Biz onlara borcluyuq

 

Şəhid və qazi ailələri heç vaxt unudulmayacaq

 

Qələbəni yaşadanlara ictimai dəstək gündəmdən çıxmayacaq

 

 

Azərbaycan Silahlı Qüvvələri 103 yaşını qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinin yaradılması qeyd edilir. İlk dövrdə hərbi qüvvələr 600 nəfərlik könüllü dəstələrdən ibarət olub. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. Silahlı Qüvvələrimizin tarixi, keçdiyi şərəfli yolu ən dolğun əks etdirən 44 günlük Vətən müharibəmiz günlərində efirlərdə yayımlanan video-çarxdır: 1918-ci ilin əsgəri əlindəki üçrəngli bayrağı 1991-ci ilin - müstəqilliyini yenicə bərpa etmiş dövlətin əsgərinə, bu əsgərdə 2021-ci ilin düşməni birdəfəlik diz çökdürən qalib, müasir Azərbaycan əsgəri təslim edir. Nəsildən nəsilə belə ötürülür Vətən torpağı, Vətən sevgisi, şəhidlik, qazilik.

 

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələr Gününü xüsusi təmtəraqla, alnı açıq, üzü , əlində Qələbə, Zəfər bayrağı ilə qeyd edəcək. Bu qələbə sevincini, zəfər qürürunu bizə yaşadan müzəffər Ali Baş Komandan – Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏIiyev və Baş Komandanın cəsur,  rəşadətli, qalib əsgərləridir – Azərbaycan Ordusudur. Onlar bizə milli qürur hissi yaşatdılar. Torpaqlarımızı mənfur düşməndən azad edib ərazi bötüvlüyümüzü bərpa etdilər. Canlarını fəda etdilər, şəhid, qazi oldular. Haqları heç bir şeylə ölçülə bilməz, ödənməz. Haqlarını ödəyə bilməsək də, şəhidlərin ruhuna sayğı göstərmək, ailələrini və qazilərimizi qayğı ilə əhatə etməyə borcluyuq. 

 

Əsgərlər təltif edilib

 

Mübaliğəsiz, Azərbaycan əsgərinin, şəhid ailələri, qazilərimizin ən böyük hamisi Prezident İlham Əliyevdir. Prezidentin bugünədək imzaladığı fərman və sərəncamlar ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşmasına yönəldiyi kimi, həmçinin şəhid ailələri və müharibə iştirakçılarının da yaşayışının yüksəlməsinə xidmət edir. İndiyədək şəhid ailələri, müharibə əlillərinə minlərlə mənzil, avtomobil paylanıb. Onların və ailələrinin ehtiyaclarının qarşılanması üçün məqsədyönlü tədbirlər həyata keçirilib. Sadalamağa ehtiyac yoxdur. Xalqımız bunları bilir, görür. Həyata keçirilən sosialyönümlü siyasətin dövlət maraqları çərçivəsində və vətəndaş maraqlarına söykəndiyinə əmindir. Silahlı Qüvvələr Günü ərəfəsində Prezident İlham Əliyevin sərəncamı ilə minlərlə hərbçi “Xocavənd”, “Füzuli”, “Zəngilan”, “Cəbrayıl”ın azad olunması uğrunda”, hər bir ərazi üzrə ayrı-ayrılıqda  medallarla təltif olunublar. Torpaqlarımızın işğaldan azad edilməsində rəşadət göstərmiş hərbi qulluqçuların təltif edilməsi, hərbi hisslərdə bayram tədbirlərinin keçirilməsi qalib əsgərə dövlətin təşəkkürüdür. İşğaldan azad edilmiş ərazilərdə yerləşən bölmələrdə bu günlərdə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, növbəti tədbir səyyar təşviqat qrupunun üzvlərinin və şəxsi heyətin iştirakı ilə Kəlbəcər rayonu ərazisində təşkil olunub. Əvvəlcə bayram günü üçün böyük ölçüdə hazırlanmış Azərbaycan Respublikasının Dövlət Bayrağı “Yaşasın Azərbaycan” şüarı altında şəxsi heyət tərəfindən qaldırılıb. Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən, döyüşlərdə göstərilən şəxsi igidlik və qəhrəmanlıq nümunələrindən əsgərlərlə geniş söhbətlər aparılıb, ordumuzun əldə etdiyi zəfərin tarixi əhəmiyyətindən danışılıb. Bu ərazilərdə xidmət edən hərbi qulluqçuların doğmalarına çatdırmaq istədikləri istək və arzuları videoçəkiliş vasitəsi ilə qeydə alınıb. Əsgərlərin yaxınları üçün hazırlanmış videosüjetlər Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbçilərin ailələrinə göndərilib. Bayram tədbirində istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub. Görüşlər zamanı “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş etdirilib. Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında təqdim edilən vətənpərvərlik mövzusunda musiqi nömrələri hərbi qulluqçular tərəfindən rəğbətlə qarşılanıb.

