Zəngəzur dəhlizi sülhün müjdəsi olacaq

 

Bölgəyə rifah, əmin-amanlıq gətirmək üçün Şuşada ən gözəl mesajlar səsləndi

 

"Dəhlizin istifadəyə verilməsi regionda “altılıq” platforması çərçivəsində Azərbaycana, Türkiyəyə, Rusiyaya, Gürcüstana, İrana və Ermənistana yeni imkanlar açacaq"

 

 

Müharibədən sonra regionda yeni reallıq yaranıb və perspektiv proseslər bu reallıq üzərində formalaşmaqdadır. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Azərbaycan Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühitinin yaradılmasının tərəfdarıdır.

 

Lakin regionumuzun sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində Ermənistan da həvəsli olmalıdır. Çünki uzun illərdir xalqını şovinist, millətçi, faşist ideologiyası ilə qidalandıran Ermənistan rəhbərləri ermənilərin Azərbaycanla bağlı düşüncələrini zəhərləyiblər. Bu gün heç kəsə sirr deyil ki, ermənilərin böyük əksəriyyətini hələ də revanşizmə yuvarlayanlar var. Artıq erməni cəmiyyəti anlamalıdır ki, Ermənistanın acınacaqlı vəziyyəti rəsmi İrəvanın işğalçılıq siyasətinin nəticəsidir. Məhz bu gün revanşizmi bərpa etməyə çalışanların sayəsində Ermənistan dalan dövlətə çevrilib. Bu dalandan çıxmağın yeganə yolu revanşizm iddialarından əl çəkmək, Azərbaycan və Türkiyə ilə qonşuluqsülh şəraitində yaşamaqdan ibarətdir. Bununla bağlı həm Azərbaycan, həm də Türkiyədən Ermənistana dəfələrlə çağırış edilib.

 

Ölkəmizdə səfərdə olarkən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da həm Şuşada, həm də geri qayıtdıqdan sonra Ankarada növbəti dəfə İrəvan hökumətinə sülh və əməkdaşlıq çağırışı edib. Türkiyə prezidenti Ermənistanın etimad artıracaq addımlar atmağa başlamasının zəruriliyini vurğulayıb. Ərdoğan bildirib ki, Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz:

 

“Hazırda yollar sürətlə tikilir, elektrik stansiyaları açılır, bir tərəfdən nəqliyyat infrastrukturu qurulur. Zəngəzur dəhlizinin bölgəyə gətirəcəyi faydaların sözlə ifadəsi mümkün deyil. Bütün bunlar Azərbaycanla birlikdə Ermənistan üçünyeni bir dönəmin başlanğıcıdır. Zəngəzur dəhlizi ilə çəkiləcək dəmiryolu ilə ermənilər də hərəkət edə, Moskvaya gedə biləcək, bununla özlərini saldıqları blokadadan qurtulacaqlar. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz”.

 

Ərdoğan bəyan edib ki, Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platformasının yaradılması olduqca faydalıdır:

 

“Belə bir platformanın yaradılmasında məqsəd bölgədə sabitlik yaratmaq, düşmənçilikləri ortadan qaldırmaqdır. Tək Gürcüstanın bu mövzuda sualları var idi. Son Türkiyə səfərində gürcü baş nazirlə danışdım və dedim ki, bu, Gürcüstanın da lehinə olacaq, gəlin, bu addımı ataq. Bizim Ermənistanla aramızda olan problemləri bilirsiniz. Amma bütün bunlara baxmayaraq, azərbaycanlı qardaşlarımızın problemlərinin aradan qalxmasını istəyirik. Çünki bölgənin sülhə ehtiyacı var, bunu bacarmalıyıq”. Türkiyə lideri vurğulayıb ki, Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, Ankarada lazımi addımları atacağıq: “Qafqazın boynuna bir daha kimsənin əsarət zənciri vura bilməməsi üçün qarşımıza çıxan fürsətləri birlikdə ən yaxşı şəkildə dəyərləndirməliyik”.

