyor adlandıran adamlar gəlib"
"Bu qohumluq-dostluq tək kino və yaxud teatrda deyil. Adicə marketə adam öz qohumunu gətirir və ona görə də inkişaf edə bilmirik"
Xalq artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində, televiziya tamaşalarında, film və seriallarda maraqlı obrazlar yaradan Naibə Allahverdiyeva ilə növbəti görüşümüz mürəkkəb bir dövrə təsadüf edib. COVİD-19 pandemiyası üzündən bir ildən çoxdur ki, teatrların qapısı tamaşaçıların üzünə qapalıdır. Yəqin ki, elə ona görə də istedadlı aktrisanın mətbuata son açıqlamalarında giley-güzar, narazılıq hiss olunur.
“Hər bir şəhid xəbərinə göz yaşı tökdüm”
- Uzun illər Dövlət Gənc
Tamaşaçılar Teatrında məhsuldar
çalışan Naibə xanım bəlli səbəblərdən
tamaşaçılarından aralı düşüb.
Pandemiya dövrünün
sərt tələblərinə uyğunlaşmaq
deyəsən sizin üçün
də çox çətin oldu?
- Təbii, çətindən də çətindir. Sənət adamı, günlərini məşqlərdə, tamaşalarda keçirən, səhnədən tamaşaçı nəfəsi, reaksiyası duyan bir insan üçün yaradıcı prosesdən ayrı düşmək, pandemiya səbəbindən evə qapanıb qalmaq dözülməz bir hissdir. Psixologiyama da pis təsir edir, düşünürəm ki, əksər həmkarlarım da bu vəziyyətdədir. Çünki aktrisa, aktyor üçün bir ildən çox bir müddətdə səhnədən, teatr ab-havasından ayrı düşməyin faciəsini bəlkə də adi insanlar o qədər də dərk etmir. Amma biz özümüz yaxşı bilirik ki, nələr çəkirik... COVİD-19 bəlası xoşbəxt günlərimizi, dəyərli sənətkarlarımızı, yaxınlarımızı bizdən aldı. Xəstəlik yeni başlayanda çoxları onun bu qədər amansız olacağını bəlkə də düşünmürdü. Koronavirus Çində yeni başlayanda teatra tibbi maska taxıb getmişdim, əksər iş yoldaşlarım mənə gülürdü. Bir də ayılıb gördük ki, pandemiya qapımızı döyür, teatra, səhnəyə, toya-düyünə həsrət qalmışıq, sənət yoldaşlarımızın, doğmalarımızın yas mərasiminə də gedə bilmirik. İndi ötən günlərə baxanda deyirik ki, keçmiş günlərimizdə xoşbəxt həyat yaşamışıq. İnsanlarla ünsiyyətdən çəkindik, dostlarımızı görmədik. Bu illər, aylar ömrümüzdən- günümüzdən getdi, sənət aləmində də şəxsi həyatda da elə bil bu günləri heç yaşamadıq...
- Bəlkə elə ona görə
son dönəm müsahibələriniz pessimis ruhdadır. Şən, deyib-gülən
Naibə xanım həyatdan küskün görünür...
- Deyirlər insan yaşlananda uşağa çevrilir. Yəni ətrafda baş verən hər şey ona təsir edir. Söhbətimizin əvvəlində qeyd etdiyim məsələlər təbii ki, mənim halımı, davranışımı, hərəkətlərimi dəyişdi. Üstəlik də bu illər ərzində rastlaşdığım haqsızlıqlar... Bütün bunlar insanın qəlbinə toxunur, dərin iz buraxır. 20-30 il öncə müharibə görmüşdük, torpaqlarımız işğal edilmişdi, şəhid analarının harayını eşitmişdik. Allah bizə həmin günləri bir də yaşatdı, hər səhəri müharibə, döyüş, şəhid xəbərləri ilə açdıq. Amma bu dəfə göydə Allah, yerdə Müzəffər Ali Baş Komandanımız, igid əsgər və zabitlərimiz bizə Qələbə sevincini yaşatdı. Şəhidlərimizin qanı bahasına bayrağımız Şuşada dalğalandı. 44 günlük müharibə də hər birimiz kimi, mənim də həyatımda müəyyən izlər qoydu, həyəcan, stres hələ də canımdan çıxmayıb. Hər bir şəhid xəbərinə göz yaşı tökür, yarımçıq qalmış ömürlər üçün ağlayırdım. O günləri yaşamaq asan deyildi, şükür ki, Azərbaycan düşməni məhv etdi, şəhid analarının ahı yerdə qalmadı.
- Teatrlardakı vəziyyət məlumdur, amma TV layihələrdə də görünmürsünüz...
- Telekanallara, seriallara dəvət hər zaman olub, şükür Allaha ki, bu
sarıdan gileyim yoxdur. Görünür ki, unudulmamışam,
məni görmək istəyirlər. Lakin hər
dəvətə də
razılıq vermirəm.
Bunun da səbəbləri var, mən aktrisa
kimi də, insan kimi də
özümə hörmət
edirəm, ona görə hər dəvətə razılıq
verə bilmərəm.