 

Qələbəni yaşadanlara ictimai dəstək də vacibdir

 

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Yaşat” Fondu yaradılıb. Fondun fəaliyyət istiqamətləri bəllidir. Azərbaycan torpaqlarının müdafiəsi uğrunda döyüşənlərə, şəhid olmuş şəxslərin ailələrinə fərq qoymadan mənəvi dəstək olmaq, sosial yardım göstərmək, müalicələrini təşkil etmək, ehtiyaclarını öyrənib, təmin etmək. 

 

“YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən 2 qazimiz - Həmidov Kamran Qəribxan oğlu və Quliyev Elnur İbadət oğlu sağalaraq bu günlərdə Vətənə döndülər. "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 65 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

 

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Ümumiyyətlə, ötən dövr ərzində “YAŞAT” Fondu tərəfindən bir sıra mühüm layihələrə imza atılıb. Tovuz “ASAN xidmət” də “Hədiyyə Karvanı” layihəsinin açılış mərasimi keçirilib. Layihə “YAŞAT” Fondunun və Türkiyənin Uşaq Oyunları və İdman Klubları Federasiyasının birgə təşkilatçılığı, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin və Balıkəsir Böyükşəhər Bələdiyyəsinin tərəfdaşlığı ilə reallaşdırılıb. Layihə çərçivəsində şəhidlərimizin övladlarına müəyyən anlama və həlletmə bacarıqları tələb edən oyuncaq hədiyyələr, idman geyim dəstləri, qoruyucu maskalar, jurnallar paylanıb. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də yaradıcı potensiallarının inkişafına dəstək olmaqdır. Ankara şəhərindən start götürən “Hədiyyə karvanı” ölkəmizin müxtəlif şəhər və rayonlarına da səfər edib və həmin rayonlardan olan şəhidlərimizin ailələri ziyarət olunub, onların övladlarına hədiyyələr verilib. "YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi də davam edir. Dünyaya gələn şəhid övladlarının zəruri xərcləri Fond tərəfindən qarşılanır. Dünyaya gələn 72 şəhid övladına 1000 manat məbləğində maddi yardım edilib, 37 şəhid övladının adına isə 5.000 manat məbləğində depozit hesabı açılıb. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürüləcək. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz əlavə olunacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Qazilərimizin zəruri tibbi, psixoloji və s. istiqamətlərdə yardımlarla təminatı, sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiya olunmaları, normal həyat tərzinə qaytarılmaları istiqamətində məqsədyönlü işlər davamlı olacaq.

 

Vətəndaş institutları sosial layihələrdə aktiv olmalıdır

 

Torpaqlarımızı işğaldan azad edən, bizə qələbə yaşadan qəhrəmanlarımıza hər bir azərbaycanlı dəstək olmalıdır. Xalqın dəstəyi, vətəndaş həmrəyliyi ordumuzun gücünü daim artıracaq. Cəbhədəki əsgər evdəki ailəsinin sıxıntı çəkməyəcəyindən arxayın olmalıdır. Əsgər dövlətinə güvəndiyi kimi vətəndaşa da, qeyri-dövlət sektoruna da güvənməlidir. Ölkəmizdə bu istiqamətdə müsbət fəaliyyət mövcuddur. Silahlı Qüvvələr Günü ərəfəsində, məsələn, “AYSmed” klinikası çox gözəl təşəbbüs göstərib. "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşkilatçılığı, “Aysmed” klinikasının tibbi dəstəyi ilə 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə 100 nəfər Vətən müharibəsi qazisi və onların övladları üçün tibbi aksiyaya başlanılıb. Aksiya zamanı qazilər və övladları üçün tibbi müayinələr, həkim qəbulu, laborator analizlər və digər bütün tibbi xidmətlər pulsuz təşkil olunur. "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal aksiya barədə açıqlama verərək bildirib ki, tibbi aksiya 3 gün ərzində keçiriləcək. İctimai Birlik tərəfindən şəhid ailələri və qazilərə ictimai, siyasi, sosial dəstəkyönümlü layihələrimiz gələcəkdə də uğurla davam etdiriləcək. Birliyin icraçı direktoru vurğulayıb ki, tibbi əhəmiyyətli tədbiri təşkil etməkdə əsas məqsəd Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərlə bağlı həyata keçirdikləri sosial dəstək proqramına uyğun olaraq, ictimai, siyasi kursu əsas götürərək 44 günlük haqq savaşında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fədakarcasına döyüşərək sağlamlığını itirmiş qazilərimizə hər cür diqqət və qayğı ilə yanaşı tibbi cəhətdən də dəstək olmaqdır. Vətən müharibəsi qazilərinə dəstəkyönümlü həyata keçirilən belə tibbi aksiyaların əhatəliliyini təmin etmək üçün birliyin rayonlarda da nümayəndəliklərinin açılması planlaşdırılır. Şübhəsiz ki, belə təşəbbüslər alqışlanmalı, sayın artması üçün ictimai institutlar fəallıq nümayiş etdirməlidir.

 

 Məlahət Rzayeva

 

Şərq .-2021.- 25 iyun.- S.11.