 

Türkiyə prezidenti Zəngəzur layihəsi ilə bağlı hazırda Rusiya tərəfindən bir fikir ayrılığı, ya da bu işi gecikdirmək kimi bir niyyət olduğunu ehtimal etmədiyini bildirib. O, yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcəyini söyləyib: “Azərbaycanın Zəngəzur layihəsini çox önəmli görürük və dəstəkləyirik. Açılacaq bu dəhliz bölgə üçün çox önəmli bir imkan olacaq. Rusiya da bu məsələdə yardım etmək əhvalındadır. İlham Əliyev qardaşımın bu məsələ ilə bağlı danışıqları var, yaxın bir vaxtda Putinlə də ikitərəfli görüş keçirmək istəyirik. Lakin biz hazırda bir şeyə diqqətimizi cəmləmişik. Burada platforma məsələsi var. Bu platformanın lider ölkələri Rusiya, Türkiyə, Azərbaycan və İrandır. Üstəlik, Gürcüstanın və Ermənistanın da burada yer almasına istəyirik”.

 

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da Antalya Diplomatiya Forumunda çıxışı zamanı Ermənistana səslənib: “Cənubi Qafqazın sülh bölgəsi olmasını istəyirik. Cənubi Qafqazda sülhsabitliyin bərqərar edilməsindən hamı, o cümlədən Ermənistan və erməni xalqı faydalanacaq. Ermənistan öz-özünü təcrid edib. Ermənistanın səhvləri ucbatından qonşuları ilə münasibətləri yaxşı deyildi. Ümid edirik ki, Ermənistan öz səhvlərindən nəticə çıxaracaq”.

 

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da hesab edir ki, Azərbaycan və Türkiyə ilə razılığa gəlmək vacibdir. Onun sözlərinə görə, nə zamansa Bakı və Ankara ilə razılığa gəlməli olacağıq:

 

"Qonşular əbədi düşmən ola bilməz. Qonşularla əbədi düşmənçilik Ermənistanın mövcudluğunu təhlükə altına qoyur. Vəziyyətin tənzimlənməsi üçün sülh, mehriban qonşuluq və əmin-amanlıq olmalıdır. Barışmaqdan başqa yol yoxdur”.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bəyan edib ki, Moskva Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və bu layihədə fəal şəkildə iştirak edəcək. Markov hesab edir ki, sözügedən layihə yalnız Cənubi Qafqaz ölkələri arasında münasibətlərin yenidən qurulmasına səbəb olmayacaq, həm də bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcək. Eləcə də Rusiya ilə Türkiyə arasında əlaqələrin təminatına imkan verəcək. Politoloq əmindir ki, Rusiya Zəngəzur dəhlizindən fayda götürəcək yeganə ölkə olmayacaq, həmçinin bu layihə çərçivəsində inşa olunacaq dəmir yolunun tikintisində də fəal iştirak edəcək: “Ermənsitan Türkiyə və Azərbaycana şübhə ilə yanaşır, Azərbaycan tərəfi isə, müvafiq olaraq Ermənistanın dəmir yollarına güvənmir. Odur ki Rusiya neytral vasitəçi olaraq bu dəmir yolununun sahibi və əməliyyatçısı kimi ideal variant hesab oluna bilər. Zəngəzur dəhlizi layihəsi çərçivəsində inşa olunacaq yeni dəmir yolu məhz Rusiya tərəfindən idarə olunacaq. Hazırda dəhlizinin açılması çərçivəsində siyasi atmosferi təmin etmək də böyük əhəmiyyət daşıyır. Hərçənd, bunu reallaşdırmaq bir o qədər də asan deyil, çünki Ermənistanın bu məsələ ilə bağlı bəzi qorxuları var. Azərbaycan isə dəfələrlə bəyan edib ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. Bununla belə, Zəngəzur dəhlizi bütün regionun inkişafına böyük təkan verə bilər və hazırda bütün maraqlı tərəflər qorxularını bir tərəfə qoyub bu dəhlizin tikintisini nəzərdə tutan layihə üzərində çalışmalıdır”.