Təəssüf ki, indi əksər verilişlərdə
sənət qalır bir tərəfdə, qonaqdan ancaq şəxsi həyatı barədə sual verir, ev-eşiyi, geyimi müzakirə edirlər. Şəxsən bu məni bezdirir, mənə elə gəlir tamaşaçı da bezib bu söhbətlərdən.
İstəyirəm ki, jurnalistlər
müsahibə alarkən
daha çox sənət haqqında sual versinlər. Bu mənim üçün
də, elə tamaşaçılar üçün
də maraqlıdır.
Biz cəmiyyət olaraq mövqeyimizi dəyişməliyik, maarifləndirici
verilişlər hazırlamalıyıq.
Savadlı gənclər yetişdirək,
bacarıqlı, elmli insanları gənclərimizə
tanıdaq ki, cavanlar da onlardan
nümunə götürməyə
çalışsın. Doğrudur, dediyim tərzdə verilişlər var, amma çox azdır. Gəncləri oxumağa, təhsilə
yönəltmək lazımdır.
Filankəs lüt soyundu,
filankəs belə oldu tipli verilişlər
artıq maraqlı deyil. O ki qaldı, yerli seriallara, vallah, istərdim mən də çəkilim, yeni obrazlarda oynayım. Məndə o potensial hələ
var, əldən düşməmişəm, enerjim
tükənməyib. Amma hər
rola da çəkilə
bilmərəm, çünki
mən Xalq artisti, Prezident mükafatçısıyam, məni
razı salmayan senariyə, obraza necə “hə” deyə bilərəm?
İndi təəssüf ki, kinoya, teleseriala məktəb görməyən,
təhsil almayan, özünü rejissor, aktyor adlandıran adamlar gəlib. Onlar başa düşmür ki, üzr istəyirəm, hər yoldan ötən aktyor, aktrisa ola
bilməz. Bu gün
teleseriallarımızın əksəriyyətində məhz
belə adamlar məşğuldur, ona görə də teleserialların çoxu sünidir, heç nə başa düşmək olmur.
- Sadaladığınız
problemlərin kökü
nədədir?
- Savadsızlıqda.
Senarini yazan təkcə istedadlı yox, həm də savadlı olmalıdır,
kinonu bilməlidir.
Elə götürüb
filankəs filan sözü dedi, bəhmən kəs bəhmən sözü dedi yazmaqla senari
olmaz. İki nəfərin dialoqunu
biri-birinin ardınca yazmaq senaristlik deyil. Bayaq dediyim kimi, mütləq şəkildə
məktəb keçməlidir
bu insan. Bizim köhnə rejissorlarımız var, o vaxtı film çəkmək
üçün neçə
il rejissor
köməkçisi işləyiblər.
Yəni rejissorlardan öyrənirdilər.
İndikilər kinonun rəngini
belə verə bilmirlər. Həm də
serialın dili zəngin olmalıdır.
İndiki kimi, bəsit
küçə dilində
danışmaq olmaz.
Azərbaycan dili çox
zəngin dildi. Onu belə bəsitləşdirmək
olmaz. Bu gün seriallarda demək olar ki, hər kəs
özünü oynayır.
Amma aktyorun böyüklüyü
odur ki, başqalaşmağı bacarsın.
Sən başqa insanın taleyini oynayırsan. Baxırsan, bir serialda bir
aktyor bir roldadır, həmən başqa serialda yenə həmin xarakteri oynayır. Yəni bu dəhşətdir.
O qədər istedadlı
insanlarımız var,
məhv olub getdilər hamısı. Çox istedadlı aktyorlar var idi, təsəvvür
edirsiniz, heç nə qoyub gedə
bilmədilər. Mən özüm-özümə
durub rol oynamalıyam? Bəziləri kimi gedib rejissorla
restoranlarda oturub yeyib-içməliyəm? Ya rejissora hədiyyə almalıyam. Mən bu
yaxınlarda belə bir şey eşitdim
ki, bir neçə
şəxs rejissora pul verir ki,
onu da çəksinlər.
Siz bilirsiz ki, bizim
nə qədər papaq altda yatan
oğullarımız, istedadlı
qızlarımız var. Bəzi
rejissorlar deyir kino inkişaf etmir, bilirsiz niyə? Çünki bəziləri ətrafa
savadsız öz adamlarını yığır
və kino çəkir. Bu qohumluq-dostluq tək kino və yaxud
teatrda deyil. Adicə marketə adam öz
qohumunu gətirir və ona görə
də inkişaf edə bilmirik. Təkcə dövlət bunun üçün çalışmamalıdır,
ölkəmizin inkişafı
üçün. Bizim hər
birimiz çalışmalıyıq
ki, öz sahəmiz üzrə hər sahə inkişaf etsin. Biz özümüz bunu etməliyik.
“Məndən aktrisa kimi istifadə
etmədilər”
- Son dönəmlərdə sosial
səbəkələrdə, incəsənət xadimlərinə
fəxri adların, mükafatların verilməsinə
müəyyən bir aqresiya var. Bir Xalq artisti kimi,
buna münasibətiniz
necədir?