 

Millət vəkili Azər Badamov “Şərq”ə açıqlamasında deyib ki, Türkiyə prezidenti öz çıxışlarında regionda uzunmüddətli sülhün bərqərar olunmasına xidmət edəcək çağırışlar etdi. Deputatın sözlərinə görə, regionda kommunikasiyaların açılması, avtomobil və dəmir yol vasitəsilə nəqliyyatın sərbəst hərəkətinə xidmət edən Zəngəzur dəhlizinin istifadəyə verilməsi və “altılıq” platformada əməkdaşlığın davam etdirilməsi olduqca zəruridir:

 

“Ermənistan yürütdüyü işğalçılıq siyasəti və qonşu ölkələrə torpaq iddiaları ilə son 30 ildə özü-özünü blokadaya salıb. Türkiyə prezidenti isə Ermənistana çağırış edərək İrəvanı düşmənçilik meyillərindən əl çəkməyə, əməkdaşlığa səsləyir. Qonşularla əməkdaşlıq Ermənistanın blokadadan çıxmasına və dirçəlməsinə səbəb olacaq. O cümlədən, Zəngəzur dəhlizinin istifadəyə verilməsi regionda “altılıq” platforması çərçivəsində Azərbaycana, Türkiyəyə, Rusiyaya, Gürcüstana, İrana və Ermənistana yeni imkanlar açacaq. Zəngəzur dəhlizinin açılması reallıqdır və bu reallığı Ermənistan nə qədər tez qəbul edərlərsə, o qədər də tez regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının yolu açılar”.

 

Siyasi şərhçi Anar İmanov da “Şərq”ə bildirib ki, Türkiyə 10 noyabr anlaşmasının əsas şərtlərindən biri olan Zəngəzur dəhlizinin tezliklə açılmasını dəstəkləyir və çalışır ki, bu məsələ yaxın zamanda reallaşsın:

 

“Türkiyə daim çalışacaq ki, bölgədə qalıcı sülh hökm sürsünbu sülh uzunmüddətli olsun. Həmin “altılıq” platforması və regional əməkdaşlıqla bağlı Ermənistana çağırış bu sülhün əbədi olmasının təminatçısıdır. Savaş artıq arxada qalıb, tarixə qovuşub və bölgədə aparıcı aktorlar olan Türkiyə və Azərbaycan çalışır ki, gələcək nəsillərə problemlər qalmasın. Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin siyasətləri məhz bu məqsədlərə hesablanıb. Bu gün bölgədə yerləşən bütün ölkələrin iqtisadi əməkdaşlıq üçün geniş potensialı var. Bu potensialdan istifadə edərək daha da güclənmək və xalqların rifahını yüksəltmək olar. Əlbəttə, bu reallığı ilk növbədə Ermənistan hökumətləri başa düşməlidir. Regional əməkdaşlıq sadəcə Bakı və Ankara üçün deyil, bölgənin bütün dövlətləri üçün xeyirlidir. O cümlədən Rusiya və onların dəstəklədikləri Ermənistan üçün də faydalıdır”. 

Analitikin fikrincə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Şuşada səsləndirdiyi fikirlər birliyin ən gözəl örnəyidir, nümunəsidir: “Şuşaya səfər bütün dünyaya, xüsusilə də Ermənistanı dəstəkləyən ölkələrə bir mesaj idi ki, Türkiyə və Azərbaycan qardaşlığı və dostluğu əbədidir və bundan sonra daha da möhkəmlənəcək. Artıq Azərbaycan-Türkiyə münasibətlərində yeni dönəm başlayır. İki qardaş ölkə arasında əməkdaşlıq daha da güclənəcək və bütün tərəflər xeyir gətirəcək. Bu baxımdan Ərdoğanın Azərbaycana səfəri çox mühüm əhəmiyyət kəsb edir. Ərdoğanın söylədiyi “Bu gün də Azərbaycanın yanıdayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq” ifadələri göstərdi ki, iki qardaş ölkə vahid mövqedən çıxış edir, bir-birini dəstəkləyir. Başqa ölkələrin dəstəyi ilə Ermənistanın törətdiyi təxribatların gec-tez sonu gələcək. Bu məsələlərdə Türkiyənin rolu isə əvəzsiz olacaq”.

 

 

Şərq 2021.- 19 iyun.- S.11.