- Layiq olmayan hansı xalq artisdi var
ki? Mən müğənnilər barəsində şəxsən
heç nə deyə bilmərəm.
Amma aktyorlar arasında kim
layiq deyil? Hətta zamanında adını
ala bilməyən aktyorlar
var bu gün.
Mənə elə gəlir,
bizim bütün aktyorlarımız layiqdirlər.
Teatrın tozunu uda-uda
illərdir cüzi maaşa işləyirlər.
Bilirsiz nə çətindi aktyor olmaq? Ötən
ay bir qrup incəsənət xadiminə
prezident mükafatı
verildi. Bəzi jurnalistlər, sənətşünaslar
hərəsi bir fikir bildirdi. Razı olmayanlar mənə çatmadı, aktyorlar niyə mükafat almasın? Bizim nə qədər
kirayədə qalan həmkarımız var. Onlar
üçün bu mükafat bilirsiz nə qədər vacibdir. Yenə deyirəm, aktyorlar
çox əziyyət
çəkirlər. Bəzən
tək maaş
onların heç yolpuluna bəs etmir. Ömründə heç teatra
gəlməyən, bizim
əziyyətimizi görməyən
kənardan ağzına
gələni yazır,
rəy bildirir, ayıbdır vallah.
- Belə
“rəyləri” oxuyandan
sonra sənətdən
getmək barədə
düşünmüzünüzmü?
- Getmək barədə ağlıma
belə gətirməmişəm,
getmərəm də.
Küsdüyüm məqamlar olub,
amma ətrafdakı bəzi adamlardan küsmüşəm, sənətdən
yox. Sənətdən küsə bilmərəm.
Sənətdən niyə küsməliyəm,
sənət mənə
borclu deyil, mən sənətə borcluyam.
- Bu illər ərzində ürəyinizcə
olmayan obraz
oynadınızmı heç? Və buna görə peşmansınızmı?
- Şablon səslənsə də deyim, bütün rollarım mənim üçün əzizdir. Cəsarətlə deyirəm, hansı rolu oynamışamsa ürəklə oynamışam. Sadəcə bir şeydən peşmanam, ömrüm, günüm keçdi, istədiyim obrazları oynaya bilmədim. Düzdür, dövlətimiz tərəfindən qiymətimi almışam, hər zaman diqqət görmüşəm. Mənə hər zaman qiymət verilib. Dövlətimizdən, onun rəhbərliyindən heç bir narazılığım yoxdur, sağ olsunlar ki, dəyər veriblər. Xalq artisti olaraq rejissorlardan çox narazıyam, çox. Özümü tərifləmirəm, özümdə olan potensialı bilirəm. Hansısa rolu elə bil mənə zorla verdilər. Bilmirəm nəyə görə indi də davam edir bu. Mənə çox maraqlıdır, niyə belədir. Elə mən həmişə mübarizə aparmalı deyiləm ki? Məndən aktrisa kimi istifadə etmədilər... Nə qədər fərqli obrazlar oynaya bilərdim. Tək bir mən yox, bizim bir çox aktrisa, aktyorlarımızı rejissorlar tam, dolğun anlamadılar. Ağaxan Salmanlı, Xuraman Hacıyeva, Kübra Dadaşova və başqaları. Nəticədə unudulub getdilər, özləri də itirdilər, teatr sənətimiz də.
- Bu arada koronavirusdan və digər xəstəlikdən sənət dostlarınız dünyalarını dəyişdilər...
- Təkcə sənət adamları deyil, öz sahəsində iz qoyub gedən insanlar dünyasını dəyişəndə çox pis oluram. Bu ağır günlərdə tərəf müqabillərimi itirdim, onlarla birlikdə böyümüşdüm. Birdən yox oldu bu insanlar. Mən onların hamısını ailə kimi qəbul etmişəm. İndi onların artıq çoxu həyatda yoxdu, bir daha səhnəyə çıxmayacaqlar. Fürsətdən istifadə edib sənət adamlarına, rejissorlara, rəsmi şəxslərə səslənirəm, incəsənət adamlarının qədrini bilin.
- Pandemiya ilə bağlı karantin qadağaları mərhələli
şəkildə yumşaldılır. İnşallah,
yaxın zamanlarda teatrlar
qapılarını tamaşaçıların üzünə
açacaq. Hansı obrazda
teatrsevərlərin görüşünə gəlmək
istərdiniz?
- Mən də çox ümid edirəm ki, yaxın zamanlarda biz bu qorxunc
bəlaya birlikdə qalib gələcəyik
və əvvəlki gözəl günlərə qayıda
biləcəyik. Teatrlar yenə
tamaşaçı nəfəsi ilə isinəcək. Səhnənin
iyi üçün çox darıxmışam, çox.
Repertuarımızda maraqlı səhnə əsərləri çoxdur, yeni tamaşalar da olacaq. Səhnəyə çıxmaq, obraz yaratmaq istəyirəm.
Hələ oynamadığım, ürəyimdə gəzdirdiyim
obrazlar var, amma adlarını demək istəmirəm.
Turan Etibaroğlu
Şərq.-
2021.- 11 iyun.- S.12.